Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

Tacgülün xəyanəti... (Günel Mövludun tərcüməsi)


-

Onun üzü elə gözəl idi, bu üzdə o qədər xoşbəxtlik vardı ki, mən harada olduğumu, hər an oba başçısının, ya da nökərlərin bura gələ biləcəyini unutdum.

Həmin gecə qonağı olduğum evin sahibinə xəyanət elədim...




Vasili Yan


TACGÜL

(Fars elinin dağlarında)


Fars elinin şimal tərəflərində, bizim xəzəryanı sərhədimizin o tayında kürd kəndləri var.

Kürdlər bura bir neçə əsr əvvəl, türk sərhədindən köçürülüb – qadınabənzər farsları cəsur türkmənlərdən qorumaq üçün. Kürdlər həm başqa cür, farslardan fərqli geyinir, həm də başqa dildə danışırlar.

Onlar yarıköçəri həyat tərzi keçirir və qoyun sürülərini də götürüb, bir müddət öz kəndlərindən dağlara köçürlər. Orda ərəb çadırlarına oxşayan qaranlıq alaçıqlarda yaşayırlar.

Onlar öz sürüləri ilə tez-tez bizim sərhədləri pozurlar. Qoyunları Kopetdağ silsiləsinin yayda belə tər otla örtülü yamaclarında otlayır. Onlar qışda, fars dağlarını boranlar bürüyüb, qar düşəndə də bizim tərəflərə köçürlər.

Mənim Xivə-Qılınc adlı bir gənc tekin dostum vardı. Skobelevin Göytəpəyə yürüşü vaxtı Xivə-Qılıncın valideynləri öz aqibətlərindən ehtiyatlanaraq, onu kürd kəndinə aparıb, onların «himayəsinə» vermişdilər.

Göytəpədəki savaşdan sonra onlar oğullarının arxasınca gəlmədilər və balaca Xivə-Qılıncı kürdlər böyütməli oldu – buna görə də o, kürdcə danışırdı. Bir az böyüyəndən sonrasa kifayət qədər varlı qohumları onu geri, öz doğma aullarına qaytardılar və o, türkmən kimi böyüyüb başa çatdı.

Fars elində, kürdlərin yanında onun özünə doğma bildiyi ailəsi, bacı-qardaş bildiyi yaşıdları qalmışdı.

Bir dəfə, ov vaxtı biz şaxtalı gecədə tonqalın yanında isinəndə, o mənə özü barədə danışdı.

- Böyüdüyüm o ailədə, - Xivə-Qılınc danışırdı, - Tacgül adlı qız vardı, məndən bir az balaca idi. Biz bacı-qardaş kimi böyümüşük. Çox gözəl qız idi. Anası fars qızı idi, alaman (yürüş) vaxtı onu Fars elindən oğurlayıb apardılar.

Mən Tacgüllə birlikdə dağlara çıxırdım. Biz orda vəhşi heyvanların necə yaşadığına baxırdıq. Daşların arasında gizlənib, çöl donuzlarının otlamağına baxırdıq. Dişiləri çox hiyləgər və həssas, erkəkləri isə çox qəzəbli olur. Balaları yanlarında olanda qabanlar qarşılarına çıxan hər kəsin üstünə atılır, iri dişləri ilə hamını parçalamağa hazır olurlar.
Tacgül çox cəsur qız idi, heç nədən qorxmurdu. Biz onunla dağlarda dağ keçisi, ceyran sürəti ilə qaçırdıq, onun gözləri mənə ceyranların qara, girdə gözlərin xatırladırdı.

Qohumlarım məni Axala gətirəndən, türkmənlərin arasında yaşayandan sonra mən həmişə Tacgülü yada salırdım. Onu başqalarından daha çox sevirdim. Əlimə balaca bir miras keçdi, buna görə də mən türkmən atlı ordusuna cigit-əsgər kimi daxil ola bildim. Özümə tekin yarışlarında dəfələrlə qalib gələn yaxşı bir at, qədim qılınc və Tacgül üçün ipək paltar aldım.

Necə oldusa, öyrəndim ki, doğmaları Tacgülü rus sərhədindən keçən Sumbar çayının yuxarı tərəfindəki kəndin varlı sahibinə ərə veriblər. Düşündüm ki, ona baş çəkiim, xoşbəxt olub-olmadığını öyrənim.

