Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

Bir barakda 125 dustaq


Foto: Arxiv
Foto: Arxiv
-
«120-125 nəfər eyni barakda yatır. Vərəm, Hepatit C və digər yoluxucu xəstələr – hamı eyni yerdə qalır. Yataqlar arasındakı məsafə heç 40 sm deyil. Qarşı yataqdakı adam nəfəs alanda, onun nəfəsini rahatlıqla öz üzərində hiss etmək olur».

SƏHƏR 7-DƏN AXŞAM 10-UN YARISINADƏK AYAQ ÜSTƏ

Müsavat Partiyasının Gənclər Komitəsinin bir ildən çox həbsdə olan sədri Tural Abbaslı belə deyir. O, müxalifətin İctimai Palatasının 2011-ci il 2 aprel aksiyasında həbs olunmuşdu. Həbsinin yarısını Kürdəxanı həbsxanasında, qalanını Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Həmin aksiyada həbs olunanlardan daha biri - AXCP sədrinin müşaviri Sahib Kərimov da 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Sahib Kərimov deyir ki, bu həbsxananın «yazılmamış» qanunları var. Həmin qanunlara görə, cəzaçəkmə müəssisəsində hər gün saat 7-də yuxudan qalxmaq lazımdır. Yatmaq vaxtı isə saat 21:30-dadır. Bu vaxta kimi qocasından, xəstəsindən, əlilindən asılı olmayaraq, heç bir dustağın beş dəqiqə olsun yatağında oturmasına belə icazə verilmir.

«TƏXMİNƏN 25 NƏFƏRİ SÜRÜYÜB APARDILAR»

14 saylı cəzaçəkmə müəssisəsində sentyabrın 9-da etiraz aksiyası olub. Bir neçə ərzində rəsmilər belə bir hadisənin baş verməsini inkar edirdilər. Ancaq hadisədən bir neçə gün sonra hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçi Vidadi İsgəndərli «Mediaforum» portalının suallarını cavablandırıb. O, sentyabrın 9-da baş verən hadisəni belə təsvir edir:

«Cəzaçəkmə müəssisəsinin rəhbərliyi etirazçıları sakitləşdirə bilmədi. Sonra 100-dən çox əsgər və 50-yə yaxın qarapaltarlı şəxs müəssisəyə daxil olub meydana hücum etdilər. Qiyama qoşulmayan dustaqları kluba yığmışdılar. Çox sayda dustaq xəsarət aldı. Daha çox qarapaltarlılar qəddarlıq edirdilər. Bəzi dustaqlar kəsici alətlərlə damarlarını doğramışdılar. Heç beş dəqiqə keçmədi ki, aksiya dağıdıldı, 120-dən çox dustağı yerə uzatdılar. Onlardan təxminən 25 nəfərini sürüyə-sürüyə maşınlara mindirib apardılar».

Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Vidadi İsgəndərli bildirib ki, təxminən 200 dustaq həbsxana əməkdaşlarının onlara qarşı qanunsuz fiziki zor tətbiqinin dayandırılması, barakların təmir olunması, yatmaq üçün normal şərait yaradılması və sair tələblər irəli sürüblər.

Vidadi İsgəndərli həbsxanadakı şəraiti belə təsvir edir:

«Guya bunların aləmində qaydaları pozan məhbuslar ilk olaraq ayaq üstə qalmalıdır. «Səhvlərini» başa düşməzlərsə, dubinka ilə döyülürlər. Yenə də etiraz eləsələr, bu dəfə onlar «karsa» göndərilirlər. Təbii ki, orada işgəncələrin ağırlığı da getdikcə artır. Daha bir nümunə deyim. Penitensiar xidmətin nəzdində vərəmli xəstələrin müalicə müəssisəsi var. Ora göndərilən xəstələrin əlləri 3-4 sutka bağlı saxlanılır. Hətta təsəvvür edin ki, onlar öz fiziki tələbatlarını elə qaldıqları yerdəcə əli bağlı ödəyirlər».

«1 SAYLI TƏCRİDXANANI ÇIXMAQLA...»

Bir müddət əvvəl İctimai Palata aksiyalarda həbs olunan üzvlərinin də iştirakı ilə həbsxanalardakı vəziyyətə dair dinləmələr keçirmişdi. Dinləmələrdə cəza çəkdikləri müəssisələrdən danışan partiya fəalları məhbuslar üçün yaradılan vəziyyətin olduqca pis olduğunu diqqətə çatdırıblar.

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının fikrincə, Azərbaycandakı əksər həbsxanalarda vəziyyət oxşardır:
Arif Hacılı
Arif Hacılı

«İlk növbədə onu demək olar ki, 1 saylı təcridxana istisna olmaqla Azərbaycandakı digər həbsxanaların hamısı standartlara cavab vermir. Orada insanların saxlanma şəraiti çox pisdir. Binalar köhnədir, avadanlıqlar köhnədir. Ərazilər kiçikdir. Məhbusların işləməsi üçün, asudə vaxtlarını keçirmələri üçün, istirahətləri üçün şərait yoxdur. Məhbuslar üçün insani şərait yoxdur».

«VƏZİYYƏT YAXŞIYA DOĞRU DƏYİŞİR»

Ombudsman yanında Milli Preventiv Mexanizm qrupunun rəhbəri Vüqar Məmmədov isə hesab edir ki, əvvəlki illərlə müqayisədə cəzaçəkmə müəssisələrində vəziyyət yaxşıya doğru dəyişib:

«Bu sahədə islahatlar aparılır. Məsələn, bu günlərdə məhkumların vəziyyətinin yüngülləşdirilməsi üçün yeni qanun layihəsi qüvvəyə mindi. Bundan başqa, biz Milli Məclisə məhbusların telefon danışıqlarının sayının artırılması ilə bağlı müraciət etmişik. Bunlar hamısı yüngülləşdirici hallardır.
Foto: Arxiv
Foto: Arxiv
Amma əlbəttə çatışmazlıqlar da var. Əsasən həbsxanalardakı şəraitlə bağlıdır. Amma hazırda əsas maliyyə bu istiqamətə yönəldilib və yeni müasir standartlara uyğun cəzaçəkmə müəssisələri inşa olunur».

Vüqar Məmmədov 14 saylı cəzaçəkmə müəssisəsində aksiyadan sonra oraya yollandığını və baş vermiş hadisənin yerindəcə araşdırıldığını deyir. O, məhkumların bəzi etirazlarını haqlı, bəzilərini isə haqsız edir. Vüqar Məmmədov bildirir ki, məhkumların xüsusilə yaxınlıqdakı daş karxanasının fəaliyyətinə dair iradlarını haqlı sayır. Məhkumlar həmin karxananın işini səhhətlərinə ciddi ziyan vurduğunu deyirlər. Bununla əlaqədar Ombudsman Elmira Süleymanova Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ədliyyə Nazirliyinə müraciət edib.

«CƏMİYYƏTİN ÖZÜ BİR HƏBSXANADIR»

Sentyabrda Gürcüstan həbsxanalarından birində məhbuslara qarşı zorakılıqları göstərən videonun yayılmasından sonra Daxili İşlər naziri və həbsxanalar üzrə nazir istefa verdi. Yüzlərlə insan küçələrə axışıb baş verən hadisəyə öz etirazlarını
Hikmət Hacızadə
Hikmət Hacızadə
bildirdilər.

«FAR Center» Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, Azərbaycanda bu cür hadisələrə reaksiyanın olmamasının əsas səbəbi cəmiyyətin özünün bir «həbsxana» olmasıdır:

«Fəalların döyülməsi, jurnalistlərin təqib olunması – biz bunları hər gün görürük. Buna görə də, həbsxanada kiminsə döyülməsi, işgəncəyə məruz qalması xəbəri bizi təəccübləndirmir. Çünki bizdə çöl də içəri kimidir. Biz hamımız həbsxanadayıq».

«2012-Cİ İLDƏ CİDDİ POZUNTU OLMAYIB»

Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin üzvü Sahib Məmmədovun fikrincə isə, həbsxanalardakı problemlərə sistemli yanaşılmalıdır:

«Burada prinsipial məsələ odur ki, bu cür hallar baş verəndə, ona operativ reaksiya var. Dövlət strukturları bunun qarşısının alınmasına yönələn tədbirlər görürlər. Ən pisi isə odur ki, aşağıda baş verənlərə yuxarılar göz yumurlar».

Sahib Məmmədov
Sahib Məmmədov
Sahib Məmmədov deyir ki, 2012-ci ildə onlara həbsxanalarda ciddi qanun pozuntuları haqda məlumat daxil olmayıb. Yeganə hal bir cəzaçəkmə müəssisəsində dustaqların soyuq havada saxlanması və yataqlarına buraxılmaması ilə bağlı olub. Həmin cəzaçəkmə müəssisəsinin rəhbərliyi penitensiar xidmətdən uzaqlaşdırılıb. Ancaq Sahib Məmmədov bu söylədiklərini yalnız Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələrinə şamil edir. Deyir ki, Azərbaycanda əsas zorakılıq və qanun pozuntusu halları müvəqqəti saxlanma təcridxanalarında olur. Burada isə ictimai nəzarət məhdudlaşdırılıb.
XS
SM
MD
LG