Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Məktəbli döyülüb, yoxsa yıxılıb?


Şəkil facebook səhifəsindən götürülüb

Şəkil facebook səhifəsindən götürülüb


Bakının Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı Təhsil Nazirliyi komissiya yaradıb.

Yerli mətbuat internat məktəbin adını açıqlamayan əməkdaşına istinadən yazıb ki, müəllimlərdən biri məktəblini döyüb, başına dəyənəklə vurub. Mətbuatda oğlanın gözü göyərmiş olduğunu göstərən fotosu da yayılıb.

Təhsil Nazilriyindən AzadlıqRadiosuna bildirilib ki, onların nümayəndələri internat məktəbinə gediblər. Məsələ araşdırılandan sonra ictimaiyyətə veriləcək.

“MÜƏLLİMDƏ “DUBİNKA” NƏ GƏZİR?”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo” deyib ki, uşağın “dubinka” ilə döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır:

“Araşdırmalarımız nəticəsində məlum olub ki, ikinci sinif şagirdi olan, 2006-cı il təvəllüdlü Nahid Cavadov bir müddət əvvəl axşam saatlarında qaçarkən yıxılıb. Onuncu sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb. Alnına yaş dəsmal qoyublar. Gözünün altındakı o qaraltılar da aldığı zədənin nəticəsində yaranıb”.

O. Mansurzadə qeyd edib ki, uşağın özü də yıxılmasını təsdiqləyib: “Burda ona qarşı heç bir işgəncədən söhbət gedə bilməz. “Dubinka” polisin xüsusi vasitəsidir. Müəllimdə dubinka nə gəzir? Həmin məlumatlar şişirdilib”.
XS
SM
MD
LG