Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12
Anton Pavloviç ÇEXOV


QILAFLI ADAM

Mironositski kəndinin lap kənarında, yüzbaşı Prokofinin mərəyində iki gecikmiş ovçu gecələmək üçün qaldı.

Bunların biri baytar İvan İvanıç idi, o biri gimnaziya müəllimi Burkin, İvan İvanıçın qəribə, ikimərtəbəli familiyası vardı – Çimşahimalayski, bu familiya ona qətiyyən yaraşmırdı, ona görə də bütün quberniyada onu sadəcə adı və atasının adı ilə çağırırdılar.

O, şəhərin yaxınlığında olan at zavodunda yaşayırdı, indi təmiz hava udmaq üçün ova çıxmışdı. Gimnaziya müəllimi Burkin isə hər yay qraf P-gilə qonaq gələrdi, ona görə bu yerlərdə çoxdan bəri tanınmışdı.

Yatmırdılar. Ucaboylu, arıq, uzun bığlı bir qoca olan İvan İvanıç mərəyin qapısı ağzında oturub çubuq çəkirdi, onun üstünə ay işığı düşmüşdü. Burkin içəridə ot üzərində uzanmışdı, qaranlıqda görünmürdü.

Cürbəcür əhvalat danışırdılar. O cümlədən yüzbaşının arvadı Mavra haqqında da danışdılar: bu, sağlam və ağıllı-kamallı bir qadın olduğu halda, ömrü uzunu öz doğma kəndindən kənara çıxmamış, hələ bu vaxta qədər nə şəhər, nə də dəmir yolu görmüşdü, son on il içərisində isə o, sobanın dibindən əl çəkmir, yalnız gecələr küçəyə çıxırdı.

Burkin:

- Burada təəccüb ediləcək nə var? – dedi. Öz təbiətinə görə tənhalığa meyl göstərən, xərçəng və ya ilbiz kimi çəkilib öz qanına girməyə çalışan adamlar bu dünyada az deyil. Bəlkə burada atavizm hadisəsi baş verir, insanın ulu babasının hələ ictimai heyvan olmayıb təkbaşına öz mağarasında yaşadığı dövrə qayıtma meylləri vardır, bəlkə də bu sadəcə, insan xarakterinin müxtəlif növlərindən biridir, kim bilir? Mən təbiyyatçı deyiləm, ona görə bu cür məsələlərə toxunmaq mənim işim deyil, mən ancaq onu demək istəyirəm ki, Mavra kimi adamlar nadir bir hadisə deyildir. Uzağa getmək nə lazım, bir-iki ay bundan əvvəl şəhərimizdə yunan dili müəllimi olan Belikov adlı bir yoldaşım vəfat etmişdi. Bu adam haqqında əlbəttə, eşitmiş olarsınız. O, bu cəhətdən qəribə idi ki, həmişə, hətta çox xoş havada belə qaloş və çətir ilə küçəyə çıxardı, özü də əyninə hökmən astarı pambıqlı palto geyərdi. Çətirinin də, saatının da qabı vardı, saatınınkı boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardı, deyəsən, Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi. Tünd şüşəli gözlük taxardı, yun köynəyi əynindən çıxmazdı, qulaqlarına pambıq tıxardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Xülasə, bu adamda daima özünü qabıqla, necə deyərlər, onu xarici hadisələrdən qoruyan və ayıran bir qılafla örtmək təşəbbüsü vardı. Həqiqi həyat onu acıqlandırır, qorxudur, daimi əndişə içərisində saxlayırdı və bəlkə o qorxusuna və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün həmişə keçmişi və heç vaxt olmayan şeyləri təriflərdi, dərs verdiyi qədim dillər də onun üçün, mahiyyət etibarilə, həqiqi həyatdan gizlənmək üçün qaloş və çətir rolunu oynayırdı. O, şirin bir ifadə ilə deyirdi:

- Ah, yunan dili nə ahəngdar və gözəl bir dildir! – O sanki öz sözlərini sübut etmək üçün gözlərini qıyaraq və barmağını qaldıraraq:

- Antropos! – sözünü tələffüz edərdi.

Belikov hətta öz fikrini də qılaf içində gizlətməyə çalışırdı. Ondan ötrü yalnız bir para şeylərin qadağan edilməsinə dair yazılan sərəncamlar və qəzet məqalələri aydındı.

Sərəncamda məktəblilərə axşam saat doqquzdan sonra küçəyə çıxmaq qadağan edildikdə və ya hər hansı bir məqalədə şəhvani məhəbbət qadağan edildikdə, bu ondan ötrü tamamilə aydın bir şeydi, qadağan edilmişdir –vəssalam. İcazə və ya imkan verməkdə isə ondan ötrü həmişə şübhəli, bir növ natamam və tutqun bir şey gizlənirdi. Məsələn, şəhərdə dram dərnəyinə, ya qiraətxanaya, yaxud da çayxanaya icazə verildikdə, başını yırğalayıb, yavaşca deyərdi:

- Burası, əlbəttə, belədir, bunlar gözəl işdir, ancaq içindən əngəl çıxmaya!

Qanun-qaydanı hər şəkildə olursa-olsun pozmaq, əməl etməmək, qanundan geri çəkilmək onu kədərləndirirdi, hərçənd ki, bunların ona heç bir dəxli yox idi. Yoldaşlarımızdan biri kilsəyə gecikdikdə, ya gimnazistlərin dəcəllik etdikləri xəbəri yayıldıqda və ya müəllimlərdən birinin necə bivaxt bir zabitlə gəzdiyini görən olanda, o, özündən çıxır və «işin içindən bir əngəl çıxmaya» deyirdi. Pedaqoji şuralarında isə o öz ehtiyatkarlığı, vasvasılığı və xalis qılaflı mülahizələrilə bizi zara gətirərdi: məsələn, oğlan və qız gimnaziyalarında gənclər özlərini yaxşı aparmır, siniflərdə səs-küy salırlar, - müdiriyyətin bu vəziyyətdən xəbəri olsa, qorxuram, işin içindən bir əngəl çıxa – ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarılsa nə yaxşı olardı! Xülasə, o öz ah-vayilə, sızıldaması ilə, xırdaca, solğun üzündəki tünd rəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun əxlaq nömrəsini azaldırdıq, həbsə salırdıq və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürsən bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirməyə çalışırdı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O, buna «yoldaşlar ilə yaxşı əlaqə saxlamaq» adı verirdi, yəqin bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlərlə tərbiyə olunmuş adamlardı, həmişə qaloş və çətirlə gəzən bu adamcığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı hətta bütün şəhəri! Xanımlarımız, onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdılar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən… qorxardılar.

İvan İvaniviç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğunu çəkdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:

- Bəli. Düşüncəli, rəğbətli adamlar Şedrini, Turgenevi, nə bilim Boklini və sairəni oxuyurlar, ancaq bununla belə tabe olurdular ki, dözürdülər ki… hə, məsələ məhz bundan ibarətdir.

Burkin sözünə davam etdi:

- Belikov mənimlə bir evdə, bir mərtəbədə yaşayırdı, hətta mənzilimizin qapısı da üzbəüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal; xalat, təsək, pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər, aman allah, birdən işin içindən bir əngəl çıxar ha! Ona pəhriz saxlamaq zərərdir, yağlı da yemək yaramaz, çünki birdən deyərlər Belikov pəhriz saxlamır, ona görə suf balığını kərə yağında qızardıb yeyərdi – bu, pəhriz yeməyi deyil, lakin buna pəhrizi pozmaq da demək olmaz. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı, xidmətçi əvəzinə 60 yaşlı Afanasi adlı bir aşpazı vardı, bu, vaxtilə denşiklik etmiş, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş və ağılsız bir adamdı. Afanasi adətən əllərini çarpazlamış halda qapı ağzında durar və içini çəkərək həmişə:

- Bunlar indi yaman çoxalıblar, - deyə eyni sözləri təkrar edərdi.

Belikovun yatan otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkü olurdu, külək bağlı qapını döyür, soba vıyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi… O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanası onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Fitrətən yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlir.
O, öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:

- Siniflərdə çox səs-küy salırlar, belə iş olar?

Bax, həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.
İvan İvanıç birdən mərəyə baxıb dedi.

- Zarafat eləyirsiniz!

- Bəli, bu qəribə də olsa, az qalmışdı evlənsin. Bizim gimnaziyaya ukraynalı Mixail Savviç Kovalenko adlı bir tarix və coğrafiya müəllimi təyin etmişdilər. Kovalenko bacısı Varenka ilə gəlmişdi. Mixail Savviç gənc, ucaboylu, qarayanız, əlləri iri bir adamdı, üzündən səsinin yoğul olduğu bəlli idi, doğrudan da səsi çəlləkdən çıxan kimi guruldayırdı: bu-bu-bu… Bacısı isə artıq gənc deyildi, -otuz yaşı olardı, lakin o da ucaboy, biçimli, qaraqaş, qırmızı yanaqdı, - bir sözlə, qız deyil marmeladdı, özü də diribaş, səs-küylü idi, hey maloross romansları oxuyur və qəhqəhə ilə gülürdü. Bir şey olan kimi, qəhqəhəsi aləmi tuturdu: ha-ha-ha! Yadımdadır ki, Kovalenkolarla ilk əsaslı tanışlığımız direktorgildə ad günündə oldu. Bir də gördük ki, ad gününə belə bir vəzifə kimi gələn acıqlı, olduqca darıxdırıcı pedaqoqlar arasında yeni bir Afrodita doğmuşdur; o, əllərini belinə qoyub gəzir, qəhqəhə ilə gülür, oxuyur, oynayır. Böyük həssaslıqla «Viyut vitrı» romansını oxudu, sonra daha ayrı romanslar oxuyub bizim hamımızı, hətta Belikovu da valeh etdi. Belikov onun yanında oturub şirin bir təbəssümlə dedi:
- Maloross dili öz zərifliyi və ahəngdarlığı etibarilə qədim yunan dilini xatırladır.
Bu sözlər Varenkanın xoşuna gəldiyi üçün, o, böyük bir həvəs və inandırıcılıqla Qadyaçski qəzasında bir xutorları olduğunu, anacığazının bu xutorda yaşadığını, orada nə qədər dadlı armud, qovun və balqabaq olduğunu danışmağa başladı. O deyirdi ki, Ukraynada balqabaq və kududan «elə ləzzətli borş bişirirlər ki, adamın ağlı başından çıxır!».

Varenkanın Belikovla danışdığı söhbəti xeyli dinlədik, birdən hamımızın başına eyni fikir gəldi, direktorun arvadı yavaşcadan mənə dedi:

- Onları evləndirsək yaxşı olar.

Hamımız nədənsə Belikovun evli olmadığını xatırladıq, bu indi bizim hamımıza qəribə gəlirdi; nə cür olmuşdur ki, bu vaxta qədər onun həyatının bu diqqətəlayiq təfsilatını müşahidə etməmiş, nəzərdən qaçırmışdıq. Ümumiyyətlə, qadınlara qarşı onun münasibəti nə cürdür, o, bu ciddi məsələ haqqında nə fikirdədir? Əvvəllərdə bu məsələ bizi əsla maraqlandırmazdı; biz heç təsəvvür edə bilməzdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.

- Onun yaşı qırxı çoxdan ötüb, qız isə otuz yaşındadır, - deyə direktorun arvadı öz sözünü izah etdi. – Mən elə gəlir ki, qız ona ərə gedər.

Bizim əyalətdə can sıxıntısından qurtulmaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz mənasız hərəkətlər edirlər, bunların hamısı əsl lazım olan işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu birdən-birə evləndirmək bizim nəyimizə lazımdı, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun və inspektorun arvadları və bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta qəşəngləşdilər də, elə bil ki, artıq həyatın qayəsini kəşf etmişdilər. Direktorun arvadı teatrda loja tutur, biz görürük ki: - əlində yekə bir yelpik tutmuş gülən, xoşbəxt Varenka lojada əyləşmişdir, onunla yanaşı Belikov beli bükülü halda elə oturub ki, elə bil, onu evdən kəlbətinlə dartıb qopardıblar. Mən evimdə qonaqlıq gecəsi düzəldirəm, xanımlar mütləq Belikov ilə Varenkanı da çağırmağı tələb edirlər. Bir sözlə, aranı qızışdırdıq. Məlum oldu ki, Varenkanın da ərə getməyə könlü varmış. O, qardaşının evində çox da şən keçinmirdi. Həmişə söyüşüb-dalaşırdılar. Bunların həyatından bir səhnə: ucaboy, sağlam vücudlu, uzundraz Kovalenko naxışlı köynəkdə küçə ilə gedir, şapkasının altından kəkili çıxıb alnına tökülmüşdür. Bir əlində bir yığın kitab, o biri əlində isə yoğun bir əl ağacı tutmuşdu. Bacısı da onun dalınca gedir, onun da əlində bir yığın kitab var.
Varenka uca səslə danışaraq qardaşilə höcətləşir:

- Sən ki, bunu oxumamısan, Mixaylik! Mən sənə deyirəm ki, vallah, bu kitabı oxumamısan!

Kovalenko ağacını səkiyə çırpa-çırpa onun üstünə qışqırdı:

- Amma mən sənə deyirəm ki, oxumuşam!

- Ah, aman allah, mənim Minçikim, nə üçün acıqlanırsan, axı bizim söhbətimiz prinsipialdır.

Kovalenko:

- Mən sənə deyirəm ki, oxumuşam! – deyə daha ucadan bağırır.

Evdə, kənar bir adam olanda, vurçatlasın başlardı. Bu cür həyat yəqin ki, onu bezikdirmişdi, özünəməxsus bir bucaq axtarırdı, bir də yaşı nəzərdə tutmaq lazımdır; belə bir vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, adam hər kəsə olsa, hətta yunan dili müəlliminə belə ərə gedər. Bir də bizim qızlarımızın çoxu istəyirlər ki, kimə olursa olsun təki ərə getsinlər. Hər halda nə cür oldusa, Varenka bizim Belikova açıq-aşkar meyl göstərməyə başladı.

Bəs Belikov? O bizə gəldiyi kimi Kovalenkogilə də gedirdi. Onlara gedər, oturar və danışmazdı. O, sükut eləyir, Varenka isə «Viyut vitrı» romansını oxuyur, ya qara gözlərilə dalğın-dalğın ona baxır, ya da ki, birdən qəhqəhə çəkib gülür.

- Ha-ha-ha!

Məhəbbət aləmində, xüsusən evlənməkdə təlqin böyük rol oynayır. Hamı – yoldaşları da, xanımlar da – Belikovu inandırmağa başladılar ki, o mütləq evlənməlidir, həyatda ona evlənməkdən başqa heç bir şey qalmamışdır; biz hamımız onu təbrik edirdik, üzümüzü ciddiləşdirərək cürbəcür cəfəngiyat söyləyirdik, guya evlənmə həyatda ən ciddi addımdır; bundan başqa Varenka da pis qız deyildi, yaraşıqlı idi, mülki müşavirin qızı idi və özünün xutoru vardı, ən başlıcası da o idi ki, bu qadın Belikova nəvazişli, səmimi əlaqə göstərən birinci qadındı, – odur ki, Belikovun ağlı başından çıxdı və doğrudan da evlənmək fikrinə düşdü.

İvan İvanıç dedi:

- Bax belə bir vaxtda qaloşla çətiri onun əlindən almaq lazım idi.

- Təsəvvür edin ki, mümkün olmadı. O, Varenkanın şəklini stolun üstünə qoymuşdu və hey mənim yanıma gəlib, Varenkadan, ailə həyatından və evlənmənin ciddi bir addım olduğundan söhbət açırdı, tez-tez Kovalenkogilə gedirdi, ancaq həyat tərzini bilmərrə dəyişmirdi. Hətta, əksinə, evlənmək qərarı ona xəstəlik təsiri bağışladı, arıqladı, rəngi solğunlaşdı və daha dərindən öz qılafına girdi.

O, zəif, çəpəki bir təbəssümlə gülərək mənə deyirdi:

- Varvara Savvişna mənim xoşuma gəlir, orasını da bilirəm ki, evlənmək hər adama vacibdir, ancaq… bilirsiniz, bu vəziyyət birdən-birə baş verdi… bir az düşünmək lazımdır.

Mən ona:

- Düşünmək nə üçün? – deyirdim. – Evlənin qurtarsın getsin.

- Yox, evlənmək ciddi addımdır, əvvəlcə işin mahiyyətini və gələcəyini götür-qoy eləmək lazımdır… yoxsa əngəl çıxar. Bu məsələ məni o qədər narahat edir ki, gecələr səhərə kimi yata bilmirəm. Sözün düzü bir az ehtiyat edirəm. Varenka ilə qardaşının təfəkkür tərzi qəribədir, onlar, bilirsinizmi, qəribə mühakimələr yürüdürlər, xasiyyətləri də çox ötkəmdir. Adam evlənməyinə evlənər, ancaq qorxuram ki, sabahı bir xataya düşər.
Odur ki, evlənmək üçün qıza təklif etmir və məsələni hey təxirə salırdı, bu hal direktorun arvadının və bütün bizim xanımlarımızın böyük təəssüfünə səbəb olurdu; qarşıdakı vəzifələri, məsuliyyəti götür-qoy eləyir və buna baxmayaraq hər gün Varenka ilə gəzirdi, bəlkə onun vəziyyətində belə hərəkətlərin aciz olduğunu güman edirdi; sonra o yenə ailə həyatından söhbət etmək üçün mənim yanıma gəlirdi. Çox ehtimal ki, axırda evlənməyi təklif edəcəkdi və bizlərdə can sıxıntısından və bikarçılıqdan baş verən minlərcə gərəksiz, sarsaq izdivacdan biri də vaqe olacaqdı, ancaq birdən-birə Kolossalische scandal baş verdi. Burasını da qeyd etməliyəm ki, Varenkanın qardaşı Kovelanko tanışlığının ilk günündən Belikovdan zəhləsi getdi və onu görən gözü olmadı.
Kovalenko çiyinlərini çəkərək, bizə deyirdi:

- Anlamıram, baş açmıram ki, siz belə bir çuğulçu, üz gözündən zəhrimar tökülən adamla necə danışırsınız? Eh, ağalar, belə yerdə siz necə yaşayırsınız? Sizin buradakı mühitiniz boğucudur, olduqca iyrəncdir. Siz məgər pedaqoqsunuz, müəllimsiniz? Siz rütbə dalınca qaçanlardansınız, məktəbiniz elm ocağı deyil, ədəb, namus divanxanasıdır və polis budkası kimi, turşumuş iy verir. Yox, əzizilərim, sizinlə bir qədər də yaşayıb öz xutoruma gedəcəyəm, orada xərçəng tutmaq və kəndli balalarına dərs vermək min pay bundan yaxşıdır. Mən çıxıb gedərəm, siz isə öz İudanızla yaşayın, canı cəhənnəm.
Ya da gah yorğun, gah incə səslə gözündən yaş gələnəcən gülür və qollarını ölçərək məndən soruşurdu:

- O, nə üçün gəlib mənim evimdə oturur axı? Ona nə lazımdır? Elə hey oturur, baxır.
Kovalenko hətta Belikova ləqəb də qoymuşdu, ona «Kirpi-biçim» deyirdi. Məlum şeydi ki, bunun üstündən biz ona bacısı Varenkanın «Kirpi-biçimə» ərə getməyə hazırlaşdığını deməkdən çəkinirdik. Bir dəfə direktorun arvadı ona işarə etmişdi ki, bacısını Belikov kimi ləyaqətli, hər kəsin hörmətini qazanmış bir adama ərə versəydik, yaxşı iş görmüş olardıq. O, bu məsləhətdən bərk pərt olub donquldanmışdı:

- Mənə nə. İstər lap ilana ərə getsin, mən özgənin işinə qarışmağı sevmirəm.
İndi qulaq asın, görün sonra nə oldu! Dələduzun biri bir karikatura çəkmişdi. Belikov ayağında qaloş, şalvarının balağı çırmanmış çətin altında Varenka ilə qol-qola gedir; karikaturanın altında «Aşiq Antropos» sözü yazılmışdı. Bilirsinizmi, nə qəribə oxşatmışdılar. Rəssam yəqin şəklin üzərində bir neçə gecə çalışmışdı; çünki bütün oğlan və qız gimnaziyalarının müəllimləri, darülmüəllimin müəllimləri, məmurları – hamısı bu karikaturadan birər nüsxə almışdılar. Hətta Belikov özü də almışdı. Karikatura onda son dərəcə ağır təsir buraxmışdı.

Bir dəfə mayın birində, bazar günü, hamımız – müəllimlər də, gimnazistlər də gimnaziya binasına toplanıb ayaqla şəhər kənarındakı balaca meşəyə getməyi qərara almışdıq. Belikov ilə bir yerdə ora getmək üçün evdən çıxdıq. Onun rəngi gömgöy göyərmişdi, qaşqabağı yerlə sürünürdü.

O:

- Dünyada nə qədər pis, nə qədər yaramaz adamlar varmış, - dedi və dodaqları əsdi.
Mənim hətta ona yazığım gəldi. Gedirdik, bir də nə gördük: Kovalenko velosipedlə bizə yaxınlaşır, onun ardınca gələn yanaqları alma kimi qızarmış, şən və fərəhli Varenka da velosipedə minmişdir.

Varenka bağırdı:

- Biz irəli gedirdik! Belə də gözəl hava olar? Gör nə qiyamət havadır.
Sonra hər ikisi gözdən itdilər. Belikovun göyərmiş rəngi birdən-birə ağardı və o, sanki yerində donub qaldı…

Ayaq saxlayıb mənə baxdı.

- Bağışlayın, bu nə olan şeydir? – deyə məndən soruşdu. – Bəlkə mənim gözüm yanlış görür? Gimnaziya müəllimlərinə və qadınlara velosipeddə gəzmək eyib deyilmi?

Mən:

- Eyib niyə olsun? – deyə cavab verdim. – Qoy gəzib kef eləsinlər.
O mənim sakitliyimə heyrət edərək çığırdı:

- Necə eyib deyil? Nə danışırsınız?

O bu hadisədən o qədər sarsıldı ki, yoluna davam etmək istəməyib evinə qayıtdı.
Ertəsi gün hey əllərini əsəbiliklə ovuşdurur və diksinirdi, əhvalının pis olduğunu üzündən sezmək olurdu. Hətta ömründə birinci dəfə olaraq dərsdən də çıxıb getdi. Nahar da eləmədi. Axşamüstü isə bayırda tamamilə yay havası olduğuna baxmayaraq, daha qalın paltar geyib Kovalenkogilə yollandı. Varenka evdə yox idi, qardaşı tək idi.
Kovalenko soyuq bir tərzdə:

- Oturun, acizanə rica edirəm, - dedi və qaşqabağını salladı; gözləri yuxulu idi, nahardan sonra dincəlmək üçün azacıq yatmışdı, ovqatı bərk təlxdi.

Belikov bir on dəqiqəyə qədər dinməz oturub sonra sözə başladı:

- Mən sizin yanınıza dərdimi dağıtmaq üçün gəlmişəm. Mənimçün çox ağırdır. Bir həcvgunun birisi məni və bizim hər ikimizə yaxın olan bir qadını gülünc bir şəkildə çəkmişdir. Bunda mənim qətiyyən təqsirim olmadığına sizi inandırmağı özümə borc bilirəm… Mən belə bir istehzaya imkan verməmişəm, əksinə, həmişə özümü abırlı bir adam kimi aparmışam.

Kovalenko qaşqabağını sallamış halda dinməz-söyləməz oturmuşdu. Belikov bir qədər gözlədikdən sonra yavaşca və həzin bir səslə dedi:

- Sizə bir də deyəcəyim var, mən çoxdan qulluq edirəm, siz isə qulluğa hələ təzəcə başlamısınız. Mən böyük bir yoldaş kimi sizi xəbərdar etməyi özümə borc bilirəm siz velosipeddə gəzirsiniz, bu əyləncə isə heç də gəncləri tərbiyə edən bir adama yaraşan sifətlərdən deyil.

Kovalenko yoğun bir səslə soruşdu:

- Niyə?

- Bunu izah etməyə hacət varmı, Mixail Savviç, məgər aydın deyilmi? Müəllim velosipedlə gəzəndə, tələbə neyləyər? Onda tələbə lap adamların başında gəzər! Madam ki, buna sərəncamla icazə verilməyib, demək yaramaz. Məni dünən dəhşət bürüdü! Sizin bacınızı da velosipeddə gördükdə, gözlərimə lap qaranlıq çökdü, qadının və ya qızın velosipeddə gəzməyi rüsvayçılıqdır!

- Bircə söyləyin görüm sizə nə lazımdır?

- Mənə yalnız sizi xəbərdar etmək lazımdır, Mixail Savviç. Siz cavansınız, gələcəyiniz var, özünüzü mümkün qədər ehtiyatlı aparmağınız lazımdır, halbuki siz öz mövqeyinizə soyuq baxırsınız. Əyninizdə tikili köynək, əlinizdə də bir neçə kitab daim küçələri dolaşırsınız, indi də velosiped. Sizin və bacınızın velosipeddə gəzdiyinizi direktor bilsə, sonra da gedib hamimizə yetişsə, yaxşı olmayacaq.

Kovalenko:

- Mənimlə bacımın velosipeddə gəzməyimizin heç kəsə dəxli yoxdur! – dedi və pul kimi qızardı. – Kim bizim ev və ailə işimizə qarışsa, lap qələt eləyir!

Belikovun rəngi qaçdı, o ayağa qalxdı və dedi:

- Madam ki, mənimlə bu cür danışırsınız, mən sözümə davam edə bilmərəm, rica edirəm mənim hüzurumda müdiriyyət haqqında bu cür fikirdə olmayasınız. Hökumət adamlarına hörmət bəsləməlisiniz.

Kovalenko ona acıqla baxaraq soruşdu:

- Məgər mən burada hökumət adamları dalınca bir pis söz dedim? Rica edirəm məni rahat buraxın. Mən namuslu bir adamam və sizin kimi bir cənabla heç danışmaq istəmirəm. Sizin kimi tipləri sevmirəm.

Belikov əsəbi halda əl-ayağa düşdü və üzündə dəhşət ifadəsi olaraq cəld geyinməyə başladı. Axı, belə qaba sözləri o, ömründə birinci dəfə idi eşidirdi.

Dəhlizdən pilləkənin artırmasına çıxaraq dedi:

- Kefiniz nə istəyirsə deyin. Mən yalnız sizi xəbərdar etməliyəm. Bəlkə bizim sözlərimizi dinləyən olmuşdur, sözümüzdən bir məna çıxartmasınlar və işin içindən əngəl çıxmasın deyə, söhbətimizin əsas məzmununu cənab müdirə bildirməliyəm.
Bunu eləməyə borcluyam.

- Bildirmək? Get bildir! – deyə Kovalenko daldan onun yaxalığından yapışıb itələdi. Belikov qaloşlarını tappıldadaraq pilləkəndən aşağı yumalandı. Pilləkən uca və dikdi, ancaq Belikov pilləkənin ayağınacan sağ-salamat yumalandı; ayağa qalxıb əlini burnuna apardı ki, görsün gözlüyü sınmayıb? Belikovun gurultu ilə aşağı yumalandığı əsnada Varenka iki xanımla gəldi, hər üçü durub bu mənzərəyə baxdılar. Bulikov üçün bundan dəhşətli şey ola bilməzdi. Adam bu cür rüsvayçılıqdansa boynunu, qıçlarını sındırsaydı daha yaxşı olardı, axı indi bütün şəhər bu əhvalatı biləcək, xəbər direktora da, hamiyə də yetişəcək, - ah, kaş içindən bir əngəl çıxmayaydı! – karikatura çəkəcəklər və axırda iş o yerə çatacaq ki, onu istefaya çıxmağa məcbur edəcəklər...

Ayağa qalxdıqda Varenka onu tanıdı və gülünc üzünə, əzilmiş paltosuna, qaloşlarına baxaraq işin nə yerdə olduğunu anlamadan, onun ehtiyatsızlıqdan yıxıldığını güman edərək, özünü saxlaya bilməyib, şaqqıltı ilə gülüb evi başına götürdü.

- Ha-ha-ha!

Bu şaqqıltılı «Ha-ha-ha» ilə hər şey – adaxlı olmaq da, Belikovun bu dünyadakı həyatı da bitdi. Atıq o Varenkanın nə danışdığını eşitmir və heç bir şey görmürdü. Evə qayıtdıqda hər şeydən əvvəl Varenkanın şəklini stolun üstündən götürdü, sonra yatağına uzandı və oradan bir daha qalxmadı.

Üç gündən sonra Afanasi yanıma gəlib dedi ki, ağanın, deyəsən, əhvalı xarabdır, həkim üçün adam göndərsək yaxşı olmazmı? Mən Belikovun yanına getdim, o, yorğana bürünmüş halda dinməz-söyləməz miçətkən altında uzanmışdı; bir söz soruşanda: hə-yoxdan başqa bir kəlmə cavab vermirdi. Afanasi də ovqatı təlx və qaşqabaqlı halda onun yanında dolaşır və dərindən ah çəkirdi; ağzından isə meyxanadakı kimi araq iyi gəlirdi.
Bir aydan sonra Belikov öldü. Biz hamımız, yəni hər iki gimnaziya və darülmüəllimin pedaqoqları onu dəfn etdik. İndi, tabutda uzandıqda, onun üzündə həmin xoş, hətta şən bir ifadə vardı, sanki artıq heç vaxt çıxmayacağı bir qılafa qoyulduğuna şad idi. Bəli, o, öz idealına nail olmuşdu. Sanki qəsdən onun şərəfinə olaraq, dəfn günü hava tutqun idi və yağışlı idi, ona görə hamımız qaloş geymiş və başımıza da çətir tutmuşduq. Varenka da dəfn mərasimində idi, tabutu qəbirə endirdikdə ağlamsındı da. Mən ukraynalı qızların yalnız ağladıqlarını və qəhqəhə ilə güldüklərini müşahidə etdim, onların əhvallarında orta dərəcə olmur.

Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristandan qayıdanda bizim sakit və təvazökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi, - bu həzz çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı; ailənin yaşlı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yan-bu yana qaçışır, azad nəfəs alırdıq, ah, azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi?
Qəbiristandan kefi kök qayıtdıq. Lakin bir həftə keçməmiş yenə həyat qabaqkı kimi sərt, yorucu və mənasız bir tərzdə keçməyə başladı, bu, sərəncam ilə qadağan edilməmişsə də, tam bir icazəyə də malik deyildi, artıq bu həyatda yaxşılığa doğru heç bir dəyişiklik olmadı. Doğrudur, Belikovu dəfn etdik, ancaq bu cür qılaıflı adamlar nə qədər desən vardır və olacaqdır da.

İvan İvanıç:

- Hə, bax məsələ də burasındadır, - dedi və çubuğunu çəkməyə başladı.

- Hələ belələri nə qədər olacaqdır! – deyə Burkin sözlərini təkrar etdi.
Gimnaziya müəllimi mərəkdən çıxdı. Bu alçaqboylu, yoğun, başı tamamilə daz, qara saqqalı az qala qurşağına qədər sallanmış bir adamdı; onunla bərabər bayıra iki it də çıxdı. O. göyə baxaraq dedi:

- Yaxşı ay işığıdır.

Artıq gecə yarısı idi. Sağ tərəfdən bütün kənd görünürdü, küçə beş verstdə qədər uzanıb gedirdi. Hər şey sakit, dərin bir yuxuya dalmışdı; nə bir hərəkət vardı, nə bir səs, hətta təbiətdə bu cür sakitlik ola biləcəyinə adam heç inana bilmirdi. Aydınlıq bir gecədə daxmalı, ot tayalı, yuxuya batmış söyüd ağaclı, geniş kənd küçəsini gördükdə, adamın qəlbi sakitləşir; bu kölgələrlə dolu sakit yuxuya dalmış tənha küçə zəhmət, qayğı və dərddən gizlənərək, olduqca həlim, məhzun və gözəl görünür, sanki ulduzlar da ona nəvaziş və riqqətlə baxırlar, adama elə gəlir ki, artıq heç bir pis iş yoxdur və hər şey öz qaydası ilə gedir. Solda kəndin kənarından tarla başlayır, üfüqə qədər uzanıb gedir, ay işığına qərq olmuş tarlada da nə bir hərəkət vardı, nə bir hənirti.
İvan İvanıç:

- Hə, məsələ də burasındadır, - deyə təkrar etdi. Məgər bizim, şəhərin boğanağında, darısqallığında yaşadığımız, lazımsız şeylər yazdığımız, qumar oynadığımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar arasında, sarsaq, yelbeyin qadınlar içərisində keçirdiyimiz, cürbəcür mənasız sözlər danışdığımız və dinlədiyimiz qılaf deyilmi? İstəyirsinizsə sizə ibrətamiz bir əhvalat danışım.

Burkin:

- Yox, artıq yatmaq vaxtıdır, - dedi, - sabaha qalsın!
Hər ikisi mərəyə girib ot üstündə uzandılar. Gözlərinə yuxu təzəcə getmişdi ki, birdən yüngülcə ayaq səsi eşidildi: tup, tup… Mərəkdən bir az kənarda kim isə gəzirdi, bir az gedib dayanırdı, bir dəqiqədən sonra yenə tup, tup… Ayaq səsi eşidildi. İtlər mırıldaşdılar.

Burkin:

- Bu gəzən Mavradır, - dedi.

Ayaq səsi kəsildi.

İvan İvanıç böyrü üstə çevrilərək dedi:

- Necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nə üçün? – Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçün, - yox, bu cür yaşamaq artıq mümkün deyil!

Müəllim:

- Siz, deyəsən, daha ayrı mətləbə keçdiniz, İvan İvanıç, - dedi. – Gəl yataq.
Burkin on dəqiqə keçməmiş yuxuya getdi. Amma İvan İvanıç gah bu böyrü, gah o boyrü üstə çevrilib ah çəkirdi, sonra yerindən durub yenə bayıra çıxdı və qapı ağzında oturub çubuq çəkməyə başladı.

1898

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG