Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:48

Divardakı ləkə (Günel Mövludun tərcüməsi)


Virginia Woolf
Virginia Woolf
-

Mən, sadəcə, o qoca ağac barədə düşünmək istəyirəm, əvvəl əllərimdə quru odunu hiss etmək, sonra yarpaqların dalğalanmağını, eşşəkarısının şirin, yorğun vızıltısını eşitmək istəyirəm...


Virginia Woolf


DİVARDAKI LƏKƏ


Divardakı ləkəni ilk dəfə, deyəsən, yanvarda gördüm.

O günü yada salmaq üçün, hər şeyin necə baş verdiyini təsəvvür etmək lazımdır.

Beləliklə, divar sobası yadıma gəlir, açıq kitabın üstünə alovun düz və sarı işığı düşür; sobanın rəfindəki şəffaf, sivri güldanda üç xrizantem çiçəyi var.

Hə, düzdü, qış idi, biz təzəcə çay içmişdik, yadımdadı ki, mən siqaret çəkirdim və divara baxanda o ləkəni gördüm.

Mən siqaretin tüstüsünə baxırdım, baxışlarım bir anlıq qızarmış közə sataşdı və qarşımda tanış qarabasma peyda oldu: qalanın üzərində al bayraq dalğalanır, qırmızı paltarlı cəngavərlərin dəstəsi qara dağın daşlı yoxuşu ilə qalxırdı…

Bu yerdə, şükür tanrıya, mən o ləkəni gördüm və görüntü, köhnə ilğım, hələ uşaqlıqdan bəri təxəyyülümün iradəsinə tabe olmadan, gözümə görünən mənzərə yoxa çıxdı.

Ləkə böyük deyildi, yumruydu, o, ağ divarda, demək olar ki, sobanın yuxarısında qaralırdı.

Fikirlərimiz hər yeni əşyaya necə də hazır şəkildə yönəlir, onu zəhmətkeş qarışqalar saman çöpünü qapan kimi qapır, amma elə belə həvəslə də bu əşyadan başqa əşyaya yönəlirlər... yəqin, bu, mismar izidir, mismardan da şəkil, yəqin ki, miniatür asılıbmış. Buruq, ağ parikli, yanaqları pudralanmış, dodaqları al qərənfilə oxşayan bir xanımın şəkli. Əslində, heç də belə olmayıb, əvvəlki sakinlər buradan başqa şəkil asardılar – qoca bir rəssamın köhnə avadanlığa uyğun gələn əsəri. Belə adamlar bir başqa olurlar, çox maraqlı insanlardı, hərdən mən özümdən asılı olmadan belə adamları xatırlayıram, bəlkə də ona görə ki, belələrini daha nə görmək, nə də onların aqibətini bilmək mümkün deyil. Onlar avadanlığı dəyişmək istəyiblər, sonra evi dəyişiblər, o, belə dedi. Sonra o dedi ki, incəsənət ideyaya əsaslanmaıdır, amma bu yerdə xatirələr məndən çay süzəndə keçmişə qayıdan qarı, tennis kortunda top vuran gənc kimi qaçaraq, uzaqlaşır…
.
Amma, ləkəyə gəlincə, mən onun necə peyda olduğunu sadəcə bilmirəm. Çətin ki, bu, mismar yeri olsun, çünki həddən artıq iri və yumrudu. Əlbəttə, ayağa qalxıb, ona daha yaxından baxmaq olar. Amma mən demək olar, əminəm ki, bundan daha aydın görmək mümkün olmayacaq. Biz ancaq nəsə iz görə bilirik, onun səbəbini bilmək bizə nəsib olmur. İlahi, həyat sirrlidir! Fikirlər əlacsızdır! İnsan cahildir!

Olacaqlar qarşısında acizliyimizin, bütün bu sivilizasiyamızın möhkəm olmadığının subutu kimi, bəzi şeyləri yada salmaq kifayətdir, məsələn, heç bir iz qoymadan itib-batmış bir insan həyatını. Ən sirli itkidən başlayaq, kitab cildləməsi üçün lazım olan ləvazimatlar saxlanan üç mavi qutunu pişikmi yaladı, siçovulmu apardı? Hara yox oldu quş qəfəsləri, polad xizəklər, kraliça Annanın vaxtından qalma kömür vedrəsi, bilyard masası, şarmanka, zinət əşyaları – hamısı hara yoxa çıxdı.turneps qarışırq opal və zümrüdlər. Əslində həyat – itkilər zənciridir!

İndi oturmuşam, əynimdə paltarın, ətrafımda ev avadanlığının olmağu belə mənə möcüzə kimi gəlir. Əgər həyata uyğun müqayisə axtarsaq, ən yaxışısı bu olar ki, onu metro tunelində saatda əlli mil sürətlə uçuşa bənzədək – çünki tunelin axırına çatanda, saçlarında bircə sancaq belə qalmır! Tanrının yanına güllə kimi uçursan, onun ayaqlarının altına çatanda isə görürsən ki, anadangəlmə lütsən. Sarğı kağızına bürünmüş bağlamalar dəzgahın üstündə şütüyən kimi şütüyürsən. Saçların kürəyinə yarış atının yalmanı kimi dağılır. Hə, məncə, həyatın axınını, onun əbədi itkilərini, yenilənmələrini ancaq belə izah etmək olar; təsadüfən.

Amma ölümdən sonra. Dolğun, yaşıl saplaqlar aram-aram sallanır, gülün ləçəkləri qıpqırmızı parıltısı ilə göz oxşayır. Əvvəl-axır bəyəm biz orda elə burdakı kimi, köməksiz, dilsiz-ağızsız, Nəhənglərin ayağı altına yuvarlanaraq doğulmalı deyilikmi?

Axı deyirlər ki, ağaclar insanlar kimidi və nə qədər vaxt keçir-keçsin, yarım əsr, ya bir az artıq, orda imkansız heç nə yoxdu. Üfüqdə ancaq işıq və yoğun dirəklərlə deşilən qaranlıq olacaq, yuxarıda isə ağımtıl-çəhrayılımı, ya mavitəhərmi – anlaşılmaz bir rəngdə pozuq buludlar olacaq. Amma zaman keçir, rənglər daha parlaq, allah bilir, necə olacaq...

Amma divardakı ləkə heç də deşiyə oxşamır. Bu, daha çox, yumru bir şeyə, məsələn, yayda divara yapışmış gül ləçəyinə oxşayır. Axı mən o qədər də səliqəli ev sahibəsi deyiləm, elə soba rəfindəki toza baxmaq kifayətdir, bu üçqat tozun altında elə bil Troya gizlənib və köz yalnız gil kəllə sümüklərini yandırmağa qadir olmayıb, buna dəqiq inanmaq olar.

Pəncərənin o tayındakı ağac budaqları ilə şüşəni döyür... Mən sakitlikdə, rahat və azad, fikrim yayınmadan düşünmək, bir şeydən o birinə arxayınlıqla keçərək, sərhəd və nifrətin nə olduğunu bilmədən fikirləşmək istəyirəm. Əşyaların görünən üzündən, səpələnmiş faktlardan uzaqlaşaraq, dərinlərə, daha dərinlərə qərq olmaq istəyirəm. Ağlına ilk gələndən yapış... Şekspir... Məsələn. Onsuz da, hər şey yarayır. Dərin kürsüdə oturmuş adam alova baxır... Dağın başından sonsuz, ardı-arası kəsilməyən xəyallar axını gəlir. Adam oturub, başını qolunun üstünə yaslayıb, ötüb keçənlər açıq qapıdan içəri boylanırlar – təbii ki, hər şey yay günü baş verir. Amma bu tarixi uydurma nə qədər mənasızdır! O məni darıxdırır. Nəsə xoş bir şey barədə düşünmək istəyirsən, bu düşüncələrdə mənim şüuraltı özümə inanmım əks olunmalıdır, çünki belə fikirlər daha xoşdu və onlar hətta ən təvazökar, boz, özləri ilə fəxr edə biləcəklərini ağıllarına belə gətirməyən adamların da tez-tez ağlına gəlir. Belə fikirlərdə açıq-aşkar özünə sevgi olmur, elə dadı da bundadı. Məsələn, belə bir şey düşünürsən:

