Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:43

Məhbus məktubu: «İşgəncə burda gündəlik iş prinsipidir»


Foto: Arxiv
Foto: Arxiv
-
«İşgəncə halları burda gündəlik iş prinsipidir. 115 məhbusun xüsusi, 50 nəfərin bağlı rejimdə saxlandığı bu müəssisədə tibbi müayinə aparılsa, hepatit, vərəm və SPİD olmayan bir nəfər məhkum belə tapmaq mümkün olmaz. Bir nəfərdə bir neçə xəstəlik mutasiya edib. Dərman preparatları ya yoxdur, tapılırsa da, 10 qat artığına məhkumlara satılır. Gündə eyni «yal»dan ibarət yemək adlı zibili isə donuzların yeyə biləcəyi belə şübhə doğurur».

Bu cümlələrlə başlayan məktubu Azadlıqradiosuna Bakının Buta qəsəbəsində yerləşən 8 saylı xüsusi rejimli Cəzaçəkmə Müəssisəsindən bir məhbus göndərib. Təzyiqlərin ola biləcəyini nəzərə alaraq, reportajımızda onun adını çəkmirik.

«AZADLIĞA ÇIXMAĞIN 1 İLİ 3 MİN MANATDIR»

Məktubda sadalanan problemlər bitmir. Məhbus problemləri sadalamaqda davam edir və cəza çəkdiyi müəssisədə korrupsiyanın geniş yayıldığını qeyd edir.

Yazır ki, həbs müddətinin ¾-ü bitirmiş və azadlığa çıxma şansı olan məhbuslardan 1 il üçün 3 min manat tələb olunur. Məhkumlar standartlara cavab verməyən darısqal otaqlarda qaldıqları halda, yaxşı pul ödəyənlər 4 nəfərlik, 6 nəfərlik yerdə tək qalırlar. Məhbus müəssisə daxilindəki dükanda ərzaq məhsullarının da 5 qat baha satıldığını bildirir. Onun yazmasına görə, «Qaynar xətt» heç nəyə yaramır və bu barədə söz soruşan belə «karsa» salınır.

«MƏGƏR İNSANLARI ƏZAB-ƏZİYYƏT, İŞGƏNCƏ, AC-YALAVAC SAXLAMAQ LAZIMDIR?»

Məhbus məktubunu bu sözlərlə bitirir:

«8 saylı cəzaçəkmə müəssisəsində tüğyan edən insanlıq dramına son verə bilməyəcəksinizsə, o zaman bizi güllələyin. Artıq bu cür yaşamaqdan bezmişik. Dövləti idarə etməkdən ötrü məgər insanları əzab-əziyyət, işgəncə, ac-yalavacmı saxlamaq lazımdır?».

«MƏHBUSLAR VƏRƏM VƏ AIDS KİMİ XƏSTƏLİKLƏRİ AZADLIQDAN GƏTİRİBLƏR»

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov isə 8 saylı həbsxana barədə yazılanlarla razılaşmır. Şöbə rəisi qeyd edir ki, həmin müəssisədə vərəm və AIDS kimi xəstəliklərin daşıyıcıları varsa, onlar bu xəstəliklərə həbsxanada yox, hələ azadlıqda ikən yoluxublar:

«Belə ki penitensiar müəssisələrdə saxlanan məhkum və təqsirləndirilən şəxslərin təxminən 30 faizi narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş şəxslərdir. Yəni, onların tam əksəriyyəti narkoman olduğu üçün hepatit və AIDS kimi xəstəliklərə düçar olmaları təəccüblü deyil».

«O Kİ QALDI MƏHBUSDAN PUL ALINMASINA...»

Mehman Sadıqov dərmanların məhbuslara baha satılması barədə deyilənləri də inandırıcı saymır.
Foto: Arxiv
Foto: Arxiv
Ədliyyə Nazirliyinin tibb baş idarəsinin bu sahədə ciddi addımlar atdığını bildirir:

«O ki qaldı cəzasının 4-də 3-ü çəkmiş məhbuslardan azadlığa çıxması üçün pul alınmasına, bu, absurddur. Məhkəmənin qərarı ilə bu adam azad edilmirsə, cəzaçəkmə müəssisi rəhbərliyinin hər hansı günahı yoxdur».

Bəzi məhbusların 4-6 nəfərlik otaqlarda tək qalmasını isə şöbə rəisi belə izah edir:

«Xüsusi rejimli cəzaçəkmə müəssisələrində qanunvericiliyə uyğun olaraq məhkumlar iki kateqoriyaya bölünür. Onların bir qismi kamera tipli, digər qismi isə yataqxana tipli otaqlarda saxlanılır. Ondan irəli gələrək belə fikirlər söyləmək absurddur».

«Qaynar xətt»ə müraciət etdiyi üçün məhbusların «kars»a salınmasını da Mehman Sadıqov doğru məlumat saymır.

MƏHBUS MƏKTUBUNDA YAZILMAYANLAR

Mehman Sadıqovdan fərqli olaraq, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov 8 saylı müəssisədə məktubda yazılmayan daha ciddi problemlərin mövcud olduğunu deyir:

«Məhkumdan qabaq mən onu sizə deyirəm ki, orda vəziyyət yaxşı deyil. Neçə dəfə ora getmişəm, natəmizlik, antisanitariya baş alıb gedir. Köhnə tikilidir, yataqxanaların pəncərələri yoxdur. 8, 12, 13 və 14 saylı həbsxanaların hamısının yeri dəyişdirilməlidir».

Elçin Behbudov
Elçin Behbudov
«MƏMURLAR İSTƏYİR Kİ, ANCAQ ONLARI TƏRİFLƏYƏK»

Elçin Behbudov bildirir ki, gördükləri barədə dəfələrlə Penitensiar Xidmət rəhbərinə məlumat verib, amma vəziyyətdə elə bir dəyişiklik olmayıb:

«Bəzi dövlət məmurları tənqidləri qəbul edib onları düzəltmək əvəzinə istəyirlər ki, ancaq onları tərifləyək , kresloları altlarında yaxşı qalsın. Bu isə mümkün deyil axı. Hansı həbsxanada vəziyyət necədir, bunu cəmiyyət də bilir, orda cəza çəkənlər də».

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN HESABATINDA DEYİLƏNLƏR

«Həbsxana infrastrukturunda təkmilləşdirmə işinin davam etməsinə baxmayaraq, orada şərait çox pis olaraq qalıb. Bəziləri isə ümumiyyətlə həyat üçün təhlükəli olub. Kameralarda normadan artıq məhbusun saxlanması, normal qidalanmama, istilik və ventilyasiya sisteminin pis, tibbi xidmətin isə zəif olması həbsxanalarda yoluxucu xəstəliklərin yayılması probleminin başlıca səbəbləridir».

Azərbaycan həbsxanaları haqqında bu təsvir ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair may ayında açıqladığı illik hesabatda yer alıb.
Sənəddə həmçinin deyilir ki, həbsxanaların əksəriyyəti sovet dövründən qalıb, beynəlxalq standartlara cavab vermir. Məhbusların işləmək, yaxud peşə təlimi görmək imkanları cüzidir. Keçmiş məhbusların dediklərinə görə, həbsxana nəzarətçiləri məhbusları döyməklə, yaxud karserə salmaqla cəzalandırırlar.

Mehman Sadıqov isə ədliyyə orqanlarının inkişafına dair Dövlət Proqramı çərçivəsində beynəlxalq tələblərə cavab verən yeni müəssisələrin tikildiyini deyir.
XS
SM
MD
LG