Onun ərə getdiyini eşidəndə qanım bərk qaralmışdı, axı onunla özüm evlənmək istəyirdim. Qərara gəldim ki, əgər onu zorla ərə veriblərsə, oğurlayıb, öz auluma gətirim. Kürdlər türkmənlərdən qorxurlar və özləri heç vaxt Axala gəlməzlər.

Yayda cigitləri bir aylığa evlərinə buraxanda, mən Fars elinə getdim. Sərhəddən keçmək üçün kağız-zad almadım – onsuz da o dağların hər cığırını tanıyıram. Sərhədçi məntəqələri bir-birindən uzaqdı, aralarından türkmən qaçaqmalçıları asanca o tərəf-bu tərəfə gedib-gələ bilirlər.


Mən kəndə çatanda artıq axşam idi. O kənd vadidə, dağların arasından keçən çayın kənarındadı. Bu çayı isə atla keçmək asandı. Amma yağışlar yağanda, vadini iki sajın hündürlüyündə su basır, sel qarşısına çıxan ağacları sındırır, heyvanları ağzına alıb, aparır. Bu elə vaxtlardı ki, gərək əhali dağlara qalxsın.

Mən axşama yaxın o kürd kəndinə gedəndə, Axalda hava çox isti idi, mən axşamçağı ora çatanda isə kürd kəndində əməlli-başlı üşüdüm.

Oba başçısının evinə yaxınlaşdım. Onun varlı adam olduğunu o dəqiqə bilmək olurdu. Dağın yamacı boyu çoxsaylı tikililər bir-birini əvəz eləyirdi, bütün tikililərin damı hamar idi, gecələr bu damlarda aya-ulduzlara baxa-baxa yatmaq olardı.

Mən sakitcə həyətə girib, şahə qalxmağa çalışan atımın yüyənindən yapışdım. Tacgül dama çıxdı. O nəsə qışqırdı və o dəqiqə iki kürd nökər yaxınlaşıb, atımı axura tərəf apardılar.

Tacgül böyümüş, əməlli-başlı qadın olmuşdu. Əynində mavi köynək, dizə qədər enli şalvar vardı. Dörd qara hörüyü vardı, sinəsində gümüş, qızıl bəzəklər cingildəyirdi. Başında isə artıq qız deyil, ərli qadın olmağının nişanəsi – qırmızı yaylıq vardı.

Tacgül bir neçə xoş söz dedi, qardaşının gəlişinə çox sevindiyini hiss elətdirdi.
Oba başçısının üç evi yamac boyu, bir-birindən hündürdə tikilmişdi. Kürən, cır tülkü dərisindən kürk geymiş oba başçısı ikinci evin artırmasında göründü.

Gördüm ki, oba başçısı məndən çox varlıdı. Mənim olanım at, yaxşı qılınc, bir də quru cigit-əsgər maaşıydı. Amma gördüm ki, oba başçısının yanaqları çöküb, üzü quruyub, gözlərinin ağı saralıb, baxışları isə çox tutqundu. O dəqiqə başa düşdüm ki, o tiryakidi, həşiş xəstəsidi.

Ürəyim gülləylə vurulmuş quş kimi ayağımın altına düşdü. Tacgül bədbəxt qadın idi, onun uşağı olmayacaqdı! Bu tiryaki arvadı ilə sevişə bilmir...Amma mən kədərləndiyimi büruzə vermədim, oba başçısının dayandığı artırmaya çıxanda onu qardaş kimi salamladım.

Onunla xalçanın üstündə oturub, nökərlərin gətirdiyi çaydan içirdik, mən ona bizim Axalda baş verənlərdən danışırdım. Oba başçısı isə mənə nə qədər var-dövləti, neçə baş mal-qarası olduğundan danışdı.

Biz plov yeyəndə Tacgül yaxınlaşıb, ərinin arxasında dayandı. O qadınına fikir vermədi, hətta bircə dəfə də olsun, ona oturmaq təklif eləmədi. O özü də az yeyirdi, hiss olunurdu ki, çox zəif adamdı.

Söhbətin ortasında oba başçısı qalxıb, mənə məhəl qoymadan qonşu otağa keçdi. Mən onun gecə lampasını yandırdığını, yanakı uzanıb, çubuğunu çırağa tutub, alışdırdığını və yuxulayana qədər tüstünü sinəsinə çəkdiyini gördüm...

O yatdığı müddətdə, mən Tacgüllə söhbət elədim.

O özünün necə çoxlu başlıq qarşılığında varlı oba başçısına ərə verilməyindən danışdı. Bu məbləği qızın ailəsinə ona görə ödəmişdilər ki, bu adam tiryək çəkməyi tərgitsin. Valideynləri düşünürmüş ki, cavan, gözəl qızla evlənsə, oba başçısı sağalar. Amma toydan yarım il keçməsinə baxmayaraq, bu adam hələ də arvadına yaxın durmayıb.

Tacgülə yazığım gəldi. Ondan soruşdum ki, mənim oba başçısını öldürməyimi istəyirmi?

Tacgül cavab vermədi, ancaq gözləri ilə əri yatan otağı göstərdi.

Gözləri açıq, həzzlə dolu, amma hərəkətsiz üzlü oba başçısı yerində uzanmışdı.

Bir-birimizə baxdıq.
- Bacımla niyə yaşamırsan? - soruşdum.
- Mənimçün fərqi yoxdur, - dedi.
- Sən onu sevirsən?
- Hə.
- İstəyirsən, o sənin arvadın olsun?
- Hə.
- Onunla yaşayacaqsan?
- Mənim üçün fərqi yoxdur.
- Mən onu özümlə Axala aparacağam!
- Mənə dəxli yoxdu. Xoşbəxt olun, mənə də mane olmayın...

Gördüm ki, tiryək çəkəndən sonra onun kefi elə sazdı ki, bu dəqiqə onun evini dağıtsam da, yandırsam ki, vecinə olmaz.

Bıçağımı çıxardım, amma oba başçısının tükü də tərpənmədi.

Tacgül əlimdən yapışdı:

- Toxunma, indi onun ruhu Məhəmmədin cənnətindədi...

O məni ən hündürdəki evə apardı, biz dama çıxıb, xalçaların üstündə oturduq. Günəş dağların ardında gizləndi, göy üzü qana boyanmış kimi qıpqırmızı qızardı. Bacıma onu Axala aparacağımı deyəndə, onun üzündə sevinc nişanəsi görməyəndə, içim göynədi.

Bu evin damı o birilərindən hündür idi, burda bizi heç kim görmürdü. Həndəvərdəki qayalıqların başında əyri-üyrü budaqları şaxələnmiş püstə ağacları ucalırdı.

Gördüm ki, Tacgül çox narahatdı. O susdu, iki dəfə ayağa qalxıb, aşağı düşmək istədi. Dırnaqlarını gəmirirdi, deyəsən həm vicdan əzabı çəkir, həm də məndən utanırdı.

Məsələnin nə yerdə olduğunu başa düşdüm, ürəyim sızladı. Dizimi qucaqlayıb, oturdum.

- Əgər belə istəyirsənsə, çəkə bilərsən, - dedim, - amma burda çək, mən də sənə baxacam.

Tacgül aşağı enib, balaca çıraq, çubuq və qara qutu ilə qayıtdı. Sonra mənə yaxınlaşıb, əlimdən öpdü:

- Beləcə otur, tərpənmə. Mən sənə baxacam, səni düşünəcəm. Həmişə belə eləyirəm. Mənə elə gəlir ki, biz yenə səninlə daşların arası ilə qaçırıq, dağın gündöyənində, gözəl zanbaqlar və lalələrlə dolu yamaclardayıq, günorta günəşinin od kimi qızdırdığı daşların üstündə otururuq. Sənin məni necə əzizlədiyini görürəm. Əvvəllər heç vaxt yaşamadığım həzzi yaşayıram....

O, naxışlı kürd xalısının üstünə uzandı, başını ipək üzlü yastıqçaya söykəyərək, balaca əlləri ilə tiryək çübüğü hazırlamağa başladı.

Hava elə sakit idi ki, çırağın tüstüsü düz göyə qədər qalxırdı.

Tacgül tiryək tüstüsünü sinəsinə çəkənə qədər sakit-sakit danışırdı. O, qəribə sevinc ifadə edən, geniş açılmış gözlərilə mənə baxırdı. Tədricən onun gözləri, baxışları tamamilə donuqlaşdı...

O, qollarını yana açdı, indi mən ona baxmağa utanırdım.

Sonra o, kürəyi üstə uzandı, onun avazımış üzünün necə dəyişdiyini, qəribə ifadələr aldığını gördüm. Ona həm yazığım gəlir, həm də ona nifrət edirdim! Ən çox da ona görə qəzəbli idim ki, indi o mənə deyil, göy üzünə baxır, bəlkə də orada başqasını görürdü.

Ona yaxınlaşdım, diz üstə çöküb, onun avazımış sifətinə baxdım. Onun üzü elə gözəl idi, bu üzdə o qədər xoşbəxtlik vardı ki, mən harada olduğumu, hər an oba başçısının, ya da nökərlərin bura gələ biləcəyini unutdum.

Həmin gecə qonağı olduğum evin sahibinə xəyanət elədim...

Tacgül özünə xeyli sonra gəldi və hələ uzun müddət hərəkətsiz uzandı.

O indi ətrafda hər şeyi necə eşitdiyini, hiss elədiyini danışmağa başladı. Dedi ki, həndəvərdə torpağı burnu ilə dinşəyən vəhşi donuzların xorultusunu eşidir. Dedi ki, mənim ürəyimin döyüntüsünü eşidir. Yorğun-arğın ayağa qalxıb, paltarını düzəldəndə başa düşdü ki, mən artıq onun əri olmuşam.

O özünə gəlir, qorxmağa, titrəməyə başlayırdı. Onu xeyli sakitləşdirməli oldum.

Ona dedim ki, elə bu gecə mənimlə birlikdə Axala getsin. Dedim ki, orda o mənim arvadım olacaq, heç kim də ona heç nə deməyəcək.

Hava artıq tamam qaralmışdı, dağların arasından ay çıxdı, bütün qayaların kölgələri cin əlləri kimi həndəvərə uzandı.

Bu vaxt mehriban, xoşbəxt sifətli, ünsiyyətcil bir adama çevrilmiş oba başçısı da gəlib çıxdı. İndi oba başçısı da, Tacgül də əməlli-başlı dirçəlmişdilər. Onlar tez-tez ora-bura gedir, danışır, əl-qol atır, səbəbsiz gülürdülər. Oba başçısı məni fıstığa, pendir və şirniyyata qonaq eləyir, özü də çoxlu yeyirdi. O necə böyük adam olduğundan, hamının ona qulaq asmağından, ondan çəkindiyindən qürurla danışırdı.

- Mən qədim kürd nəslindənəm, - o danışırdı, - mənim bütün babalarım xan olub. Mənə gərək təkcə oba başçısı deyil, Məmməd xan desinlər...Mən onların hamısına göstərəcəyəm! Onlar biləcək mənim kim olduğumu! – o yumruğunu harasa, dağlara tərəf silkələyərək, danışırdı. – Mən kürdlərin hamısını yığıb, Axala hücum eləyəcəm! Bir ilxı axal atı oğurlayıb, Fars elinə gətirəcəm, Tehrana aparıb, baha qiymətə satacağam!..Ən gözəl atı da şaha aparacağam! Mən hiyləgər adamam, mən bilirəm kimə hədiyyə vermək lazımdır. Şaha Məşhəddən gözəl bir oğlan uşağı da gətirəcəyəm. Buna görə şah məni sevəcək, mənə qızıl qılınc və zabit paltarı bağışlayacaq! Qubernator təyin eləyəcək!.. Mən də səni, Xivə-Qılınc, alaya başçı təyin eləyəcəm. Alayı sən idarə eləyəksən, mən kimi desəm, o adamın canını alacaqsan!..

Oba başçısı belə danışırdı. Onun gözləri qarşısında döyüşlər canlanır, o, xəyalən qoşunlara əmr verir, kiməsə hücum edir, talayır, aparırdı...

Sonra o, aşağı düşdü, mən Tacgüllə ikilikdə qaldım.

O çox şən idi, uşaqlığımızdakı kimi gülür-danışırdı. Onun gözləri ulduz kimi parlayırdı. O mənimlə Qaraqum çölündə yaşamaq istəməyindən, birlikdə o qumluqda, dəvələrin, qoyun sürülərinin otladığı o yerlərdə necə xoşbəxt yaşayacağımızdan, uşaqlarımızdan, gözəl xalçalar toxuyacağından danışırdı...

Sevinirdim, biz şərtləşdik ki, hamı yatandan sonra dağları aşıb, buralardan qaçaq. O, kişi paltarı geyinib, tapança və bıçaq götürüb, gəlməli və biz oba başçısının ən yaxşı atlarını minib, qaçmalı idik.

Mənə elə gəlirdi ki, keçmiş sağlamlığı, həyatsevərliyi artıq ona qayıdıb. Aşağı düşəndə o, qulağıma pıçıldadı:

- Heyif ki, bu qədər vaxtı bir-birimizdən ayrı yaşamışıq! Niyə axı biz o qədər vaxtı uşaq olmuşuq, bir-birimizi sevdiyimizi başa düşməmişik!..

Aşağı düşüb, atıma baxdım; o, yorğun və ac idi. Nökərlər ona arpa verməmişdilər, qabağında allahın samanı da yox idi. Arpa və saman tapıb, atımı yedirdim. Oba başçısının atlarına da baxdım, - onları da yaxşı yedirmirdilər. Mənim komandirim Mergen ağa bu atları görsəydi, belə at yiyəsinə bir yumruq ilişdirərdi!

Evin damındakı xalçanın üstünə uzandım, əllərimi başımın altına qoyub, ulduzların sayrışdığı göy üzünə baxaraq, xeyli beləcə qaldım. Sakitçilik idi, hardasa inəklərin və dəvələrin boynunda zınqırovlar səslənirdi. Hərdən dağlarda hansısa çaqqalın uzun, zəhlətökən ulartısı başlayır və həndəvərdə kəndə yaxın durmağa qorxan digər çaqqallar da öz anlaşılmaz mahnaları ilə onun səsinə səs verirdilər.

Ay artıq dağlara enib, ağappaq ağarmış, zəifləmişdi. Ətraf tamam zülmət içində idi. Tacgül artıq çoxdan gəlməli, mənə hamının yatdığını və özünün hazır olduğunu deməli idi. Ondan narahat olub, sakitcə aşağı düşdüm...

Hamı bərk yatmışdı. Aşağıdan oba başçısının nökərlərinin xorultusu eşidilirdi. Böyük otaqdan keçəndə ayağım kiminsə uzanılı bədəninə ilişdi. Bu, Tacgül idi - o ölü kimi uzanmışdı. Qaldırmağa çalışanda bədəni ikiqat əyilir, şax dayana bilmirdi. O tamamilə huşsuz idi.

Kibriti alışdıranda, onun yanında söndürülmüş çıraq və tiryəklə dolu çubuğu gördüm. O yenə tiryək çəkib, məni, yeni həyatımızı, hər şeyi unutmuşdu.

Onu hardasa bu halda görsəydim, bəlkə qılıncla doğrayardım. Amma mən onun qonağı idim. Bizdə, aulda tiryək çəkən, saçları dağınıq, gözləri ifadəsiz qadınların hamının gülüş yerinə çevrildiyini yadıma salandan sonra mən daha yubanmadım.

Nökərlər bərk yatmış olsalar da, onları oyadıb başa saldım ki, gecə ikən, hələ hava aydınlanmamış getməliyəm, çünki gün işığında sərhəd açıq görünür və sərhədçilər məni tuta bilərlər.

Onlardan xahiş elədim ki, əvəzimdən oba başçısına və Tücgülə təzim eləsinlər, sonra atımı minib, dağları aşaraq, şimala yol aldım. Beləliklə mən tək qaldım, hamişə də cigit kimi yaşayacağam...

- Sən sonralar oba başçısının evinə getdin? – mən ondan soruşdum.

- Hərdən yolum oralardan düşəndə baş çəkirəm, - Xivə-Qılınc dedi. – Tacgül gəlişimə çox sevinir, amma oba başçısı ondan da çox sevinir.

1909

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG