Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Hicaba görə məktəbə buraxılmayan qız


Arxiv foto
Arxiv foto
-

11-ci sinif şagirdi Tamilla Mustafayeva təhsil aldığı Xaçmaz rayonundakı 9 saylı məktəbdən xaric edilib. Bunu «Qaynar xətt»ə onun babası Cəmaləddin Mustafayev deyib:

«Mənim nəvəm dərslərini yaxşı oxuyurdu. Rayonda riyaziyyat fənni üzrə keçirilən olimpiadanın qalibi idi. Dərslərinə məsuliyyətlə yanaşırdı, eyni zamanda dini inanclı idi, hicaba girmişdi. Buna görə onu məktəbdən qovdular».

Cəmaləddin Mustafayev deyir ki, dərs kitablarının da əlindən alınması təhsilə həvəsli olan nəvəsini sarsıdıb:

«DİNİ İNANCA GÖRƏ...»

«Mənim nəvəm tərbiyəlidir, elmə, təhsilə meyllidir. Dinlə məşğul olmağı onun təhsilinə mane olmurdu. Belə uşaqları təhsildən ayrı salmaq düzgün deyil. Gərək elə qısa ətək geyinəydi ki, onu məktəbdə saxlayaydılar?».

Baba deyir ki, hicab geydiyinə görə məktəb rəhbərliyi Tamilla ilə son dərəcə kobud davranırmış.

«DARVAZADAN İÇƏRİ GİRƏNDƏ HİCAB AÇILMALIDI»

Məktəbin direktor müavini Fərrux İsrafilov deyir ki, hicablı şagird təhsil nazirinin hicablı məktəbə gəlməyi qadağan edən əmrinə əsasən məktəbdən xaric edilib:

«Məktəbin darvazasına qədər hicabla gələ bilərlər, ancaq darvazadan içəri daxil olanda hicab başdan açılmalıdır. O şagird özü öz seçimini edib, məktəbdən gedib».

Sinif rəhbəri Kamran Əlifxanov hicablı şagirdin tərbiyəli, təhsilə həvəsli olduğunu, ancaq müstəqil seçim edərək məktəbdən getdiyini deyir:

Namizəd Səfərov
Namizəd Səfərov
«Evlərinə bir neçə dəfə şagird göndərdik, gəlmədi. Ona görə də sonuncu dəfə evlərinə şagird göndərdik ki, gəlmirsə, kitabları yığ gətir».

Hüquqşünas Namizəd Səfərov deyir ki, Tamillanın təhsilinin yarımçıq qalması onun təhsil hüquqlarının pozulması deməkdir:

«Konstitusiya hər bir vətəndaşa təhsil almaq hüququ verir və heç bir qanunda yazılmayıb ki, hicab taxan şagird məktəbdən qovulmalıdır. Bu, hansısa nazirin heç bir qanuna söykənməyən daxili əmridir. Şagirdin valideynləri məhkəməyə müraciət etməli, nazirin əmrinin qanuna söykənmədiyini mübahisələndirməli, bu yolla da övladlarının təhsil hüquqlarının bərpasına çalışmalıdılar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG