Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

-

«Gündə bir bəhanə gətirirlər. 23 dəfə cənab prezidentə müraciət etmişəm. Nazirə müraciət etmişəm. Baxan yoxdur. Sosial yardım idarəsinin əməkdaşları deyirlər «get dərdini kimə deyirsən de, vermirəm, mümkün deyil». Mən də çarəsiz qalmışam».


«GƏLİRİM BARƏDƏ NECƏ SƏNƏD TƏQDİM EDİM?»

Biləsuvarın Xırmandalı kəndindən Elşən Əsədov artıq ikinci ildir ünvanlı sosial yardım üçün müraciət etsə də, ala bilmədiyini deyir:

«Üç uşağım var, dərman ala bilmirəm. Aptekin qabağında boynumu bükürəm, nisyə də vermirlər. İş tapsam, qapılarda fəhləlik edirəm. Deyirlər, gəlirini gizlədirsən, mən gəlirim barədə necə sənəd təqdim edim? Ümumilikdə ailədə 10 nəfərik. Anam, atam, xəstə bacım var. Atamın aldığı pensiya bacımın müalicəsinə çatmır. Uşaqlarımı da müalicə elətdirə bilmirəm».


Xırmandalı kənd icra nümayəndəsi Əhmədağa Teymurov Elşən Əsədova ünvanlı sosial yardım almaq üçün arayış verilmədiyini təsdiqləyir:

«Komissiya yoxlayıb və imtina edib. Bizlik məsələ deyil. Şikayətlərin 90 faizi ünvanlı sosial yardımla bağlıdır. Ancaq bizim rayona ayrılan limit 78-80 nəfərdir. Onlardan yardıma ən çox ehtiyac duyanlar seçilir. Rayonda da 80-90 min adam yaşayır».

Canlı müzakirə


YARDIMA GÖRƏ ÖZÜNÜ YANDIRAN ƏLİL SƏNƏDLƏRİ VERƏ BİLİB

Yevlaxdan olan əlil Nizami Kərimovun 5 nəfərlik ailəsi bir il ərzində ayda 110 manatlıq ünvanlı sosial yardım alıb. Ancaq həmin vaxt bitəndən sonra 44 yaşlı ailə başçısı yardım üçün sənədlərini təqdim edə bilməyib. Əlil bu süründürməçiliyə yanvarın 27-də Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında özünü yandırmağa cəhdlə etiraz edib.

Nizami Kərimov xəstəxanada - yanvar 2014

Nizami Kərimov xəstəxanada - yanvar 2014


O, AzadlıqRadiosuna deyir ki, nəhayət, fevralın sonunda xanımı sənədləri təqdim edə bilib:


«Sosial müdafiə şöbəsinin müdiri Natiq Məmmədov heç vaxt məni qəbul etməyib ki, üzünü görüm. Bunun başqa adı yoxdur, ancaq süründürməçilikdir. Dörd ay süründürdülər. Əlil adamam, yeriyə bilmirdim. Ayda 50 manat pensiya alırdım».


«TAPŞIRACAĞIQ BİR AZ YUXARI YAZSINLAR»

Bu ilin yanvarında maddi sıxıntılara görə özünə qəsd etmiş 2-ci qrup Qarabağ əlili Maarif Vəliyevin ailəsi Tərtərin Köçəri kəndinə sığınıb. Hazırda xəstəxanada müalicə olunan əlilin həyat yoldaşı Maisə ailənin yaşadıqlarından danışır:

YARDIM ALMAQ QAYDALARI

Nazirlər Kabinetinin sosial yardımla bağlı qaydalarında deyilir ki, müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan ailələr sosial yardım ala bilər.

Bu il üçün ölkədə ehtiyac meyarı 100 manat müəyyənləşib.

Ailəni təmsil edən şəxs ərizə, «Ailənin gəlir və əmlakı haqqında bəyannamə», «Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi», ailə üzvlərinin şəxsiyyətini təsdiqləyən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayış təqdim edir. Zəruri hallarda ondan nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti və digər sənədlər də istənilə bilər. Sənədlərə 10 gün müddətində baxılır. Yoxlanma zərurəti yarandıqda bu müddət daha 10 gün uzadıla bilər. Ətraflı

«Bir az torpaq veriblər bizə, daxma tikmişik. 20 yaşlı oğlum xəstədir, 67 manat pensiya alır. O pulla onu geyindirim, yedizdirim, ya nə edim?».


Maisə xanım ərinin dəfələrlə ünvanlı sosial yardım üçün müraciət etdiyini, ancaq rədd cavabı aldığını söyləyir. Nəhayət, əri özünü yandırmağa qalxandan sonra bu yardıma görə sənədləri toplayıb verib:

«66 manat özü pensiya alır, Qarabağ əlilidir. Ürəyi ağrıyır, şəkəri var. Sənədlər demişdilər, düzəldib vermişik. Bundan əvvəl yoldaşım çox getdi, bezdi daha, əl çəkdi. Deyirdilər burada yaşamadığına görə ona düşmür. İndi zəng etmişdilər ki, tapşıracağıq, bir az yüksək yazsınlar».


RAZILAR DA VAR

Bunlar indiyədək ünvanlı sosial yardım ala bilməyənlərin dedikləridir. Ancaq razılar da var. Qusarın Ləgərqışlaq kəndindən Vüqar Arazov AzadlıqRadiosunun «qaynar xətt»inə şikayət edəndən sonra probleminin düzəldiyini deyir. Fevralın 27-də ona telefonla bildirilib ki, hər ay 70 manat ünvanlı sosial yardım alacaq.

Foto: Arxiv

Foto: Arxiv

Gədəbəy rayonundan Səyyaf Musayev də bir müddət əvvəl AzadlıqRadiosuna ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənirdi. İndi o, ikinci ildir bu yardımı aldığını, ümumiyyətlə, bu sahədə artıq ciddi bir problem barədə eşitmədiyini söyləyir.

SİYAHI AÇIQLANDI, NƏ DƏYİŞDİ?

Ötən ilin noyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardım alanların adlarını açıqlayıb. Məqsəd neqativ halların aşkarlanması ilə izah olunub. Nazirlik rəsmiləri bundan öncə ünvanlı sosial yardımların verilməsində korrupsiya hallarının olmasını, şəffaflığın təmin edilmədiyini vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev AzadlıqRadiosuna müsahibəsində bu siyahının açıqlanmasının nəyi dəyişməsindən, ümumiyyətlə, bu sahədə baş verən yeniliklərdən danışır:


– Siyahının açıqlanmasında məqsəd o idi ki, yerlərdə bu yardımı alanlar bilinsin. Biz həmin şəxslərin aztəminatlı olub-olmamasını müəyyənləşdirə bilmirik. Ancaq insanlar bu siyahıya baxanda kimlərin bu təbəqəyə aid olduğunu bilirlər. Bizim də əhalidən istədiyimiz həmin hallar barədə bizə məlumat vermələridir. Belə hallar aşkarlandığı halda biz ödənişi dayandırırıq.

86 AİLƏNİN ÖDƏNİŞİ DAYANDIRILIB

– Konkret neçə şikayət olub sizə?

– Məsələn, Ağdamdan 92 belə siyahı göndərilmişdi. Nazirlik aparatından dərhal yoxlama göndərildi. Aydın oldu ki, 86 ailə aztəminatlı təbəqəyə aid olmadan bu yardımı alır. Onların ödənişi dayandırıldı. O qərarları qəbul edənlər barədə cinayət işi Baş Prokurorluğa göndərildi. Daha kiçik həcmdə Lerikdən də şikayət olub, yoxlamalar gedir. Digər rayonlardan da siqnallar gəlir. Ancaq bizim millət o qədər də meylli deyil belə məlumatları ötürməyə.

– Bəs yardımın ünvanına çatıb-çatmamasını araşdırmaq imkanınız var?

– Təsəvvür edin ki, Dövlət Sosial Təminat Xidmətinin aparatında cəmi 42 ştat vahidi var. Ölkənin 75 rayon və şəhərində xidmətin strukturları, mərkəzlər fəaliyyət göstərir. Hələ kənd və qəsəbələri demirəm. Orta hesabla 138 min ailə ünvanlı sosial yardım alır. Yəni bu kontingenti gedib araşdırmaq qeyri-mümkündür. Konkret müraciət olanda həmin siqnalın dərhal üzərinə getməklə iş daha rahat olur. Ancaq hazırda ünvanlı sosial yardımla bağlı hədəfin müəyyənləşdirilməsi, siyasi qərarın necə olması barədə müzakirələr gedir.

DƏYİŞİKLİKLƏR GÖZLƏNİR

– Yəni dəyişikliklər gözlənilir, eləmi?

– Əlbəttə. Məsələn, əmək pensiyası almaq bir hüquq olaraq təsbit olunub. Yəni məmur-vətəndaş münasibətlərində məmurun manevr imkanı yoxdur. Ancaq ünvanlı sosial yardım haqqında qanunda və Nazirlər Kabinetinin qaydalarında spesifiklik var. Bu yadımı almaq hüquq deyil, bunun üçün ailənin göstəriciləri qanunda göstərilib. Yəni bu yardımın alınması birbaşa hüquqa bağlanmır.

Çingiz Əliyev

Çingiz Əliyev


– Gözlənirmi ki, bu yardımın alınması bir hüquqa çevrilsin?

– Yardımın məqsədi odur ki, ailə aztəminatlı ailə kateqoriyasından çıxmaq imkanı qazansın. Bu qanunun hüquqa bağlanması həmin yardımın xüsusiyyətinə görə tam mümkün deyil. Ancaq bu sahədə vətəndaş-məmur əlaqəsini minimuma endirmək üçün nazir hədəf qoyub ki, ünvanlı sosial yardımın avtomatlaşdırılmış qaydada təyinatına keçilsin. Hələlik, boşluqların aradan qaldırılması üçün tədbirlər görülür.

70% YARDIMI TƏKRAR ALANLARDIR

– Rayonlar üzrə limitin artırılması gözlənir? Məsələn, 80 mindən çox əhalisi olan Biləsuvarda limit cəmi 80 nəfərdir...

– Bu yardımı almaq istəyənlər çoxdur. Bəziləri heç işləmir. Məsələn, 200 manatlıq iş təklif olunur, razılaşmır, amma 95-105 manat yardım almağa üstünlük verir. Hər bir rayonda yaşayan ailələrin ümumi çəkisində ünvanlı sosial yardım üçün müraciət edənlərin özəl çəkisi hesablanır. Məsələn, fevralda respublika üzrə ünvanlı sosial yardım alanların göstəricisi 6.8%-dir. Biləsuvarda bu rəqəm 7.8%-dir. Yəni bu, respublika üzrə göstəricidən yuxarıdır. Ancaq biz çoxsaylı müraciətləri nəzərə aldıq, fevralda 100 ailəlik norma verdik.

– Süründürməçilik hallarına necə nəzarət olunur? Yevlaxda sosial müdafiə idarəsi qarşısında özünü yandırmağa cəhd etmiş əlil bircə dəfə də qəbuluna düşə bilmədiyi idarə rəisi Natiq Məmmədovun adını çəkir.

– Əvvəla, Natiq Məmmədov həmin hadisədən sonra işdən çıxarılıb, o vəzifəyə uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsində işləyən Zərifə xanım təyin olunub. Hər yerdə kameralar quraşdırılıb. Bir şey deyim. Fevralda yardımı dayandırılanlar martda gəlir ki, təkrar almaq istəyirəm. Məsələn, fevralın 1-nə ünvanlı sosial yardım alanların 70.5%-i bu yardımı təkrar alanlardır. Yalnız 29.5%-i yeni gələnlərdir. Yəni ailələr var ki, 3-5 ildir bu yardımı almaqdadır. İndi həmin ailəyə deyəndə ki, sən aztəminatlı ailədən yuxarı yaşayırsan, vətəndaş bunun adını süründürməçilik qoyur.

«ELƏ BİL ƏSİR DÜŞMÜŞÜK BUNLARA»

Ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb. Yardımın orta aylıq məbləği 119 manatdır. Bu ilin büdcəsində bu məqsədlə 206 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Görəsən, həmin məbləğdən Biləsuvarın Xırmandalı kəndində yaşayan 30 yaşlı Elşən Əsədovun ailəsinə də pay düşəcəkmi?

O, hələlik, rəsmilərin qəbuluna düşə bilmədiyini, sosial müdafiə mərkəzində süründürməçiliklə üzləşdiyini söyləyir. Ünvanlı sosial yardım alanların siyahısından da xəbərdar olduğunu deyir:

«Şəxsiyyətimə sığışdırıb deyə bilmərəm ki, filan kəndçim yardım alır, mən yox. Ancaq bilirəm kimlərin adları var. Deyə bilmirəm ki, hansı gəlirimi gizlətmişəm? Qapılarda da işləməyim, uşaqlarım ölsün acından? İcra hakimiyyətinin qəbuluna da düşə bilmirəm. Dərdimi hara deməliyəm? Belə də zülm olar? Yerli rəsmilər də deyir «necə məktub yazmısan, get elə də al». Necə məmurlardır bunlar? Elə bil əsir düşmüşük bunlara».

Şərhləri göstər

XS
SM
MD
LG