Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:27

İnternatın direktoru vəzifəsindən uzaqlaşdırılıb [VIDEO]


Təhsil Nazirliyinin rəsmisi: İnternatdakı məsələ araşdırılır
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Təhsil Nazirliyinin rəsmisi: İnternatdakı məsələ araşdırılır

-

Sosial şəbəkələrdə Suraxanıdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumat yayılıb. Rəsmi qurumlar ötən gün məlumat yayaraq, şagirdin məktəbin sanitar qovşağında sürüşərək yıxıldığını, alın nahiyəsindən zədə aldığını bildiriblər. Sonradan isə «Youtube»da Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib. (Yazı yeniləndiyindən ən son xəbərlər yazının yuxarı hissəsində yerləşdirilir)


12:25 - MƏKTƏB DİREKTORU İŞİNDƏN UZAQLAŞDIRILIB, XÜSUSİ ARAŞDIRMALARA BAŞLANIB

7 saylı məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə mayın 22-də Təhsil Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda qeyd olur ki, hadisənin ilkin araşdırılması zamanı Təhsil və Daxili İşlər Nazirliklərinin apardığı araşdırmalara və eyni nəticəyə gəlmələrinə baxmayaraq, məsələni daha təfsilatı ilə araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Bildirilir ki, komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Məsələ nazir Mikayıl Cabbarovun nəzarətinə götürülüb.

Nazirliyin ilkin qənaəti belə olub ki, ötən gün yayılan video həmin günə aid deyil, daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb:

«Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı».

Nazirlik hesab edir ki, dövlət qurumlarına müraciət olunmadan informasiya və videonun rəsmi qurumların ilkin rəyindən sonra yayılması müəyyən suallar doğurur. Elə buna görə də Təhsil nazirliyi
məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

MƏKTƏBDƏ ARAŞDIRMALARA BAŞLANIB

Lent.az agentliyinin internatdan verdiyi məlumata görə, hazırda Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin və Prokurorluq əməkdaşlarından ibarət xüsusi qrup məktəbdə araşdırmalara başlayıb.

12:15 - ŞAGİRDİN DÖYÜLMƏSİNİ SURAXANI RAYON PROKURORLUĞU ARAŞDIRACAQ


7 saylı internat məktəbi
7 saylı internat məktəbi
Bakıda internat məktəbində döyüldüyü iddia olunan şagirdlə bağlı məsələni Suraxanı Rayon Prokurorluğu araşdıracaq.

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Seyidov məlumat verib.

R. Seyidov qeyd edib ki, 7 nömrəli xüsusi internat məktəbinin şagirdi, 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun sifətində göyərmə izləri ilə bağlı hadisə şahidlərinin və internat rəhbərliyini izahatları toplanılaraq, araşdırılması üçün Suraxanı Rayon Prokurorluğuna təqdim edilib.

11:46 - DİN RƏSMİSİ: MƏSƏLƏ ƏN AZI ŞÜBHƏ ALTINDADIR

DİN-in axili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə daha sonra «Qafqazinfo» ilə əlaqə saxlayaraq hadisə ilə bağlı yeni məlumatlar verib:

«Saytlarda xəbər yayılandan sonra DİN, Təhsil Nazirliyi və rayon polis şöbəsinin əməkdaşları internat məktəbində araşdırma aparıb. Hazırda da təhqiqat davam edir. Nahid Cavadovun özü, valideynləri, internat rəhbərliyi, tərbiyəçi, hadisə şahidləri ilə ətraflı söhbət aparılıb. Uşaq özü də ilkin ifadəsində yıxılmasını təsdiqləyib. Həmin xəsarət nəticəsində göz altında yaranan qaraltılar döyülmənin əlaməti ola bilməz. Bu üzüstə yıxılmanın əlamətidir. Təhsil və DİN-nin Mətbuat Xidməti tərəfindən də bu məlumatlar təsdiqləndi.

Bundan sonra isə dünən internetə videogörüntülər yerləşdirilib. Həmin görüntünü lentə alan şəxsin səsindən də bəlli olur ki, kimsə uşağın ifadəsini dəyişdirməsi üçün cəhd edir və ondan ad çəkməsini tələb edir. Bunu da görüntünü diqqətlə izləyəndə müşahidə etmək mümkündür. Bu da onu göstərir ki, məsələ ən azı şübhə altındadır. Hadisəylə bağlı bütün materiallar toplanaraq qiymət verilməsi üçün Rayon Prokurorluğuna göndərilib».

11:00 - ARAŞDIRMA DAVAM EDİR

Daxili İşlər Nazirliyi (DİN) döyüldüyü iddia edilən 7 saylı internat məktəbinin şagirdi ilə bağlı araşdırmaları davam etdirir.
Orxan Mansurzadə
Orxan Mansurzadə
Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

O, qeyd edib ki, hadisə ilə bağlı DİN və Təhsil Nazirliyi ilkin məlumat açıqlayıb: «Yekun məlumat isə araşdırmalar başa çatandan sonra açıqlanacaq».

Sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb.

Təhsil Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.

Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

Sonradan isə «Youtube»da Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG