Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

-

-Ay qıvlasız bir dur dana. Qoy anamı aparıb basdırım meydini qarşıqalar bismillah etsin, sora bunu danışarıq...

Ülviyyə Tahir

XƏYALIN ATI

Elə "Sədərək" ticarət mərkəzində yaşıl rəngli corabı heyran-heyran süzərkən ərinin telefonuna zəng gəldi.

Kişi kənara çəkilib "əlo" deyənə qədər, o, corabları lap su qiymətinə almaq üçün satıcını dilə tutmağa başladı.

Əri danışıb qurtaran kimi, qaranəfəs arvadının yanına cumdu. Qolundan tutaraq kənara çəkdi. O isə "Əəə, nolub tıncığdırma da maa"- deyə qolunu ərinin əlindən çıxarmağa çalışdı. Nəhayət, əri onu dartışdırmaqdan, o isə müqavimət göstərməkdən yoruldu. Əllərini belinə qoyub:

- Di yumurtla! Hə nə oldu? Vurulmuş bajılarının qulağına çatdı ki, it ilində mən də adam olub Sədərəyə gəlmişəm nəsə bi şey alam hayn?

- Ay çərhəya, səsini aşağı elə! Məni bu Bakının ortasında biyabır elemeginən!-deyə əri onun üstünə qıcandı. sonra qəfil Bakının ortasında olduğunu xatırlayıb əlini əyninə gen duran rəngi solmuş şalvarının arxasında gizlətdi.

- Hə nə olub pajardı? Di susdum de!- amiranə səslə ərinə diktə etdi.

- Aaaaz, anam deyəsən canın tafşırıb. Yığış gedək. Ayıfdı. Eldən- ovadan bizi görən olsa batdıq. Deyəcəklər ki, elə arvadı can verən yerdə qoyuf alverə gəliflər. Day kimi inandıra bilərik ki, arvad turp kimi iydi biz gələndə. Biyabır olajıyık.

- Ölüb ölüb də. Noulsun. 85 yaşı vardı. O qədər yaşasam dərdim nə iydi. Onsuzda büyünə götürmək çatmaz. gəl o biri ryadı da gəzək nolar. Zəng elə de ki, maşın tapan kimi çıxırıx. Hə nolarrrr.- arvadı pişik yumşaqlığı ilə ətrafına dolandıqca ürəyindən" Nolar o biri ryadı gəzsəm. Onsuz da ha gec, ha tez getsəm də arvad dirilən döyül." Elə bu fikirlə də əlini atıb axırıncı gələn nömrəni yığdı. xəttin o başından yeznəsinin kallaşmış səsini eşidəndə təəccübləndi. Onun bu səsinə fikir verməyib maşın tapan kimi gələcəklərini bildirib, tez də zəngi sonlandırdı. Qorxdu ki, yeznə elə bir köntöy söz deyə ki, elə buradaca ağına-bozuna baxmadan tullanıb bir maşına minə düz gedə kəndə. Telefonu cibinə qoyandan sonra arvadına qürrələnərək baxdı və " Tez elə oraları da gəzək, nə alırsansa al gedək. " - ərkyana dilləndi.

Bir sıra əvəzinə, on sıra gəzdilər. Arvadı azı on beş dəfə paltar geyinib soyundu. Aqilin əsgərlikdən dönməyi münasibəti ilə geyəcəyi paltarları da seçib alanda özündən asılı olmadan etiraz etmək istədi. Axı, Aqilin dönməyinə hələ iki ay var idi. Niyə belə tələsiyirdi arvadı, amma bunu deməyə özündə cəsarət tapmadı, çünki arvadının xasiyyətini bilirdi. Bilirdi ki, arvadı o dəqiqə "Açdın yenə qara molla ağzını. İmkan ver, xəyal quraq" deyəcəkdi. Nəhayət iki saat sonra arvadı birtəhər Sədərəkdən qopub aralandı. Güclə maşın tapıb üzü rayona doğru yol aldılar. Yol uzandıqca gənc qız kimi ona sığınmış arvadı yavaş-yavaş pıçıldamağa başladı:

- Bax sən bilirsən ki, mən sənin anana pis gəlin olmamışam. Amma neynək. Bilirsən ki, gələndən məni heç başı götürmədi. Yola vermədi. Qoşuldu qızları ilə mənə qarşı cəbhə düzəltdilər. Nə vaxt baxdın pıçapıç, Nikolayın evini yıxırlar. Amma yox ,Nikolayın yox! Mənim evimi yıxmaq istəyirdilər. Alınmadı. İndi xətra dəyməsin, pis, yaxşı anandı urlu-urvatlı yerdən götürmək lazımdı. Baxx, o bajıların hüzr puluna qarışsalar, ya da gəlib hər hansı bir işə barmax eləsələr day özlərindən küssünlər. Qoyacam quyruqlarını qapı arxasında.İndiyə kimi susduqlarımın əvəzini cıxajam. Hələ o adət də var: kasıb kişisən 4 bajın hərəsi bir adna axşamını versə bizə ağırlıq düşməz. Nə günə lazımdılar. Elə ancaq dalaşmağa yaranmıyıb aaa o qırılmış bajıların. Birdə əsas məsələ, bax, sən bilirsən sənin anan on ildi o başdakı o böyük otağı zanit eliyib. Qoymur biz ora girək. 85 yaşın ola bu qədər havan, qazın ola. Vallah mən elə qaynana olmajam. O gün qızı göndərmişəm ki, bala get, ölüm itim dünyasıdı get o arvada denən ki, mir-mitilin versin bir az yuyağ təmizləyəq. Qəfil ölərsən camaat bizə tüpürər. Qıza nə desə yaxşıdı. Anova denən biz qojalar ancaq öləndə bizi biyabır etməsin fikri ilə yada düşərik. Deynən rahat yatsın hələ altıma qaçırtmıram. gül-gümüş öləjəm İnşallah. Bax, bax, gör mən nə çəkirəm. Mən bunu qaydına qaleram, O isə ancaq pis şeylər fikirləşir. Deyirəm o otağı yeddini, zadı yola verək təzdən remont elətdirək. Bu qoja arvadlardan həmişə sandıx iyi gəler. Oranı isigildə gördüyüm kimi aboy elətdirək. Bilirsən indi moddadı, divarın yarısını bir cür aboy elətdirirsən bir tərəfin başqa cür. Elə gözəl olur.

-Ay qıvlasız bir dur dana. Qoy anamı aparıb basdırım meydini qarşıqalar bismillah etsin, sora bunu danışarıq.

- Puah, analı çıxıb. Ay baxtəvər mən on il qabaq anama ağlayanda səninki irayon bazarından gəlirdi. hələ o vaxt iki anam yaşda idi.

- Ananın yaşı olmaz ki,...- O,yazıq bir tövrlə arvadına etiraz etmək istədisə də, bu mehin palıd ağacına toxunması kimi bir şey oldu. Arvadı yenə öz havasında davam etdi.

- Hə nə deyirdim: O taxta qapını da dəyişdirərik. Köhnəlib, çürüyüb arasından yel vurub, yengeler oynayır. Aqil də gəlsin verək cavan uşaqdı. Özünün otdelnı otağı olsun. Deyirlər, Gülnazın qızından xoşu gəlir. Ay Allah, o gunə qurban olaram. Mən də onun toyunu görərəm. Hələ taxtalarını dəyişmək lazımdı. Heççç fikir etmə! Hüzr pulu hamısını ödəyəcək. Sənə qəti ağırlıq düşməyəcək. Bir də görəssən otaq işıq saçır.

Taksi rayona çatana qədər arvadı az qala nəvəsini də qucağına alırdı. Xəyal atını büdrətmədən bütün detalları dil-boğaza qoymadan danışdı. Maşın irəlilədikcə insanların axın-axın onlara tərəf getdiyini gördülər. Adam o qədər çox idi ki, iynə atsan yerə düşməzdi. Kişi qürurlanaraq:

-Anam elə belə arvaddardan olmayıb. El anasıdı el.

- Puah el anası. O el niyə bir dəfə bir qab isti yemək gətirmədi arvadın qarnı qızsın. Hüzrə huyy vurub getmək bu camaatin adətidi.- arvadı dodağını büzərək onu atmaca atdı.

Taksı insan selini aralayıb keçdikcə, darvazalarının açıq və həyətdəki hərbi təcili yatdım maşınını görəndə təəccübləri daha da artdı. Arvadı ürəyinə gələn qaraltı ilə maşından çıxıb hərbiçilərə tərəf cumdu. Onu tanıyan çəlimsiz əsgər dodaqları əsə-əsə:

-Nuran xala, vallah, xəbərimiz olmayıb özünü mühafizə qülləsində avtomatla atıb. Vallah xəbərimiz olmayıb. - deyəndə üzü cırılmış qayınanası özünü onların qabağına atıb cikkə çəkdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG