Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:30

Ailə portretinin atasızlığı... (Seçmə şeirlərdən)


Namiq Rəssam
Namiq Rəssam
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Onun çapa münasib bildiyi əsərləri təqdim etməyə başlayırıq. Çap sırası şərtidir.


Namiq Rəssam


AİLƏ PORTRETİNİN ATASIZLIĞI

Atalar günəş kimidir.
Qızılgüllərə həyat axıdar,
Ana qucaqlarında...
...və bir ana,
Bir qayğı gəmisi,
Bağçasını gözyaşı ilə sularkən,
Günəşə bənzəmək istəməzmi, sizcə, bütün qızılgüllər?
Mən çəkdiyimi, kimsə çəkməsin.
Mən bilirəm, İsa bir peyğəmbərdir,
bütün qalanlar onun plagiatıdır.
Məhz bu üzdəndir, İsanın atasızlığı...
Bu üzdən inqilab qadından başlayır.
Bu üzdəndir, mərhəmətin ixtirası.
və, əlbəttə, mən də hiss edirəm,
Bütün hiss edənlər kimi.
Ailə portretlərindəki nanəcib atasızlığı.
Anaların üzündən...
Analar qızılgüllərini qanlarıyla bələyərkən,
Bir ata çıxıb gedər...
Soyuq olar...
Qaranlıq olar...
Üşüyər... elə hey üşüyər...
Analar...
Qızılgüllər...
və tikanlar...


ÇILPAQLARIN MARŞI (ZAUR RZALIYA)

Biz ikimiz də çılpağıq,
Əncir yarpağı yalan çıxdı.
Sən də təksən, mən də təkəm.
Allah bizə şərik çıxdı.

Yaxınlarda bir qatar var,
Qaçırdıq qatara doğru.
Qaçırdıq yalan üstündən
Qaçırdıq doğruya doğru.

Ayrı-ayrı yollarla biz
Tələsirdik yolsuzluğa.
Biz xoşbəxt idik, sanırdıq,
Yol aparır sonsuzluğa.

Ayağıma daş ilişdi.
Yıxıldım, yolum qısaldı.
Məna yox olubdur, nədir?!
Mən çoxaldım?! O azaldı?!

Tələsməyin faydası yox.
O gedən qatar boş imiş.
Həqiqəti bağıranın
Səs telləri heç yox imiş.

Biz ikimizdə çılpağıq.
Saxtalar qoy öyünməsin.
Söykə belini belimə.
Ayıbımız görünməsin.


TELEQONİYA

Biz ki, pis adam deyilik, Tamerlan.
Arada olur... olur arada, belə ki,
Nə birinci olursan, nə də axırıncı.

Bu eyniləşmə içində,
Siqaretin qiyməti qalxdıqca,
Ciyərlərinin dəyəri düşən
Fərqli-fərqli oxşarlarıq.

Aydınlığı/dumansızlığı unudub,
Şeirin bizə hansı millionsuzdan miras qaldığını
xatırlamağa çalışmayan
Yəni atasından miras ummayan
Mən - böyümüş, peşəkar terrorist Qavroş.
Sən...

Xəyallarımızı kirayə versəkmi, deyirəm.
Sən nə deyirsən?
Pul istəmərik...
Bizi başa düşmələrini...
Pul nəyimizə lazımdır?
Biz balığı əllə tuta biliriksə,
Qarmaq nəyimizə lazımdır?
Bizi anlamalarını istəsək?

...................................

Əl çəkin, sevgi istəmərik!
İndi kvazimodaları heç kim sevmir.
Çiskinin, dumanın, anladıqlarımızın
içində...
"hu..." çəkən bikəs əcdadımızın
Yoxluğunu xatırlamaq istəməyən
Fərqli-fərqli oxşarlar...

Yəni mən böyümüş, peşəkar terrorist Qavroş.
Sən... sən... sən...

Qorxma, kim olduğunu demərəm.
Mən ki, pis adam deyiləm.
Arada olur... olur arada, belə ki,
Nə birinci olursan, nə də axırıncı...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG