Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

«Xaricə göndərilən tələbə yaxşının yaxşısı olmalıdır»


Mütəxəssislər prezidentin sərəncamını yüksək qiymətləndirirlər
Mütəxəssislər prezidentin sərəncamını yüksək qiymətləndirirlər

Azərbaycan müstəqillik qazandıqdan sonra xaricdə təhsil alanların və ya almaq istəyənlərin də sayı artıb. Onlardan biri də 23 yaşlı Samirdir. O, təhsilini Avropa ölkələrindən birində davam etdirmək niyyətindədir. Təhsil Nazirliyindən isə bildirirlər ki, indi Azərbaycandan xaricdə 3000 tələbə təhsil alır. Onların 1000-ə yaxını dövlət hesabına, bir qismi isə müxtəlif fondların, proqramların və səfirliklərin hesabına təhsillərini davam etdirirlər. Prezident İlham Əliyev isə oktyabrın 19-da imzaladağı sərəncamla bu sahədəki pərakəndəliyi aradan qaldırmaq niyyətindədir. Sənəddə deyilir ki, ölkənin gələcək inkişaf strategiyası baxımından xaricdə təhsillə bağlı xüsusi Dövlət Proqramının hazırlanmasına zərurət yaranıb.


Sərəncam yenicə verildiyindən proqramı hazırlayacaq Təhsil və İqtisadi İnkişaf nazirlikləri bəzi məqamlar haqda detallı danışmırlar. Təhsil nazirinin müavini Elmar Qasımov deyir ki, bu proqramın qəbulundan sonra xarici ölkələrdə daha çox tələbə təhsil alacaq.


Mütəxəssislər isə sərəncamı yüksək qiymətləndirsələr də, proqram müəlliflərinin yüz ölçüb, bir biçmələrini, xaricə göndərilən tələbələri lazımlı sahələrə yönəltməyi, tələbələrin savadından, təfəkküründən tutmuş, onun təqaüdünədək hər şeyi nəzərə almağı məsləhət görürlər. Ekspert Asif Cahangirov deyir ki, proqramı hazırlayanlar ilk növbədə Azərbaycanın ən azı 25 illik inkişaf perspektivini nəzərə almalıdırlar: «Normal təhlil aparılmalıdır. Yaxın 25 ildə hansı sahə inkişaf etdiriləcək, hansı sahədə mütəxəssisə ehtiyac yaranacaq, bu nəzərə alınmalıdır. Pərakəndəlik fayda verməz».


Nazir müavini Elmar Qasımovun sözlərinə görəsə, bu yöndə ciddi araşdırmalara bir o qədər də ehtiyac yoxdur. Son bir neçə ildə turizmin inkişafı turizm və otelçilik üzrə mütəxəssislərin yetişdirilməsini zəruri edib. Eyni zamanda, tibbdə yeni texnologiyanı və üsulları tətbiq edə biləcək həkimlərin, bank və sığorta sahələri üzrə mütəxəssislərin hazırlanmasına çalışacaqlar. Amma bu hamısı deyil: «Əsasən tələbat kompyuter və təyyarə mühəndislərinə, mülki aviasiyanın idarə edilməsi üzrə kadrlaradır. Azərbaycanda yeni aeroportların bünövrəsi qoyulur. Həmin aeroportda yerli mütəxəssislər işləməlidir».


Mütəxəssislərə görə, tələbələrin təhsil alacaqları universitetləri seçərkən də diqqətli olmaq lazımdır. Dövlətin pulunu sıradan universitetlərə xərcləmək düzgün olmazdı. Asif Cahangirov: «Tutalım, radiotexnika üzrə mühəndisə ehtiyac var. Amma dünyada bunu yetişdirən yüz məktəb ola bilər. Ən yaxşısı seçilməlidir».


Təhsil Nazirliyindənsə bildirirlər ki, bütün bunlar müzakirələrdə nəzərə alınacaq. Qazaxıstan və Çin artıq belə bir Dövlət Proqramı reallaşdırdığı üçün onların təcrübəsindən yararlanacaq, eyni zamanda, tələbə mübadiləsi aparan xarici qurumlarla, ekspertlərlə məsləhətləşəcəklər.


Ekspertlərin ən başlıca istəkləri yetişdirilən mütəxəssislərin işsiz qalmamasıdır. Bundan başqa, bu tələbələr Azərbaycanı təmsil etdikləri üçün onların biliyi ilə yanaşı, dünyagörüşü, intellekti, məntiqi, tənqidi təfəkkürü, diskussiya mədəniyyəti nəzərə alınmalıdır. Asif Cahangirova görə, yaxşıların yaxşısı olacaq bu tələbələrin maddi ehtiyacları da layiqincə ödənməlidir. Nazirlikdənsə bildirirlər ki, dövlət hesabına təhsil alan tələbənin yol xərcindən tutmuş yataqxana xərci, təqaüdünə, təhsil haqqınadək dövlət ödəyəcək. Təqaüdlər standart olmayacaq, həmin ölkədəki qiymətlərə uyğun müəyyənləşdiriləcək.


Hərçənd İqtisadi İnkişaf naziri Heydər Babayev deyir ki, bu məqsədlə təqaüd və ya ümumi insan resurslarının inkişafı fondlarının yaradılması nəzərdə tutulur. Bu haqdasa detallı üç ay sonra hazırlanacaq proqramda məlum olacaq…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG