Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

-

«Üç uşağım var, ikisi gələcək Azərbaycan əsgəridir. Əliqabarlı fəhləyəm, normal qidalandıra bilmirəm onları. Həkimlər resept yazır, gedirəm, heç bir aptekdə də nisyə vermirlər».

Biləsuvar rayonu Xırmandalı kəndindən Elşən Əsədov 2 ildən çoxdur sosial yardım almaq üçün müraciət etsə də, əli boşa çıxdığını söyləyir. Onun dediyinə görə, bu azmış kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvara gedəndə, yerli rəsmilər onun qəbuluna düşməsini əngəlləyiblər. Elşən qapılarda fəhləliklə qazandığının övladlarının qarnını doydurmağa güclə yetdiyini söyləyir:

«Ancaq qidalandıra bilirəm. Həkim, dərman pulunu çatdıra bilmirəm. Əti ancaq Qurban bayramında yeyirik. Mağazadan aldığımız cücəylə dolanırıq. Uşaqların ikisi həftənin 5 günü bağçada yeyir. Məşğulluq Mərkəzi 120 manatlıq iş təklif edir, onunla 3 uşağı necə yedizdirim?».

Elşən Əsədovun övladları ayda neçə kilo ət, toyuq, meyvə yeməli, süd içməlidirsə, bütün bunlar istehlak səbətində nəzərdə tutulub. Bir azdan həmin səbətin tərkibinə daha ətraflı göz gəzdirəcəyik. Hələlik, daha bir neçə ailənin aylıq dolanışığına, nə yeyib-içdiyinə və nə geydiyinə nəzər salaq.

«AİLƏMİ TƏMİN EDƏ BİLİRƏM»

Bakıda yaşayan Gülarə Əliyeva özəl şirkətlərin birində təmizlik işlərinə baxır. O, 200 manatlıq aylıq maaşla özü və oğlundan ibarət ailəsinin dolanışıq xərclərini açıqlayır:

«Ay ərzində 4 kilo ət, bir toyuq, bəzən bir parça balıq alıram. 3-4 kilo kərəyağı, 1-2 şüşə bitki yağı işlədirəm. Ətin kilosu 8 manatdır. Ayda azı 20 gün çörək alıram, 40 qəpikdən. Bazardan mer-meyvə, kartof-soğan alıram. Artıq alıb qışa da yığıram. Ağartıdan qatıq, xama ayda 2-3 dəfə alıram. Ayda təxminən 150-170 manat ərzağa gedir. Bundan başqa aya təxminən 15 manat işıqpuluna, 10 manatadək qaza, 3 manat suya xərcim çıxır. Nəqliyyata günə 1 manat xərcləyirəm, ayda 20-25 manat da yolpulu edir. Bu xərclərlə 200 manatı aşır aylıq xərclər. Hələ geyimi, xeyir-şər işlərini demirəm. 200 manat maaş alıram, oğlumun atası rəhmətə getdiyinə görə 18 yaşınadək 150 manatlıq təqaüdü də əlavə etsək, aylıq gəlirim 350 manatdır. Özümü təmin edirəm bu pulla».

120 MANATA DOLANAN 2 NƏFƏRLİK AİLƏ

İmişli şəhər sakini Lütfiyyə Cavadova da xadimə çalışır, ancaq məktəbdə. Aylıq maaşı 100 manatdır, bir də övladının 20 manatlıq alimenti. Bu pula ikinəfərlik ailə necə dolanır? Onunla AzadlıqRadiosunun müxbiri Azər Əli söhbətləşib:

Foto: Arxiv

Foto: Arxiv

«Una yolpulu qarışıq 20 manat xərcləyirik, 1 ay 10, 1 ay 15 gün gedir. Kartof-soğan, mal, quş əti də alıram. Aya cəmi 60 manat xərcləyirəm ərzağa. İşıqpuluna 5 manat gedir. Ayı başa vururuq. Xeyir-şərə də getməliyəm, axı – 20 manat, lap aşağısı 10 manat da buna gedir. Di gəl, məsələn, özüm, ya da uşaq xəstələnəndə, borcum yaranır. Uşağın dişləri vitaminsizlikdən çürüyür. Aparmışam həkimə, 7 dişinə 350 manat çıxıb. Ayda həmin borcdan 30-40 manat ödəyirəm ki, aylıq dolanışığıma da çatsın. Anamın himayəsində qalıram. Bu ev uçsa, qalmağa evim də yoxdur. Ha özümü qısıram ki, aya 20-30 manat yığım, bəlkə bir dam qaraldım, eləyə bilmirəm».

«BİR PALTARI 6 AY DA GEYİNİRSƏN»

Lütfiyyə Cavadovadan fərqli olaraq İmişli sakini Tərlan Fərmanovun ailəsinə ayda təxminən 500 manat gəlir, oğlu və özünün qazancı birlikdə. O, AzadlıqRadiosunun müxbiri Azər Əliyə aylıq qazancına ala bildiklərini danışır:

«Unu 19 manata alırıq. Xırda ərzaq məhsullarına, haradasa, 250 manat xərclənir. Yəni ayda 270 manatadək ərzağa gedir. Nağd pula ala bilmədiklərimizi kreditə götürürük. Bundan başqa toy var, yas var. Geyimi ayda almırsa, birini alıb 6 ay da geyinə bilərsən. Ancaq yenə də aya bir ailəyə 100 manatadək gedir geyimə».

Bu ilin iyununda Nazirlər Kabineti 5 illik fasilədən sonra Azərbaycanda minimum istehlak səbətinin tərkibini dəyişib. Qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Diqqətçəkən əsas dəyişiklik odur ki, əməkqabiliyyətlilər, pensiyaçılar və uşaqlar üçün çörək norması azaldılıb, kartof, tərəvəz, bostan məhsulları artırılıb.

İSTEHLAK SƏBƏTİ VƏ YAŞAYIŞ MİNİMUMU

Beş ildir Azərbaycanda əməkqabiliyyətli adama illik çörək norması 150 kiloqramdır. İndi bu norma 13 kiloqram 200 qram azaldılıb. Pensiyaçılara illik çörək norması 109 kiloqramdan 107-yə, uşaqlar üçünsə 100.5 kiloqramdan 98 kiloqrama endirilib.

Foto: Arxiv

Foto: Arxiv

Əvəzində kartof, tərəvəz və bostan məhsullarının illik norması bir neçə kiloqram artırılıb. İllik meyvə və giləmeyvə norması əməkqabiliyyətli əhali qrupuna və uşaqlara olduğu kimi qalıb (əmək qabiliyyətli adamlara 38 kq, uşaqlar üçün 76 kq). Pensiyaçılara düşən norma 6 kq azaldılıb. İllik ərzaq normasında ət və ət məhsullarının payı bir-neçə kq artırılsa da, bitki və kərəyağının miqdarı azaldılıb. Ən çox artım süd və süd məhsullarında olub, təxminən 13 kiloqram. Hazırda bu norma əməkqabiliyyətli insanlara 193.6, pensiyaçılara 223.1, uşaqlara 247.5 kq-dır.

Bu səbət əsasında yaşayış minimumu hesablanır. 2014-cü ilin yaşayış minimumu ölkə üzrə 125 manat, əməkqabiliyyətli əhaliyə 136 manat, pensiyaçı və uşaqlara 103 manat müəyyənləşdirilib. İqtisadi Tədqiqatlar Mərkəzinin alternativ hesablamalarına görə, bu ilin yanvarında əməkqabiliyyətli əhali üçün minimum istehlak səbəti 163.32 manat, pensiyaçılar üçün 149.14 manat, uşaqlar üçün 205.89 manat olub. Bu göstəricilər fevralda, sadalanan bölgüyə uyğun, 167.59 manat, 152.12 manat, 208.91 manat, martda isə 168.74 manat, 152.93 manat, 210.53 manat civarında əksini tapıb.

PALTARYUYAN MAŞININ VARSA...

«Güzəran» Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli istehlak səbətinin tərkibinə prinsipial dəyişiklik edilmədiyini düşünür:

«Tərkibə mahiyyətcə yenidən baxılmalıdır. Hökumət yanaşmanı, baxışı dəyişməlidir. Kasıbda çörəyə, kartofa daha çox meyl olur, bunları azaltmaq düzgün deyil. Bu səbət hökumətin insanlara münasibətini əks etdirir. Yəni hökumət hesab edir ki, insan acından ölmür. Yoxsulluq həddinə yanaşma tərzi dəyişməlidir. Məsələn, Avropa ölkələrində vətəndaşın bahalı sosial xidmətlərə çıxışı yoxdursa, yoxsul sayılır. Azərbaycanda isə ən bahalı təhsil verən Bakı Dövlət Universitetinin hüquq fakültəsində, yaxud Mərkəzi Klinik Xəstəxanada övladını müalicə etdirə bilmirsə, yoxsul sayılmalıdır. Ancaq bu ölkədə evində paltaryuyan maşını olan yoxsul sayılmır. Kitabların alınması, qəzetlərə abunə xərcləri də istehlak səbətinə salınmalıdır. Yəni insanın sosial varlıq olaraq yaşam tərzi təmin edilsin. Azərbaycanda insanın bioloji varlıq kimi təminatı nəzərə alınır».

Məhəmməd Talıblı

Məhəmməd Talıblı

ƏN ZƏRURİ MALLAR SAXLANSIN

İqtisadçı Məhəmməd Talıblı isə, əksinə, istehlak səbətində ən zəruri mal və xidmətləri saxlamağı vacib sayır:

«Ərzaq məhsullarında yüksək inflyasiya həddinin qeydə alınması hökumətin başağrısına çevrilir, vətəndaşlar da daha çox ərzaq məhsulları tükədir. Bu dəyişikliklərdən məqsəd gələcəkdə inflyasiyanı hökumətin istədiyi optimal nisbətdə saxlamaqdır. Məsələn, vaxtilə neft sektoruna aid, iqtisadi artımı şərtləndirən sahələr indi qeyri-neft sektoruna aid edilir. Ortastatistik azərbaycanlı istehlak səbətindəki mal və xidmətin önəmli hissəsini hər gün istehlak edir. Həmin məhsulların qiyməti sürətlə artır, ancaq məsələn, kürü, bahalı meyvələrin qiyməti dəyişməz qalır. Ən çox işlənən məhsul yarıbayarı bahalansa da, bu zaman orta qiymət artımı 25 faiz olur. Optimal istehlak səbəti üçün təklif edərdim ki, həmin məhsulların siyahısı azaldılsın, ən zəruri məhsullar saxlansın. Bu zaman real inflyasiyanın həddini də bilmək olar».

SU NORMASI AZALDILIB

2015-ci ildən su və kanalizasiyadan istifadə norması 1 ayda 6 kubmetrdən 5-ə endirilib. Nəqliyyatdan istifadə əməkqabiliyyətli əhaliyə ildə 606 gedişdən 692-yə, uşaqlar üçün 370-dən 406-ya qaldırılıb. Pensiyaçılara olduğu kimi saxlanılıb.

Ancaq qeyri-ərzaq mallarının siyahısında hər hansı dəyişiklik yoxdur. 2009-cu ildə müəyyən olunmuş bəzi normalara baxaq: Əməkqabiliyyətli əhali 8 ilə 3 ədəd palto tipli üst geyimi, 4 il 2 aya 9 kostyum tipli üst geyimi, 2 il yarıma 9 ədəd alt geyimi, ilyarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi, 3 il yarıma 6 ədəd ayaqqabı geyinir. Bundan başqa 7 ilə 11 dəst yataq, ilə 3 ədəd məktəb-yazı ləvazimatı, 10 ilkin tələbat və sanitariya əşyaları və dərmanlar işlədir.

İSTEHLAK SƏBƏTİNDƏ XƏMİR XÖRƏKLƏRİNİN ROLU

Ancaq Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev düşünür ki, bu istifadə müddəti azaldılmalıdır. O, qanunvericiliyə görə, 3 ildə azı bir dəfə istehlak səbətinin tərkibinə yenidən baxılmalı olduğuna diqqət çəkir:

«İşçi qrupu yaradılıb, ildə 1-2 dəfə yığışıb baxırlar bu tərkibə. Səbətin zənginləşdirilməsinə ehtiyac var. Məsələn, qeyri-ərzaq mallarının istifadəsi üçün elə müddət göstərilir ki, o vaxta həmin mal hətta çürüyər də. Bu vaxtı azaltmaq lazımdır, kalori artırılmalıdır. Ət, süd artırılmalıdır. Zülal, karbohidrat və karbonatların balansı yaranmalıdır. Kalorini 3200-ə qaldırmaq olar. Digər ölkələrin istehlak səbətinə gəlincə, hər ölkənin öz xüsusiyyəti var. Belarus kartofu çox yeyir, azərbaycanlı xəmir xörəyi və un məmulatını, ukraynalılar salanı. Amerikada işləməyən adamın səbətinə 75 kilo ət salırlar».

Əksər iqtisadçılar istehlak səbətinin tərkibinə görə Azərbaycanın bir sıra ölkələrdən – Rusiya, Qazaxıstan, Belarus, Moldova, Qırğızıstan, Özbəkistan və başqalarından geri qaldığını düşünür. Müqayisə üçün, qonşu Gürcüstanda istehlak səbətində 295 mal və xidmət var. Bu ilin əvvəlində gitara da daxil olmaqla, səbətə 11 adda yeni məhsul salınıb.

Şərhləri göstər

XS
SM
MD
LG