Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:48

Ana alışqanı qızına verən polisin cəzalandırılmasını tələb edir


Foto: Arxiv
Foto: Arxiv
-
«Polis işçiləri torpaq sahəmizə gəldilər. Dedilər ki, sahəni tərk edin, bura başqasına satılıb. Mən bildirdim ki, sahə başqasına saxta sənədlə satılmışdı, o sənədi də ləğv etdirdim. Bizi zorla polis şöbəsinə aparmaq istədilər. Qızım öz üstünə neft tökdü, polislərə dedi ki, bizi rahat buraxmasanız, özümü yandıracağam. Polislərdən biri cibindən alışqan çıxarıb qızıma uzatdı, dedi, «yandırmayan kişi qızı deyil»».

TORPAQ MÜBAHİSƏSİNİN ALOVU...

Gəncədə məskunlaşmış Kəlbəcər köçkünü Gülöyşə Kərimova «Qaynar xətt»ə Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinin əməkdaşlarından şikayət edib. Deyir, 16 il əvvəl aldığı torpaq sahəsini zəbt etmək istəyənlərlə çəkişmələrinin izləri 14 yaşlı qızı Almazın bədəninə həmişəlik həkk olub. Ananın dediyinə görə, özünü yandıran qızının bədənindəki dərin yanıq izləri bundan sonra çətin ki, keçib gedə. O, bu izlərin yaranmasında polisləri günahlandırır:

«Qızım nefti üstünə onları qorxutmaq üçün tökmüşdü. Gördü, ipə-sapa yatmırlar, az qala bizi sürüyə-sürüyə polis şöbəsinə aparmaq istəyirlər, neftə əl atdı. Polislər onun bu hərəkətinə rişxənd etməyə başladılar. Onlardan biri alışqanı cibindən çıxarıb qızıma uzatdı. Qızım qeyri-ixtiyari olaraq alışqanı yandırdı və özü də od tutub yanmağa başladı».

«DAĞITDIQLARI EV-EŞİYİMİ YENİCƏ BƏRPA ETMƏYƏ BAŞLAMIŞDIM Kİ...»

Gülöyşə Kərimova yaranmış torpaq mübahisəsindən də danışır:

«Mən 16 il əvvəl pul verib 18 sot torpaq sahəsi almışdım. Torpaqda ev-eşik də tikmişdim, özümün 3, arvadı və özü vəfat etmiş qaynımın 2 yetimini orda saxlayıb böyütmüşəm. Bir də xəbər tutdum ki, Gəncədəki bir məhkəmənin sədri ilə Nizami rayon polis şöbəsinin təhqiqatçısı Vaqif Hümbətov əlbir olaraq mənə məxsus torpaq sahəsini saxta sənədlə öz adlarına keçiriblər. Gəlib ev-eşiyimi uçurtdular, özümüzü də küçəyə tökdülər. Mənim şikayətlərimdən sonra torpağın 6 sot hissəsinə olan sənədi ləğv etdirə bildim. Hadisədən 4-5 gün əvvəl ora yığışıb dağılmış ev-eşiyi təzədən düzəltməyə başladım. Martın 6-da polis işçiləri gəldilər ki, çıx, bura başqasının yeridir. Mən onlara sənədlər təqdim etdim ki, torpaq yenidən özümə qaytarılıb. Ancaq baxmaq da istəmədilər. Axırı da belə bitdi».

Gülöyşə Kərimovanın fikrincə, polis işçisi nə düşünübsə, torpağın öz adına sənədləşdirdiyi hissəsini sonradan başqa bir qohumunun adına keçirib.

Gülöyşə Kərimovanın həyat yoldaşı Şamil Kərimli isə prezidentə müraciət etdiyini deyir:

«Almaz anasına zor tətbiq edərək onu sürüyə-sürüyə polis şöbəsinə aparmaq istəyən polislərin hərəkətinə dözə bilməyib, üstünə neft töküb. Polis işçisinin ona verdiyi alışqanla özünü yandırıb. Mən prezidentdən xahiş edirəm ki, ailəmin üzləşdiyi bu haqsızlığa göz yummasın. Daxili İşlər naziri Ramil Usubovdan xahiş edirəm ki, bu hadisəni olayı diqqətdə saxlasın».

«O QIZIN HƏYATINI ELƏ POLİS XİLAS EDİB»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə «Qaynar xətt»ə bildirib ki, araşdırma zamanı hadisənin başqa cür baş verdiyi bəlli olub:
Orxan Mansurzadə
Orxan Mansurzadə

«Martın 6-da bir nəfər Nizami rayon Polis Şöbəsinə Kəlbəcər köçkünü Gülöyşə Kərimova tərəfindən torpağının zəbt olunmasından və tikinti işləri aparılmasından şikayət edib. Ərazi üzrə sahə müvəkkili ora gedəndə tikintinin şahidi olub. Tikintini dayandırmağı tapşıraraq hər birini şöbəyə dəvət edib ki, məsələni orda aydınlaşdırsınlar. Gülöyşə Kərimova şöbəyə getməkdən imtina edib. Qızı Almaz Kərimova isə neft götürərək öz üstünə töküb və alışqanla özünü yandırıb. Sahə müvəkkili qızın həyatını xilas etmək üçün onu torpağa atıb və alovu söndürüb. Sonra da təcili yardıma və polis şöbəsinə zəng edərək məlumat verib. Ancaq nədənsə Gülöyşə Kərimova qızının yanmasında polis işçilərini günahlandırır».

Orxan Mansurzadə Nizami rayon Polis Şöbəsinin əməkdaşı Vaqif Hümbətovun mübahisəli torpaq sahəsi ilə hər hansı əlaqəsini təsdiqləmir:

«Vaqif Hümbətov, şikayətçinin dediyi kimi, təhqiqatçı yox, əməliyyat müvəkkilidir. Mübahisəli torpaq sahəsinə isə heç bir aidiyyəti yoxdur».

ARAŞDIRILIR

Gəncə şəhər Prokurorluğundan «Qaynar xətt»ə bildirilib ki, Gəncə şəhəri, Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisindəki 6 saylı yataqxanada məskunlaşmış 1998-ci il təvəllüdlü Almaz Kərimova özünə od vuraraq boynundan, əllərindən yanıq xəsarətləri alıb. Əvvəl Gəncədəki 3 saylı xəstəxanaya yerləşdirilib. Xəsarətlərinin ağır dərəcəli olduğu nəzərə alınaraq sonradan o, Bakıdakı 5 saylı şəhər Klinik Xəstəxananın yanıq şöbəsinə gətirilib. Elə xəstəxanadaca Almaz Kərimovanın, anasının və başqa ailə üzvlərinin ifadələri alınıb, araşdırma davam edir.
XS
SM
MD
LG