Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18

Təqaüd, az təqaüd, özəl təqaüd...


-
«Seçkidən əvvəl guya pensiyanı artırdılar. Ancaq belə artımdan nə fayda? İki gündən bir həkimə gedirəm, hər dəfə filan qədər dərman yazır. Dərmanlar da od qiymətinə. Ala bilmirəm. İndi həkim resept yazıb, ancaq almağa imkanım yoxdur».

Bakı sakini Səlmi Babayeva təqaüdçüdür, 68 yaşı var. Deyir oğlu, qızı ailə qurandan sonra tək yaşayır. 100 manat pensiya alır. Dərdli-dərdli əlindəki dərman reseptini göstərir. Az əvvəl aptekdə bu dərmanlara görə ondan 45 manat istəyiblər. O da «ala bilməyəcəyəm» deyərək aptekdən əliboş çıxıb.

«CÜZİ ARTIM DƏRDƏ DƏRMAN DEYİL»

Azərbaycandakı təqaüdçülərin əksəriyyəti Səlmi Babayeva kimi, özü demiş, «gününü birtəhər – yarıac, yarıtox, dərmanının birini alanda birini ala bilməyən, ürəyi istəyən çox şeydə gözü qalan» ahıllar, yaşlı insanlardır.

Təqaüdçülər deyir ki, hər dəfə cüzi artımdan dərdlərinə dərman olmur. Avqustun 27-də əmək pensiyalarının baza hissəsini artırmaq barədə prezident sərəncamından sonra da belə oldu. Sentyabrın 1-dən yaşa görə əmək pensiyasının baza hissəsi 85 manatdan 100 manata çatdırılıb. Bakının təqaüdçü sakinləri arasında keçirilən küçə sorğusunda da rəyi soruşulanların çoxu aldıqları təqaüdün bahalaşma sürətiylə ayaqlaşmadığını bildirdi:

PENSİYAÇI: «MƏNƏ AZI 200 MANAT VERMƏLİDİRLƏR»

– Yalandan camaatı aldadırlar... Pensiya qalxırsa, bazarda da qiymətlər 10 dəfə qalxır. Camaat pis vəziyyətdədir.

Pensiyaçılar

Pensiyaçılar

– Bugünkü pensiya bizi heç vaxt razı sala bilməz. İndi zibilpulu ödəməkdən gəlirəm. Ailədə üç nəfərik. Hələ ən kiçik ailədir bizim ailə – 9 ay üçün 8 manat 10 qəpik ödəmişəm.

– O artım bir neçə çörək eləyir. Bu da köməkdir, razıyam. Pensiya nə qədər qalxsa, ona da min şükür.

– Pensiyalar az, dolanışıq çətindir. Anam pensiyaçıdır, xəstədir, indi xəstəxanaya gedirik.

– Bu nə puldur, nə artımdır? Mənə azı 200 manat pul verməlidirlər ki, nəyəsə çatsın.

– Pensiyanı artırır, o yandan da bazar bahalaşır. Yenə həmin şey olur.
– Yəqin bu cür artım, heç olmasa, kommunal xərcləri ödəməyə kömək edər. İşıq, ya da qazpuluna bir az köməyi dəyər.

– Birdəfəlik bilsinlər ki, 10 manat, 20 manat artımla heç nə olmur. Bazar bahalıqdır, axı. Hara gedirsən, hər şey bahadır. Heç nəyi də çatdırmaq olmur. 10 manat artımla nə etmək olar? Hər şey də qalxır. 5 manat, 3 manat qazanmağa da imkan vermirlər.

– Gündə 5 qutu siqaret çəkirəm. Bu pensiya heç siqaretimə də çatmır. Hələ kommunal xərcləri, başqa məsrəfləri demirəm.

– 5 ay əvvəldən deyirlər ki, pensiyalar qalxır. Ondan əvvəl bazardakı qiymətlər, özü də bir neçə dəfə çox qalxır. Elə həmin şey olur.
Səlim Müslümov

Səlim Müslümov


– Pensiyanı artırıblar. Ancaq bu artım heç nəyə kömək etmir. Artım deyil ki!.. Axı paralel şəkildə bütün ərzaqların da qiyməti qalxır. Buna artım deyirlər. O heç lazım da deyil.

– Bilmirəm bu pensiya ilə dərman alım, yoxsa dolanım?!

– Qadınları 60 yaşına çatınca pensiyaya çıxardırlarsa, bu yaşda qadın harada işləyəcək? Heç iş də yoxdur.

NƏ? ÖZƏL PENSİYA?

Bir müddət əvvəl Azərbaycanda özəl pensiya fondlarının yaradıla biləcəyinə dair fikirlər səslənirdi. İndi əmək və əhalinin sosial müdafiəsi naziri olan Səlim Müslümov ötən il – Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən demişdi ki, bununla bağlı qanunvericilik sənədi üzərində iş gedir:

«Qarşıdakı illər ərzində qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı nəzərdə tutulur».

Səlim Müslümov onu da demişdi ki, bütün bunlar «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» ilə müəyyənləşdirilmiş tədbirlər planına uyğun həyata keçirilir.

Nazim Məmmədov

Nazim Məmmədov

Ancaq həmin özəl fondlardan hələ səs-soraq yoxdur. Təqaüdçülər «özəl pensiya fondu? Pensiyanın da özəli olar?» deyib təəccüblənirlər. İqtisadçılar isə yeni sistemin pensiyaçılara özəl üstünlüklər gətirə biləciyindən söz açırlar.

«HƏR PENSİYAÇIYA, AZI, 330 MANAT TƏQAÜD VERƏ BİLƏRDİK...»

İqtisadçı Nazim Məmmədovun sözlərinə görə, özəl pensiya fondlarının da nəzərdə tutulduğu islahatlar pensiya sisteminin təkmilləşdirilməsinə dair 2015-ci ilədək görüləcək işlərə daxildir. Onun fikrincə, dövlət özəl pensiya fondlarına lisenziya verəndən sonra bu işə diqqətlə yanaşmaq lazımdır:

«Özəl pensiya fondlarının fəaliyyəti şəffaf olmalıdır. O pullar hansı layihələrə yatırılır, hansı yollarla gəlir əldə edilir və s. Dövlət Sosial Müdafiə Fondu, ilin yekunlarına əsasən, pensiyaları illik inflyasiyaya uyğun kompensasiya edir. Bu, ancaq onun sığorta hissəsinə şamil olunur. Pensiya fondu işlədiyimiz zaman ödədiyimiz pulu, əslində, iqtisadiyyata yönəltməlidir. Özəl pensiya fondlarının müxtəlif nəzarət funksiyası da var. Amma bizim kimi iqtisadiyyatı oturuşmamış ölkələrdə özəl pensiya fondlarının mənfi imici formalaşıb. Bizdə 1 milyon 270 min pensiyaçı var. İşləyənlər də təqribən 1 milyon 500 min muzdlu işçidir, 2 milyon 300 min qeydiyyata düşənlərdir. 4 milyon 600 min nəfər iqtisadi fəal varsa, işsizlik faizini 5 faiz sayanda bir pensiyaçıya 3 nəfər düşür. Əhali potensialımız baxımından belədir. Bu o deməkdir ki, hər pensiyaçıya ən azı 330 manat təqaüd vermiş olardıq».

Əli Məsimli

Əli Məsimli

Nazim Məmmədov deyir ki, kölgə iqtisadiyyatı, vergidən yayınma, inhisarçılıq, məmur özbaşınalığı olmasaydı, pensiyaçının təqaüdü həmin məbləğə çata bilərdi.

PENSİYAÇI VƏ «DAHA MARAQLI İKİNCİ HƏYAT»

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, özəl pensiya fondlarının fəaliyyəti azad bazar iqtisadiyyatının əsas özəlliklərindən biridir:

«Bu, inkişaf etmiş ölkələrdə kifayət qədər tətbiq olunan üsuldur. Öz arzusundan asılı olaraq, kim istəyirsə, özəl pensiya fonduna qatılır. Bunun risk tərəfləri də, müsbət tərəfləri də var. 2008-ci ilin qlobal maliyyə böhranı zamanı risklər özünü göstərdi və xeyli problem yarandı. Özəl pensiya fondunun müsbət cəhəti odur ki, daha səmərəli fəaliyyətə yol açılır. Azərbaycanda pensiyanın məbləği aşağıdırsa, istəyir özəl, istəyir dövlət, maaşlar yüksək olmalıdır ki, yığım da artsın. O halda pensiyaçı yüksək səviyyədə təqaüd ala bilər. Maaş yüksək olanda o istədiyi qədər ödənişlər verir və pensiyaya yaşı çatanda daha maraqlı ikinci həyata başlayır – Almaniyadan Avstraliyaya, İndoneziyaya, Malayziyaya səfərə çıxır».

Bakılı xəstə təqaüdçü Səlmi Babayeva isə təqaüdünün azlığına görə, xarici səfər qalsın bir yana, şəhərdən 15 kilometr aralıda – Binəqədidə yaşayan bacısını görməyə taksiylə də gedə bilmir.

Şərhləri göstər

XS
SM
MD
LG