Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Onun çapa münasib bildiyi əsərləri təqdim edirik. Çap sırası şərtidir.


Mahir Qarayev


ANLAMAQ DƏRDİ


Mirzə Cəlil Məmmədquluzadənin unudulmaz xatirəsinə və Anara dərin ehtiramla


KEFLİ İSGƏNDƏRİN YEDDİ MONOLOQU


BİRİNCİ MONOLOQ

Şeyxim,
lotu şeyxim,
salam-əleykim!

Busə ver – barışaq! Əl ver – görüşək!

Diyar həmin diyar,
Kənd də o kənddi;
Sənə indən belə şəkk edən – eşşək,
Sənə indən belə qəşş edən – atdı!

Bu həmin məzarlıq,
bu həmin məzar,
Bu həmin bazarlıq,
bu həmin bazar –

…elə məmləkət də o məmləkətdi...

Heç məraq etmə, heç!
Buyur, arağımdan-çaxırımdan iç!..

Bu divar –
gil divar, qara daş divar;

Bu diyar –
qul diyar, qaravaş diyar;

Bu yurd –
o gördüyün Danabaşdı var!

Hördüyün divardı –
daşı daş üstdə,
Gördüyün diyardı –
leşi leş üstdə;

Şeyxim,
lotu şeyxim, qırxlotu şeyxim,
həmin Danabaşdı – başı baş üstdə...

Buyur, tamaşa et!
Məraq etmə heç!
Arağımdan nuş et, şərabımdan iç!..

Billah
o gördüyün xaraba kənddi,
həmin məmləkətdi, rəzil məmləkət –
sağılan-soyulan qısır məmləkət,
bir həsir, bir məmmədnəsir məmləkət!

Həmin muşqulatlı,
həmin peşəli,
gecəsi-gündüzü kefli-nəşəli;
allahsızı – kərbəlayı, məşədi,
ateisti – hacı olan məmləkət!

Müxtəsəri,
xülasəsi, qərəzi
bir övrətdi, bir sərvətdi mərəzi,
bir əlində daş, birində tərəzi –
peyğəmbəri tacir olan məmləkət!


İKİNCİ MONOLOQ

Xudaya,
min rəhmət Xudayar bəyə -
oğruya, əyriyə, gədaya, səyə!..

Bu kənddə,
kənd boyda bu məmləkətdə
anası ləçərlər ha budu – darğa,
xalası göyçəklər ha budu – katda;

Sənə şəkk eləyən yabıdı, atdı,
eşşəkdi – qoy getsin anqırmağına!

Qoy getsin –
anqırıb tayını tapsın;

qabağına sümük,
qabına yal tök –
əl tulası kimi payını tapsın;

gic köpəklər kimi ulduza hürsün,
hirsindən zənciri-xaltanı qapsın!

Ya da qoy hər gecə
xoruztək banlasın səhərə qədər,
qurd kimi ulasın qiyamətəcən...

Şeyxim,
lotu şeyxim,
məraq etmə heç –
arağımdan buyur, şərabımdan iç!..

Bu nərdtaxta dünya zər şəklindədir –
şeşi də qaradır,
yeki də qara;

Bu dünya hər vaxtda şər şəklindədir –
ciki də qaradır,
biki də qara!

Şeyxim,
lotu şeyxim, di ver əlini –
beşgünlük dünyanın beşi də sənlik;

Silkələ,
çalxala, tulla zərini –
yeki də sənlikdir, şeşi də sənlik!

Hamı oyunçudur,
hamı daş tutur –
gündüz baş saxlayır, gecə baş tutur!

Di əl ver görüşək!
Zərini at di!
Sənə indən belə şəkk edən – eşşək!
Qəşş edən – qatırdı, yabıdı, atdı!


ÜÇÜNCÜ MONOLOQ

İsfahandan adla,
İstanbula keç,
İstər qabağa qaç, istər dala keç –
Məğribdən Məşriqə hər yer toçkadı;

Şeyxim,
lotu şeyxim, məraq etmə heç:

bir ucu Astara,
bir ucu Culfa,
bir ucu Kərbəla, bir ucu Xayfa –
bu dünya bir bazar, bir talkuçkadı!

Hər kəs bu bazarda bir arşın-malçı,
hər kəs tutub durub
öz qəpiyindən;

Biri alverçidir, biri veralçı –
Araz aşığından!
Kür topuğundan!

Hamı kəndirbazdı,
hamı ip kəsir –
üzdə çörək kəsir, dalda cib kəsir!

Di dur,
lotu şeyxim,
canın bibəla –
içinin-çölünün qurdunu öldür,
öldür bala-bala öz azarını;

Allah bazar versin,
azar verməsin –
buyur, lotu şeyxim, aç bazarını!


DÖRDÜNCÜ MONOLOQ

Bu sövda
bir pırpız pər şəklindədir –
şəvə-saqqalların hənası bəlli;

Bu səhra
bir qızmış nər şəklindədir –
dəvə-baqqaların mayası bəlli;

Bu dünya
gülöyşə nar şəklindədir –
nəvə-naqqalların həyası bəlli!

Çaqqallar hamısı tükünü töküb,
tüklü bildiklərin keçəl-dazdılar;
Uca Həcc yolunun yükünü çəkib –
tülkülər hamısı beçəbazdılar!

Öldür azarını,
qırxlotu şeyxim –
allah qüvvət versin, aç bazarını!..

Onsuz da bu kənddə,
bu məmləkətdə
katdası da bazdır, darğası da baz,
atlısı da bazdır, yorğası da baz;

Qız göstər –
görərsən axtası da baz,
Qoz göstər –
görərsən qarğası da baz!

Öldür azarını,
qırxlotu şeyxim –
allah qüvvət versin, aç bazarını!..

Ölüsü sənlikdi, dirisi sənlik,
dərisi sənlikdi, gerisi sənlik,
nazlısı-duzlusu sənlikdi - nuş et!

Qara çadralısı, ağ pudralısı,
mərmər əndamlısı, cağ baldırlısı,
yumru yanbızlısı sənlikdi – cuş et!


BEŞİNCİ MONOLOQ

Şükür qədəminə-qəddinə, şeyxim!
Şükür behiştinə, qiyamətinə!
Şükür qələminə-cəddinə, şeyxim!
Şükür kərəminə, kəramətinə!

Bu kənddə,
kənd boyda bu məmləkətdə

biri turançıdı,
biri qurançı –
qurdpərəsti düşmən odpərəstinə,
xaçpərəsti peşman bütpərəstinə;

Bu kənddə,
kənd boyda bu məmləkətdə

biri haqsevəndi,
biri şahsevən –
dastançısı öyməz azançısını,
islamçısı sevməz ozançısını...

Qəmin kəm!
Min kərə şükürlər sənə –
Şükür kərəminə, qırxlotu şeyxim!

Sən qıyan candayıq –
canına sağlıq!
Sən qoyan gündəyik –
şükür bu günə!

Muştuluqlar olsun!
Mübarək olsun!
Gözün aydın olsun, kefin kök olsun!
Gen olsun, bol olsun, itətök olsun!

Kəmağıl hərzələr,
paxıl gürzələr –
vicdanı şikəstlər, ruhu zəlillər
çıxdılar heyfini Mirzə Cəlildən;

yatmağa qoymadı
əqrəb xisləti –
tikan tək Anarın böyründə bitən,
kandarında yatan anarxistləri...

Haşa,
lotu şeyxim,
haşa, min haşa!
İraq! Səndən iraq! Səndən gen olsun!

Yaşa,
lotu şeyxim,
səni min yaşa!
Sənə şəkk gətirən tünbətün olsun!


ALTINCI MONOLOQ

Bu nərdtaxta dünya zər şəklindədir –
Min şükür!
Zərin bol,
Daş tutanın – bol;

Bu dünya bir qızmış nər şəklindədir –
Min şükür!
Nərin bol,
Baş tutanın – bol;

Bu dünya hər vaxtda şər şəklindədir –
Min şükür!
Şərin bol,
Şarlatanın – bol!

Tünbətün dünyada
zor sənin zorun –
gorbagor dünyada gor sənin gorun;

Şükür kərəminə,
qırxlotu şeyxim! -
yer sənin, göy sənin, yol sənin yolun!

Zor sənin zorundur –
bu kəndin katdası, darğası sənsən;
Yol sənin yolundur –
bu yolun atlısı, yorğası sənsən!

Sənə göz düzəldib qaş qayırana
bu yer qənim olsun,
göy qənim olsun;

Fışdırıq çalıban zurna qoşana
İsrafil kökləyən
züy qənim olsun!

Şeyxim,
lotu şeyxim, məraq etmə heç!

Xətası-bəlası
səndən min haşa!
Səndən iraq olsun! Cəhənnəm olsun!

Sən allah,
buyur keç yuxarı başa –
qədəmin mübarək, qəmin kəm olsun!


YEDDİNCİ MONOLOQ

Bu köhnə məzarlıq həzz dünyasıdır –
qədəmin mübarək,
evin mübarək;

Arşın dünyasıdır, bez dünyasıdır –
kəfənin mübarək,
kefin mübarək!

Buyur,
lotu şeyxim, qırxlotu şeyxim!
Göstər kərəmini, kəramətini!
Göstər behiştini, qiyamətini!

Zər sənin zərindir,
tor sənin torun –
çalxala zərini, at kəməndini;

Çər sənin çərindir,
çor sənin çorun –
çap, qırxlotu şeyxim, çap səməndini!

Dərə xəlvət dərə –
dərədə təksən!
zərrəcə çəkinmə, kefini çək sən!

Əlimiz-vəlimiz bizim bilinmir –
bizim Əlimiz də,
Vəlimiz də bir;

Ölümüz-dirimiz bizim bilinmir –
bizim Ölümüz də,
Dirimiz də bir!

Nəbada qorxasan bir ölümüzdən,
nəbada hürkəsən bir dirimizdən;
Çaşıban bir addım geri çəkilmə –
zərrəcə çəkinmə heç birimizdən...

Nə bizə xəcalət, nə sənə zəhmət –
yoxdur ölüsünü diri istəyən;
məmmədə-əhmədə-həsənə rəhmət!
kimdi əlisini geri istəyən?!..
kimdi vəlisini geri istəyən?!

Buyur,
lotu şeyxim, qalx dərgahına!
xurafat mülkünü zarafata çək;
qaldır əllərini haqq dərgahına –
bu qəbir əhlinə bir salavat çək!

Tək səbir...
Cüt səbir...
Səbir – səbirdi!

Daş qəbir...
Boş qəbir...
Qəbir – qəbirdi!

Ələyi ələkdi,
xəlbiri xəlbir –
ölüsü... dirisi... hamısı birdi!..

Ayıran kafirdi,
bölən kafirdi,
kişidi, övrətdi, kordu, kifirdi –
hər gədaya rəhmət, hər bəyə rəhmət!

Buyur,
lotu şeyxim, qalx dərgahına!
Qaldır əllərini haqq dərgahına –
oğruya... əyriyə... doğruya... düzə...
hər oğraşa rəhmət!.. qəhbəyə rəhmət!..


UVERTÜRA

Nə çoxdu dünyada şeir yazanlar –
bir deyil,
yüz deyil,
min deyil, atam;

Şairin şerinə qəbir qazanlar
bir deyil,
yüz deyil,
min deyil, atam –

şeirlər yazıram, çap olunmasın!

Şairlər dünyanın dərdini yazar,
dərdlər tapışarlar, arxalaşarlar;

Hər şeir
şairin qəbrini qazar:
islam qəbirləri – Nəsimiləşər,
ispan qəbirləri – Lorkalaşarlar...

Hadilər içinin dərdini yazar,
dərdlər üzə çıxar, adiləşərlər;
Hər şeir Hadinin qəbrini qazar –
qəbirlər bir ucdan Hadiləşərlər...

Nazimlər yurdunun dərdini yazar,
şarkılar Nazimin farkına enməz;
Şarkılar Nazimin qəbrini qazar
və Nazim Gülhanə parkına dönməz,
yurduna qayıtmaz, barkına dönməz...

Şeirlər yazıram,
çap olunmasın –
sən mənim halıma acıma, dostum!

Son şair asılar sonuncu dəfə,
son şair soyular... yenə də əbəs!
Yenə də açılar sonuncu dəfə
sonuncu şairə sonuncu məhbəs!

Çeynəyə-çeynəyə sonuncu şair
sonuncu dərdini – ölər acından;
Göynəyə-göynəyə sonuncu şair
asılar şeirinin dar ağacından!

Öz dərdim, öz yasım özümə bəsdir,
doğmaca göz yaşım gözümə bəsdir;
qanımın qarası üzümə çıxıb,
qələmin qarası sözümə bəsdir –
şeirlər yazıram, çap olunmasın!

Daşın tanrısı var – uludan ulu,
göyün durnası var – qəribdən qərib;
qulun tanrısıyam, tanrının qulu! -
hər gecə ümidlə yerimdən durub
şeirlər yazıram çap olunmasın!

Sən mənim halımaacıma, dostum:
oxudum gecəmin tənhalığına;
oxudum anama-bacıma, dostum,
oxudum məhbəsin qaranlığına;

oxudum içimdə lap xısın-xısın,
bir dəfə yazmışdım, min dəfə pozdum!
Şeirlər yazıram çap olunmasın –
sən mənim halımaacıma, dostum!..


SON NÖQTƏ

Hər şey hədərmiş...
Bu gün də, bu həftə də,
bu şerin sonluğuna
bir azdan qoyacağım nöqtə də.

Bu siqarın tüstüsü,
bu qapının cəftəsi,
bu divarın güzgüsü, bu çiçəyin ətri də;

o çərtdiyin qələmin,
o yırtdığın dəftərin
əyri-üyrü cizgisi, qara-qura xətti də –

hər şey, hər şey hədərmiş...

Ən qısa şeir də,
ən uzun nəsr də,
ən yorucu şəhər də,
ən üzücü fəsil də bitərmiş.

Yetərmiş,
gec-tez sona yetərmiş
min birinci gecə də,
min ikinci küçə də;

yorulduğun o döngə,
burulduğun bu tin də,
oturduğun o kətil, yatdığın bu mitil də...

Heç bir fərqi yoxmuş
gecin, ya tezin;
Heç bir sirri yoxmuş
gedər-gəlməzin –

gedənlər
bir daha gəlməzmiş demə,
gələnlər gedərmiş…
hər şey hədərmiş.

Sevgi dedikləri
bir qara həvəsmiş, bir qara qanmış;
Ömür dedikləri
bir quru nəfəsmiş, bir quru canmış...

O da buracanmış,
bura qədərmiş...
hər şey hədərmiş.

İtərmiş
hər şeyin mənası,
Kədərmiş
əvvəli, sonrası.

Günü günə calasan da
gün çatmayan ötən günlər;
əl çatmayan,
ün yetməyən
bütün aylar, bütün illər
unudulub gedərmiş…
hər şey hədərmiş.

Hər şey alın yazısı,
hər şey qədərmiş –

keçdiyin yol
seçdiyin yol deyilmiş;
seçdiyin yol
keçdiyindən betərmiş...

***

Hədər olmayan
yalnız bircə sözdü, bircə sətirdi –
o da nə yazılmış, oxunmuş nə də;

Qalan hər şey hədərdi –
son nöqtənin önündəki bu misra,
bu misranın sonundakı nöqtə də...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG