Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:50

10 adamdan yeddisi ünvanlı sosial yardımı rüşvətlə aldığını deyib


Ünvanlı sosial yardımların verilməsinin monitorinqi ilə bağlı bir qrup qeyri-hökumət təşkilatı bugünlərdə Azərbaycanın 10 rayonunda apardığı sorğunun nəticələrini elan edib. Sorğuya cəlb edilmiş 1500 nəfərin 73 faizi ünvanlı sosial yardım almaqda əsas rolu korrupsiyanın oynadığını deyib.

Monitorinqi aparmış qeyri-hökumət təşkilatlarından biri olan Konstutisiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirir ki, bir ünvanlı sosial yardım alanların sayının ilbəil artması da hökumətin ölkədə yoxsulluğun 11 faizə düşməsi haqqında məlumatı ilə ziddiyyət təşkil edir.

KASIBA ÇATMALI PULU MƏMUR NECƏ OĞURLAYIR?


Əliməmməd Nuriyevin verdiyi məlumata görə bir illiyə təyin edilən ünvanlı sosial yardımların üç-dörd, bəzən altı ayını məmurların mənimsəməsi barədə məlumatlar geniş yayılıb. Bundan başqa, monitorinq zamanı üzə çıxıb ki, bu sahədə korrupsiyanın qarşısının alınmasına hesablanmış kart sistemi də özünü doğrultmayıb. Sorğuda iştirak edən vətəndaşlar bildirblər ki, kartlar onlara pinkodları açılmış şəkildə verilib.

İyunun 8-də Baş Prokurorluğun yaydığı məlumatda da kasıblara verilməli olan ünvanlı sosial yardımı məmurların mənimsəməsindən bəhs olunur. Prokurorluğun məlumatına görə Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin bir neçə əməkdaşı ünvanlı yardımın bir neçə ayını mənimsəməyə görə həbs ediliblər.

NAZİRLİK İSƏ YARDIMIN 90 FAİZ ÜNVANINA ÇATDIĞINI İDDİA EDİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə ünvanlı sosial yardımların verilməsində korrupsiya hallarının olmasını təkzib edirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyib ki, onların Dünya Bankı ilə birlikdə altı mindən artıq ev təsərrüfatında apardıqları monitorinqlər zamanı aydın olub ki, ünvanlılığa 90 faiz əməl olunur:

“İnsan faktoru olan yerdə sözsüz ki, bəzi məmurlarımız ərizələrin qəbulunda, vətəndaşların müraciətlərinə baxılmasında bəzi nöqsanlara yol verib. Buna görə də yardımlar verilməyə başlayandan – 2006-cı ildən indiyə qədər Nazirliyin 20 əməkdaşı işdən çıxarılıb, 190-dan artıq əməkdaşa töhmət verilib. Bundan başqa, vətəndaşlara düzgün ödənilməyən 200 min manata yaxın vəsait büdcəyə qaytarılıb”.

Qaldı ki, yardım alanların adlarının açıqlanmamasına Elnur Kələntərli deyir ki, elə yerli QHT-lərlə birgə yardım alanlar arasında bununla bağlı sorğu keçirilib və sorğuda iştirak edənlərin 80 faizə qədəri yardım almaları ilə bağlı məlumatların geniş ictimayyətə açıqlanmasının əleyhinə olduqlarını bildirblər.

Elnur Kələntərli yardım alanların 17 sənəd toplaması barədə səslənən məlumatların da düzgün olmadığını bildirib. Onun sözlərinə görə, indi elə ailələr var ki, onlar iki-üç sənəd təqdim etməklə ünvanlı sosial yardımdan yararlana bilir.

Bu mövzuda radiodebatı burada dinləyin:
XS
SM
MD
LG