Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

Arvadı hara basdırmısınız, tapmıram...


Ülviyyə Tahir
Ülviyyə Tahir

-

"Ehsan kəndin o başındakı qıza məktub yazıb eşq elan edəndə oranın havalarını soruşmuşdu"

"Okazıvayetsa, anamın ayağına hörmət etmədiyimə görə yox, xaşdan iyrəndirdiyimə görə hirslənibmiş"

Ülviyyə Tahir

MƏKTUB

Əvvəllər məktublar yazılardı uzaqlardan. Mütləq havaları soruşardılar o məktublarda.

Salam yazılardı ilk başdan. Amma mən əlüykim salam almayacamsa, sənə necə məktub yazım. Səndən oradakı havaları da soruşmayacam. Niyə soruşum ki?!

Molla dedi, bərzəx aləmindəsən. Amma demədi bərzəx nədi. Bəlkə özü də bilmir. Onsuz da bu molladan bizim kəndə heç papaq olmadı.

Pivə içəndə bundan urvatlı kişi idi. İndi hər yerdə bir arvad saxlayır. Deyir, savabdı. Özünü sevindirmək nə vaxtdan savab hesab olunur?! Bunu da izah etmir. Ümumiyyətlə, bizim molla hey sükut edir. Deyir, susmaq qızıldı.

Hə, havalar deyirdim axı. O gün o molladan soruşdum ki, bərzəx aləminin havası necə olur? O da: "Ya sən kafirsən, ya da axmaq. Ala, mən nə bilim bərzəx aləminin havası necə olur."

İndi daha sən yazarsan, ana, oraların havasını mənə. Yadındadı, bir dəfə Ehsan kəndin o başındakı qıza məktub yazıb, eşq elan edəndə oranın havalarını soruşmuşdu. Neyləsin binəva.

Axı əlimizə keçən əsgər məktubları Xabarovskidən, Çexoslavakiyadan yazılardı. O məktublarda uzaq ellərdəki əsgər oğullar havaları soruşmağı da özlərinə borc bilərdilər.

Bizdən hal-əhval-tutmaq istəsən yenə həminki kimiyik. Sən öləndən sonra qayınanam bizə köçdü. Arvadımgil tərəf yaman bəxtigirdi. Heç onlara bu 60 ildə yetim adı verilmədi. Arvad da ki, maşallahı var. Köhnə nol üç kimidi.

Üstü-başı çürüyüb, amma motor sazdı. Arada küçədən maşınlar keçəndə ah çəkir. Ya qısqanır, ya da artıq bilir ki, onun qatarı gedib. Daha dönməyəcək. Qocalmağını qətiyyən qəbul etmir.

Ele hey deyir: "Niyə mən bu günə qaldım?" 26 təvəllüd olduğunu unudub. Sağlamlığından elə hay-həşirlə danışır ki, sanki 26 yaşında qəfil qocalıq xəstəliyinə tutulub.

Nəvələrin böyüyüb. Fəridin ciyərlərinə su gəldi. Hökumət sağ olsun, müalicə etdirdi. Havayıca neqodnı çıxardılar uşağı. Amma nə illətdisə, uşaq o xəstəlikdən sonra çiyinləri qalxıq halda gəzir.

Arabir mənə elə gəlir ki, uşaq uçacaq. Uşaqların anası deyir ki, ayağının altı düzdü, ona görə elə yeriyir. Yox, yenə hökumət sağ olsun, bizi xəbərdar etdi. Əsgər gedəndən altı ay sonra çağırıb dedilər ki, uşağın dabanı da düzdü, ciyərinə də su gəlib.

Mən onu həkimlərə aparsaydım, bir sandıq pulum çıxacaqdı yəqin. Bu hükumətin qədrini bilmir bu naxələflər. O gün intelligent Qiyas deyir ki, Qəddafi ilə Səddam öləndən bəri yaxın Şərqdə nə qədər ki yiyəsiz var, hamısını Aralıq dənizi qarnına endirdi.

Bu camaat Qəddafi ilə Səddam öləndən bəri Aralıq dənizindən balıqmı tutur, yoxsa o dənizdə intiharmı edir, - bax onu anlamadım. Bizi də Xəzər udar, vallah bu hökumət qoymur.

Fərhad gizir olub. O gün gedib gördüm. Müddəti uzadılmış qulluqdadı. Yaxşıdı. Salam-duası var.

Gəlinin də yenə biş-düşündə öz işindədi. Böyük oğlan - Fərid evə dönəndən bəri onunla yola getmir. Dərdləri nədi, bilmirəm. O gün Fərid deyir ki, Müseyib bir də bizə gəlməsin. Uşağın başın iynə dərman çövürüb.

Müseyib 20 ildi biznən dostdu. Mən nətəhər adama deyim bizə gəlməsin. Uşaq deyir ki, əgər o, bir də bizə gəlsə anamı öldürəcəm. Başı xarab olub. Məndən qorxur, anasına gücü çatır.

O gün anası da deyir deyir ki, bu yastıdabanı göndərək Rusyətə Maşadan, Nataşadan tapıb sakıtləşsin. Yoxsa bizi qırıb batıracaq.

Deyəcəksən ancaq özündən danışdı. Altı ay öncə o sevimli oğlunu gördüm. Sumqayıtda. Arvad qovub çıxarıb ki, get cəhənnəm ol, sənə bir dəniz havası dəysin, iyin, qoxun dağılsın.

Mən deyirəm də, nə qədər arvadının pulu çox idi, onu evdə saxlayırdı. Əslində bir işə yarayan deyil. Elə dilini çıxarıb stola yapışdırsın, arvad barmağını o dilə vurub pul saysın.

Dedim axı, alma o Xeyrullanın qızını. Dedin alacam. Hə, aldın nə oldu?! İndi evi də dolandırır, ves məhləni də. Sən bilirsən mən səndən heç on yeddi yaşlı sevgilimin üstünə şər atıb qapıdan çıxardanda, o da gedib özünü öldürəndə inciməmişdim.

Amma sən mənim sözümü sındıranda, gedib o qızı bizim gədiyə alanda hirsləndim. Day səni bağışlamadım. Əhbər də yaxşıdı. Uşaqlarını baş-göz edib. Bircə dənə şəftəli qız - Nuranə qalıb.

O tüklü halı ilə gündə bir oğlan tapır, qoşulur gedir altı-yeddi ay arvad olur, sonra qayıdır gəlir. Əhbər deyir: "Allah internet çıxardanın başına daş salsın, pozdu uşağımı."

Pomidor parnikləri ilə meyvə ağaclarının arasında qalmışıq. İşdi, yağış yağıb sel tökdüsə, külək əsdisə, ikisindən də məhrum olub acından öləsiyik. Başqa gəlir yeri yoxdu axı.

Vallah, xətrinə dəyməsin o gün getdim qəbrinin yerini axtardım. Tapa bilmədim. Hardan tapacam. Axı, gediş- gəliş yoxdu. Dedilər bəlkə də o qəbri söküb yerin satıblar. Əşşi nə dəxli. Qəbirdi də.

Onun əvəzinə ayağın basdırılmış yerə - həyətimizin o başına tez-tez baş çəkirəm. Heç yadımdan çıxmaz o ayağı sən şəkər olanda kəsmişdilər. Raufun oğlu Elşad gətirmişdi ki, bizim həyətdə basdırsın.

Mən də ona lağla: "Apar xaş et. Neynirsən basdırıb" deməyimlə məni söyüb təhqir etdi. Okazıvayetsa, anamın ayağına hörmət etmədiyimə görə yox, xaşdan iyrəndirdiyimə görə hirslənibmiş. Hər dəfə məni görəndə üzünü çevirir.

Bilirəm, ən sevimli yeməyindən iyrəndirdiyimə görə məni heç vaxt bağışlamayacaq. Hə nə deyirdim? Qəbirstanlıq. O qəbirstanlıqda sənin qəbrin olsa nə olacaqdı ki?

Bütün ömrünü boş keçirmisən. Bir qəbir də özünə hazırlatmadın. Kəfəni də biz aldıq sənə. Day övlad sənə neyləyəcəkdi ki? Uzun Əlövsəti basdırıb gələndə mənə Feyzullanın qəbir yerini göstərdilər. Dedilər, özünə alıb. Bilmədim, nə deyəm. Dedim :"İçi dolu olsun, yiyəsinə qismət."

Bu da təzə dəb düşüb. Dəllək Səlimin qəbrini görəndə adamın ölməyi gəlir. Şəklini, zadını döydürüb üstünə. Pəh-pəh, qəbir deyil, beş ulduzlu oteldi vallah.

Kənddə hər cümə axşamı ölülərinə Quran oxutdurmaq istəyən yaxşı oğlanların və qızların probkası olur. Onlar da bilir, mən də bilirəm ki, dərdləri Quran oxutdurub ölüyə yaxşılıq etmək deyil. El-camaat adlı bir tərəzi var.

O tərəzinin hər zaman onları ağır çəkməsinin xəstəsidirlər. Yoxsa bilirlər ki, üç manat verib oxutdurduqları o "Yasin" ölənlərin bir eşalon günahını çətin yuya. Əşşi, indi adətdi hamı oxudur. İnanan da, inanmayan da.

Sən demirdinmi: "Mən öləndən sonra istəyirsiniz məni aparıb kanala atın, fərqi yoxdur. İş odur ki, ölməyəsən. Öldün, tay oldun min ilin ölüsünə."

Ona görə də saxtakarlıq, yalançılıq etmirəm. Özümün inanmadığımı, sənin lağ etdiyini niyə sənə oxutdurub özümü aldadım ki?! Burdan bircə nəfər qazanclı çıxır: o da molladı.

O gün kənd camaatından soruşuram ki, arvadı hara basdırmısınız, tapmıram. Dedilər, neynirsən. Əsas odur basdırmışıq. Qurda-quşa yem etmədik. Belə yaxşı oğlansan, gələydin maraqlanaydın.

Axı mən yaxşı oğlanam. Nisyə aldıqları kəfən pulunu ödədim. Amma bilmirlər ki, onların içində ən doğruçu, səmimisi mənəm. Onsuz da anamın ölməyi mənə təsir etməmişdi. Guya qəbrinin yerini bilsəydim baş çəkəcəkdim.

Yox, getməyəcəkdim. Əlimin içi kimi bilirəm ki, hamı bayramda, seyranda o qəbirlərə sevdiklərindən yox, el-camaat tərəzisinin qorxusundan baş çəkir. Mənim isə o el-camaat heç vaxt vecimə olmayıb.

Deyəcəksən, hamıdan yazdın, bir özündən başqa. Nə yazım. Ömürdü də. Mədə ilə ayaqyolunun arasında xərclənib gedir. Bütün əlləşməyim özümün və ailənin qarnı uğrundadı. Hey kredit ödəyirəm. Aylar, təqvimlər o kreditlərə görə hesablanır.

Bəzən krediti ehtiyacdan yox, o biri kreditləri bağlamaq üçün götürürəm. Axşamlar pivəxanada bütün dərdləri unutmaq üçün içir, gecə yataqda sayıqlayır, sabah ağzımda bir ton zəhər tamı ilə oyanıram.

Deyirəm, mənə kişi qızı kimi demədin də kimin oğluyam. Camaat güzgüyə baxıb saçını başını düzəldər, mən illərdi güzgüdə atamı axtarıram. Yaşlandıqca gah Kazıma, gah da Əhməd müəllimə oxşadığımı fərq edirəm. Kənddə mənə sataşırlar ki, çıx Xoşqədəmə axtar dədəni.

Guya bilsəm nə olacaq. Əşi elə-belə, bekarçılıq. Elə o bekarçılıqdan bu içkili halımda sənə bu məktubu yazdım. Bilirəm, oxuyan deyilsən. Amma yazdım. Bilirsən, arada o sovet dövründən ötrü darıxıram. Daha bizə heç kim məktub yazmır. Biz də yazmırırq.

O gün beləcə məktub həsrətimi dilə gətirib balaca gədəyə - Fərhada dedim mənə məktub yaz. Elə bilim ki, Xabarovskidən, Çexoslavakıyadan yazmısan. Dedi, ata mayıl adres verim sənə, ora yaz. Sən demə, millət indi məktubu internetdən yazırmış.

Mənim internetdən başım çıxmır. Çıxsa da yüz il qala, ordan heç kimə məktub yazmaram. O məktubun ki, hərflərinə toxuna bilmirsən, onu yazan əlin o sətirləri yazarkən necə titrədiyini, həyəcanlandığını görə bilmirsən nə ləzzəti.

Hə, ana. Sağ və salamatıq. Bizdən arxayın ol. Ehh, səni öpürəm də yaza bilməyəcəm. Yəqin indi bircə skeletin qalıb....

İmza: Oğlun.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG