Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41
-
«Təkcə başında 70 xəsarət olan, kəllə sümüyü iki yerdən sındırılan, bədənində sınıqlar olan oğlumun ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə yox, bədənə xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb. Ölümün üstündən 3 il keçib, mən nəinki oğlumu öldürənlərin cəzalandırılmasına, heç maddənin dəyişdirilməsinə nail ola bilməmişəm».

Qaxın Lələli kəndindən olan Aydın Süleymanov «Qaynar xətt»ə 3 il əvvəl 26 yaşlı oğlu Elvin Süleymanovun amansızlıqla döyülməsindən və xəstəxanada ölməsindən, cinayətin istintaq orqanları tərəfindən ört-basdır edilməsindən danışıb:

«2010-cu ilin iyun ayının 11-dən 12-nə keçən gecə saat 2 radələrində oğlum evdən çıxdı. Səhər saat 7 radələrində həyətə çıxanda, onu həyətimizin bir küncündə huşsuz vəziyyətdə, qan içərisində gördük. Təcili Qax rayon Mərkəzi Xəstəxanasına apardıq. Həkimlər dedilər vəziyyəti ağırdır, burda heç cür yardım etmək imkanımız yoxdur. Ona görə də Zaqatala rayon Diaqnostika Mərkəzinə göndərdilər. Diaqnostika Mərkəzində müayinə etdilər, bildirdilər ki, kəllə sümüyü bir tərəfdən tam, bir tərəfdən isə qismən sınıb. Həmin gün tam sınmış tərəfi əməliyyat etdilər. Baş həkim dedi ki, oğlunun həyatda qalmaq şansı 30-40 faizdir. 1 həftə yaşasa, kəllə sümüyünün qismən sınmış tərəfini də əməliyyat edəcəyik. Ancaq oğlum yaşamadı».

«QANA BOYANMIŞ PALTARLARI EKSPERTİZADAN GİZLƏDİLDİ»

Elvin Süleymanov 6 gün komada qaldıqdan sonra iyunun 17-də vəfat edib. Atası deyir ki, həmin günlərdə heç bir istintaq orqanı oğlunun başına gələnlərlə maraqlanmayıb:

«Oğlumu Diaqnostika Mərkəzinə yerləşdirən gün başımıza gələnlər barədə Qax polisinə rəsmi məlumat verdim. İyunun 18-də oğlumu dəfn etdik. Həmin gün evimizə bir polis işçisi gəlib, həyətdə şəkillər çəkib, gedib. Ancaq evdə olmadığıma görə mən onu görməmişəm. İyunun 21-də ölüm faktı ilə bağlı istintaq başladı, həyətə ekspert gəldi. Şəkillər çəkib getdi».

Ata oğluna məxsus geyim əşyalarının ekspertizadan gizlədildiyini iddia edir:

«Tələb etdim ki, oğlum döyülərkən əynində olmuş paltarlar da ekspertizaya göndərilsin. Çünki döyülərkən paltarları qana boyanmışdı. Ancaq Qax prokurorluğundan bildirdilər ki, xəstəxanada həmin paltarları həkimlər tullayıb. Həmin paltarların üzərində qan vardı, oğlumun vəziyyətindən vəhşicəsinə döyüldüyü açıq-aşkar görünürdü. Deməli, paltarların üstündə həm də əl izləri vardı. Ancaq paltarları yoxa çıxartdılar, məni aldatdılar ki, guya oğlum özündə olmayanda paltarlarına qeyri-ixtiyari ifrazat edib, həkimlər də tullayıb. Müstəntiqə dedim ki, camaat nəyisə təsdiq etmək üçün ayaqyolundan fakt tapıb təmizləyib istifadə edir. Siz isə olan faktı da yoxa çıxardırsınız».

HASARIN ÜSTÜNDƏKİ QAN İZLƏRİNİ KİM YOXA ÇIXARTDI?

Aydın Süleymanov oğlunun ölümündə şübhələndiyi yaxın qohumları barədə də istintaqa məlumat verdiyini deyir. Onun fikrincə, hadisəyə səbəb suvarma suyuna görə olub. Ancaq istintaq 3 ildir ki, onun bu şübhələrini araşdırmaqda maraqlı deyil:

«Oğlum öləndən bir həftə sonra təsadüfən həyət hasarımızda qan izləri tapdım. Dərhal müstəntiqə zəng vurdum. Müstəntiq gəldi, baxdı, dedi ki, qan izi deyil, pas izidir. Səhəri gün yuxudan oyanıb həyətə çıxanda gördük ki, hasarın həmin hissəsi dağıdılıb, hasarın üstündəki mamırlarda da qan izləri vardı. Mamırları və üstündə qan izləri olan 2-3 daşı söküb aparıblar. Bir daha əmin oldum ki, bu cinayət işinin ört-basdır edilməsində rayon prokurorluğunun marağı var. Çünki hasardan qan izlərinin yoxa çıxardılmasında müstəntiqin əli vardı».

Aydın Süleymanovun deməsinə görə, 3 ildə Qax rayon Prokurorluğu cinayət işi başlanmasını bir neçə dəfə rədd edib. Hər dəfə müstəntiq ona oğlunun hasardan yıxıldığını, başındakı xəsarətlərin isə at təpiyindən yarandığını deyib. Ancaq yazdığı çoxlu şikayətlərdən sonra nəhayət ki, bu yaxınlarda onu Baş Prokurorluğun yüksəkvəzifəli işçisi qəbul edib. Bundan sonra ata oğlunun ölüm faktına görə cinayət işi başlanmasına nail olub. Amma...

Baş Prokurorluq

Baş Prokurorluq

NİYƏ 126?

Ata: «Bu dəfə də bizi bir başqa cür təəccübləndirdilər. Məlum oldu ki, başında 70 xəsarət qeydə alınan, kəllə sümüyü iki yerdən sındırılan, bədənində sınıqlar, döyülmə izləri olan oğlumun ölüm işi ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (126) maddəsi ilə cinayət işi açılıb. Halbuki, oğlum xüsusi amansızlıqla döyülüb və həmin xəsarətlərdən ölüb. Cinayət işi qəsdən adamöldürmə maddəsi ilə (120) başlanmalı idi».

«İSTİNTAQ BAŞ PROKURORLUQ RƏHBƏRLİYİNİN NƏZARƏTİNDƏDİR»

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Qaynar xətt»ə bildirib ki, 29 yaşlı Elvin Süleymanovun ölüm işi ilə əlaqədar Qax rayon Prokurorluğunda 2012-ci il fevral ayının 1-də CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb:

«İş üzrə çoxsaylı dindirmə, üzləşdirmə, baxış və digər istintaq hərəkətləri aparılıb, rayon polis şöbəsinə əməliyyat tapşırıqları verilib, məhkəmə-tibb ekspertizaları təyin edilib və müvafiq rəylər alınıb. Ancaq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından cinayət təqibi üzrə icraat dayandırılıb. 26 yanvar 2013-cü il tarixdə Baş prokurorun birinci müavini tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib, icraatın təzələnməsi haqqında qərar qəbul olunub. Hazırda Qax rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir».

Eldar Sultanov onu da bildirib ki, cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG