Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

-

OxuZalında yeni imza

İltimas Səmimi

O KƏND

Tanrım,

mən də sənin bəndənəm.

Göy üzünün yamacında

görünən

o qarşı kənddənəm.

Tanrım,

mələklər ətəyini çırpır,

soyuq-soyuq, bəyaz-bəyaz,

tənhalıq tökülür

o kəndin üstünə.

Mələklər bulud-bulud

kirpiyini qırpır,

ağca-ağca sular

yarpaqlayır

o kəndin üstündə

Tanrım,

sənin səbrinin ətəyi yellənir,

Ağaclar, otlar baş götürüb,

qaçmaq istəyir o kənddən.

Hər gün bir parça torpaq,

o torpağın yaxasına

sancılan bir daş,

o daşın alnına yazılan

bir ad təklənir o kənddə.

Tanrım,

qəribə səslənir

o kəndin həyətlərində bitən

eyni otun, ağacın adı.

Sənə tanış gəlirmi,

Tanrım,

o kəndin adı - Dunyadı...

ANAMA MƏKTUB

Salam, ANA!

İndi qəbrinin üstünü ot basib,

başdaşın mamır bitirib.

Usaqlığımda üzümü qoyardım mamırlı başdaşına,

sənin isti ,yumşaq sinən kimi.

Nədənsə, ağlamazdım,

indi də ağlaya bilmirəm.

Mənim arzularıma bənzəyir qəbrin.

Ağrilarin keçibmi,ana?

Necə illərdir ağrıların qıvrıla-qıvrıla yuxuma girir.

Qəbrindən uzaqlarda olsam da,

yetim taleyim qəbir kimi Baki kucələrini dolaşır,

təskinlik tapmaq ümidi ilə...

Allah ümidin evini yıxsın, ana,

nə sənə yaxın gəldi, nə də balana...

Kənddə deyərdilər,

yetim nə qədər çox "ah" çəksə,

ona xeyirdi, сiyərləri təmizlənər.

Sən ölümü məndən çox istədin, ana,

onunla çıxıb getdin.

Mən sənsizliyinə "ah" çəkmədim,

mən başdan-ayağa "ah"am, ana.

Mən sənin nakam "ah"ınam,

hamının üzünə gülümsəyirəm ki,

bəlkə bir yetim təbəssümümdən isinə bildi.

Ruhun şad olsun, ana.

Məndən salam de cənnət quşlarına.

ŞƏHID BALLASI

Bığ yeri təzəcə tərləyən igid,

“Su kiçiyin, yol böyüyün”- deyiblər.

Bəs niyə bu döyüş yolunda, qardaş,

Sən məndən bir addım qabağa düşdün...

Sən şəhid oldun,

Mən şahid.

Aramızda

bir güllə mənzili qədər

yol ağarır.

Gözümdən sürüşüb düşən

bir həsrət cığırı,

Məni torpağı hələ də buğlanan

bir qəbrin üstünə aparır.

Bığ yeri təzəcə tərləyən igid,

İndi mən

nə üzlə qəbrinə baxım?!

Mən səndən

bir köynək böyükdüm axı!...

SƏNSİZLİK

Çıxıb gedərəm- deyirsən,

get,

sənsiz nə qəm, nə dərd çəkəcəyəm.

Həsrətini daş kimi

çiynimdən qoyub yerə,

üstündə oturub

siqaret çəkəcəyəm.

Boğaram sənsizliyi

siqaret tüstüsündə.

Harayına qaçıb gələcəksən

özün də...

Ayrılığın, sənsizliyin

qorxutmuşam gözünü.

Çünki bilirəm

xoşlamırsan

Tənbəki qoxusunu,

Siqaret tüstüsünü...

KƏNDİMİZİN YAZ AXŞAMLARI

Bənövşə rəngli yaylıqdır

yaz axşamları,

Düşüb kəndimizin çiyninə.

Bir az qurbağaların

aramsız səsiylə,

Bir az quşların

Naxış-naxış nəğməsiylə,

bir az da mürgülü çiçəklərin

şehli nəfəsiylə

toxunub bu yaylıq.

(Körpələrin ana bətnində

gördüyü yuxumu bu yaylıq?)

Ulduzların sərxoş işığı

bu yaylığa dağılıb.

Bu yaylığın bir çiçək ömrü qalıb.

Öləndə kəfən istəmirəm,

Məni bu yaylığa bükün.

Ya da bu yaylıqdan

bir əlçim kəsib yandırın,

külünü qəbrimə tökün...

Günün bütün mövzuları

XS
SM
MD
LG