Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

Keçmiş məhbus: «Yenidən o həyata qayıtmaqdan qorxuram»


Arxiv foto: Bakıdakı qadın həbsxanasında məhbus
Arxiv foto: Bakıdakı qadın həbsxanasında məhbus
-
«Ona kimi hər şey yaxşı idi. Deyib-gülən, şən qız idim. Ondan sonra əsəbi oldum, hamıya ilişən birinə çevrildim» deyir.

Sevinc Hüseynova 10 il narkotik istifadəçisi olub. İstifadə normasını aşdığından 9 ay 28 gün həbsxana həyatı yaşayıb. Bu günlərdə azadlığa buraxılıb. Ancaq nə qalmağa yeri, nə də yaşamağa pulu var. Penitensiar xidmətdən vəd edilən yardım da dadına çatmayıb:

«DEDİLƏR BİZDƏ YER YOXDUR»

«Həbsxanada olanda deyirdilər – «çıxanda qalmağa yer, pul, iş problemin olmayacaq». Nömrə verdilər. Həbsdən buraxıldığım gün həmin nömrələrə bir-bir zəng elədim. Dedilər «bizdə yer yoxdur». Onlar mənə gecələmək yerinə və sənədlərimə görə lazım idilər».

Sevinc indi «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin Qadın Sığınacaq Mərkəzində qalır. Bir müddətlik. Sığınacağa üz tutmağı anası məsləhət görüb – hələ həbsə düşməzdən əvvəl. Bəlkə tutduğu yoldan çəkinər deyə...

«Anam deyirdi ki, get ora. Bu yoldan çəkindirərlər səni, kömək edərlər. Razılaşmışdım. Getmək qismət olmadı, tutuldum... Həbsdən çıxandan sonra heç yer məni qəbul eləmədi, qismət bu günə imiş. Gəldim sığınacağa».

Bakıda Qadın həbsxanası
Bakıda Qadın həbsxanası
Sevinc hazırda, iş axtarışındadır. Ancaq heç kim ona iş vermir, «Həbsdə yatana yerimiz yoxdur» – deyib qapıdan qaytarırlar:

«Sənədim, savadım yoxdur. Ancaq yığışdıra, qab yuya bilərəm».

2007-ci ildə «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası» haqqında qanun qəbul edilib. Qanunun tələbinə görə, ölkədə keçmiş məhbusları cəmiyyət həyatına uyğunlaşdıran mərkəzlər yaradılmalı, onlara tibbi, psixoloji, hüquqi yardım göstərilməlidir. Keçmiş məhbuslara müvəqqəti yaşayış yeri də verilməlidir.

AĞRILARIM SOVUŞDUQCA...

«İlk vaxtlar həbsdə çox əziyyət çəkirdim. Tez çıxıb narkotik istifadə etmək istəyirdim. Sonradan, ağrılarım sovuşduqca, doğru davranmadığımı, tutduğum yolun yaxşı yol olmadığını anladım».

Sevinc həbsxanada yatdığı dövrlərdə özünü daxilən dəyişdirdiyini də deyir:

«Yadıma düşürdü anamın başına nə oyunlar açdığım. Çox pis olurdum. Öz-özümdən iyrənirdim ki, yəni mən belə şeylər eləmişəm?».

Sevinc iş tapmaq, çalışıb-başını qatmaq istəyir. İşlər tərs gedərsə, yenidən o yola qayıdacağından qorxur:

«Mənə deyirdilər ki, həbsdən çıxırsan, amma üzündə sevinc yoxdur. İndi fikirləşirəm ki, hamısı qorxudandır. Yenidən o həyata qayıtmaqdan qorxuram».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsinin əməkdaşı Sərvər Hüseynov keçmiş məhbusların işlə təmin olunmaq müraciətini qarşılıqsız qoymadıqlarını deyir:

«1309 nəfər müraciət edib, onlardan 284 nəfəri işlə təmin olunub».

REABİLİTASİYA MƏRKƏZİ OLACAQ

Mehman Sadıqov
Mehman Sadıqov
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov qanunda onların üzərinə düşən öhdəliklərin tamlıqla yerinə yetirildiyini dedi:

«Məhkumun azad olunmasına 3 ay qalmış bütün aidiyyatı orqanlara müraciət edirik. Məhkum azadlığa çıxanda həmin qurumlar onun kommunal-məişət şəraitinin yoluna qoyulması, işlə təmin olunması məsələlərini həll etməlidir. O ki qaldı reabilitasiya mərkəzlərinin yaradılmasına, bu iş qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Məmmədov nazirliyin Qobustan rayonunda 50 yerlik sosial reabilitasiya və adaptasiya mərkəzinin tikintisinin nəzərdə tutulduğunu dedi: «Bundan əlavə, keçmiş məhbuslara nazirlik tərəfindən ilkin olaraq orta əmək haqqının 4 misli qədər birdəfəlik müavinət də verilir».

Qanuna görə, keçmiş məhbuslara həm də psixoloji yardım göstərilməlidir. Bu yardıma Sevincin də ehtiyacı var: «Hazırda ancaq diqqətə ehtiyacım var. Çünki mən indi heç kimlə əlaqə saxlamıram. Özümə qapanmışam, başqa heç nə...».
XS
SM
MD
LG