Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

MAMAY (Günel Mövludun tərcüməsi)


Yevgeni Zamyatin
Yevgeni Zamyatin
-

Gözlərini qan örtmüş Mamay bir an içində qılıncı düşmənə sapladı. Əvvəl-əvvəl çətin oldu, qarpızın qabığını keçəndən sonra isə asanlaşdı...


Yevgeni Zamyatin


MAMAY


Axşamlar və gecələr Peterburqdakı evlər altımərtəbəli daş gəmilərə çevrilir.

Altımərtəbəli tənha dünyatək bir gəmi daş dalğaları yararaq başqa altımərtəbəli tənha dünyalar arasından üzüb keçir, saysız kayutların işıqları küçələrin coşqun daş okeanına səpələnir.

Və əlbəttə ki, o kayutlardakı - sakinlər deyil, sərnişinlərdi.

Eynən gəmidəki kimi, heç kim bir-birini tanımır – onların hamısı gecə okeanının mühasirəyə aldığı altımərtəbəli respublikanın vətəndaşlarıdır.

Axşamlar 40 nömrəli daş gəminin sərnişinləri Peterburq okeanının xəritədə Laxta küçəsi kimi qeyd olunmuş hissəsində dolaşırdılar.

Keçmişdə şveysar işləmiş Osip, indisə vətəndaş Malafeev çağrılan adam binanın girişindəki artırmada dayanıb, eynəyinin arxasında qaranlığa baxırdı: dalğalar arada bura kimisə atırdı. Vətəndaş Malafeyev burnunun üstündəki eynəyini düzəldərək – eynəyini düzəltməklə, o hamıya ehtiramını göstərirdi, ehtiram mənbəyi isə bu eynəklərlə çox bağlı idi - o, yaş, üst-başı qarlı adamları dartıb qaranlığın içindən çıxarırdı.

Məsələn, eynək acıqlı müəllim sayağı, burnunun ucundadısa, deməli o, Pyotr Petroviç Mamayı qarşılayır.

- Pyotr Petroviç, xanımınız yemək hazırlayıb sizi gözləyir. Bura da gəlmişdi, çox məyus idi. Bəs niyə belə gec gəlirsiniz?

Budu, yekə burunlu, şəxsi avtomobilə sahib sərnişin gəlir – onu görən kimi eynək düz yerinə oturur. Burunlu adamla məsələ bir az qəlizdi, ona «yoldaş» demək, nəsə bir az naqolay alınırdı, «ağa» demək də olmazdı. O belə, bu da belə..
.
- A, yoldaş Mılnik ağa! Havalar yaman pis keçir, yoldaş Mılnik ağa...

Budu, indi də eynək az qala alına qədər qalxdı: Yelisey
Yeliseyiç gəminin bortunda idi.

- Şükür allaha! Yaxşıdı hər şey? Qorxmursunuz şubada gəzməyə? Əlinizdən alarlar axı. İcazə verin, çırpım...

Yelisey Yeliseyiç – gəminin kapitanıdı – evin işlər müdiridi. Və Yelisey Yeliseyiç o atlantlardan idi ki, əzablı üzlərini qırışdıraraq, Milyon küçəsində Ermitajın tirini öz çiyinlərində saxlayırlar.

Bu gün tir həmişəkindən ağır idi, Yelisey Yeliseyiçin nəfəsi əməlli-başlı kəsilmişdi:

- Bütün mənzillərə xəbər elə...Tez ol... İclasa, hamı. Klubda olacaq...

- Vay dədəm, vay! Yelisey Yeliseyiç, olmaya yenə... iş çətinə düşüb?

Amma cavaba ehtiyac yoxdu, alındakı əzablı qırışlara, ağırlığın bükdüyü çiyinlərə baxmaq bəsdi. Vətəndaş Malafeyev, eynəklərini virtuozcasına oynadaraq, bütün mənzillərin qapısını döydü.

Onun qapını döyməyi də ayrı aləm idi – elə bil mələklər şeypur çalırdılar, qucaqlaşanlar donub qalır, ən qızğın mübahisələr yarıda kəsilir, ağıza gedən şorba dolu qaşıq yarıyoldaca dayanırdı.

Şorbanı yeyən Pyotr Petroviç Mamay idi. Daha dəqiq desək, həyat yoldaşı ciddi-cəhdlə ona yemək yedizdirirdi. Əzəmətli, alicənab, buddasayağı döşlərini əzəmətlə irəli verərək, kürsüdə oturaraq, o öz yaradıcılıq nümunəsi olan şorbanı ərinə yedizdirirdi:

- Tez ol, Petenka, şorba soyuyur axı. Min dəfə sənə demişəm ki, nahar vaxtı kitab oxuma, ən acığım gələn vərdişdi bu...

- Yaxşı, Alyonka, bu dəqiqə, bu dəqiqə... Axı altıncı nəşrdi. Başa düşürsən, Boqdanoviçin «Duşenka»sının altıncı nəşri! Hələ on ikinci ildə, fransızların vaxtında hamısı yanmışdı, hamı da elə bilirdi ki, təkcə üç nüsxəsi qalıb... Amma bu, dördüncüdü – başa düşürsən? Dünən Zaqorodnıda tapmışam...

1917-ci ildə Mamay kitabları fəth etirdi. O hələ on yaşlı qıvrımtelli oğlan ikən, Tanrı Qanununu öyrənirdi, onu anası yedizdiridi, qırx yaşında isə o yenə də balaca, amma artıq keçəl oğlan idi – bu yaşda o sığorta cəmiyyətində çalışır, kitablara sevinir, yeməyi də arvadının əlindən yeyirdi.

Bir qaşıq şorba – yəni Buddaya balaca bir qurbangətirmə, sonra bu adam yenə də barmağındaki evlilik üzüyünü unudur və hər hərfini sığallayaraq, kitaba uyurdu. "Birinci nəşrdən kəskin şəkildə fərqlənir...Senzura Komitəsinin razılığı ilə "...İlahi, bu üç yoğun ayaqcıq ustə dayanan varlıq necə xoş, necə əziz idi...

- Petenka, bu nədi? Mən burda qışqırıram, sənin də başın kitaba qarışıb... Karsan, eşitmirsən, qapını döyən var.

Pyotr Petroviç – tez qapıya tərəf qaçır. Burnun ucuna keçirilmiş eynək qapının ağzında dayanıb:

- Yelisey Yeliseyiç dedi ki, hamı iclasa gəlsin. Özü də tez.

- İşə bax ee, imkan verməzlər kitabımızı oxuyaq... Bu nədi? – keçəl uşağın səsində göz yaşlarının əlaməti vardı.

- Bilmirəm. Bircə bunu dedi ki, tez eləsinlər... - kayutun qapısı çırpıldı, eynəklər o biri kayutlara tərəf götürüldü...

Dəqiq məsələ idi ki, kayutda nəsə fırıq iş vardı, bəlkə yollarını azmışdılar, bəlkə də gəminin dibində görünməz deşik aşkarlanmışdı və mənfur küçə okeanının gəminin içinə dolmaq təhlükəsi yaranmışdı.

Hardasa yuxarıda, sağda da, solda da bir həyəcan duyulurdu, kayutların qapısı döyülür, alaqaranlıq mərtəbə meydançalarında asta səslər eşidilir, aşağıya, əsas kayuta – evin klubuna tərəf götürülən ayaqqabı altlıqlarının taqqıltısı gəlirdi.

Orda, cilalanmış göy üzü çəhrayı rəngli tütün buludları ilə doludu. Bürkülü soba havası, kiminsə pıçıltıları. Yelisey Yeliseyiç balaca zınqırovu bir dəfə silkələyib, əyilərək, üz-gözünü turşutdu. Gözəgörünməz Ermitajın tirlərinin əydiyi çiyinlərinin şaqqıltısı sükütda əks-səda verdi, sonra o üzünü zalda oturanlara tutdu:

- Cənablar. Etibarlı mənbədən aldığım xəbərə görə, bu axşam evdə axtarış olacaq.

Zalı uğultu bürüdü, başlar, üzüklü barmaqlar, bantlar, birçəklər dikəldi. Tütün buludları altında beli bükülmüş Atlantın üstünə sual leysanı yağdı:

- Yox, bir dəqiqə! Bizim haqqımız var ki...

- Necə? Kağız pulları da?

- Yelisey Yeliseyiç, təklif edirəm ki, darvazaları...

- Kitablar, ən əsas məsələ kitablardı...

Yelisey Yeliseyiç daş sinəsini bu leysanın qabağına verib dayanmışdı. Başını döndərmədən (bəlkə də onun başı heç dönmürdü) Osipə dedi:

- Osip, bu gecə həyətdə növbətçi kimdi?

Osipov sükutun ortasında barmağını aramla, divardakı yazıda gəzdirdi – barmağı elə bil hərfləri deyil, Mamayın evindəki kitab dolablarını gəzirdi.

- İndi vətəndaş Mamay, vətəndaş Malafeev.

- Budur. Əgər ordersiz gəlsələr, revolverləri çıxararsız...

40 nömrəli daş gəmi Laxta küçəsindəki tufanın ortasında qalmışdı. Gəmi yırğalanır, fit çalır, kayutların pəncərələrinə qar yağır, hardasa gözəgörünməz deşiyin olduğu hiss olunur və heç kim bilmirdi ki, gəmi səhər limanına çatacaq, yoxsa dənizin dibinə qərq olacaq. Sürətlə boşalan kayut-zalda sərnişinlər daş kimi hərəkətsiz kapitandan yapışmışdılar:

- Yelisey Yeliseyiç, bəs cibimizdə gizləsək, olar? Axı cibləri...

- Yelisey Yeliseyiç, bəlkə ayaqyolunda gizlədim, olar?

Sərnişinlər kayutdan kayuta keçir, kayutlarda özlərini olduqca qeyri-adi aparırdılar: döşəməyə uzanıb, əllərini dolabın altına soxurdular, Lev Tolstoyun gips başının içinə göz gəzdirir, əlli il divardan gülümsəyən nənənin portretini divardan alırdılar.

Ölümlü insan Mamay – Budda ilə üz-üzə dayanıb, gözlərinin işığı ilə adamın içini görən bu müqəddəsdən gözlərini gizləməyə çalışırdı. Onun əlləri tamam yad, elə bil, pinqvin qanadları idi. düz qırx ili idi ki, əlləri ona mane olurdu, əgər indi də mane olmasaydılar, o indi deyilməsi qorxulu, ablagəlməz olan sözləri çox rahatlıqla deyərdi...

- Başa düşmürəm, sən niyə qorxursan? Buna bax, burnu da ağarıb. Bizə nə var e? Bizim ki, pulumuz yoxdu.

Kim bilir, bəlkə də Mamay yaşının başqa çağında, başqa əllərə sahib olsaydı, belə arvada belə sirri elə indiki, 1917-ci ilin Mamayı kimi açardı. Gərgin sükütun ortasında hardasa qurdalanan siçanın xışıltısı gəldi, 1917-ci ilin Mamayı gözlərini tez o tərəfə çevirib, səsi titrəyə-titrəyə dedi:

- Mənim….yəni bizim…dörd min iki yüz pulumuz var...

- Nə? Sənin o qədər pulun var? Hardandı?

- Mən… hərdən bir az… qorxurdum ki, hər dəfə sənə demək istəyəndə...

- Nə? Deməli, oğurlayırdın? Deməli, məni aldadırdın? Mən bədbəxt də fikirləşirəm ki, Petenka….ilahi, mən necə də bədbəxtəm!

- Axı, mən….kitablar üçün...

- Kəs səsini! Mən o yubkalı kitabları yaxşı tanıyıram!

On yaşlı Mamayı anası bircə dəfə döymüşdü: bir dəfə o təzəcə od salınmış samovarın lüləsini dartıb çıxarmışdı, su tamam axıb getmişdi. İndi Mamay həmin səhnəni xatırlayırdı: başı anasının qoltuğunun arasına sıxılmış, şalvarı aşağı çəkilmişdi...

Birdən, Mamayın balaca vaxtlarının hiyləgərliyi özünü büruzə verdi. O həmin «samovar lüləyini», yəni dörd min iki yüzü necə unutdurmağın yolunu tapdı:

- Mən bu axşam səhər dördə qədər növbətçi dayanmalıyam. Tapança ilə. Yelisey Yeliseyiç dedi ki, əgər ordersiz gəlsələr...

Budda qəfildən iridöşlü, ürək xəstəsi olan anaya çevrildi.

- İlahi! Bunlar neynir – təmiz başlarını itiriblər? Bunların hamısı Yelisey Yeliseyiçin işləridi. Sən bax haa, birdən ağlına batar...

- Yoox, mən eləcə cibimə qoyacam. Məndən elə şey gözləyirsən sən? Mən heç milçəyi də...

Doğrudan da, Mamayın stəkanına milçək düşəndə, o milçəyi ehtiyatla götürüb, havaya buraxırdı – uç özünçün! Yox, bu, qorxulu deyil. Dörd min iki yüz isə...

Budda yenə dizinə döydü:

- İlahi, Tanrı səni mənə bəla göndərib! İndi sən bu oğurluq, hə, nədi, sus, bunun adı oğurluqdu...

Bəlkə pulları kitabların arasında, samovar borusunda, Mamayın papağının pambıq içliyində, yataq otağının divarından asılmış, üzərində mavi cəngavər şəkli olan xalçanın arxasında, yarıaçılmış, hələ qarı tam əriməmiş çətirin içində, ya da masanın üstünə atılmış, üzərinə hansısa yoldaş Qoldbayevə ünvanlandığı yazılmış zərfin içində…

Yox, təhlükəlidir...Nəhayət, gecə yarısına yaxın, qərara gəldilər ki, hər şeyi psixoloji hesablama üzərində qursunlar: onlar hər yeri axtarsalar da, qapının ağzını axtarmayacaqlar.

Qapının ağzında isə yerindən laxlayan bir parket parçası vardı. Kitab kəsmək üçün balaca xəncərlə parket kvadratı qaldırdılar. Oğurluq (sus, oğurluqdu, vəssalam!) dörd min iki yüz rublu biskvit kağızına büküb (parketin altı nəm ola bilərdi) bu dördbucağın altına gömdülər.

40 nömrəli gəmi gərili yay kimi idi. Hamı barmaq ucunda gəzir, pıçıltı ilə danışırdı. Pəncərələr özlərinin xəstəhal işığını küçələrin qaranlıq okeanına yayırdılar. İkinci, üçüncü, beşinci mərtəbələrdə pərdələr çəkilir, işıqlı pəncərələr qəfildən qaranlığa qərq olurdular. Yox, yandırma. Nəsə olsa, aşağıda iki nəfərimiz var, onlar işarə verər...

Saat üçdü. Həyətdə sakitlikdi. Darvazanın üstündəki fənərin üzərinə saysız-hesabsız ağ milçəklər qonur, fırlana fırlana uçuşur, qanadlarını yandırıb, torpağa düşürdülər.
Vətəndaş Malafeyev eynəyini burnunun ucuna keçirib, filosofluq eləyirdi:

- Mən çoxbilmiş adamam, bu şərin içində yaşamaq mənə çətindi. Fikirləşdim ki, bəlkə öz doğma Ostaşkovuma gedim. Gedirəm, orda da beynəlxalq vəziyyət pis gündə. Hamı bir-birinə qənim kəsilib. Mənsə belə bacarmıram, mən fağır adamam...

Hazırda isə bu fağır adamın əlində içində altı ölümsaçan güllə olan tapança vardı.

- Osip, bəs siz yapon müharibəsində necə öldürürdünüz?

- Əşi, müharibə başqa şeydi!

- Yaxşı, bəs süngüylə neynirdiz?

- O da ki, qarpız kimi bir şeydi..Əvvəl, qabığını deşəndə ağır gedir, sonrası asan olur.

Qarpız söhbəti gedəndə Mamayın kürəyinin arası ilə soyuq tər axdı.

- Bəs, məni...Deyək ki, indi məni öldürmək lazımdı!

- İndi görərsiz. Lazım olsa, elə siz də...

Sakitçilikdi. Ağ milçəklər fənərin başına dolanırdılar. Qəfildən güllə səsi gəldi, uzun-uzadı səslənib, kəsildi və ara yenə sakitləşdi. Şükür Tanrıya, artıq saat dörd idi, bundan sonra yəqin ki, gəlməzdilər. Növbə dəyişilir, indi hərə öz kayutuna, yatmağa...

Mamayın yataq otağının divarındakı xalçanın üzərində mavi cəngavər mavi qılıncı ilə donub qalmışdı: cəngavərin gözləri qarşısında qurbanvermə mərasimi keçirilirdi.
İribədənli, irisinəli, buddayabənzər Xanım Mamay ağ kətan buludların üstündə yuxuya getmişdi. Ona baxanda, bilmək olurdu ki, bu gün o, kainatın yaradılışını başa vurub və etiraf etib ki, dünyada hər şey, hətta dörd min iki yüzü ondan gizləməsinə baxmayaraq bu balaca adam belə – Xeyirdir. Qırmızı burunlu, yad, pinqvin qanadlarına oxşayan əlləri olan balaca adam isə zəncirlənmiş kimi çarpayının yanında dayanmışdı.

- Hə, get, sən... get

Mavi cəngavər gözlərini qıydı, məlum məsələ idi, indi balaca adam xaç çevirəcək, əllərini qabağa uzadıb, suya qərq olacaq - «bult!»…

40 nömrəli daş gəmi gecə tufanından uğurla çıxıb, səhər limanına yan aldı. Sərnişinlər tələsə-tələsə portfellərini, səbətlərini ordan-burdan çıxarır və Osipin eynəyinin yanından ötərək, sahilə gedirdilər: gəmi ancaq axşama qədər limandadı, axşam isə, yenə də okeana çıxacaq.

Yelisey Yeliseyiç beli bükülmüş halda, çiynində Ermitajın gözəgörünməz tirlərini daşıya-daşıya Osipin yanından ötdü və artıq yuxarıdan ona səsləndi:

- Bəlkə bu axşam axtarış oldu. Qoy, hamı bilsin.
Amma gecəyə qədər hələ bütöv bir gün var. Beləcə, qəribə, yad Petroqrad şəhərində sərnişinlər çaşqın-çaşqın dolaşırdılar. Bu şəhər hamının bir il var ki, üzüb gəldiyi və çox yəqin ki, daha heç vaxt qayıda bilməcəyi Peterburqa necə də həm oxşayır, həm də oxşamırdı.

Bu şəhərin qara bürünmüş, gecədən bəri buz bağlamış daş dalğaları – dağları və dərələri vardı. Hansısa naməlum qəbilənin cır-cındırlı döyüşçüləri silahlarını iplə çiyinlərindən asıb dolaşırdılar. Yadelli bir ənənə – qonaq getdikləri evdə gecələyirdilər. Gecələr küçələrdə valterskottvari ovqat başlayırdı. Budu, Zaqorodnı tərəfdə qarın üstündə qan damcıları görünür... Yox, bura Peterburq deyil!

Mamay çaşqın halda ona yad gələn Zaqorodnıda dolaşırdı. Pinqvin qanadları ona mane olurdu, başı, boşalmış samovarın lüləyi kimi aşağı sallanmışdı, sol ayaqqabısının yeyilmiş dabanında qarlı globus hystericus vardı, hər addımı da əzab verirdi.

Birdən pəncərədən bir baş boylandı, Mamayın ayaqları iyirmi beş yaşlı adamın ayaqları sayaq, möhkəmləndi, pəncərədən uzanan laləyanaq isə Mamaya baxıb gülümsəyirdi...

- Ey, nə ağzını ayırıb, durmusan, çıx yoldan! – qarşıdan gələn əlləri iri torbalı, qırmızısifət adamlar qışqırdı.

Mamay kənara sıçradısa da, gözünü pəncərədən çəkmədi, adamlar ötəndən sonra yenə pəncərənin qabağına keçdi, oradan baxan laləyanaq yenə ona gülümsəyirdi…

Pəncərədən gülümsəyənsə şirnikləndirici halda yayxanmış, Yekatirina zamanlarından qalan "Santkt-Peterburqun gözəl yerlərinin yazılı təsviri " kitabı idi. Kitab qadınsayağı işvəkarlıqla özünə, qəşəngcə qatlanmış iki mərmər mavisi rəngində səhifənin arasına baxmağa icazə verirdi.

Mamay iyirmi beş yaşlı gənc sayağı aşiq olmuşdu. Hər gün Zaqorodnı tərəfə gedib, bu pəncərənin altında dayanır və gözləri ilə sevgi nəğmələri oxuyurdu.

O, gecələr yatmır, özü-özünü aldadırdı ki, guyu gecələr döşəmənin altında vurnuxan siçana görə yata bilmir.

Səhərlər evdən çıxanda həmin dördkünc parket parçasına şirin bir nəzər salırdı – orda Mamayın elə yaxın, amma həm də elə uzaq olan xoşbəxtliyi yatırdı. İndi, dörd min iki yüz məsələsi açıb-ağardılandan sonra məsələ necə olacaqdı?

Dördüncü gün, sərçə kimi çırpınan ürəyini əli ilə tutan Mamay Zaqorodnıdakı həmin qapını döydü. O kitabı əsirlikdə saxlayan çalsaqqallı, qalınqaşlı Çernomor piştaxta arxasında oturmuşdu. Bu dəqiqə Mamayın damarlarında döyüşçü sələflərinin qanı dolanırdı: Mamay ürəkli addımlarla Çernomora tərəf yeridi.

- A, cənab Mamay! Çoxdandı görünmürsüz...Məndə sizin üçün bir şey var.

Çırpınan «sərçə»ni ovcunda daha bərk sıxaraq, Mamay süni maraqla kitabları vərəqləyirdi. Amma bu dəqiqələrdə onun gözü kürəyindəydi, o kitab vitrində gülümsəyirdi.
Mamay rəngi saralmış, 1835-ci ilin "Teleskop"unu seçib, uzun müddət qiyməti öldürməyə çalışdı, sonra əlini yellədi. Daha sonra tülkü hiyləgərliyi ilə kitabların başına dolanıb, guya təsadüfən həmin kitaba yaxınlaşdı:

- Hm, bəs, bu neçəyədi?

«Sərçə» ovcundan sivişib, uçdu! Çernomor barmaqları ilə saqqalını daradı:

- Buna görə... sizdən…yüz əlli rubl.

- Hm...Neynək... (Ura! Vursun təbillər! Toplar guruldasın!) Hə, neynək... Sabah pulu gətirib, kitabı götürərəm.
İndi qalırdı işin ən qorxulu tərəfi – qapının ağzındakı dördbucağı qaldırmaq. Gecə Mamayın yerinə elə bil qor dolmuşdu, lazımdı, olmaz, olar, ağlasığmazdı, olar, olmaz, lazımdı...

Hər şeyi bilən, mehriban, əzəmətli, barmağında evlilik üzüyü gəzdirən Budda çay içirdi.

- Ye də, Petenka. Bu gün elə bil sənə nəsə olub... Yenə gecəni yatmamısan?

- Hə. S...siçanlar qoymur... nə bilim...

- Qoy yerə o dəsmalı, didmə! Nə olub sənə!

- Di…didmirəm...

Budu, axır ki, stəkanındakını içib, qurtardı: stəkan bu gün ona qırx vedrə su tutan çəllək kimi görünürdü. Budda mətbəxdə aşpaz qadınla qurbanvermə ayini keçirirdi. Mamay kabinetində tək oturmuşdu.

Saat on ikiyə az qalanda, Mamay özü saat kimi taqqıldayırdı. O, havanı ciyərlərinə çəkdi, qulaq verib, dinşədi, ayaq barmaqları ucunda yazı masasına tərəf getdi, kitabkəsən balaca xəncəri çıxardı.

Sonra qızdırmalı adam kimi, qapının yanına atıldı, bu vaxt keçəlinə səhər talası kimi şeh düşmüşdü, xərcərlə parket kvadratı qaldırdı və var gücü ilə inlədi!

İniltiyə mətbəxdəki Budda qaçıb gəldi və ilk gördüyü boranıya bənzər keçəl, sonra əlində xəncər tutmuş cırtdan, sonda isə kağız ovuntuları oldu.

- Dörd mini… siçanlar... Odu! Odu!

1917-ci ilin Mamayı min üç yüz neçənci ilin qəddar, amansız Mamayı kimi qapının küncünə atıldı, siçanı qapının arasına sıxışdırdı. Gözlərini qan örtmüş Mamay bir an içində qılıncı düşmənə sapladı. Əvvəl-əvvəl çətin oldu, qarpızın qabığını keçəndən sonra isə asanlaşdı, ən yumşaq yeri ötəndən sonra isə qılıncın ucu parketə dirəndi.

Son.

1920
XS
SM
MD
LG