Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Ülviyyə Tahirin 20-liyə düşməyən hekayəsi


Ülviyyə Tahir
Ülviyyə Tahir

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu 20-liyə düşmək üçün yetərli olmayıb.

Ülviyyə Tahir

STOKHOLM SİNDROMU

Əllərini qulaqlarına apararaq azan səsini eşitməməyə çalışdı. Zamanı unutdu.

Sonra sağ əlini yarıqaranlıqda stolüstü fanara ataraq düyməsini basdı.

Stolun üstü işıqlandı. Dağınıq stolun üstündə bircə dənə kompyuter səliqəli görünürdü.

Dəftərlər, kitablar, qələmlər qarmaqarışıq halda tam bir xaos yaradırdı.

Kompyuteri açıb məlumatların tam yüklənməsini gözlədi.

Bir siqaret yandırıb fikrini cəmləməyə çalışdı. Səssizliyi üst qonşunun addım səsləri pozurdu. Hər dəfə gələn tappıltılardan onun dizini yerə atıb səcdəyə getməsinə qədər təxmin edə bilirdi.

Kompyuterin monitorundakı dəyişiklər başa çatan kimi sənədlər bölməsinə girib özünə lazım olan yazını tapdı. Aylardı bu elmi məqalənin üstündə işləyirdi.

Artıq son on günlükdə idi. Bu on gün içində məqaləni bitirməli ,ingilis və rus dillərinə tərcümə olunaraq həmin jurnalların mail adreslərinə göndərməli idi. Mövzu "Üçüncü dünya ölkələrində diktatura rejiminin törətdiyi fəsadlar və insan psixologiyası"idi.

Materiallar yazılarkən ona edilən zəngləri əvvəl anlamadı. Lazım olan materiallar onsuz da toplamışdı. İnstutun direktoru onu çağıraraq sətiraltı onu xəbərdar etmişdi. Əslində nəyə nail olacaqlardı ki, bunu anlamırdı. Bəyəm onun mövqeyi indiyə kimi yuxarıya məlum deyildi ki?!.

Gözlərini sətirlərdə gəzdirərək ən çox narahatlıq keçirdiyi abzası oxumağa başladı: "Zülm insanı üsyana hazırlamaz,ona daha başqa çıxış yolları axtarmağa vadar edər. İnqilablar və üsyanlar belə hadisələrə qarşı gəlmək deyil, bir çıxış yoludu.

Zülm və istismara qarşı insanlar adətən ona yaxın olmaqla, ona dəstək verməklə özlərini xilas olunmuş bilərlər.Ən qatı istismar içində belə onlar zülmü və şiddəti danarlar,yaxşı yaşadıqlarına dair uyğunsuz dəllilər gətirərlər. Onlara edilən ən balaca bir yaxşılığı belə böyük bir minnətdarlıq hissi ilə dilə gətirərlər.

Dünyaya istismarçının gözü ilə baxar,özünə aid hər hansı bir nəzər nöqtəsinə malik olmazlar. Hətta yaşadıqlarına görə, öz həyatlarına görə özlərini istismarçıya borclu bilərlər." Mütaliəsini yan otaqdan gələn inilti səsi yarıda qoydu.

Elə o an barmaqların arasında bayaqdan tutduğu siqaretin fərqinə vardı, lakin gec idi. Siqaretin külü kompyuterin klaviaturasının üstünə dağıldı.O, tez salfet üçün stolun üstünə göz gəzdirdi.

Yarıqaranlıq otaqda yalnız stolun üstünü işıqlandıran lampanın zəif işığında kitabların arasında güclə sezilən salfeti gördü. Onu oradan birtəhər çıxardıb külü təmizlədi. Bilirdi ki, arvadı qorxusundan bu stola yaxın düşmür.

Qorxu... Dünən yenə zəng etmişdilər. Məqalədə kütlə psixologiyasının qabardılmamasını istəyirdilər. O yenə susaraq onları dinləmişdi.

Qorxu... Yan otaqda inilti səsi yüksəldi." Lənət sənə kor şeytan"- deyərək öz-özünə dilləndi.

İnilti kəsilən kimi yenə yazını gözdən keçirməyə başladı.

"Diktatura kütlələrdə "Travmatik infaltilizmə" səbəb ola bilər. Bu halda insan onu istismar edənə yaxınlaşar və onun hərəkətlərini təqlid edər. Buna səbəb isə fərdlərin çarəsizliyi , izolyasiya olunmaları və özlərini buna inandırmaqlarıdı."

Qonşu otaqdan inilti artıq ağlamağa keçmişdi.Ağlamaq. Dünyada ən çox nifrət etdiyi hal. Buna qətiyyən dözə bilmirdi. Yerindən qalxaraq ora yolllandı. Qapını açanda üst qonşunun səcdəyə getdiyini sanki gözləri ilə gördü. Tappıltı elə şiddətli oldu ki, sanki adam onun kürəyində dizlərini yerə atdı.

Dərindən nəfəs alaraq kürəyində ağır yük gəzdirmiş adam kimi dikəlməyə çalışdı. Pəncərədən düşən dan yerinin zəif şüası çarpayının ayağının yanında oturmuş qadının ağ budlarında əks olunurdu. O, azacıq yaxınlaşan kimi qadın ayaqlarını yığışdıraraq sanki tısbağa kimi qınına girdi. Sağ əlini uzadaraq onun çənəsinə toxundu. Qadının qulağına tərəf əyilərək:

-Sənə ağlamayacaqsan deməmişdim? Gülümsəyəcəksən,hər şey yaxşıdı deyəcəksən.Dodaqların al qırmızı olacaq və səsin titrəməyəcək.Oldumu? Gülümsəyəcəksən! Sən xoşbəxtsən.- pıçıldadı. Sonra kənara çəkilib bir siqaret yandırdı və tam közərən kimi onu qadının boynuna basdı.Qadın elektrik vurmuş adam kimi tullandı.O qadının çiyinlərindən aşağı basaraq yenə dodaqlarını onun sağ qulağına söykədi və yenə pıçıldamağa başladı:

-Bax mən sənin halına qalıram.Buranı açıq qoymayacaqsan! Yoxsa görünər,sənə pis qadın,bizə pis ailə deyərlər.Sən ki,düşmənlərimizi sevindirmək istəmərsən. El-camaat nə deyər? Deyərlər :Yaxşı at özünə qamçı vurdurmaz! Deyərlər: Ailəni qadın qorumalıdı. Deyərlər... Deyərlər... Yox, israr edirsənsə, bu damarlarına halına mən qala bilərəm. Bunu bilirsən.- deyərək ayağa qalxdı.Bir addım atmışdı ki, qadın qəfil içini çəkdi.O bu hala zövqlə gülümsəyərək yenə yazı masasının yanına gəldi.

"İstismarçı zülmü azaltsın deyə onu tərifləmə və onu məmnun etmək cəhdi fərdlərdə və kütlədə müşahidə oluna bilər. İstismarçını cəmiyyət üçün özünü qurban etməsini görmək və bunu təbliğ edilməsini qarşıya məqsəd kimi qoymaq kütlələrdə müşahidə oluna bilər.

Bütün bu halların diktatura rejimli ölkələrdə müşahidə edilməsi bir daha onu sübut edir ki, demokratik quruluşların tətbiq olunması və bu ölkələrin içindən ox kimi sıyrılan bəzi kiçik dövlətləri qorumaq lazımdır." Məqaləyə axırıncı dəfə nəzər salaraq onu digər mail adresinə göndərdi. Yerindən qalxaraq yan otağın yarıaralı qapısında içəri başını salaraq:

-Dur mənə kofe dəmlə.- dedi.

On dəqiqə sonra yeni dəmlənmiş kofenin ətri bütün evi götürdü. Arvadının qaralmış üzünə işıqda baxaraq qəhvəsini qurtumladı. Sonra onu yanına çağıraraq dizinin üstündə oturması üçün gözləri ilə işarə etdi. Qadın qorxa-qorxa onun qucağında oturdu.O qadinin saçlarını sığallayaraq üzündən öpdü və yenə pıçıltı ilə danışmağa başladı:

-Bilirsən gündə nə qədər qadın cinayəti baş verir. Biz sivil insanlarıq. Mən səni öldürəcək qədər insanlığımı itirməmişəm.Sən də özünü insan balası kimi apar.Görürsən axşama kimi çöllərdə çalışmağım yetmirmiş kimi, gecələr də evdə işləyirəm.

Ona görə ki,siz əla yaşayasınız. Bu mərhəmətimdən sui-istifadə olunmamalıdı.Bütün bunları bilirsən, amma yenə rəfiqələrinin, ya da anarxist tum çırtlayan qonşu qadınların təbliğatına uyursan.İndi sabah səndən soruşacaqlar. Soruşacaqlar üzün niyə belədi? Sən nə deyəcəksən?

Qadın gözlərindəki quzu qorxaqlığı ilə kipriklərini tez-tez endirməyə başladı.

-Niyə gözlərini döyürsən?-ani sakitliyi onun bağırtısı pozdu.Sanki bir anda evdə ildırım çaxdı.

Qadın onun dizinin üstündən qalxıb qəfil aralandı.Gözlərindən səssiz halda göz yaşları sel kimi tökülməyə başladı.

-Çıxdı bu feminizm,azadlıq sözləri axırınıza.Sizi məhv etdi xəbəriniz yoxdu.Ağlama!Gülümsə!Nə olub üzünə?

-Yıxılmışaaaaaam.-Qadın quzu kimi mələyəndə onu dəli gülmək tutdu.Əlini yelləyərək-Dur əzizim,niyə qorxursan,get pencəyimi gətir!işə gedirəm.Uşaqla ciddi maraqlan Gəcəyimizdi.Qoyma xiffət etsin.

Az sonra arxasınca bağlanan qapıya ironiya ilə nəzər salaraq pillələri sürətlə endi. Avtobus dayanacağına enib gözləməyə başladı.Lakin saatına baxaraq gecikmə ehtimalı ilə yoldan keçən ilk taksiyə əl etdi.

Qara rəngli "Mersedes" markalı taksi 3 metr öndə saxladı.Qaşqabağını tökərək taksinin ardınca yollandı.Maşına minən kimi cəld sürməsi uçun sürücüyə işarə etdi.

Sürücü onun məmursayağı geyiminə və əlindəki qapa çamadana baxaraq ayağını qaza basdı.Bütün cəhdlərinə baxmayaraq on dəqiqə sonra ən böyük prospektlərin birində tıxaca düşdülər.Sürücü sağ əlini qalın bığına ataraq dartışdırdı və üzünü ona tutaraq:

-Qardaş,nə qədər yol çəkirlər , iz qoyurlar xeyri yoxdu da. Yenə tıxac, yenə əsəb. Düzəlməyəcək.Bilirsən niyə düzəlməyəcək? Çünki sistem xarabdı. Əgər sistem xarabdırsa min iş görsən yenə tıxanacaq, probka yaranacaq.

-Hansı sistem xarabdı? Dövlət yoxsa quruluş?-O, sürücünü diqqətlə süzərək soruşdu.

- İnsanlar. İnsanlar xarabdı. Bi insan yaşadığı halı bəyənməsə dəyişər,amma bizdə özünküləşdirirlər, mənimsəyirlər. Buqələmunlaşırlar. Bax qardaş, mən illərdi taksi sürürəm,bircə bunu dəqiq bilirəm, ətrafım alverçilərlə doludu. Yalanın alverçiləri. Deyəcəksən yalanın alverçiləri olar? Olar qardaşım olar. İllərdi yalan kök atıb daraşıb,sarmaşıq olub ruhumuza. "Cekpot" deyib qışqıran çırıq plaşlı bir insanın yüz minlər vəd etməsini eşidəndə, bu "Gülü al, sevgilini xoşbəxt et!" deyib gül satan gəncin üzündəki bədbəxtliyi görəndə, üzü kirli uşağın nəm salfetlər satdığını görəndə, əlinə heç vaxt yüz dollar almayan bir yoxsulun dollar məzənnəsindən dəm vurduğunu görəndə yalanın alverçilərini görmüşəm. "Şuşa əldən getsə başıma bir güllə çaxacam "deyənləri, "Bu seçkilərdə qalib gələcəyik" deyib heç vaxtheç öz aralarında birləşməyi bacarmayan insanların yalan bazarını görmüşəm. İndi deyirsən quruluş. İnsanlar öz hallarını belə mənimsəyiblər.Mənimsəməkləri cəhənnəm ,buna özlərini də inandırıblar.

- Şair deyilsən təsadüfən?-O, ironiyasını gizlətməyərək soruşdu

Yox ,müəliməm.Günortaya kimi dərs deyirəm. Gönortadan sonra taksi sürürəm.-Sürücü ona nifrətlə baxaraq qarşısındakı maşının tərpənməyi ilə ayağını bütün hiddəti ilə qaza basdı.

Elə taksidən düşmək üzrə ikən telefonuna yenə oradan zəng gəldi

-Hazırdı?- yenə həminki səs idi.

-Bəli-ürkək səslə cavablandırdı.Taksi sürücüsü onun yumaq kimi balacalaşıb az qala paltarının içində itdiyini görəndə istehzalı bir təbəssümlə dodağını büzdü.

-Siz bütün müddəaları qeyd edərkən ölkəmizdəki inkişafdan və insanların bu psixoloji hallardan uzaq olduğunu qeyd etdinizmi?

-Bəli qeyd etdim. Mən məqaləni elə bu istiqamətdə də hazırladım.

Zəng sonlandı. O taksidən düşərək birbaşa nazirliyə yollandı. Şəhər tam bir ahənglə günə başlayırdı.

O, nazirin qəbuluna düşməyi gözləyərkən, arvadı üzünün qaralmış yerlərinə pudra sürtərək yıxılmağı barədə uydurduğu əhvalatı öz-özünə məşq edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG