Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

-

Ana olmaq elə bir peşədir ki, onun istefası yoxdur. Amma anam istefa verdi. O gecə yox oldu. Atamın onu bağladığı stulla birgə yox oldu...

Ülviyyə Tahir

AZAD QADIN HEYKƏLİ

Bizim heç vaxt beş nəfərlik şəklimiz olmadı.

Atam nənəmdən və babamdan ayıb bilərək anamla heç vaxt yanaşı durub şəkil çəkdirmədi.

Sonra anam yox oldu.

Atam anam olan şəkillərin hamısından onun başını qayçılayıb atdı. Lakin özünün yoxluğu kimi, anamın bizi qucaqlayan əllərini də bu fotolardan yox edə bilmədi.Elə burada bitməli idi mənim həyat nağılım. Bəzəksiz-düzəksiz. Amma olmadı.

Hər kəsin həyatının saundtrəki var. Yoxsulun da, dilənçinin də, məzlumun da. Arada yuxularımda prezidenti görürəm. Həmişə şaddır. Yəqin həyatının saundtrəki daim şən melodiyadı. O hər zaman xoşbəxtdi.

Bax, o gün mən prezidenti düşünmədiyim günlərdən biri idi. Atam anamı stula bağlayıb döyürdü. Onda mən zirzəminin balaca pəncərəsindən onları görə bilirdim. O, hey qışqırırdı, anam isə susurdu. Ona cavab vermirdi. İki qonşu o tərəfdə toy çalınırdı. Yenə, yıxılana qədər içib özlərindən birini müsəlman edəcəkdilər. Amma bu gün yox. Bu gün toydu, sünnət toyu. İkisi bir yerdə həmişə məni güldürüb. Sünnətin toyu olar?! Bir dəfə müəllimə demişdim ki, sünnət toyu neçənçi növ təyini söz birləşməsidi? Müəllim məni sinifdən qovmuşdu. Axı burda nə var ki? Sözlər barədə sual vermək niyə əcaibdi?

Sözlər... Məsələn, Prezident və Namaz. Prezident də namaz qıla bilər. Nə bilim, arada fikirləşirəm ki, başqa planetdən kimsə gəlsə ona bu dünyanı necə izah edə bilərəm? Bu qədər qarmaqarışıq, bu qədər üryan dünyanı. Əşi, dünyanın nə günahı . Bəlkə dizini atıb min kərə tövbə edir insana bu qədər planetin içində bircə özünün qucaq açdığına görə. Amma indi iki qonşu o tərəfdə toy çalınırdı, atam isə anamı stula bağlayıb döyürdü.

Düz bir həftə idi ki, deyirdilər Əlisabirgilin on dənə qız abort edəndən sonra qurban sadağa ilə tapdıqları oğlunun sünnət toyudur. Hamı deyirdi ki, Əlisabirgilin qurbanı qəbul olunub ki, oğlu oldu. Amma bilmədilər ki, dedikləri qoç qurbanı, yoxsa qurban etdikləri qızlarmı qəbul olunub? Xanımnisə nənə deyir ki, Allah bu aparat çıxardanın başına yekə daş salsın, eldə-obada qız qoymadı.

Deyirdilər toya Üzeyir gələcək. Kənddə məmə yeyəndən pəpə yeyənə qədər hamını əsməcə tutmuşdu. Əlisabirgilnən dalaşanlarda toy olana qədər onlarla barışmışdılar.Axı, Üzeyiri canlı görəcəkdilər. İndi Üzeyirin "Mənə lazım da deyil" oxuduqca atam anamı özünə lazım gələcək qədər yumruqlayırdı. Nəyə nail olacaqdı ki?! Heyvanı döysən unudar, insanı döysən kini qabarar.

Nənəm deyirdi ki,anam çörək itirəndi. Bizi burada onun oğlunun pulu saxlayıb. Rusiyətdən zulumla qazanıb göndərdiyi pullar. Amma özü bilirdi ki, bu mənim vecimə olmadığı qədər, anamın da düşündüyü məsələ deyil. İndi Atam illərdi evdə olmadığı günlərin hesabını anamdan soruşurdu.Anam isə belə hesabı soruşa bilməzdi, çünki arvad idi. Atam anamı döydükcə düşünürdüm ki, görəsən heç atam anamı öpüb? Öpsə də döydüyü qədər olmazdı yəqin.

Anam həmişə qabarlı əllərini ovxalaya-ovxalaya deyərdi ki, uşaqlar olandan sonra bu kənddə qadınlıq ölür. Qadınlar anaya çevrilir ki, bunun da qadın cinsinə qətiyyən dəxli yoxdu. Ana olmaq elə bir peşədir ki, onun istefası yoxdur. Amma anam istefa verdi. O gecə yox oldu. Atamın onu bağladığı stulla birgə yox oldu.

Anam yox olandan sonra zaman ilan oldu süründü keçmək bilmədi. Atam Rusiyadan bir daha qayıtmadı. Nənəmin nəsihətləri və qaxıncı ilə böyüdüyüm kənddən ayağım yer tutan kimi qaçdım. Xəyallarımın ardınca yollanarkən hər şeyin filmlərdə olduğu kimi baş verəcəyini gözləyirdim. Amma bütün nağılların sonunda üç almanın düşmədiyini mənə söyləməmişdilər. Mənə çox şeyi söyləməmişdilər. Bunu gec fərq etdim. Mən bütün quruluşların əslində qadının istismarı ilə məşgul olduğunu, hərənin buna bir cür don geyindirdiyini anladım.

Amma bunları anlayanda artıq gec idi. İnsan yaraladığını sağ buraxmaz, amma məni sağ buraxdılar. Cəmiyyətin bir şikəsti də mən oldum. Nəhəng bir şəhərdə neçə milyonun içində tənha, yiyəsiz olmaq! Döyəcəyin qapının, axtara biləcəyin bir kəsin olmaması. Mən heç sevinmədim ki. Dünyanı rəngli görüb sevinməyə cəhd etdiyim hər an vurub eynəyimi sındırdılar. Axırıncı şəklim "Azad qadın" heykəlinin qarşısında oldu. 30 il sonra orada mənim heykəlimi qoyacaqlar, amma tamamilə başqa bir görkəmdə.

Boz bir aran kəndindən gəlib dənizdə intihar etmək var imiş qismətdə. Görəsən bu gecə prezident mənu yuxuda görəcək?! Çətin...

Oktyabr, 2014

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG