Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:23

Nişan göndərəsən bir əlil qıza...


-

(Son həftələrdə OxuZalına göndərilmiş şeirlərdən)

Reyhan Kənan

Səni daş dövründən tanıyıram, insan

Səni daş dövründən

tanıyıram, insan,

Daş atmağı öyrənirdin.

Bu dünyanın işlərindən

baş açmağı öyrənirdin.

Daş dövründən üzü bəri

kim deyir ki, dəyişmisən?

Əsrlərlə, zamanla yox,

sən özünlə döyüşmüsən.

Milyon ildən üzü bəri

Daş dəyişib dəmirləşib,

Kamil insan ola-ola

Vicdanısa kömürləşib.

Onsuz da ki, bu bəlalar

Başımıza başdan gəlib,

Bu qırğınlar, fəlakətlər,

Elə həmin daşdan gəlib.

Səni daş dövründən

tanıyıram, insan,

Onda belə qəmli deyildin

Daş dövründə yaşasan da,

Belə daşqəlbli deyildin.

Daşlardamı gizləmisən

Məhəbbəti, sevinməyi

Yadına sal, o dövrdə

Nəyi unutmusan, nəyi?

Əli Şirin Şükürlü

danışan taxta parçası

bax bu da dəniz.

kimi balıq tutar,

kimi sevincək atılıb düşər qoynunda,

kimi şütüyər qayıqda, kimi gəzintiyə çıxar gəmidə...

o isə seyr edər dənizi,

elə hey seyr edər. sanki

gözəl bir sima dayanıb gözləri qarşısında.

bəs bu nədir;

bir qədər kədərli mənzərə -

yöndəmsiz bir taxta parçası

asta-asta üzür dənizin səthində

üstündə tələsik var-gəl edən bir neçə qarışqa.

kədərlənmə, qulaq as, bir hadisə danışım sənə -

dillənir taxta parçası qəfildən:

ruhum var mənim də, bir zaman ağac olmuşam axı.

meyvə ağacı – hamı sevərdi məni. sonra

qurumağa başladı, bar vermədiyindən kəsib doğradılar

ağacı. dözdüm ağrılara intəhasız əzab içində.sonra nizama salıb,

üç ölçü verdilər səliqəilə:l1xl2xl3– üç müxtəlif uzunluq yəni –

ölçülər təəssürat yaradır yəqin ki

və hər üzüyaraşıqlı bir düzbucaqlı pərçim oldum yeşiyə.

meyvə yığırdılar yeşiyə, gözəl rəngbərəng meyvələr və

meyvə doğmalığından fərəhnək yaşayırdım yenə.

ağac ola bilməsəm də bir daha, yaraşıqlı yeni ölçülərimlə

mən meyvələrə gözəllik bəxş edirdim, meyvələr mənə.

bir günsə çürüyən meyvələrlə birgə tulladılar zibilliyə.

pozuldu nizamı yeşiyin, yöndəmsiz hala düşdü ölçülər,

itirdim gözəlliyi. başlandı yenidən əzablı ömür.

bir günsə atıldım dənizə; şarap - evrika! sıxışdırdığım sudan

yüngüləm deyə batmadım, sığındım qoynuna dənizin.

itirsəm də gözəlliyimi

qayıq ola bildim üstümdə qaynaşan qarışqalara.

amma acizəm, qoruya bilmirəm, quşlar qənim kəsilib

dostlara. quşların dimdiyində qovuşurlar heçliyə.

əvvəl heç nə idim mən də. heçdən ağac oldum, sonra

yöndəmsiz odun parçası, sonra yaraşıqlı meyvə yeşiyi.

indisə özün görürsən... sonra nə olacaq onu bilmirəm. onu

qarışqalar bilər - quşların dimdiyində heçliyə dönən.

belə... bu da məni yaşadan sevdiyin dəniz və

qovuşduğum ümmana qədər olan

bir həyat tarixçəsi –

son sözləri bunlar oldu taxta parçasının.

daha heç nə eşidilmədi

uzağa üzə bilməsə də qayığı

hər an qurbana çevrilən zavallı tələskən qarışqaların.

hər yandan

yoxluğa pərçim olmuşuq ki

üç ölçü və zamanla birgə,

hər an dartıla bilər sirr dolu pərdəsi –

bunu isə nə qarışqalar dedi, nə də taxta parçası.

bunu o düşünürdü

üzündə kədərli mənzərədən doğulan təbəssüm.

... – 17.11.2014

Elşad Barat

Dönüb qalasan

Onsuz da ölüyə ölüm yoxdu ki,

Öləsən, boşuna dönüb qalasan.

Yazalar üstünə bir ölü adı,

Bir məzar daşına dönüb qalasan.

Bir axşam Əzrayıl gələ, öləsən,

Olasan gecəyə kölə, öləsən,

Allah ölüm verə, elə öləsən,

Gələsən xoşuna, dönüb qalasan

Bir məktub yazasan payızdan yaza,

Lalələr özlərin qoyalar naza,

Nişan göndərəsən bir əlil qıza,

Üzüyün qaşına dönüb qalasan.

Durasan, günəşi soyundurasan,

Küçədə yatanı geyindirəsən,

Gedəsən, bir yetim sevindirəsən,

Gözünün yaşına dönüb qalasan.

Getməyi edələr yasaq, gedəsən,

Özün ayağından qabaq gedəsən,

Bir gözəl çağıra, qonaq gedəsən,

Evində başına dönüb qalasan.

XS
SM
MD
LG