Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:42
-
«Artım yaxşı şeydir. Ancaq bizim qədər aşağı əməkhaqqı alanların maaşı daha çox artırılmalıdır. Axı artmış bu maaşla bir gün yaxşı bazarlıq eləmək olar, sonra bir qəpik də pulun qalmaz...».

45 yaşlı Səbinə Ağayeva minimum maaş alanlardan biridir. Deyir, elə maaş almaq istəyirəm ki, o maaşla bir dəfə yox, heç olmasa, ayda 3 dəfə bazarlıq edə bilim.

«MİNİMUM ƏMƏKHAQQI... 250 MANAT OLMALIDIR»

Bəzi iqtisadçılar da minimum əməkhaqqının azlığını vurğulayır və məbləğin, heç olmasa, 250 manata çatdırılmasını zəruri sayır.

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, minimum maaş alanlar, əsasən, dövlət büdcəsində çalışan şəxslərdir. Onun fikrincə, belələrinin indiki maaşı yaşayış minimumuna uyğun deyil:

«Minimum maaş alanların sayı yetərincə çoxdur. Maliyyə Nazirliyinin rəsmi məlumatına görə, təxminən yarım milyon adam minimum əməkhaqqı alır. Bu məbləğ yaşayışı ödəmir. İşləyən adam üçün yaşayış minimumu 120 manatdırsa, demək, minimum maaş çalışan şəxsin zəruri ehtiyaclarına da çatmır. Zəruri ehtiyac təkcə ərzaq deyil ki, buraya nəqliyyat, kommunal, səhiyyə və s. xərclər daxildir».

Samir Əliyev

Samir Əliyev

İqtisadçı Samir Əliyev düşünür ki, minimum əməkhaqqına yanaşma da dəyişməlidir. Vahid minimum əməkhaqqı məbləğindən imtina edilməli, əksər ölkələrdə olduğu kimi, əməyin ödənişində minimal məbləğin sahə sisteminə keçilməlidir:

«Üstəlik, minimum əməkhaqqını aylıq yox, dünyada tətbiq edilən saatbaşı hesabla müəyyənləşdirmə sisteminə keçilməlidir. Minimum maaşın məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Yaşayış minimumu ilə minimal əməkhaqqı uyğunlaşdırılır. Bu gün Azərbaycanda yaşayış minimumu işləyənlər üçün 125 manatdır. Minimum əməkhaqqı artımdan sonra 105 manat olub. Deməli, minimum əməkhaqqı daha çox olmalıdır. Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub. Həmin xartiyanın tələblərində də qeyd edilir ki, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasında əlaqə var. Bu əlaqə ondan ibarətdir ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 60 faizi civarında olmalıdır. Azərbaycanda, son məlumata görə, orta aylıq əməkhaqqı 411 manatdır. Həmin standartla yanaşsaq, bu gün minimum əməkhaqqının səviyyəsi 250 manata yaxın olmalıdır».

Foto: Arxiv

Foto: Arxiv

YOLPULU

Paytaxt sakinlərindən bəziləri minimum maaş artımına münasibətini AzadlıqRadiosu ilə paylaşıblar:

- Nə deyim, bu camaatı aldatmaq deməkdir. 105 manatla nə etmək olar, axı?
- Yenə babatdır, olmayan yerdə.
- Bu çox aşağı məbləğdir. Bu maaşa necə işləmək olar?
- Heç 200 manata dolanmaq olmur, o ki qala 105 manata...
- Nə demək olar – Yolpulu.

Minimum əməkhaqqının həddinə görə, Azərbaycan keçmiş sovet respublikaları arasında 8-ci yerdədir. İqtisadçı Samir Əliyev deyir ki, Baltikboyu ölkələr minimum maaşları Avropa standartlarına çatdırıblar. Bu göstərici Litvada 380, Latviyada 425, Estoniyada 422 dollara bərabərdir.

Azərbaycan MDB ölkələri arasında Rusiya (157 dollar), Ukrayna (144 dollar), Türkmənistan (150 dollar) və Belarusdan (155 dollar) geri qalır. «Bizdən sonra gələn Qazaxıstanda 121, Ermənistanda 111, Moldovada 110 dollar həcmində minimal məvacib müəyyənləşdirilib. Ukraynada dekabrın 1-dən minimal maaşlar 153 dollara, Ermənistanda isə gələn ilin əvvəlindən 124 dollara qaldırılacaq».

Şərhləri göstər

XS
SM
MD
LG