Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Muğam rəqsi necə olur? Alim Qasımov oxudu, Saşar Zərif oynadı (Video)


Saşar Zərif və Alim Qasımovun birgə ifası

Saşar Zərif və Alim Qasımovun birgə ifası

Azərbaycan musiqi tarixində ilk dəfə olaraq Sema-i Rast adı ilə səhnəyə çıxan sənətçilər rəqslə muğamı bir araya gətirdilər.

-

Sanki Saşar Zərif Alimin etmək istəyib də edəmədiyini, arzusunu yaşatdı. əslində alim Qasımov əlləri ilə, muğama dalıb yerindən sıçramaq və qopmaq istəyi ilə oynamağa çalışmışdı bu musiqini.


Lalə Cavanşir

Toronto Universitetinin
Türkologiya və Ortadoğu mədəniyyətləri üzrə
Ph.D öyrəncisi



MUĞAM RƏQSİ


Dekabrın sonunda Kanadanın Toronto şəhərində Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov və Kanadada yaşayan azərbaycanlı rəqs ustadı Saşar Zərif ilkə imza atdılar.

Azərbaycan musiqi tarixində ilk dəfə olaraq Sema-i Rast adı ilə səhnəyə çıxan sənətçilər rəqslə muğamı bir araya gətirdilər.

Onlar "rəqslə muğam eyni dildə danişa bilər" iddasını güclü bir şəkildə isbatlayaraq azərbaycanlı və qeyri-azərbaycanlı tamaşaçıların həyəcan dolu anlar yaşamalarına səbəb olub böyük alqış qazandılar.

Aşağıdaki yazı yaşanılan o həyəcan və düşüncənin kiçik bir parçası olaraq sunulur.

Dilin, sözün, və musiqinin bitdiyi yerdən başlayır rəqslə danışmaq. Rəqs bədənin dilidir - demişlər, musiqi isə ruhun dili. Əslində sözün, ya da başqa bir kəlməylə desək şeirin, musiqinin və rəqsin ortaq nöqtəsi onların yoruma açıq olmalarıdır.

(Alim Qasımov və Saşar Zərifin Kanadadakı konsertinin anonsu)

Özəlliklə modern şeir yoruma açıq bir ədəbiyyat türüdür. Elə ona görə də hər onu oxuyanın yorumu ilə yorumlanır; anlam qazanaraq çoxalır.

Bu, təkcə şeir üçün deyil musiqi və rəqs üçün də keçərlidir məncə.

Musiqinin hər kəsin ruhunda başqa bir naxış, könlündə başqa bir iz qoymasındandır ki, o musiqilərə oynayanda sanki fərqli-fərqli dənizlərdə fərqli-fərqli alçaq-uca dalğalar rəqsə gəlir. Sema-i Rast rəqsi isə bunun bəlirgin bir örnəyidi.

Saşar Zərif 21 Dekabr 2012 göstərisində ilk dəfə muğamatı bədən dilinə daşıdı.

Birdən-birə Azərbaycan ədəbiyyatında Füzulilərin, Vahidlərin yazıb-yaratdıqları o zehinsəl fəza (ortam) xərabat guşələrindən, itib-batmış uzaq yüzillərdən qopub modern bir şəhərin səhnələrində yenidən can qazandı.

Alim Qasımovun daha öncələrdən genişlətdiyi, duvarlarını yıxdığı və yeni yaradıcılıq üzərində inşa etdiyi muğam istər şeirləri ilə, istərsə də melodi və ritmi ilə rəqsdə can tapdı.

Sanki Saşar Zərif Alimin etmək istəyib də edəmədiyini, arzusunu yaşatdı. əslində alim Qasımov əlləri ilə, muğama dalıb yerindən sıçramaq və qopmaq istəyi ilə oynamağa çalışmışdı bu musiqini.

Saşar Zərif isə bu istəyi hiss etmişcəsinə Alimin səsində birləşən klassik şeir və musiqini Alimdən ayrılan çılğın dalğalar kimi alıb şahlandırdı izləyənlərə. “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir” deyən Füzuli yenidən məst oldu.

Rəqqasın oturub əlləri ilə, barmaqları ilə, birdən-birə dünyanı idrak etməyəcək qədər mənəvi bir məstlik halında göylərə yüksəlməsi ilə rəqsə gəldi Füzuli. Alim Qasımovun sufiləri, xərabatları xatırladan nəfəs-nəfəsə təkrar-təkrar “öylə sərməstəm” deməsi ilə ruh tapan şair Füzuli, Saşarın cismində can qazanırdı. Ona görə də Səma-i Rast sadə bir göstəri deyildi. Şairin, musiqiçinin, və rəqqasın üçlü birləşimində yaşanan bir merac, bir hal anıydı.

Səma-i Rast muğam rəqsinin ən fərqli nöqtələrindən biri də onun özündə səma halını daşımasının yanısıra Azərbaycan xalq rəqslərini də gətirməsiydi.

Rəqqas səhnədə hərdən sufi, hərdən dərviş, hərdən savaşçı, hərdən üsyankar, hərdən məcnun, hərdən də məşuq olurdu.

Yallı gedən igidkən Leyla deyib səhraları dolaşan o divaneyi aşiq də ola bilirdi.

Əslində Saşar Zərifin təknəfərlik rəqsində şairlər, onlarla birlikdə əfsanələr, dastanlar qol-qola yallı gedirdilər. Bəlkə də ona görə onda Uzundərə rəqsinin incəliyi, yallının qələbə sevinci, səmanın dərviş ruhu coşqu ilə yaşanırdı.

Bütün bunların yanısıra xanəndə ilə rəqqası bu meraca götürən tar, kamança, balaban və nağara insanları nağılları ilə birlikdə səhnədən-səhnəyə, bir insanın həyatından başqa birinin həyatına aparırdılar.

Hamının görüş yerinə, nağılların sonunda göydən düşən üç almanın düşüş anına musiqi alətlərini incədən, dərindən dilləndirən gənc yaşlı musiqiçilər qərar verirdilər. Simlərə toxunan hər mizrabın, kaman üstə süzən yayın, balabanı elə bir yanqı ilə danışdıran nəfəsin və Qobustanı Azərbaycanın bağrından götürüb uzaq ellərə gətirən o əllərin qarşısında bizlərə sadəcə sayğı ilə baş əymək, alqışlamaq düşürdü.

Azərbaycanın musiqi, rəqs və hətta ədəbiyyat tarixidə bu bir yeni başlanğıcdır. Davamlı olmasını, hər bitən günümüzün dərin və yeniliklərlə dolu bir sabaha açılmasını diləyək. Yaradaq, yaşayaq. Olsun ki gələcək nəsillər bu gün atılan addımların davamını güvən dolu addımlarla gətirsinlər.

(Saşar Zərif nənəsinin doğulduğu İçəri şəhərdə)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG