Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:46

Müəllim: «Müəllimi də, təhsili də alıb satırlar»


Foto: Arxiv
Foto: Arxiv
-
Yardımlının Məlikli kənd orta məktəbinin müəllimi Rafiq İbayev «Qaynar xətt»ə məktəb direktorundan və rayonun təhsil şöbəsinin müdirindən şikayət edib. O, 6 saat dərs yükünün əlindən alınaraq qeyri-ixtisas müəllimlərinə verilməsi ilə razılaşmır:

«Mən biologiya müəllimiyəm, bu ilin sentyabr ayında kurs keçib həyat bilgisi və texnologiya fənni üzrə sertifikat almışam. 24 saat dərs yüküm var idi, rayon təhsil şöbəsinin müdiri Manaf Balışov və məktəbin direktoru Ələkbər Əkbərov mənim dərslərimi əlimdən alıb qeyri-ixtisas müəllimlərinə veriblər. Dərs yüküm 18 saata düşüb. Bu da maaşıma təsirini göstərib. Maaşım 300 manatdan 224 manata qədər azalıb».

Rafiq İbayev deyir ki, hazırda yalnız biologiya fənnini tədris edir. O, dərs yükünün əlindən alınmasında rayon təhsil şöbəsinin müdirini təqsirləndirir:

«Dəfələrlə qəbulunda olmuşam, müraciətlərimə baxmır. Şöbə müdiri müəllimi də, təhsili də pulla alıb, pulla satır. Məktəb direktorumuzun 28 saat dərs yükü var idi, 12 saat da məktəb direktorluğuna görə verilib ona. İndi dərs yükü 40 saat olub. Mənim kimilərin isə dərs saatını əlindən alıb qeyri-ixtisas müəllimlərinə verirlər».

«XƏBƏRİM YOXDUR»

Məlikli kənd orta məktəbinin direktoru Ələkbər Əkbərov deyir ki, Rafiq İbayevin dərs yükü o, məktəbə direktor təyin edilməmişdən əvvəl azaldılıb:

«Mənim xəbərim yoxdur, nə olubsa məndən əvvəl olub».

Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Balışov isə deyir ki, Rafiq İbayev dərs yükünün artırılması ilə bağlı ona müraciət edib:

«Rafiq İbayev biologiya müəllimidir. Müəllim 24 saatdan artıq dərs deyə bilməz. Orta dərs yükü 18 saatdır. Orta məktəbdə biologiya fənni üzrə 8 saat dərs yükü var. Rafiq İbayevin də dərs yükü əvvəllər 8 saat idi. Biz ona hörmət edib əlavə fənlər üzrə dərs saatları verib dərs yükünü 18 saata qaldırdıq. Bu yaxınlarda yenə müraciət etmişdi ki, dərs yükünü artıraq. Biz də düşünürük ki, dərs yükünü 21 saata qaldıraq».

Təhsil şöbəsinin müdiri biologiya müəlliminin digər ittihamları ilə də razılaşmayıb:

«Müəllimi necə pulla alıb satmaq olar? Yaxud, dərs saatını müəllimə necə satmaq olar? Bunlar şantaj üçün deyilən sözlərdir».

Rayon təhsil şöbəsinin müdiri Məlikli kənd orta məktəbinin biologiya müəllimi ilə münasibətləri aydınlaşdıracağını bildirib.
XS
SM
MD
LG