Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:04

«Yanacağa görə artan qiymətlər artıq oturuşub»


Foto: Arxiv
Foto: Arxiv
-
«Kartofun qiyməti 50-60 qəpikdən birdən-birə 1 manat 10, 1 manat 30 qəpiyə qalxdı. Daha düşmədi. Bir də qar yağandan sonra kələmin qiyməti 40 qəpikdən 70-80 qəpiyə qalxdı. Göyərtinin qiymətində də artım oldu, indi bir az düşüb, üzü yaza gedir axı...».

«CANLI» STATİSTİKA

Mətanət xala həftədə azı bir dəfə şəhərin nisbətən ucuz ticarət mərkəzlərindən sayılan «8-ci kilometr» bazarına baş çəkir, evinə gərəkən ərzağı, meyvə-tərəvəzi alır. Hər dəfəsində iş yoldaşlarının da kiçik sifarişlərini təmənnasız qəbul edir.

«Niyə gedib marketdən baha qiymətə alırsız ki, hazır gedirəm də, nə lazımdır deyin, alım, gətirim. Bax, kökü, çuğunduru 50 qəpikdən alıram, sezondur axı» deyir, hər bazarlığından sonra qiymətlərin qeyri-rəsmi statistikasını da açıqlayır.

Təkcə bazar deyil, şəhərdəki əksər marketlərdə qiymətlərdən də xəbərdardır Mətanət xala. Bəzi qiymətlərin marketlər üzrə fərqləndiyini, ümumilikdə isə arta-arta getdiyini söyləyir:

«Yağların qiymətində artım var. Azı 20-30 qəpik, kərə yağlarında 50 qəpik. Qabaqlar 6 manat 50 qəpiyə-7 manata aldığım yağı indi 7 manat 50 qəpiyə alıram. Həmişə 90 qəpiyə aldığım tomat indi 1 manat 10 qəpikdir. Konfetlər xeyli bahalaşıb, 30-40 qəpik fərq var».

Dediyinə görə, dəyişməz qalan hələlik mal ətinin qiymətidir, toyuq əti də 20-30 qəpik qalxıb. Bir müddət əvvəl 12-13 qəpiyə qalxan yumurtanın ədədi son bir həftədə 11 qəpiyə düşüb. Qənd və qənd tozunun kiloqramı 1 manat 20-30 qəpikdir. Düyünün kilosunda da 10-20 qəpik artım var.

Foto: Arxiv
Foto: Arxiv
«ANCAQ YEMƏK DEYİL AXI»

Özəl ofislərin birində təmizləyici işləyən Gülsüm Məmmədovanın aylıq maaşı 300 manatdır. O, həyat yoldaşının ondan az qazandığını, 4 nəfərlik ailənin ayda təxminən 500 manatla dolandığını deyir. Evin 2 oğlundan biri ali, digəri orta məktəbdə oxuyur. Gülsüm ailənin bir ayın xərcini o birinə caladığını söyləyir:

«Ərzağın qiyməti hər dükanda bir cürdür. Maaş ayın ortasınacan çətinliklə çatır. Tək yemək deyil axı. Geyinməlisən, toy-nişan var. Maaşla çətindir hamısını ödəmək».

Həyət evində yaşayan Gülsüm kommunal xərclərin aylıq gəlirin önəmli bir hissəsini tutduğunu vurğulayır:

«Ayda 30-35 manat ancaq qaza gedir. İşığa haradasa 20-25 manat xərcim çıxır. Suya da ayda 30 manatadək çıxır, həyət evidir, çox işlənir».

Ötən ilin dekabrında yanacağın bahalanması özəlliklə ərzağın qiymətində artıma səbəb oldu. İqtisadçılar bahalaşmanın bu ilin əvvəlində də gedəcəyini proqnozlaşdırırdılar.

RƏSMİ STATİSTİKA

İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev bu ilin yanvarında Nazirlər Kabinetinin iclasında deyib ki, ölkədəki inflyasiya cəmi 2.4 faizdir və əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir:

«Biz həmişə deyirik ki, birrəqəmli inflyasiya olmalıdır. Ancaq doqquz da birrəqəmli ədəddir. Keçən il ölkədə inflyasiyanın 2.4 faiz səviyyəsi əlbəttə ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaq... Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaq».

Rəsmilər ölkədəki inflyasiya tempinin maaş və pensiyaların tempindən dəfələrlə az olduğunu, qiymətləri sabit səviyyədə saxlamağa çalışdıqlarını bildirirlər. Ancaq tənqidçilər qiymət artımının ötən il prezident seçkisi öncəsi təxminən 10 faiz qaldırılan maaşları «yediyini» söyləyir. Üstəlik, maaş seçkidən-seçkiyə, qiymətlər isə daim artır.

BİR ALÇA 12, BİR ÇİYƏLƏK 7 MANATA

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ölkədə qiymətlərin ancaq artan tendensiya ilə getdiyini vurğulayır. O, artımın səbəbləri içərisində səhv istehlakçı siyasətini, aqrar sahədə proqnozların zəifliyini, xarici bazardan asılılıq və bazarın inhisarçıların əlində olmasını sadalayır:
Eyyub Hüseynov
Eyyub Hüseynov

«Bu il ölkə həyatında qeyri-adi, dünyanın heç bir yerində olmayan hadisə baş verdi. Alçanın biri 12 manata, bir dənə çiyələk 7 manata oldu. Bəs soyuducu anbarlar niyə tikilib? Saxlanılsın, qışda da çıxarılsın bazara».

Prezident İlham Əliyev bu ilin yanvarında «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.

Hüseynov bu sərəncamı istehlakçı hüquqlarının təminatı, bolluq yaradılması baxımından vacib sənəd sayır:

«Ölkədə şişirdilmiş qiymətlər var. Hər mal və xidmətin içərisində onun bazara çıxarılması üçün verilən rüşvət də oturub. Prezident də 3 il öncə şişirdilmiş qiymətlərdən danışdı. Nə qədər ki, məmur bizneslə məşğul olacaq, nə qədər ki, mükəmməl istehlakçı siyasəti olmayacaq, bazar monopoliyadan azad olmayacaq, şişirdilmiş qiymətlər qalacaq».

2-3 FAİZLİK BAHALAŞMANIN 10-15 FAİZƏ ÇEVRİLMƏYİ

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli ötən ilin dekabrındakı bezin bahalaşmasından dolayı qiymətlərin artmasını təbii sayır. Belə ki, hərəkətin, nəqliyyat qiymətlərinin artımı özünü tədricən göstərməkdədir:
Qadir İbrahimli
Qadir İbrahimli

«Dekabrda yanacaq bahalaşmasından əvvəl anbara yığılan məhsul əvvəlki nəqliyyat xərcləri ilə daşınıb, yeni məhsul isə yeni xərclərlə daşınır. İstehsal məhsullarının qiyməti yeni xərclərlə hesablanır. Bu tendensiya haradasa 2-3 aya bazarda oturuşmalıydı. Prosesin başa çatdığını demək olar. Ancaq başqa bir amil monopolist biznes qurumlarının süni qiymət artımı yaratmasıdır. Bu da bazara təsir edir. Yanacaq bahalaşması həmin qurumların qiymətə yenidən baxması üçün bəhanə verdi. Əgər yanacaq artımına görə 2-3 faiz bahalaşma gedəcəkdisə, proses 10-15 faiz həcmində gedir».

İqtisadçı yaxın bir neçə ayda tikinti və daşınmaz əmlak bazarında bahalaşmanın gedəcəyini bildirir. Səbəb «Sovetski» və «Ağ Şəhər» layihəsinə görə söküntülərə start verilməsidir. Əvvəllər Bakıda il ərzində təxminən 8 min mənzil alınıb-satılırdısa, indi təkcə «Sovetski»dən 11 minə yaxın yeni oyunçu bazara daxil olacaq. İlin sonuna evlərin qiyməti 2 dəfəyə yaxın arta bilər. Ərzaqların qiymətində isə mövsümi amillər və yaxınlaşan Novruz bayramında görə artım gözlənilir. Ancaq iqtisadçı yayın gəlişi, meyvə-tərəvəzin bazara çıxmasına görə qiymətlərin sabitləşəcəyini, hətta ucuzlaşmanın da gedəcəyini istisna etmir.

Elə Mətanət xala da indidən Novruz bayramı tədarükü üçün qiymətlərə göz qoyur:

«7-10 manata ləpə var. Qabıqlı qoz-fındıq 3 manatadır. Hər il elə olur. Ayın 10-dan, 15-dən sonra qiymətləri qaldıracaqlar. Bilirlər ki, camaat alacaq, məcburdur almağa».
XS
SM
MD
LG