Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:36

Demə, göstər!


Yazıçılıq sənətinə maraq göstərən gənclər üçün hər həftə bir müəllifin Yazmaq sənəti mövzusunda məqaləsini təqdim edəcəyik.

-

“Penni şən qızdır – demək əvəzinə onun şəniyini görməyimizə şərait yarat."

"Niyə bu adam neçə ildir hər gecə getdiyi yolda bu gecə fövqəladə dərəcədə müşahidəçilik edir?!"

"Dialoq yazanda danışan xarakterlərini sadəcə hərəkət başında göstər."

Gənc yazarlara məsləhətlər

Mary Rosenblum (1952, ABŞ) doqquz roman və hekayə kitabı müəllifidir, Compton Crook Mükafatı və Sidewise Award for Alternate History mükafatlarını qazanıb. Yazıçılıq sənətinə dair ustad dərsləri verir. “Oxu zalı” aşağıdakı məqaləsinin tərcüməsi və yayımına görə, müəllifdən icazə alıb.

Demə, göstər – yazmaq sənəti haqqında kitablarda biz dəfələrlə bu xəbərdarlığı oxumuşuq. Məktəbdə ədəbiyyat müəllimlərimiz hekayələrin əsasında dayanan bu prinsipdən bizə çox danışıblar.

Amma “Demə, göstər” sözlərini nə qədər çox eşitsələr belə, hələ də yaradıcılığa yeni başlayan bir sıra yazıçılar əslində onun nə demək olduğunu dəqiq bilmirlər.

Oxucuları içəri dəvət et

Yadına gəlirmi, axırıncı dəfə kitaba elə qapılmışdın ki, öz evinin qonaq otağında divanda oturduğun yadından çıxmışdı? Əvəzində Şervud meşələrində gəzirdin, ya da qorxunc bəbir bağçanın hasarlarında gəzdikcə sən bir küncdə rəngini udmuşdun.

Biz hekayədə bir hərəkəti oxucuya “göstərəndə” onu həmin hərəkətin, səhnənin içinə dəvət etmiş oluruq; o, bizim yaratdığımız xarakterin gördüyünü görür, eşitdiyini eşidir, nəm otun, yaxud da fırtına yaxınlaşanda ozonun metal qoxusunu hiss edir.

Oxucumuza görməyə, eşitməyə, qoxlamağa və baş verənlər haqqında mülahizə yürütməyə imkan verməklə biz ona qonaq otağında divanda uzandığını unutmağa, bəbir yaxınlaşdıca boyunlarının arxasında hənir duymağa kömək edirik. Buna o zaman nail oluruq ki, oxucu kiminsə ona hekayə danışdığını unudur, onları doğrudan da yaşayır.

Gözəgörünməz qiyafəsi geyin

Bəs necə yox olasan ki, oxucu və xarakterlər həmin səhnədə baş-başa qalsınlar? Bunun üçün oxucunun sənin səsini bir müəllif kimi eşitmədiyinə əmin olmalısan.

Andrea otağa girdi. Ona soyuq idi, yorğun idi və qorxurdu ki, təcrübəsiz, ikinci kursda oxuyan Allanı tapmaz. Allan gəlməsə, qovulacaq və Braytvud polo yarışını uduzacaqlar. Krist Hill Məktəbi polo yarışını uduzmağı qaldıra bilməz.

Uduzsalar, məktəbin zəngin rəhbərləri artıq xəbərdarlıq etdikləri kimi, yardımı kəsəcəklər və məktəb bağlanacaq.

Burada hekayəni nəql edən kimdir? Mən. Müəllif. Mən sizə Andreanın özünü necə hiss etdiyini, onun üşüdüyünü və yorulduğunu deyirəm. Mən sizə məktəb haqqında danışıram, polo oyununu udmağın vacib olduğunu deyirəm.

Andrea bizim əsas xarakterimiz olsa da, hər şeyə onun nəzərindən baxsaq da, hələ Andeanın nəzər nöqtəsinə tam daxil olmamışıq. Sən bir oxucu kimi burda heç nə etməli deyilsən. Mən sənin bilməli olduğun nə varsa, hamısını halva edib qaşıqla qoyuram ağzına. İndi isə Andreanın olduğu otağa buyur:

Andrea boş otağa göz gəzdirdi. Allan yoxdur. Axmaq uşaq indi ortaya çıxmaz. O, titrədi, nəm köynəyini kürəyinə atıb çiyinlərini örtdü. Axmaq uşaq. İndi Roberts ona çürük taxta kimi bir təpik qoyub o tərəfə tullayar, onlar da oyunu uduzarlar.

Yaramaz Paulsonun yaraşıqlı poniləinin qarşısında heç kəs duruş gətirə bilməz. Andrea nəm saçlarını üzündən kənara atdı. Hər şey bitdi. Hotzmanlar pulu kəsəcəklər və məktəb bağlanacaq. Onu evə yollayacaqlar və Brayanı bir də heç vaxt göə bilməyəcək.

Bu iki mətndəki fərq nədir? İkincidə mən sizə heç nə demədim. Ekspozisiya Andreanın lüğətiydi, onun söz seçimi, onun mülahizələriydi. Biz ona soyuq olduğunu bilirik, çünki o, titrəyir, əsir və biz ona soyuq olduğunu özümüz tapırıq. “Məktəb uduzmağı qaldıra bilməz” – düşünmür, çünki o, öz-özünə o cür danışa bilməz. O, Holtzmanların kim olduğunu bilir, bu səbəbdən özünə onların zəngin rəhbərlər olduğunu xatırlatmır. O, Brayanı görməyəcəyi qədər məktəbin bağlanacağından da narahatdır. Biz onun düşüncələrini eşidirik. Allan axmaq uşaqdır, "ikinci kursda oxuyan təcrübəsiz" yox. Paulson yaramazdır.

Bunları Andrea özü belə fikirləşir, mən demirəm. O, hətta polo sözünü qeyd eləmir, axı niyə də etməlidir? Bilir ki, hansı yarışdan narahatdır. Amma qəbul edir ki, Paulsonun yaraşıqlı poniləri nəticəyə təsir edəcək. Onsuz da oxucular özləri söhbətin polodan getdiyini başa düşəcəklər.

İnteraktivlik qur

Bunu bir hiylə kimi qəbul et. Nəsrini interaktiv qur. Oxucuya imkan ver ki, özü nəticə çıxarsın. Qoy özü oyunun polo olduğunu tapsın. Qoy Andreanın titrəməsindən onun üşüdüyü nəticəsini özü çıxarsın. Qoy Allanı əvvəlcə “axmaq uşaq” kimi tanısın. Sonrakı səhifələrdə Allanla görüşəndə onun haqqında rəyini dəyişdirə də bilər. Həyatda da belə olur axı.

Burda kadr arxasında səs yoxdur, qulağımıza “Allan gəlməsə, qovulacaq” pıçıldayan sakit təhkiyəçi yoxdur. Biz oxucunu işlədirik, axı oxucu hər gün həyatda belə məlumat əldə eləyir, belə mülahizə yürüdür.

Biz bir əyləncəli tədbirdə dayanıb ətafdakı söhbətlərdən fraqmentlərə qulaq asırıq, orada olan yoldaşlarımız arasındakı qısa söhbətləri eşidir, bir neçə məlumatı birləşdirir və nə baş verdiyinə özümüz qərar veririk. Beləliklə, oxucularını qaşıqla yedizdirmə!

Onlara bir neçə fakt – söhbət, xarakterlərin fikirləri, vizual detallar ver, qoy hekayəni özləri birləşdirsinlər.

Əlbəttə, sən yazıçı kimi oxucuya düzgün detallar verməlisən ki, oxucu da sənin danışmaq istədiyin hekayəni yığsın, birləşdirsin. Bununla biz oxucunun hekayəçilik prosesində iştirak etməsinə imkan veririk. Bu, həm oxucunun, həm də sənin hekayən olur.

Buna necə nail oluruq?

Qoy sənin yaratdığın xarakter hərəkəti oxucuya “göstərsin”. Xarakterin başına dırmaş, orda otur və ətafa onun gözülə bax. O, nə görür? Otağa girən kimi ən birinci hara baxır? Otağa girib ətrafa baxan kimi nə fikirləşir?

Axı o, otağı başdan-ayağa təsvir etməz, məgər o, ev tərtibatı dərgisi üçün məqalə yazır?! O, həmin otaqda dəfələrlə olub, deməli, indi yalnız əhəmiyyət kəsb edən detalları görür.

Biz yalnız həmin an fokusumuzda olan xırdalıqları görürük. Ola bilsin ki, divarlarda yasəmən şəkilləri həkk olunmuş divar kağızı var, amma onun divar kağızına fikir vermək üçün səbəbi yoxdursa, nə o, divar kağızına fikir verəcək, nə də biz divar kağızını görməliyik.

Əgər sən hekayəni öz gözündən yox, xarakterinin gözündən yazsan, bizə səhnəni göstərə biləcəksən. “Penni şən qızdır” – demək əvəzinə onun şəniyini görməyimizə şərait yarat. Bizə söyləməyinə ehtiyac yoxdur. Qoy sənin yerinə bir xarakterin desin: “Oh, Penni, sən necə də şən qızsan!”

Detallarını elə ehtiyatla seç ki, bizə nəyisə göstərmək üçün əlavə sözlər deməyinə ehtiyac qalmasın. Bir görmək min eşitməyə dəyər, deyiblər. Adicə “titrəmə” bizə ona soyuq olduğunu, “əsnəmə” onun darıxdığını deyə bilər. Xarakterinin səsindən və lüğətindən təsvirlər və ekspoziya qurmaq üçün istifadə et. Məsələn, “Axmaq uşaq indi ortaya çıxmaz”.

Bunları bizə sən - müəllif danışsan da, biz sənin əvəzinə xarakterin səsini eşidirik. Hekayəni göstər. Bizi öz dünyana dəvət et və biz sənin apardığın hər yerə gedərik.

Bəs birinci şəxsdə yazanda

“Demə, göstər”... Danışdıq ki, güclü nəsrin əsasında bu prinsip dayanır. Üçüncü şəxsin təkində yazanda bu prinsip kifayət qədər əla işləyir. Bəs birinci şəxsin təkində yazanda necə? Yəni, əsas xarakter hekayəni bizə öz dilindən danışanda. Məgər bu, elə “demək” deyil? Bu halda oxucuya nəyisə necə “göstərə” bilərsən?

Bəli, birinci şəxsin nəzər nöqtəsindən yazmaq doğrudan da “demək”dir. Bu, mahiyyətcə xarakter təhkiyəsidir. Xarakter hekayəni danışır. Amma yenə də bu, sənin - müəllifin bizə nə baş verdiyini deməyindən çox fərqlidir. Sən birinci şəxsin təkində yazanda da eynilə üçüncü şəxsin təkində yazdığın kimi, oxucunu içəri dəvət edə bilərsən.

Xarakterin gözlərilə görmək

Birinci şəxsin təkində yazılmış hekayədə sənin məqsədin oxucuları sənin xarakterinin çiyinlərinə qoymaq, macəranı onun yerində, onunla birgə hiss etdirməkdir. Birinci şəxsdə yazılan hekayədə də oxucu iştirakı üçüncü şəxsin təkində yazılan hekayədə olduğu qədərdir.

Nəzərlərini işıqlandırdığın xarakterin başına dırmaş və orada otur. Xarakterin gözlərindən bax, onun qulaqlarıyla eşit, onun düşüncələrini bölüş. Amma burada texnika bir qədər fərqlidir.

Birinci şəxsin təkində danışan xarakter əvvəlcə nə gördüyünü bizə deməlidir ki, bizim üçün ondan danışsın. Deməli, əvvəlcə xarakter görməlidir. Bir anlıq özünün ətrafı necə gördüyünə diqqət et. Hər bir insan az və ya çox dərəcədə müşahidəçidir və həmin müşahidə qabiliyyəti bir situasiyadan digərinə görə dəyişir.

Əgər sən işdən çıxıb maşınını park etdiyin yerə, yaxud avtobus dayanacağına gedirsənsə, onda naharda nə yeyəcəyini, yaxud televizorda nəyə baxacağını fikirləşirsən, bu vaxt sən ətrafda nə görürsən, ətrafda olan nələr sənin diqqətini cəlb edir?

O binanı yüz dəfə görmüsən. Orada bir telefon dirəyi var, üstünə elanlar yapışdırılıb. Mavi rəngli poçt qutusu, STOP işarəsi, rəngbərəng avtobus dayanacağı. Çox güman ki, sən avtobusa, yaxud maşınına minirsən, heç o şeylərə fikir vermirsən.

Amma əgər yad məhəllələrdən kəsə yolla gedirsənsə, harada olduğunu yaxşı bilmirsən, bu məhəllələr təhlükəli də ola bilər. Onda detallara fikir verirsən. Aşıb-daşan yekə zibilqabını, yarımçıq hamburgerin başına fırlanan sarı pişiyi, dükanın qabağına cızılmış hansısa kriminal dəstənin işarəsini, balaca kitab dükanının tutqun pəncərəsindəki işlənmiş tozlu kitabları, çirkli pərdəli qəhvə dükanından yayılan yağlı-qara iyini görəcək, duyacaqsan. Çünki indi sən bunlara fikir verirsən.

Əgər sənin baş qəhrəmanın gündə gördüyü binayla yad məhəllədəki detalları eyni cür, eyni qədər görürsə oxucuya qəribə gələcək. Niyə bu adam neçə ildir hər gecə getdiyi yolda bu gecə fövqəladə dərəcədə müşahidəçilik edir?!

Detallar göstərməyin açarıdır. Qoy sənin xarakterin elə detalları görsün ki, həmin vəziyyətdə o, doğrudan da onlara diqqət edə bilərdi. Oxucu özünü sənin xarakterinlə birlikdə küçədə getmiş kimi hiss etməlidir, onun nəzərini cəlb edən şeyləri görməlidir.

“Demə, göstər” dialoqlarda

Məktəblərdə müəllimlər uşaqların yazılarını yoxlayanda “dedi” sözlərindən çox istifadə edənlərə irad tuturlar. Uşaqlara alternativ sözlərin siyahısını verirlər. Məsələn, “o, bildirdi”, “o, dilləndi”, “o, zarafat etdi”.

“Dedi” – təzə yazıçılar bu sözdən həddən atıq çox istifadə etsələr də, əslində dialoq üçün düzgün sözdür, çünki nəzərə çarpmır. Biz dialoqu oxuyanda cümləni kimin dediyinə diqqət yetirir, amma “dedi” sözünün özünə fikir vermirik. (Əgər “dedi” sözləri həddindən artıq olsa, onda mətndə narahatlıq yaradır.)

Yazıçı dialoqda “zarafat etdi”, “cavab verdi”, “elan etdi” kimi xüsusi sözlər işlədəndə bu, oxucunun diqqətini dərhal cəlb edir, oxucu təsvir olunan səhnədən ayılıb bunların yazıçı tərəfindən deyildiyinə fikir verməyə başlayır, deməli, yazıçı xarakterin nə etdiyini oxucuya demiş olur.

Alternativ sözlərdən bu səbəbdən yayınmaq lazımdır, o biri tərəfdənsə, hər dəfə “dedi” yazmaq istəmirsən. Bəs dialoqları yazandan sonra orda nəyi kimin dediyini nişanlamasan, onda oxucu çaşa bilər axı: bunu kim dedi, onu kim dedi?

Elə isə danışanın kim olduğunu oxucuya göstərməyin ən yaxşı yolu nədir? Bu sualın cavabı “hərəkət təqləri”dir. Hərəkət təqləməsi danışan adamı oxucuya göstərmək üçün mətnin kiçik ritmləridir.

“Bilmirəm” – Cim çiyinlərini çəkdi.

Burada “Bilmirəm” – sözünü kim dedi? Əlbəttə, Cim.

Biz öyrəşmişik ki, dialoqda hansı cümlənin ardınca kimin adı gəldisə, deməli, cümləni o adam deyib. Belə də yazmaq olardı: “Bilmirəm”, - Cim çiyinlərini çəkərək dedi”. Amma buna ehtiyac yoxdur, “Dedi” demədən belə, kimin dediyi aydındır. Boş sözlər nəsri zəiflədir.

Bir daşla iki quş

Hərəkət təqləməsi yalnız o darıxdırıcı “dedi” təqlərini əvəzləmir, həm də davamlı olaraq, oxucuya sənin yaratdığın vizual mənzərəni xatırladır. Eyni vaxtda görmək və eşitmək effekti yaradır.

Vizual detalları olmayan dialoq oxucularda boz dumanlıqda danışan adamlar təsəvvürü yaradır ki, buna da “danışan başlar” deyilir. Oxuculara harada olduğumuzu, nə gördüyümüzü tez-tez xatırlatmasan, tez unudurlar.

Bundan əlavə, bədən dili – kiçik fiziki hərəkətlər və üz ifadələri xarakterlərin emosional vəziyyətindən xəbər verir. Xarakterlərin emosional vəziyyətlərini çatdırmaq təkcə onların nə dediklərini yox, həm də deyiliş tərzlərini, tonlarını rəngarəng edir. Gəlin, nümunəyə baxaq:

“Salam” – Ceyn dedi. “Səni gördüyümə şadam.”

“Nə qədər oldu göüşməyəli?” - Daren soruşdu. “İki il?”

“Üç olar,” Ceyn təsdiqlədi. “Necəsən?”

“Yaxşıyam,” Daren cavab verdi. “Darıxmışam sənin üçün, bilirsən. Mənə heç xəbər vermədən, bir kağız da qoymadan getdin.”

“Hə,” Ceyn narahatlıqla dedi, “Sən necəydin, mən də elə.”

Deməli, bizim dialoqumuzda Ceyn adlı qadınla Daren adlı kişi söhbət edirlər. Emosional gərginlik hiss olunur. Amma biz bir çox yerdə emosional tonu özümüz bərpa etməli oluruq. Onlardan hansı qəzəblidir, hansı utanır? Bilmirik. Buna biz oxucular özümüz qərar verə bilərik, amma səhv edə bilərik, yazıçının məqsədini yanlış başa düşmüş ola bilərik.

Bəs bu səhnədə biz nə görürük? Heç bir şey. Bəlkə bu söhbət Darensin evində gedir, bəlkə avtobusda, bəlkə də küçədə. “Dedi” – yalnız iki dəfə yazılıb, başqa yerlərdə onu “soruşdu, təsdiqlədi, cavab verdi” əvəz edir. Sonda müəllif bizə Ceynin narahat tərzdə danışdığını deməli olur. Əks halda, onun səsinin tonunu da bilmərik.

İndi gəlin bu səhnəni bir də yazaq, onu bir mərkəzi küçəyə, Yeni il alış-verişi vaxtı bir böyük dükanın qarşısına qoyaq.

“Salam.” Ceyn parlaq kağızlara bükülmüş hədiyyələrlə dolu qolunu bükdü sərt üz ifadəsilə: “Səni gördüyümə şadam.”

“Nə qədər oldu görüşməyəli?” Daren yaxın gəldi, onun dayanacağa tərəf yolunu kəsdi, “İki il?”

“Üç olar” - qar dənəcikləri Ceynin saçlarına səpməyə başladı və o, çiyninin üzərindən gur maşın yoluna boylandı. “Necəsən?”

“Yaxşı” -Daren çiynini çəkdi. Onsuz da bilmək istəmir. “Darıxmışam sənin üçün, bilirsən. Mənə heç xəbər vermədən, bir kağız da qoymadan getdin”. Bir addım çəkildi ki, Ceyn onu yaxşı görə bilsin.

“Hə.” Ceyn dodaqlarını sıxıb kənara baxdı, “Sən necəydin, mən də elə.”

Burada bizim bir neçə vizual eyhamımız var. Küçədəki qaynar həyat, hədiyyələr, dayanacaq, gur maşın yolu, qar yağır. Odur ki, oxucular bayram vaxtı alıcılarla dolu tanış şəhər küçəsini gözlərinin qarşısında canlandırmağa çətinlik çəkməyəcəklər. Hər bir oxucu öz təcrübəsindən olan xatirələrlə dolduracaq onu.

Bu səhnədə həm də xarakterlərin emosional vəziyyətinə eyhamlar var. Dialoqların arasını daha aydın hiss olunan emosiyalarla doldurduq.

Ceynin üz ifadəsi sərtdir: deməli, o, həyəcanlandı, narahat oldu. Daren bir addım yaxın gəlib dayanacağa tərəf yolu kəsdi: deməli, o, gözləyir ki, qız ondan qaça bilər. Daren “Yaxşıyam” desə də, çiynini çəkdi: deməli, o, əslində yaxşı deyil. Daren bir addım aralandı ki, Ceyn ona baxa bilsin: deməli, qızın ona diqqət etməsini istəyir. Ceyn dodaqlarını sıxdı: deməli, kədərləndi.

Xarakterlərin emosional vəziyyətlərini təsəvvür etmək üçün indi yetərincə bədən dilimiz olduğuna görə, səslərinin tonlarını təsvir etməkdən ötrü əlavə zərflərə ehtiyacımız yoxdur. “O, narahatlıqla dedi”- daha lazım deyil.

Daren “Mənə kağız qoymadan getdin” deyəndə onun daxili səsini eşitmiş kimi oluruq, o, inciyib, incidilib, eyni zamanda o, aqressivdir, qızı özünə diqqət etməyə məcbu edir. Deməli, biz onun səsində hirs də duyuruq. Bu variantda bir daxili narrativ də var: “Onsuz da bilmək istəmir”. Bu, Darrenin öz fikridir. Dırnaq işarələrindən kənar yazılsa da, oxucu onu Darren demiş kimi qəbul edir.

İndi biz sadəcə hərəkət teqlərini dəyişdirməklə bu səhnəni daha da dəyişdirə bilərik.

“Salam.” Ceyn dolu masalarla dolu kiçik yol kafesində onun yolunu kəsdi. “Səni gördüyümə şadam.”

“Nə qədər oldu görüşməyəli?” Daren dayandı, dişlərini ağardıb stulu çəkdi, “İki il?”

“Üç olar.” Ceyn məmnunluqla ah çəkdi, yanındakı stula çökdü. “Necəsən?”

“Yaxşıyam.” Daren ötən ofisianta işarə verdi. “Darıxmışam sənin üçün, bilirsən. Mənə heç xəbər vermədən, bir kağız da qoymadan getdin.”

“Hə.” Ceyn iki şüşəni masaya qoyan və şampan süzən ofisianta üzünü turşudaraq, “Sən necə, mən də elə.”

Eyni dialoqla bambaşqa səhnə yaratmaq məhz hərəkət təqləməsinin gücüdür. Hərəkət təqləri səhnə yarada və xarakterləri dramatik şəkildə dərinləşdirə bilir. Hərəkət təqləməsi olmayan səhnə bəsit səhnədir və oxucu emosiyaları tapmaq üçün təkbaşına buraxılıb. Hər oxucu öz təcrübəsindən həmin dialoq səhnəsini doldura bilər, amma nəticə müəllifin niyyətindəkindən çox fərqli ola bilər.

Hər üç nümunədə dialoqlar sözbəsöz eynidir. Amma onlar bir-birindən necə də fərqlənir. Beləliklə, gələn dəfə dialoq yazanda məktəb müəllimlərinin öyrətdiyi “alternativ sözlər”i kənara qoy, əvəzində danışan xarakterlərini sadəcə hərəkət başında göstər.

Hərəkət təqlərinin başqa bir faydası odur ki, onları dialoqda istədiyin yerə qoya bilərsən. Əgər “dedi” təqi deyilmiş cümlənin əvvəlində, yaxud ardınca gəlirsə, bu, “təhkiyə effekti” yaradır. Bu o deməkdir ki, müəllif xaraktelərin danışmağa davam edəcəyini bilir və bizə xəbər verir.

Cim dedi: “Mən bir az mürgüləyim.”

Bu “Cim dedi” nəzərə çox çapır və oxucuya deyənin yazıçı olduğunu xatırladır, oxucu və Cim səhnədə təkbaşına qala bilmir. “O, dedi” təqi dialoqdan sonra gələndə isə daha az nəzərəçarpan olur. “Qoy bir az mürgüləyim” – Cim dedi.

Hərəkət təqləri isə heç bir “dedi”yə ehtiyac qalmadan hər iki cür qoyula bilir, həm əvvəldə, həm də axırda.

Cim əsnədi: “Qoy bir az mürgüləyim.”

“Qoy bir az mürgüləyim”, - Cim əsnədi.

Hərəkət, yalnız hərəkət

Dialoq yazanda danışanları göstərməyə çalış. Qoy onların hərəkətlərini görək. Çiyin çəkdiklərini, ürkdüklərini, kənara baxdıqlarını, qızardıqlarını görmək danışanların emosional vəziyyəti haqda məlumat verir bizə.

Həmişə söhbət edən insanlara diqqət et. Onların bədən dillərinə, qol hərəkətlərinə, jestlərinə, duruşlarına, üz ifadələrinə fikir ver.

Növbəti dialoq səhnəsini yazanda unutma ki, xaraktelərin daş kimi sakit oturaraq danışmırlar. Az da olsa, tərpənirlər. Əgər tərpənmirlərsə, tərpət. Danışan vaxt onları bir hərəkətlə də məşğul et. Elə olsa, biz onları eyni vaxtda həm eşidə, həm də görə biləcəyik.

Hərəkət təqləri nəsrin ən vacib alətləri çantasına daxildir. İndi isə onlardan istifadə etmək vaxtıdır.

Oxu zalı

XS
SM
MD
LG