Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Onun çapa münasib bildiyi əsərləri təqdim etməyə başlayırıq. Çap sırası şərtidir.


Hacıbala Səfərov


Çəhrayı qoxulu qız üçün

mәlәk olmaq üçün mütlәq deyil,
insanın qanadlarının olması.
bir qadını sevsәn,
bir uşağı böyütsәn,
balasını itirmiş bir pişiyi ovutsan,
bir qapıda gözlәsәn,
gәlmәsә dә gözlәsәn,
bir kitabı qorusan,
bir ağacı yaşatsan,
bir acı doydursan,
bir kәdәri susdursan,
bir 20 qәpiklә pul istәyәn xalaya
bayramını duydursan,
bircә nağıl uydursan,
bir sevgilik ölmәsәn vә yaşasan,
kim bilir,
bәlkә dә,
124 min birinci sәn ola bilәrsәn.

17.04.2013


Ölümün adlıq halı

Sәhnә 1

yağışlı qış gecәsi.
fevral ayının son bazar günü.
qaranlıq küçә.
uzaqdan düşәn maşın işığı.
yerә düşmüş cәsәd.
başına yığılmış insanlar.
qulaqlarda gәzәn pıçıltı.
sevgi vә cavanlıq sәhvi.
minillik bir uydurma.

Sәhnә 2.

bakı.
gecәqondu evlәr.
әn kәnarda sәssiz bir ev.
hörümçәklәrlә әhatәli divarlar.
ağ örtüklü yataq.
78 yaşlı unudulmuş qoca.
ağır-ağır alınan sonuncu nәfәslәr.
hәyata edilәn sonuncu gülümsәmә.
gözdәn axan bir damla yaş.
sonuncu nәfәs.
qapını döyәn ölüm.
hәmişә tez gәlәn qonaq.

Sәhnә 3.

divar saatı.
vaxtını gözlәyәn hamilә qadın.
son on dәqiqә.
doğum anı.
koridora yayılan qadın bağırtısı.
üç saniyәlik sükut.
uşaq ağlaması.
dәhlizdә sevinәn ata.
qarşısıalınmaz qanaxma,
oğluna gülümsәyәn ana.
cәhәnnәm vә cәnnәti yaşayan hәkimlәr.
gözlәrini yuman qadın.
ağlaması dayanmayan körpә.
sevinclә gözyaşının sintezi.
atanın böyük xәyalları.
ananın kiçik sualları.
körpәnin hәyatı anlamamaq cәhdi.

25.02.2013


Şeir haqqında

(Elməddin Süleymanova ithafən)

bir müdrik insan demişdi ki,
sadə yazmalısan şeiri.
hamının anlayacağı şəkildə olmalıdı.
boş otaq, boş stol
və onların ətrafındakı boş stullar kimi sadə.
çörək qırıntılarını evinə aparan
siçanın yeməyi kimi şirin olmalıdı şeir.
yağışlı bir gündə ayaqqabısı cırıq olan
uşağın avtobusu gözlədiyi
müddət qədər olmamalıdı
sözlərin arasındakı məsafə.
realist olmalıdı şeir
Avstraliyadakı emular kimi bilinməyən olmamalıdı.
quş olub, amma uça bilməyən pinqvinlər kimi
bədbəxt olmamalıdı,
nə də Eyfelin 1111-ci pilləkənində
evlənmə təklif etməyə bənzəyəcək dərəcədə xoşbəxt.
barların birində son saatlarını yaşayan
QİÇS xəstəsi kimi həyata söyməməlidi şeirlər.
yeniyetmə sevgililərin üsyan edən
hissləri kimi də olmamalıdı,
rahatlıq hiss etdirməlidi insana.
ən əsası sadə olmalıdı şeir,
bəzən iki üstəgəl ikinin beş etdiyi qədər sadə.

01.02.2013

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG