Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

Səfeh, yoxsa müqəddəs? (Günel Mövludun tərcüməsi)


Nikolay Leskov (1831-1895)
Nikolay Leskov (1831-1895)
-

Nikolay Leskov


SƏFEH

(Günel Mövludun tərcüməsi)


Kimi axmaq hesab eləmək lazımdır? Adama elə gəlir ki, bunu hamı bilir, amma kimin necə bildiyi barədə sorğuya başlasaq, məlum olacaq ki, axmaqlığı hərə bir cür başa düşür.

Bütün sözlərin mənasının izahlarının yer aldığı akademik lüğətə görə, «səfeh» ağlı zəif, axmaq, düşünmə bacarığından məhrum, təlxək adamdır... Bu izahı qüvvətləndirmək üçün də aşağıdakı misal gətirilir: "O həmişə səfeh olub, səfeh də qalacaq". "Səfeh – axmaq sözünün yumşaldılmış şəklidir".

Bu izahdan daha elmi olanını axtarmağın daha heç bir mənası yoxdur, bu arada həyatda da tez-tez belə səfehlər və ya axmaqlarla, bu ləqəbləri qazanmış adamlarla üz-üzə gəlmək olur, amma bəzən bu adamlar heç də ağılsız, axmaq, təlxək-zad olmurlar... Bu adamlar sadəcə hər şeylə çox maraqlanırlar, mən indi sizə bax, belə bir adam barədə danışacağam.

Bizim kənddə bir kimsəsiz, təhkimli oğlan uşağı – Panka vardı. O, ağa qapısında böyüyür, nə versələr, onu geyinir, inəksaxlayan arvad və onun balaları ilə eyni damın altını və yeməyi bölüşürdü. Onun işinin adı «hamıya kömək eləmək» idi. Bu, o demək idi ki, ağa qapısında istənilən işin qulpundan yapışan adamın ixtiyarı var idi ki, öz işlərini Pankaya tapşırsın. Buna görə də o aramsız işləməli olurdu. İnd idə yadımdadı, birdən elə olurdu ki, qış günü – bizim qışlar isə adamın iliyini dondurur – səhər oyanıb, pəncərənin qabağına yaxınlaşan kimi, görürdük ki, Panka belini əyə-əyə ya saman, ya sünbül dərzləri, ya da mal-qara, toyuq-cücə üçün dənli yem daşıyır. Biz təzə qalxırdıq, o isə artıq işləyib, əldən düşmüş olurdu, nadir hallarda onun tövləyə söykənib, quru çörək qırağı gəvələyib, üstündən su içdiyini görmək olurdu.

Hərdən soruşurduq:
- Panya, sən niyə quru çörək yeyirsən?
O isə zarafatsız-zadsız soruşurdu:
- Bəs, necə yeyim? .
- Yanına kələmdən, kartofdan, xiyardan bir şey istə də!
Panya başını yelləyib, deyirdi:
- Yox bir!.. Mən elə belə də doyuram, allaha çox şükür!

Beləcə, qurşağının altını bərkidib, təzədən həyətə nəsə bir şey daşımağa yollanırdı. O həyətdə iş heç vaxt qurtarmırdı, odu ki, onu durmadan bu və ya başqa işi görməyə məcbur eləyirdilər. O, tövlələri, axurları təmizləyir, mal-qaraya yem verir, qoyunları suvarmağa aparır, axşamlar isə əlcək hörür və yəqin ki, hamıdan gec yatıb, hamıdan tez oyanırdı. Həmişə də hamıdan pis və nazik geyinirdi. Özü də heç kimin ona yazığı gəlmirdi, əksinə hamı deyirdi ki:

- Ona nə var e – o, səfehin biridi.
- Onun səfehliyi nədədi ki?
- Elə hər şeydə...
- Məsələn?
- Nə məsələn? – ode, malsaxlayan arvad əlinə keçən bütün xiyarı, kartofu öz balalarına yedizdirir, bu da bir dəfə də şikayət eləmir...Səfehdi!

Biz uşaq olduğumuza görə, belə şeylərdən yaxşı başımız çıxmırdı. Pankanın dilindən heç vaxt səfeh söz eşitməsək, hətta hərdən onun mehribanlığını – o hərdən bizə ağacdan balaca oyuncaq dəyirmanlar düzəldirdi - görsək də, biz də hamı kimi deyirdik ki, Panka səfehin biridi. Heç kim də bu barədə bizimlə mübahisə eləmirdi və tezliklə elə bir hadisə oldu ki, bu barədə mübahisə eləməyin daha yeri olmadı.

Bizim bir ciddi, çox ciddi işlər müdirimiz vardı, o hər şeyə görə adamları bərk cəzalandırırdı. Bəzən görürdün ki, cığırla gedə-gedə yan-yörəsinə baxır: görsün bir kəm-kəsir varmı? Gözünə nəsə bir kəm-kəsir dəydisə, o dəqiqə dayanıb, günahkarı yanına çağırıb deyirdi:

- Bu dəqiqə kontora get, köməkçimə mənim adımdan denən ki, sənə iyirmi beş qamçı vursunlar, əgər biclik eləsən, axşam sənə iki qatını özüm vuracam.

Heç kim ondan günahının əfv olunmağını xahiş eləmirdi, çünki onun belə şeylərdən zəhləsi gedirdi və belə hallarda adətən cəzanı artırırdı.

Bir dəfə, yay vaxtı bu işlər müdiri yolla gedir və görür ki, cavan dayçalar bağda gəzir, otladıqlarından çox, otu dırnaqları ilə basıb, əzir, kökündən qoparıb, atırlar...

İşlər müdiri qəzəblənir.

Həmin dayçaları isə Pankaya kartof verməyən inəksaxlayan qadının oğlu Petruşa otarmalı imiş. Petruşanın o vaxt on iki yaşı vardı, onun bədəni zəif, özü incə uşaq olduğundan, həyət uşaqları ona «kəpənək» deyib, cırnadırdılar. Bir sözlə o əsl ana uşağı idi, işdə əli yox idi, davaya isə həmişə meyli olurdu. Səhər açılanda o, dayçaları otarmağa çıxarmışdı, halı qəfildən pisləşmişdi, oturub, bürüncəyə bürünmüş, canı qızanda isə yuxuya getmişdi. İşlər müdiri bunu görəndə, o dəqiqə Petyanın yaxasından yapışıb demişdi:

- Qoy, Panka burda həm öz işinə, həm də sənin işnə baxsın, sən də kontora get, köməkçimə denən sənə iyirmi şallaq vursun. Mən həyətə qayıdana qədər gedib, deməsən, axşam özüm sənə iki qatını vuracam. İşlər müdiri bunu deyib, getmişdi.

Petruşa ağlamağa başlayıb. Onu heç vaxt şallaqla döyməmişdilər, oğlan qorxusundan tir-tir əsməyə başlayaraq, Pankaya deyib:

- Panyuşa, əziz qardaşım, mən çox qorxuram axı...Neyniyim, sən mənə bir yol göstər.

Panka da onun başını sığallayıb, deyir:

- Birinci dəfə mən də qorxurdum. Neyləyə bilərik axı? İsanı da döymüşdülər...

Petruşa daha da bərkdən ağlamağa başlayaraq, deyir:

- Mən getməyə də qorxuram, getməməyə də...Yaxşısı budu, özümü çaya atım.

Panka onu xeyli dilə tutandan sonra deyir:

- Dayan ee, biz belə də eləyə bilərik axı: sən qal burda, özünün də, mənim də işimə bax, mən də sənin əvəzinə qaçım ora, görüm neynirəm? Bəlkə tanrının sənə yazığı gəldi. Bir özünə bax, sən nə qorxaq imişsən.

Petruşa soruşur:

- Panyuşka, axı bunu necə eləyəcəksən?

- Ağlıma bir fikir gəlib – çalışacam eləyim!

Panyuşa bunu deyib, gedir.

Bir saatdan sonra qayıdıb, Petruşaya deyir:

- Narahat olma, Petruşa, düzəldi, heç yana da getmə, sənə veriləcək cəza artıq yoxdu.

Petruşa bir az düşünür, amma Pankaya inanmaqdan başqa əlacı da olmur.

Axşam işlər müdiri köməkçisindən soruşur:

- O balaca çoban gəlib, özünü döydürdü?

- Gəlmişdi, möhtərəm ağa.

- Şallaqladınız onu?

- Hə, şallaqladıq.

- Yaxşı şallaqladınız?

- Hə, əməlli-başlı.

Ara sakitləşəndən sonra bilindi ki, döyülən balaca çoban Putruşa yox, Panka imiş. Bü söhbət bütün həyətə, sonra bütün kəndə yayıldı, hamı Pankanı ələ salmağa başladı. Petruşanı isə daha döyüb eləmədilər. Dedilər ki, bir halda ki, bu səfeh onu xilas eləyib, bir günaha görə iki adamı cəzalandırmağın yeri yoxdur.

Hə, indi siz deyin görək, bizim Panka səfeh idi, ya yox?

O elə sonralar də həmişə belə yaşadı.

Bir nesə ildən sonra Krımda müharibə başladı, adamları əsgərliyə yığmağa başladılar. Bütün kənd qan ağladı – heç kim müharibədə ölmək istəmirdi. Analar oğullarına görə özlərini əldən salırdılar – məlum məsələdi, heç bir ana oğlunu ölümə göndərmək istəməz.

Bu vaxt Panka da artıq həddi-buluğa çatmışdı, bir gün o, mülkədarın yanına gəlib, özü deyir:

- Ağa, deyin ki, məni şəhərə aparıb, əsgər göndərsinlər.

- Belə ürəyin gedir yəni?

- Nə bilim, nəsə mən də belə istəyirəm.

- Niyə axı? Sən bir yaxşı fikirləş.

- Yox, fikirləşməyə vaxt yoxdu.

- Niyə vaxtın yoxdu?

- Görmürsünüz, kənddə hamı oğluna görə ağlayır, mənsə tanrının sevimlisiyəm, mənə görə heç kim ağlamayacaq.
Mən müharibəyə getmək istəyirəm.

Onu xeyli dilə tuturlar:

- Sən bir fikirləş, ay uşaq, axı sən nahamarın birisən, müharibədə hamı sənə güləcək.

Panka deyir:

- Lap yaxşı, hamı güləcək, deməli, hamımızın kefi açılacaq, gülməyin nəyi pisdi ki? Hamının kefi açılsa, barışıq olar, müharibə də qurtarar.

Ona bir də deyirlər:

- Yaxşısı budu, otur evdə. Özünə burda baş qatmağa bir şey tap.

- Yox, -- deyir, -- mənə belə daha yaxşıdı.

Nə etməli, yaxşıdı-yaxşıdı da, onu şəhərə aparıb, əsgər verdilər. Pankanı orduya təhvil verənlər kəndə qayıdanda hamı onları sorğu-suala tutdu:

- Hə, bizim səfeh orda qaldı. Onu təhvil verəndən sonra gördünüz heç?

- Bəs necə, gördük.

- Yəqin orda hamı ona gülürdü, hə?

- Bəs nə, əvvəl-əvvəl hamı ona gülürdü. Bu axmaq ona verdiyimiz iki rubla noxudlu piroq alıb, hamıya paylamışdı, özü də ac qalmışdı...

Hamı başını yelləyib, öz payından ona bir tikə kəsib, bizim səfeh də utandığından qıpqırmızı qızarıb:

- Qardaşlar, mən axı bunu bilərəkdən eləməmişəm! Özünüz yeyin. Əsgərlər onun kürəyinə vurub deyirlər:

- Sən nə mehriban oğlan imişsən!

Səhər tezdən də oyanıb, bütün əsgərlərin çəkmələrini təmizləyib. Hamı onu tərifləməyə başlayıb. Yaşlı əsgərlər isə bizdən soruşdular ki:

- Sizin bu uşaq səfehdi-nədi.

Biz də dedik ki:

- Səfeh deyil, nəsə uşaqlıqdan belədi.

Beləcə, Panka səfeh olduğuna baxmayaraq, bütün müharibəni hamıdan arxada səngər qazaraq, zir-zibil basdıraraq keçirdi və müharibə bitən kimi, köçəri tatarların yanına ilxıçı işinə düzəldi.

O, tatarların yanına Penzadan getmişdi, uzun illər at otara-otara, Xan Canqar adlı varlı bir adamın ağalıq elədiyi Rın-Peskov səhrası tərəflərdə avaralandı. Xan Canqar o vaxt Sur tərəfə at satmağa gəlirdi, buralarda özünü təmkinli və üzüyola aparsa da, öz mülkündə istədiyini eləyir, kimi istəyir, cəzalandırır, kimi istəyir, əfv eləyirdi.

Vəhşi səhrada belələrinə nəzarət eləməyə imkan olmadığı üçün, bu adamın da özbaşınalığının həddi-hüdudu yox idi. amma özbaşınalıq eləyən təkcə o deyildi. Başqa xırda-xırda ağalar da tapılırdı ki, bunlardan biri də Həbibulla adlı oğru idi. Bu adam Xan Canqarın xeyli atını oğurladı. Uzun müddət onu tuta bilmədilər. Nəhayət bir dəfə aralarında savaş başladı, Həbibullanı yaraladılar və tutdular. Bu o vaxt idi ki, Xan Canqar Penzaya tələsirdi, o heç cür ləngiyə bilməzdi, odu ki, burada qalıb, Həbibullanı mühakimə eləmək, ona cəzalandırıb, həndəvərdəki başqa oğruların canına qorxu salmağa vaxtı yox idi.

Penzaya gecikməmək, yarmarkada da oğru Həbibulla ilə birlikdə rus hökumətinin gözünə görünməmək üçün, Xan Canqar Pankanı bir atla və yaralı, qandallı Həbibulla ilə birlikdə bir bulağın yanında buraxdı. Onlara bir az yarma, bir cürdək su verib, Pankaya bərk-bərk tapşırdı:

- Bu adamı göz bəbəyin kimi qoru! Başa düşdün?!

Panka deyir:

- Burda başa düşməməli nə var ki. Necə dediniz, elə də eləyərəm.

Xan Canqar başının dəstəsi ilə getdi, Panka isə Həbibulla ilə danışmağa başladı:

- Gör sənin oğurluğun səni hara gətirib, çıxartdı! Bu boyda adamsan, amma bu gücünü xeyirə yox, şərə xərcləyirsən. Sən niyə dəyişmək istəmirsən axı.

Həbibulla isə ona deyir:

- Əgər bu vaxta qədər dəyişməmişəmsə, ta bundan sonra mənası yoxdu.

- Necə yəni, mənası yoxdu! Elə məsələ də bundadı ki, əgər insan ürəkdən istəsə, qalan hər şey öz-özünə düzələcək...Axı bütün insanlarda olan ürəkdən səndə də var: pis işlərin başını burax, başla insanlara kömək eləməyə,
qalanı da düzələcək

Həbibulla köksünü ötürür.

- Yox, -- deyir, -- bu barədə daha heç düşünməyin də yeri yoxdu!

- Niyə axı yeri yoxdu?

- Ona görə ki, məni artıq ölümə məhkum eləyiblər.

- Bax, indi mən səni buraxacam.

Həbibulla qulaqlarına inanmır, Panka isə mehribanlıqla gülümsəyərək, deyir:

- Zarafat eləmirəm, düzünü deyirəm. Xan mənə dedi ki, səni göz bəbəyim kimi qoruyum, göz bəbəyini qorumaq daha necə olur ki? Gərək, ürəyini kimdənsə əsirgəməyəsən, qoy ürəyin başqasının yerinə əzab çəksin – indi mənə elə bu lazımdır, çünki mən başqalarının əzablarına dözə bilmirəm. Sənin əl-ayağını açıb, ata mindirəcəm, get, özünü xilas elə, bundan sonra sən şərə qulluq eləsən, məni yox, Tanrını aldatmış olacaqsan.

Sonra oturub, Həbibullanın qandallarını sındırdı, atın belinə otuzdurub, dedi:

- Get, tanrı səni qorusun.

Özü isə oturub, Xan Canqarın qayıtmasını gözlədi, o gözlədiyi müddətdə bulaq qurudu, cürdəkdəki su isə dibinə endi.

Bu vaxt Xan Canqar başının dəstəsi lə gəldi.

Xan o yan-bu yana baxıb, soruşdu:

- Bəs Həbibulla hanı?

Panka deyir:

- Mən onu buraxdım.

- Necə yəni buraxdın? Sən nə danışırsan?

- Deyirəm ki, sən mənə necə demişdinsə, elə də elədim. Sən mənə dedin ki, onu göz bəbəyim kimi qoruyum. Mənsə göz bəbəyimi də, ruhumu da belə qoruyuram: başqalarının yerinə əzab çəkməklə... Axı sən Həbibullaya işgəncə vermək istəyirdin, mənsə başqalarının əzablarına dözə bilmirəm, -- qoy mənim ruhum bu qorxulardan xilas olsun. İndi mən nə sizdən, nə də başqalarından bir damcı da qorxmuram.

Bu yerdə Xan-Canqar gözlərini ora-bura gəzdirib, sonra papağını düzəldib, yaxınlarına dedi:

- Yaxın gəlin, sizə bir şey deyəcəm.

Tatarlar Xan Canqarın başına yığışdı. O pıçıltı ilə dedi:

- Mənə elə gəlir ki, Pankanı cəzalandırmaq olmaz, bilmək olmaz, o bəlkə də mələkdir...

- Hə, - tatarların hamısı bir ağızdan dilləndi, -- ona xətər toxundurmaq olmaz: bu qədər vaxta biz onu başa düşməmişik, indi bizə çatır: o, müqəddəsdir.

1891
XS
SM
MD
LG