Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:18

35 polisə kim necə zərər vurub?


Təhsil nazirliyi qarşısında dini şüarlar
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid
5-6 OTURACAQ, O DA POLİSLƏR ÜÇÜN

«Siz bu qədər danışacaqsınız, proses də başlamayacaq. Qapalı keçirəcəklər, qalacaqsınız belə. Axı niyə qulaq asmırsınız?».

Bu, avqustun 25-də Nərimanov rayon Məhkəməsində «6 may hicab aksiyaçıları»nın məhkəməsini izləyənləri zaldan çıxaran polislərdən biridir. Polislər tələb edirdilər ki, hamı məhkəmə zalını tərk etsin. Məhkəmə iclası darısqal zalda keçirilirdi və zalda cəmi bir neçə oturacaq vardı ki, onu da zərərçəkmiş polislər bölüşməli idilər.

Saat 10:00-a təyin olunmuş iclas prokurorun gecikməsi üzündən saat 12:00-dən sonra başladı. Təqsirləndirilən şəxslərin qohumları ilə birlikdə məhkəmə binası qarşısında qalan jurnalistlər məhkəmə iclasında baş verənlərdən yalnız vəkillər binadan çıxanda xəbər tuta bildilər.

Vəkil Anar Qasımov jurnalistlərə məlumat verdi ki, təqsirləndirilən şəxslər mayın 6-da Təhsil Nazirliyi qarşısında etiraz aksiyasında iştirak etdikləri bildirilən Araz İsmayılov, Rövşən Məmmədov, Əlvan Hüseynov, Rüfət NuriyevNurani Məmmədovdur. Zərərçəkmiş kimi tanınanlardan 35-i isə polis əməkdaşlarıdır. Sonra prokuror Elfaq Səfərov ittiham aktını elan edib. Bundan sonrasa vəkillər vəsatətlərə başlayıblar.

ZƏRƏRÇƏKMİŞ POLİSLƏR ZALDAN ÇIXARILIB

Təqsirləndirilənlərin qohumları məhkəmə binası qarşısında qaldılar
Əvvəlcə tutulanların ailə üzvlərinin zala buraxılması xahiş olunub. Hakim vəsatəti qismən təmin edib və hər müttəhimin ailəsindən yalnız bir nəfər zala buraxılıb. İkinci vəsatət prosesdə jurnalistlərin iştirakı və videoçəkiliş aparmaları ilə bağlı olub. Bu vəsatət də qismən təmin olunub, hakim zala yalnız bir jurnalist buraxıb, o da 3 dəqiqəlik ümumi videogörüntü götürmək üçün. Üçüncü vəsatət zərərçəkmiş polislərin məhkəməyə silahla gəlməsi ilə bağlı olub. Vəkillər polislərin bu hərəkətlərini təhlükəli qiymətləndiriblər. Deyiblər ki, zalda əyləşən zərərçəkmiş polis əməkdaşlarının üstündə odlu silah və gözyaşardıcı qaz balonları var.

Vəkil Anar Qasımov: «Vəsatət verdik ki, bunlar zərərçəkmişlərdir, zalda silahla otura bilməzlər. Təqsirləndirilən şəxslərlə zərərçəkmişlər arasında hansısa mübahisə düşə bilər. Təhlükəsizlik qaydaları pozula, silah işlənə bilər. Hakim həmin polisləri zaldan kənarlaşdırdı, onlara bildirildi ki, gələn dəfə məhkəməyə silahsız gəlsinlər».

Sonra vəkillər sübutların siyahısını istəyiblər. Bəlli olub ki, ittiham tərəfinin sübutları şahid, zərərçəkmiş ifadələri, videogörüntülər və ekspertiza rəylərindən ibarətdir.

PROKUROR VAXT İSTƏDİ

Və nəhayət, sonuncu vəsatət məhkəmə iclasının təxirə salınmasına səbəb olub. Bu vəsatəti vəkil Anar Qasımov qaldırıb. O, vəsatətində göstərib ki, hüquqlarını müdafiə etdiyi Əlvan HüseynovRövşən Məmmədova verilən ittihamlarda 35 polis əməkdaşının hamısının zərərçəkmiş kimi keçməsi yolverilməzdir. Tutulanlar aksiyada daş atmalarını inkar etmirlər. Ancaq əsas məsələ bu daşın kiminsə başına dəyib-dəyməməsidir ki, istintaq bunu araşdırmayıb.

Anar Qasımov: «Videogörüntülərdə də müdafiə etdiyim şəxslərin əllərindəki daşı harasa atdıqları görünür. Ancaq görünmür ki, bu daş hara dəydi, kimə dəydi. Biz bilməliyik ki, hüquqlarını müdafiə etdiyimiz şəxslərin atdığı daş konkret hansı polis əməkdaşına dəyib. Bir daş ola bilməz ki, 35 polisin 35-nə də dəysin».

Anar Qasımov
Vəkillər hesab edirlər ki, bunu müəyyənləşdirməklə gələcəkdə müttəhimlərin daha yüngül cəza almalarına nail ola bilərlər.

Vəkillər həmçinin, mülki iddialarla bağlı məsələlərə də aydınlıq gətirilməsini xahiş ediblər. Onlar bildiriblər ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən tutulan şəxslərə qarşı ümumi mülki iddialar irəli sürülüb. Burada da dəqiqləşdirmə və fərdiləşdirmə aparılmalıdır. Konkret olaraq bu şəxslərdən hansının kimin əmlakına hansı məbləğdə zərər vurduğu müəyyənləşdirilməlidir. Prokuror son iki vəsatətlə bağlı siyahıların müəyyənləşdirilməsi üçün hakimdən sentyabrın 8-dək möhlət istəyib. Hakim də məhkəmə iclasının işində həmin tarixədək fasilə elan edib.

POLİS MÜTTƏHİMLƏRƏ QARŞI GÖZYAŞARDICIDAN İSTİFADƏ EDİB?

Bir neçə gün əvvəl vəkil Anar Qasımov müxalifətin 2 aprel aksiyasında saxlanmış Tural Abbaslının məhkəməsində də vəsatət qaldırmışdı ki, onun konkret kimə necə və hansı şəkildə zərər vurması müəyyənləşdirilsin. Ancaq hakim vəsatəti baxılmamış saxlamışdı. Vəkil deyir ki, məhkəmə təcrübəsində belə vəsatətin təmin olunmasına ilə ilk dəfədir rastlaşır.

Məhkəmə iclası bitəndən sonra tutulanların binadan çıxan qohumları dedilər ki, dəhlizdə polis əməkdaşları təqsirləndirilənlərlə kobud rəftar edib. Müttəhimlər etirazlarını bildirəndə isə, onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Jurnalistlər məhkəmə dəhlizinə girib baş verənləri lentə almaq istəsələr də, məhkəmə binası qarşısına toplaşmış polis işçiləri binaya girərək qapıları bağladılar.

Bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında 15 nəfər saxlanılıb. Onlar «Hicaba azadlıq!» şüarı ilə aksiya keçirməyə cəhd ediblər. Barələrində xuliqanlıq və ictimai qaydanın pozulmasında fəal iştirak etmə maddələri ilə cinayət işi qaldırılıb. Hazırda 5 nəfərin məhkəməsi keçirilir. Verilən ittihamlarla onlar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

10 nəfərinsə işi üzrə ibtidai istintaq hələ bitməyib.
XS
SM
MD
LG