Bu vaxt mən otağa girdim. Onlar botanikadan danışırdılar. Mən dedim ki, Kinqzuedə, əvvəl köhnə binanın olduğu yerdəki zibil topasının üstündə bitmiş bir çiçək görmüşəm. O gülün toxumu orda bəlkə də Birinci Karlın vaxtından qalıb.

"Birinci Karlın vaxtında hansı çiçəklər vardı?" - soruşdum (amma mənə nə cavab verdikləri yadımda deyil). Uzun saplaqlı, qırmızı sultancıqları olan gül. Və belə-belə şeylər.

Bütün bu vaxt ərzində mən xəyalən öz obrazımı yaradıram. Gizlicə, sevgi ilə, açıq-aşkar heyranlığın məni ələ verəcəyindən qorxaraq, mən tələsirəm, sanki köməyi onda axtarırmış kimi, əlimi kitaba uzadıram. Maraqlıdı, öz obrazını onu gülməli ya da orijinaldan uzaq, yəni gerçəklikdən uzaq edə biləcək sitayişdən qorumaq insana necə də xasdır.

Bəlkə də, burada təccüblü heç nə yoxdür. Bunu başa düşmək çox vacibdir. Tutaq ki, bir güzgü qırılır və əks, meşə pöhrəliklərinin yaşıl fonundakı romantik obraz dağılır, təkcə hamının gördüyü çərçivə qalır – dünya necə dar, boş, tutqun və darıxdırıcı olardı! Belə bir dünyada yaşamaq imkansız olar. Metro və omnibuslarda biz bir-birimizə baxanda, əslində, güzgüyə baxırıq; budur, gözlərimizdəki hey qaçışan, ələ keçməyən şüşə parıltısının səbəbi. Zamanla romançılar bu əkslərin vacibliyini daha çox anlayacaqlar. Əks bir deyil, onlar demək olar ki, saysız-hesabsızdır, bax, romançılar bu dərinlikləri tədqiq edəcəklər, bu xəyalətlərin ardınca qaçacaq, öz hekayətlərində gerçəkliyi daha az təsvir edəcəklər. Hamının bildiyi şeyləri yazmağın nə mənası var, yunanların ya da Şekspirin təcrübəsini örnək götürmək daha yaxşı olmazmı. Bir sözlə, bütün bu abstraksiyalar nəyə lazımdı?

Sözün bir müharibə ayaması quraşdırmağı bəsdi. Onun çağırışı ilə qəzet məqalələri, nazirlər kabinetinin üzvləri, bir sözlə, sənin hər şeyin, bir addım da uzaqlaşa bilməyəcəyin (yoxsa dəhşətli lənətə tuş gələrsən) həqiqətin ölçü vahidləri hesab olunacaq əsas adamlar tökülüşüb gələcəklər. Amma abstraksiyalar nədənsə bizi Londonun bazar günlərinə, bazar günü qəlyanaltılarına, ölənlərin ruhunu anma mərasimlərinə, dəbli paltarlara və ənənələrə, lazım olan saata qədər hamı ilə birlikdə oturma (hərçənd, bu, otaqdakıların heç birinə xoş deyil) vərdişinə aparıb çıxarır. Hər şeyin öz qaydası vardı. nə vaxtsa, qaydaya uyğun olaraq, süfrələr qobelendən hazırlanır və üzərinə balaca, sarı, kral saraylarındakı xalçaların üzərlərində olan naxışlara oxşar kvadratlar tikilirdi.

Başqa bütün süfrələr gerçək sayılmırdı. Qəfildən təəccüb və eyni anda heyranlıqla hiss edirsən ki, bütün bu vacib şeylər – bazar günü qəlyanaltıları, bazar günü gəzintiləri, şəhərkənarı evlər və süfrələr gerçəkçi deyildi, hamısı illüziya idi və buna inanmayana qənim kəsilən lənət əslində cinayətkarcasına bir azadlıq hissi bəxş edirdi. Maraqlıdır, əsl dəyərlərin, ölçülərinin yerinə indi nə gəlib? Yəqin ki, dünyaya kişi baxışı (bir halda ki, sən qadınsan), indi bizim həyatımızı o idarə edir,hər şeyin kriteriyalarını müəyyən edir, ierarxik uitaker cədvəllərini [uitaker – illik ümumi məlumat kitabçasıdı, burada həmçinin, xarici ölkələr barədə məlumatlar olur] o müəyyən edir. Düzdü, müharibə illəri ərzində o çox şeyin üzərindəki hakimiyyətini itirdi və tezliklə bu kişi dəyərləri xəyalatlarla, qırmızı ağacdan kəsilmə bufetlə, Landsirin qravürləri ilə [ Landsir Edvin Henri (1802-1873) - ingilis animalist-rəssam, onun işlərinin çoxu həxsi kolleksiyalarda idi], tanrılar və şeytanlarla, o dünya və başqa lazımsız zir-zibillə bir yerdə zibilliyə atılacaq. Əvəzində isə bizim məstedici cinayətkar azadlığımız qalacaq – əgər doğrudan da azadlıq deyə bir şey varsa...

Xüsusi işaqlanmada divardakı bu ləkə daha böyük görünür. Amma elə də yumru deyil. Mənə hətta elə gəlir ki, onun kölgəsi var, deməli, əgər mən barmağımı divarda gəzdirsəm barmağımın balaca, Cənubi Daunsda qədim insanların məzar yerlərimi, yoxsa dayanacaqlarımı hesab olunan təpəciklərə oxşayan təpəcikdə necə qalxıb-endiyini hiss edə bilərəm.mən o təpəciklərin məzar yerləri olduğuna inanmaq istəyirəm, çünki melanxolik ovqatda olan hər şey ingilis ruhuna yaxındır.

Və belə yollardan keçəndə, biz torpağın altında yatanların sümükləri barədə rahatca düşünürük...Deyəsən, onlan barədə kitab yazılıb. Hansıa arxeoloq bu sümükləri tapıb, onlara ad verib... Maraqlıdır, bu arxeoloqlar necə adamlardı? Onlardan çoxu istefaya çıxmış polkovniklərdi. Yaşlı işçi dəstəsi ilə təpələrin başına qalxır, daşın-torpağın arasında eşələnir, yerli rahiblərlə yazışır, səhər yeməyi vaxtı gələn məktubları oxuyur, özlərinin vacib adamlar olmaqları hissindən həzz alırlar. Ox uclarının müqayisəli tədqiqini aparmaq üçün onlar bütün ölkəni gəzir, bir şəhərdən o birinə adlayırlar ki, bu da onların özləri ilə yanaşı, hörmətli arvadları üçün də olduqca xoş haldır. Axı onların arvadları gavalı cemi hazırlamalı, kabinetdə səliqə-səhman yaratmalıdılar və onlar təpəciklərin ürək titrədən tarixçələri barədə söhbətlərin mümkün qədər çox müzakirə olunmasından razıdırlar. Bu arada, polkovnik özü fəlsəfi ovqatda hər iki hipotezin xeyrinə sübutlar axtarır. Nəhayətdə bu qərara gəlir ki, bu təpəciklər qədim insanların dayanacağı olub. Rəqibləri onun nəticəsini şübhə altına alanda, o, pamflet hazırlayır və onu yerli cəmiyyətin ənənəvi iclasında səsləndirməyə hazırlaşır. Amma bu vaxt onu iflic vurur. Sönməkdə olan beynindəki son xatirə isə arvadı, uşaqları barədə deyil. O, qədim insanların dayanacağı olan təpəcik, orda tapdığı, hazırda isə qatil çinli qadının dabanı, Tödorların vaxtından qalma gil qəlyanlar, qədim Romadan qalma, hansısa Nelsonun şərab içdiyi qədəhlə bir yerdə muzeydə saxlanan ox ucluğu barədə düşünür. Hərçənd o ox uluğunun öz varlığı ilə nəyi sübut elədiyi hələ də məlum deyil.

Yox, yox, heç nəyi sübut eləmək, heç nəyi öyrənmək mümkün deyil. Əgər indi mən yerimdən durub, öyrənsəm ki, divardakı ləkə (doğrudan da, görəsən o nə ləkədi elə?) əslində iki yüz il əvvəl divara vurulmuş mıxın baş hissəsidi – əlimə nə keçəcək? Bilgi? Sonrakı mülahizələr üçün bəhanə? Axı mən elə yerimdə oturduğum halda da kifayət qədər fərqli mülahizələr irəli sürə bilərəm. Bəs, bilgi nədir ki? Və bizim bu oxumuş kişilər mağaralarda gizlənib, müxtəlif otlardan qarışıq dəmləyən, ulduzların sirrini öyrənən cadugər və dərvişlərin birbaşa xələfləri olmaqdan başqa kimdilər ki? Biz onlara nə qədər az hörmət ediriksə, önyarğılardan o qədər çox azad olub, gözəlliyə və sağlam təfəkkürə etiqad etməyə başlayırıq...

Bəli, ideal dünyanı təsəvvür etməyə çalışım. O dünya ki, orada əmin-amanlıq və genişlik var, orda çəmənlər geniş və qırmızı, mavi çiçəklərlə doludur. O dünyada professorlar, ziyalılar, polisə oxşayan hesabdarlar yoxdur. O dünya ki, fikri su zanbaqlarının saplaqlarını su sıçrada-sıçrada şütüyən, sonra kürü yuvalarının üstündə donub qalan balıq üzgəcləri kimi iki yerə bölür...

Burada, aşağıda, dünya yaradılışının ən dib yerlərində necə də sakitçilikdi, sən gözlərini boz, günəş şüalarının sancıldığı, özündə minlərlə əks (kaş onların arasında uitaker almanaxı, ierarxik cədvəllər olmasın) barındıran sulara dikirsən…

Qalxıb, bu ləkənin nə ləkəsi olduğuna baxmaq lazımdı. Nədi bu – ləkədi, gül ləçəyidi, yoxsa sadəcə çatlaqdı? Təbiət yenə sınaqdan keçmiş fəndə – özünüqoruma qaydasına əl atır. O, xəbərdarlıq edir ki, belə mülahizələr boş güc israfına, hətta gerçəkliklə konfliktə də aparıb çıxara bilər. Axı ierarxik uitaker cədvəllərinin əleyhinə nəsə deməyə kim cəsarət edə bilər?

Kenterberi arxiyepiskopunun ardınca lord-kansler, lord-kanslerin ardınca isə York arxiyepiskopu gəlir. Deməli, hərənin ardınca kimsə gəlir, Uitakerin fəlsəfəsi belədir. Kimin ardınca kimin gəldiyini bilmək nə gözəldir. Uitaker bilir, qoy Təbiət də öz məsləhətini versin, bu səni əsəbiləşdirmir, əksinə, sakitləşdirir. Hətta əgər burda sənin üçün nəsə təskinlik verən bir şey yoxdusa, sən mütləq öz həzz dolu sakitliyini pozmalısansa, onda divardakı ləkə barədə düşün.

Təbiətin fəndini başa düşürəm. O, həyəcanlarla və ağrılarla dolu fikirlərdən azad olmaq üçün hərəkət eləməyi məsləhət görür. Hərəkət adamlarına bəslədiyimiz, bizim düşüncələrimizə görə, heç vaxt heç nə barədə fikirləşməyən insanlara yuxarıdan aşağı baxmağımızın səbəbi də yəqin, budur. İstənilən halda, divardakı ləkəyə baxa-baxa xoşagəlməz fikirlərə son verməkdə heç bir pis şey yoxdur.

Əslində, indi, baxışlarım ləkəyə sancıldığı vaxtda, mənə elə gəlir ki, saman çöpündən yapışmışam; mən xoş reallıq hissini yaşayıram və arxiyepiskopların ikisi də, lord-kanslerlə birlikdə avazımış kölgələrə çevrilirlər. Axır ki, ayaqlarımın altında yeri hiss edirəm. Kabuslar dolu yuxudan oyananda, şamı yandırmağa tələsirsən, yatağının içində yuxusuz oturub titrəyirsən, komoda, sakitliyə, var olana görə, bizimkinə oxşamayan, başqa mövcudluğun var olduğunun şahidi olan həvəssiz həyata görə şükr eləyirsən. Hamının əmin olmaq istədiyi şey budu...

Meşə – onun barəsində düşünmək necə də gözəldir. O, ağaclardan başlayır, ağaclar böyüyür və biz onların niyə böyüdüyünü bilmirik. Onlar bizim fərqimizə varmadan, çəmənlərdə, meşələrdə, çay kənarlarında ildən-ilə böyüyürlər – adam bu barədə düşünmək istəyir. Ağacların altında, qızmar günorta çağlarında inəklər quyruqlarını yelləyir, yarpaqların yaşılı çayın üzərinə düşdüyündən, suyu elə yaşıla çalır ki, bataqlıq kəkliyinin niyə yaşıla çalmadığına təəccüb edirsən.

Mən çayın küləkdə dalğalanan axınında bayraq kimi yellənən balıq barədə, tələsmədən çay kənarında çayın lilindən öz girdə evlərini quran su böcəkləri barədə düşünmək istəyirəm.

Mən, sadəcə, o qoca ağac barədə düşünmək istəyirəm, əvvəl əllərimdə quru odunu hiss etmək, sonra yarpaqların dalğalanmağını, eşşəkarısının şirin, yorğun vızıltısını eşitmək istəyirəm.

Mən qış axşamlarında, boş çöllərdə, bütün yarpaqların töküldyüyü, hər şeyin cansızca ay işığına büründüyü, yer üzündə təkcə çılpaq bir arzunun dikəldiyi, bütün gecəni titrədiyi yerdə dayanıb, ağac barədə düşünmək istəyirəm.

İyunda quş cikkiltisi ağaclara necə də uca və dəhşətli gəlir, həşəratlar onların qabıqları boyu yuxarı darmaşanda və yaşıl yapraqlarının arasında özlərini günəşə verib, almaz kimi parıldayan qırmızı gözlərini bərəldəndə, bu həşəratların toxunuşları ağacları necə də üşüdür?!

Yerin islahagəlməz soyuq təzyiq altında bağlar bir-bir qırılır, sonuncu tufan qopur, ağac yıxılır, budaqlar torpağa sancılır. Amma hələ indi də həyat bitməyib, ağac üçün dünya boyu – yataq otaqlarında, gəmilərdə, səkilərdə, xanımların və kişilərin çay içib siqaret çəkdikləri qonaq otaqlarında davam edəcək bir sıra yeni həyatlar başlayır. Ağacın başında işıqlı, xoşbəxt fikirlər dolaşır. Mən o fikirlərin hamısını öyrənmək istəyirəm, amma nəsə mənə mane olur..Mən harada idim? Mənə nə olmuşdu?Ağac? Çay? Təpələr? Uitaker almanaxı? Heç nə yadıma gəlmir. Hər şey qaçır, dağılır, sürüşüb gedir, heç izi də qalmır...

Materiyanın sonsuz şəkil dəyişməyi. Kimsə başımın üstünə əyilib, deyir:

- Gedim qəzet alım.

- Nə?

- Amma nəyə lazımdı qəzet oxumaq... Elə eyni şeyi yazırlar. Lənətə gəlsin bu müharibəni! Lənətə gəlsin!.. Maraqlıdı, o ilbiz divarda hardan peyda olub…
Aaa, divardakı ləkə ilbiz imiş...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG