Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:34
-
«Böyüyəndə nazir olacam. Ev tikəcəm».

Bu, Xaçmazın Çarxı kəndində yaşayan 10 yaşlı Tunarın arzusudur.

Babası Salman Hüseynov deyir, bu istək Tunarda yox yerdən yaranmayıb. Hər gün yarıqları ilə üstünə axan divarlar, çökən tavan, üstündə ehtiyatla addımladığı döşəmələr nəvədə böyüyəndən sonra ev tikmək istəyi yaradıb.

ÇARXIDA BİR AİLƏ VAR...

Kəndi gəzib-dolaşıb bu qapıya təsadüfən gəlib çıxdıq. Salman kişi əlikameralı müxbir gəldiyini eşidər-eşitməz yaxası medallı pencəyini geyinib qarşımıza çıxır. Yaşadığı şəraitdən bir qədər sıxıntı keçirsə də, «islanmışın yağışdan nə qorxusu» deyib bizi həyətə dəvət edir.

Bu ailənin yaşantıları evin qapısından bəlli. Boyası illərə qarışıb silinib getmiş bu sınıq, taxta qapıdan içəri keçirik. Sınıq-salxaq, ayağımızın altında titrəyən pilləkənlərlə otağa qalxırıq. Salman kişi çiyinlərində yükünü daşıdığı ailənin güzəranından danışır:

«Bu kənddə doğulmuşam, burda da yaşayıram. Evimiz başımıza dağılır. Baxan yoxdur. Özüldən tavana kimi divarlar yarıq-yarıqdır. İcra başçısının yanına gedirəm, məni içəri buraxmırlar. Qapıdan qovurlar. 3 ildir yollardayam. Axırda çarəm kəsildi, İlham Əliyevə, Mehriban xanıma məktub yazdım».

RUZİ-BƏRƏKƏTİN QAÇAQ DÜŞDÜYÜ EV

Salman kişi yazdığı məktubların cavabı üçün hələ də kənd poçtuna gedib gəldiyini deyir. Ümid edir ki, bir gün məktubuna cavab alacaq. Sözün birini burada buraxıb o birinə keçir. Yaxasındakı ordeni göstərir:

«Böyük Vətən Müharibəsi iştirakçısı olmuşam. İki ordenim vardı, birini Bakıda metroda yaxamdan qopardıb qaçdılar».

Gülüstan Hüseynova

Gülüstan Hüseynova

Gülüstan Hüseynova evin xanımıdır. 37 ildir Çarxıya gəlin köçüb. Deyir, bu evin dadı-duzu Sovet hakimiyyəti süqut edəndə sovrulub. Elə bil ruzi, bərəkət 25 ildir bu ev-eşikdən qaçaq düşüb:

«Bu evdə 7 nəfər yaşayır. 35 il işləmişəm, vur-tut 141 manat təqaüd alıram. Dolanışığımız da gördüyünüz kimi... Ünvanlı sosial yardım vermirlər ki, mal-qaranız var. İki malımız vardı, onlar da zəhərlənib öldülər. Ev-eşik də ki... 3 ildir bu vəziyyətdəyik. İcra başçısının yanına buraxmırlar. «Kənd soveti» də, bələdiyyə də vəziyyətimizi yaxşı bilir».

Gülüstan Hüseynova deyir ki, ümidləri vaxtilə banklara qoyduqları əmanətə olub. Düşünüblər ki, nə vaxtsa özlərinə qaytarılar, ev-eşiyi ağ günə çıxararlar. Bu da gözləntilərinin sonu:

«Cəmi 200 manat pul verdilər. Demək olar ki, vaxtilə banka qoyduğumuz pullar batdı».

MÜHARİBƏ VETERANI 200 MANATDAN NİYƏ İMTİNA ETDİ?

7 nəfərlik ailə nənəylə babanın təqaüdü ümidinə ayaqdadır. 141 manat nənənin və onun yarısı qədər babanın təqaüdü…

Rayon icra hakimiyyətindən isə deyirlər ki, Hüseynovlara ev təmirinə görə yerli bələdiyyə kömək edə bilər. Çarxı bələdiyyəsi isə bu ailəyə yardım təklif etdiyini, ancaq ailənin imtina etdiyini bildirir.

Gülüstan Hüseynova təklif olunan yardımdan imtinanın səbəblərindən danışır:

«200 manat pul təklif elədilər ki, material alıb evi təmir edək. Dedik, ev başımıza oturub, 200 manata başa gələn iş deyil axı. Dedilər, gücümüz bina çatır».

Gülüstan Hüseynova deyir, deyəsən, elə nəvənin böyüyüb ev tikməsini gözləməli olacaqlar.
XS
SM
MD
LG