Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:22
-
PENSİYAÇILARIN ÜZÜNÜ GÜLDÜRƏN YAY

«Aldığımızın çoxu kommunal xərcə, bir də ərzağa gedir».

Bunu deyən Fəridə Salmanova 63 yaşlı pensiyaçıdır. Onun fikrincə, dövlət başçısı son illərdə maaş və pensiyaları artırsa da, hətta yenə artıracağını söyləsə də, heç kimin üzü gülmür ki, gülmür:

«Bu pensiya heç nəyə çatmır. Pensiya qalxan kimi, ərzaq da qalxır. Hələ evpulu, işıqpulu, supulu, qazpulu... Gedib pulu alıram, gələnədək yarısı gedir. Pensiyanı ayın axırına çatdırmaq olmur. Çox çətindir, yenə yayda nisbətən nəsə almaq mümkündür. Qazpulu, işıqpulu da az olur. Nə isə... Xəstələnirsən – dərmanı var, həkimi var, yaşamaq olmur... Oruc tuturam. Ət yeməlisən ki, bir neçə saat aclığa dözə biləsən. Hələ meyvəni demirəm».

MÜƏLLİM ARZUSU – 1500 MANAT

Elçin Əliyev də, xanımı da müəllimdir. Hər ikisinin maaşı üst-üstə 600 manatı aşa-aşmaya, amma dediyinə görə, dolanışığa yetərli deyil:

- 318-319 manat maaş alıram. Təbii ki, bəs eləmir. Təkcə mənə yox, o biri müəllimlərə də bəs eləmir. Ona görə məcburdurlar ki, uşaq hazırlasınlar, başqa işlərə getsinlər ki, o boşluğu doldursunlar.

- Bəs nə qədər maaş alsanız, ailənizə yetər?

- Məncə, 1500 manat lazımdır.

Foto: Arxiv

Foto: Arxiv

Elçin Əliyev də Fəridə Salmanova kimi aldığı maaşın böyük payını yeməyə xərclədiklərini deyir:

- Əsas ərzağa, kommunal xərclərə gedir pul. Qış vaxtı daha çox qaza, işığa...

- Geyiminizi neçə vaxtdan bir təzələyirsiniz?

- Söhbət 300 manata qalsa, onda gərək paltarlarımızı təzələməyək. Ancaq bir az özümüzü ora-bura vursaq, ola bilsin, paltara da pul çatsın...

«AZƏRBAYCANDA STATİSTİKA SİYASİLƏŞİB»

Prezident İlham Əliyev iyulun 18-də Nazirlər Kabinetinin iclasında deyib ki, ölkənin valyuta ehtiyatları 48 milyard dolları aşıb. O eyni zamanda, maaşların da xeyli artdığını bildirib:

«Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb, inflyasiya isə cəmi 2 faiz olub. Maaşlarda artım qeydə alınıb, orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir».

«Ölkə başçısı maaş və pensiyaları artırsa da, niyə azlıq edir?» sualını iqtisadçı Natiq Cəfərli belə cavablayır:
Natiq Cəfərli

Natiq Cəfərli


«Əlbəttə, əhalinin gəlirlərində müəyyən artım var. Büdcə artır, bundan sonra maaşlar 5 faiz artır. Amma gizli inflyasiya da gedir. Ərzaq bahalaşır. Bütün bunları - normal iqtisadi göstəriciləri hesablamaq üçün indikatorları əvvəldən bilmək lazımdır, verilən rəqəmlər dəqiq olmalıdır. Amma Azərbaycanda statistika siyasiləşib, icra qurumlarının diktəsinə tabe edilir».

Natiq Cəfərli deyir ki, rəsmi rəqəmlərlə beynəlxalq qurumların rəqəmlərinin üst-üstə düşməməsi də bundan qaynaqlanır:

«Hətta rəsmi rəqəmlər də təsdiqləyir ki, gəlirlərin böyük hissəsi ərzağa xərclənir. Azərbaycan hökuməti bu rəqəmin 50 faizə qədərinin ərzağa xərcləndiyini bildirsə də, beynəlxalq qurumlar başqa rəqəmlər ortaya qoyur: gəlirlərin 75-80 faizi ərzağa gedir. Amma normal ölkədə ərzağa gəlirin 10-12 faizi xərclənir. Dolayı göstəriciləri götürəndə, əhalinin gəlirinin real artımı ilə nominal artımı arasında kəskin fərq var».

Natiq Cəfərlinin fikrincə, başqa ölkələrdə hökumət yaşayış minimumunu həmkarlar ittifaqı ilə danışıqlar nəticəsində müəyyənləşdirir, amma Azərbaycanda bu qərarı hökumət təkbaşına verir:

«Nəticə də ortadadır».

Şərhləri göstər

XS
SM
MD
LG