Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Məhbuslardan prezidentə mesaj: burda hər şeyin öz qiyməti var


Foto: Arxiv
Foto: Arxiv
-
12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus prezident İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciət göndərib.

Məhbuslar müraciətin bir nüsxəsini «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansına ünvanlayıblar.

Sənəddə deyilir ki, cəzaçəkmə müəssisəsində 1050 nəfər məhkum saxlanılır. Burda qanunsuzluq, özbaşınalıq, korrupsiya faktları baş alıb gedir. Dustaqlar incidilir.

«BIR TELEFON ZƏNGİ ÜÇÜN 5 MANAT ÖDƏMƏLİSƏN»

Müraciət müəllifləri yazır:

«12 saylı koloniyada cəza çəkən məhbus karantində məcburi əməyə cəlb edilir. İşləməmək üçün 300 manat rüşvət verməlisən. Pulu olmayan və bu qanunsuzluğa etiraz edən məhkumlara ağır, dözülməz işgəncələr verilir. 14 günədək tək qalması nəzərdə tutulan karantində vaxtından əvvəl çıxıb baraka yerləşmək üçün 250- 300 manat rüşvət verməlisən. Yaşayış barakında aşağı yarusda çarpayıda yatmaq üçün 200 manat rüşvət ödəməlisən. Yaxınlarınla telefon əlaqəsi yaratmaq üçün qısa zəngə 5 manat ödəməlisən. Ancaq danışmaq üçün hər dəqiqəyə 1 manat ödəməlisən. Həftədə bir dəfə telefonla danışmaq nəzərdə tutulsa da, rüşvət hesabına istədiyin qədər və hər gün danışa bilərsən».

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev deyir ki, dustaqların adını sonradan incidilməmələri üçün çəkmirlər:

«Müraciəti bir qrup məhbus göndərib. Dövlət orqanlarından başqa onlar hüquq müdafiəçilərindən də kömək umurlar. Adlarını ona görə çəkmirik ki, çəksək, onlara təzyiqlər olacaq».

Sahib Məmmədov
Sahib Məmmədov
TOZ-DUMAN VƏ SUSUZLUQ

12 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonundakı Buta qəsəbəsində yerləşir. Hüquq müdafiəçiləri istər bu, istərsə yaxınlıqdakı 13 və 14 saylı cəzaçəkmə müəssisəsindən söz açanda, müəssisələrin özündən çox, yerləşdikləri ərazidən narahatlıqla danışırlar.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov deyir ki, 12 saylı cəzaçəkmə müəssisəsində sonuncu dəfə yayda olub:

«Biz hər zaman bunu qeyd edirik. Orda yaxınlıqda daş karxanası yerləşir. Küləkli havada ətraf toz-dumana bürünür. Orada su təchizatı ilə bağlı müəyyən problemlər də olur. Ancaq indiki halda onların konkret nədən narazı olduqlarını bilmirəm. Biz yayda orada olanda elə bir geniş şikayət olmamışdı».

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, əvvəllər 12 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib:
Elçin Behbudov
Elçin Behbudov

«Orada yayda da, qışda da dözülməz vəziyyət olur. Yaşıllıq adında heç nə yoxdur. Rüşvət elə hamısında var. Bunu gizlətməyin nə mənası?».

Keçmiş məhbus Babək Həsənov cəzasını qonşuluqdakı 14 saylı müəssisədə çəkib. O deyir ki, müraciət müəlliflərinin təsvir etdikləri vəziyyəti bütün həbs yerlərində görmək mümkündür:

«Cəzaçəkmə müəssisələrində rüşvət açıq şəkildə alınır və çox pis formada işgəncə verilir. Mən şəxsən bir neçə məhbusun döyülərək huşunun itirməsinin şahidi olmuşam. Orada pulsuz heç nə mümkün deyil. Pulun varsa, yaşayırsan, pulun yoxdursa, sürünürsən. Cəzaçəkmə müəssisələrində bir-birindən fərqli heç nə yoxdur. Yenə o cəzasızlıq, yiyəsizlik, rüşvət halları bütün cəzaçəkmə müəssisələrində, demək olar ki, eynidir».

PENİTENSİAR XİDMƏT: MÜRACİƏT ETSİNLƏR, ARAŞDIRAQ

Mehman Sadıqov
Mehman Sadıqov
Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyir ki, məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquqları var. Onlar üz tutsalar, şikayətlərinə əraziyə uyğun məhkəmə baxa bilər:

«Bu və ya digər məhkum, ya da təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsi rəhbərinin hansısa qərarından narazıdırsa, o, ərazi üzrə yerləşən məhkəməyə müraciət edə bilər. Eyni zamanda, Penitensiar Xidmətə, prokurorluq orqanlarına şikayətlə üz tutmaq olar. Dəfələrlə olub ki, məhkumlar müraciət ediblər. Fakt öz təsdiqini tapıbsa, günahkarlar intizam məsuliyyətinə cəlb olunublar. Bir nəfər məhkum müraciət etsə, bu, ciddi araşdırma üçün əsasdır. Söhbət ondan gedir ki, məhkumlar aidiyyəti üzrə, lap Penitensiar Xidmətə müraciət etsinlər. Bu məsələ elə-belə qalmaz. Bunun nəticəsində ölçü götürüləcək. Təbii ki, şikayətlər öz təsdiqini tapsa».

Bir neçə il öncə yerli mediada 12 saylı müəssisədə dustaqların saxlanma şəraitinə etiraz olaraq qiyam qaldırması haqda məlumatlar yayılmışdı. O zaman Penitensiar Xidmət bunu yalanlamışdı. Həmin cəzaçəkmə müəssisəsi ciddi rejimlidir. Dəfələrlə məhkum olunmuş şəxslər üçün nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG