Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43
-
«ZEYTUN AĞACLARINI BELLƏMƏYƏ GETMƏDİM DEYƏ...»

Rus dili müəllimi çalışan Gülnarə Mütəllimova bildirir ki, bir dəfə məhkəmənin qərarı ilə, iki dəfə də müxtəlif yerlərə şikayət etdikdən sonra yenidən öz işinə bərpa oluna bilib. Onun dediyinə görə, qanunsuzluqlar 2004-cü ildə – Mətanət Cabbarlının məktəbə direktor təyinatından sonra baş qaldırıb. Yeni direktor deputat Məlahət Həsənovanın bacısı olduğundan yuxarı orqanlar onun hər cür davranışına göz yumub:

«40 ilin müəllimiyəm. 2004-cü ildən məni gözümçıxdıya salıb. 37-ci ilin repressiyası gedir bizim məktəbdə. Şagirdlərdən qanunsuz pullar yığılır, köhnə müəllimlər incidilir. Müəllimlər də, valideynlər də dəfələrlə şikayətlər etmişik yuxarı orqanlara. Bunun bacısı deputatdır deyə, müdaxilə etmirlər, hamısı ört-basdır olunub. Birinci dəfə məni 2008-ci ildə işdən çıxardı. Səbəb də o oldu ki, mən məktəbdənkənar zeytun ağaclarını belləməyə getmədim. Sonra məhkəmə qərarı ilə işə qaytarıldım. Bundan sonra daha iki dəfə işdən çıxarılmışam. Yaxşı adamların hesabına yenə işə qayıtmışam».

«İCLAS BAŞLAYAN KİMİ ƏMRİM OXUNDU»

Gülnarə Mütəllimovanı sonuncu dəfə ötən ilin dekabrında dərs hissə müdirini təhqir etmək adı ilə işdən çıxarıblar. Deyir ki, qanunsuz işdən çıxarılması ilə əlaqədar Nizami rayon Məhkəməsinə üz tutub:

«Dekabrın 12-si çağırdılar ki, növbədənkənar pedaqoji şuradır. Mən elə bildim ki, Heydər Əliyevin anım günü ilə bağlı tədbirdir. İclas başlayınca əmrim oxundu. Dedim ki, mənə də söz verin, sonra əmri oxuyun. Sən demə, mənim işdən çıxarılmağım anım günündən üstün imiş. Özünün işə götürdüyü 5-6 müəllimə mənim əleyhimə danışmaq üçün söz aldı. 80-dək müəllim vardı, o 5-6 nəfərdən başqa heç kim əleyhimə əl qaldırmadı. Mən də məhkəməyə müraciət elədim. Onlar məhkəməyə saxta sənədlər təqdim etdilər ki, guya həmkarlar təşkilatının qərarı ilə işdən çıxarılmışam. Sağ olsun hakimi, saxtakarlığı üzə çıxardı və mənim işə bərpa olunmağımla bağlı qərar verdi».

MƏKTƏBİN DİREKTORU: «HƏLƏ BU İŞ DAVAM EDİR»

Məktəbin direktoru Mətanət Cabbarlı haqqında deyilən ittihamları rədd edir:

«Müəssisənin rəhbəri kimi heç bir müəllimlə intriqam yoxdur və ola da bilməz. Gülnarə xanım çox söz deyə bilər. Bu, onun hüquqlarıdır. Məhkəmənin qərarı ilə bitmir. Hələ bu iş davam edir. Apelyasiyaya müraciət edib-etməməklə bağlı heç nə deyə bilmərəm. Hələ ki, məhkəmə qərarı təqdim olunmayıb. Gülnarə xanım müəllimlikdən başqa çox işlərlə məşğul olduğundan kollektiv qərara alıb, həmkarlar təşkilatının təqdimatı ilə işdən çıxarılıb. Bundan artıq heç nə deyə bilməyəcəyəm».

Hüquqşünas Sahil Məmmədov bildirir ki, qanunla pedaqoji şuranın müəllimi işdən çıxarmaq yetkisi yoxdur:

«Bir neçə dəfə işdən çıxarılıb, sonra bərpa olunubsa, məktəb direktorunun onu təqib etməsindən şübhələnməyə əsas var. Heç bir əmək qanunvericiliyi şərti pozulmayıbsa, işə vaxtında gedib-gəlibsə, amma onu çıxarıblarsa, bu, əmək münasibətlərinin pozulmasıdır. Pedaqoji kollektivin qərarı ilə müəllimi işdən çıxarmaq təhsil haqqında qanunda nəzərdə tutulmayıb. Bu, seçkili orqan deyil, müəllim təyinatla işə götürülür. Belə çıxır ki, həmin pedaqoji şura şou xarakterli olub. Çox güman ki, həmin şura təqdimat verib, müvafiq idarə onu işdən çıxarıb».

Şərhləri göstər

XS
SM
MD
LG