Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:35

«İşlətdiyi çayxanaya görə haqq vermədi, narkotiklə şərlədilər»


Foto: Arxiv
Foto: Arxiv
-
Göyçay rayon sakini İlhamə Ağayeva «Qaynar xətt»imizə şikayət edib ki, bu ilin yanvar ayında Göyçay polisi həyat yoldaşı Nağı Babayevi şərləyərək həbs edib.

Şikayətçinin dediyinə görə, səbəb həyat yoldaşının işlətdiyi çayxanaya görə polis işçilərinə aylıq haqq verməməsi olub:

«Həyat yoldaşım bir müddət idi ki, icarəyə çayxana götürmüşdü. Ancaq polislər işlətməyə imkan vermirdilər. Hər gün çayxanaya biri gəlib, biri gedirdi, yoldaşımdan haqq istəyirdilər. Deyirdilər ya şöbəyə aylıq haqq ödəməlisən, ya da çayxananı işlətməyəcəksən. Buna görə yoldaşımla polislərin arasında narazılıq yaranmışdı».

«5 MİN MANAT İSTƏDİ»

İlhamə Ağayevanın deməsinə görə, bu il yanvarın 3-də çayxanaya gələn polis işçiləri Nağı Babayevi qandallayaraq rayon polis şöbəsinə aparıblar:

«Yoldaşımı gündüz saat 11-də tutub polisə aparıblar. Çayxananın açarlarını əlindən alıblar, özünü polisdə saxlayıblar, axşam saat 6-da özləri yoldaşımın iştirakı olmadan çayxanaya gediblər. Apardıqları narkotik maddəni çayxanaya qoyandan sonra qayıdıb polis şöbəsindən yoldaşımı da ora aparıblar. Elə görüntü yaradıblar ki, guya narkotik maddə elə əvvəldən çayxanada imiş».

Şikayətçinin dediyinə görə, həyat yoldaşı Nağı Babayev polis əməkdaşları tərəfindən sıxışdırılması barədə rayon prokuroruna da məlumat verib:

«Prokurora da, polis rəisinə də onu hədələyən, haqq istəyən polislərdən şikayət etmişdi. Şərlənib tutulandan sonra məni polis rəisinin müavini Faiq İlyasov şöbəyə çağırdı, Nağının azad olunması üçün 5 min manat istədi. Ondan şikayət edəcəyimi deyəndə, məni hədələdi ki, elə etmə evindən də narkotika çıxsın».

DİN: «NARKOTİK SATDIĞINI ETİRAF EDİB»

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, işlətdiyi çayxanaya görə aylıq haqq vermədiyi üçün Nağı Babayevin şərlənərək tutulması barədə deyilənlər əsassızdır:

«Göyçay RPŞ-nin əməkdaşlarının bu il yanvarın 3-də həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qarayazı kənd sakini Əbülfəz Əsgərov saxlanıb, üzərindən marixuana aşkar edilib. O, izahatında bildirib ki, həmin narkotik vasitəni Göyçay rayon sakini Nağı Babayevdən alıb. Tədbirin davamı olaraq Nağı Babayev də saxlanaraq Şöbəyə gətirilib. Hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən onun da üzərindən 1 kibrit qutusunda marixuana tapılıb. Həmin gün özünün və hal şahidlərinin iştirakı ilə onun işlədiyi çayxanaya da baxış keçirilib. Bu zaman sellofan paketdə 469.34 qram marixuana aşkarlanıb».

DİN sözçüsünün deməsinə görə, Nağı Babayev istintaq dindirməsində narkotik vasitənin həm istifadəçisi, həm də alqı-satqısı ilə məşğul olmasını etiraf edib.

Orxan Mansurzadə şikayətçinin Göyçay RPŞ-nin rəis müavini Faiq İlyasovun ondan 5 min manat istəməsini də təkzib edib. O, İlhamə Ağayevanın dediklərini əməliyyata başçılıq etmiş rəis müavininə qarşı qərəzi ilə əlaqələndirib.
XS
SM
MD
LG