Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:53

Dağılır yastığıma başqa qadın saçları...


Kürçaylı Məmmədov
Kürçaylı Məmmədov
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Onun çapa münasib bildiyi əsərləri təqdim edirik. Çap sırası şərtidir.


Kürçaylı Məmmədov


ŞEİRLƏR


***

Səndən bir parça tapa bilmədim
yaşadığım şəhərdə.
Dəniz də,
axşam da,
işıqlar da bəhanədir
səni xatırlamağa...
Xatirələrinin istisinə qızınmaqdı
işdən sonrakı yaşamaq,
Bir az bu yağışlı şəhərin yağışında yuyunmaqdı,
bir az dənizi yoluxmaqdı,
Anamın rayondan göndərdiyi yeməklərin
elə zənbildə qalmasıdı,
Kirayə qaldığım evin
qoca sahibəsinin
sənə yazdığım şeirləri dinləyib
gözlərinin dolmasıdı
səndəki uzaqlıq.
Bir də sübhədək qucaqlamaq var yuxusuzluğu,
Sığal çəkmək,
ovutmaq var
başını çiynimə qoyan uğursuzluğu...

25.05.2013


***


Eynidir səni xatırladığım gecələrin hamısı,
Həminkidi otağımdakı səssizlik,
sənsizlik həminkidi taleyimdə.
Qapımı da döyən yoxdu ki,
səndən danışım bir az,
varlığından,
yoxluğundan danışım.
Soruşum ki,
unutmaq necə olur?
Rəngi,
ölçüsü,
özü...

23.05.2013



***


Uzaqdakı yaxınlarımıza vurulduq,
xoşbəxt olduq uzaqların yaxın təsəllisinə.
Bir az darıxdıq,
ən uzaq gecələrdə itirdiklərimizə,
Bir az öyrəşdik,
ovunduq ayrılıq nəğmələriylə.
Dənizə dərdimizi söylədik,
yatmayıb sübhədək gecəyə söykəndik,
Səhər açılınca günəşi qarşıladıq yuxulu gözlərlə...
Yad şəhərlərdə doğma axtardıq
uzaqlarımızdakı yaxınlardan danışmaq ücün,
Yoxdu heç kim,
tək qaldıq...
Ovutmadı kimsə adamsızlığımızı,
Uzaqdakı yaxınlarımızın varlığı qədər,
Vurulduğumuz qədər onlara...

02.06.2013


***


Yoxsan, elə uzaqsan
səhər açıla bilmir.
Daha şəkillərindən
üzümə işıq düşmür.

Dağılır yastığıma
başqa qadın saçları.
Özgə bədənə qızır
yatağımın sol yanı

Siqaret kimi çəkdim
bütün xatirələri.
Yarı sən, yarı sənsiz
tütün xatirələri.

Səni axtardım yenə
musiqi notlarında.
Səhərin günəşində,
gecənin qatlarında.

Kaş yenidən dönəydin,
yenidən doğulaydın.
Üzülən ümidlərə
bir baş daşı qoyaydın.

Sonra üzünü sürtüb
o daşa, hönkürəydin...
Uzaq, elə uzaqsan
nə fərqi ki bu dərdin.

Gözlərini unutmaq
asan deyil, bilirsən.
Yaxşı ki bu taleyə
gülümsəyə bilirsən...
XS
SM
MD
LG