Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:29

A.P.Çexov "Qadası" (Hekayə)


İstefaya çıxmış kollec asessoru Plemyannikovun qızı Olenka öz həyətlərində eyvanda əyləşib fikrə getmişdi.

Hava isti idi, milçəklər adamın zəhləsini tökürdü, axşamın tezliklə düşəcəyini düşünmək adama ləzzət verirdi.

Şərq tərəfdən tufan olacağını xəbər verən qara buludlar sürünüb gəlirdi və hərdən bir oradan gələn nəmişlik duyulurdu.

«Tivoli» adlı əyləncə bağını icarəyə götürmüş antreprener Kukin həyətin ortasında dayanmışdı.

O da bu həyətdə fligeldə olurdu. Kukin göyə baxıb məyus bir səslə deyirdi:

- Yenə də! Yenə də yağış yağacaq! Elə bil qəsdən hər gün yağış, hər gün yağış! Mən öldüm! Mən iflas oldum. Hər gün olmazın zərər edirəm!

O, əllərini bir-birinə vurub Olengaya müraciətlə davam etdi.

- Olqa Semyonovna, bizim həyatımızı görürsünüz də. Ağlamalıdır. İşləyirsən, əlləşirsən, əziyyət çəkirsən, gecələri yatmırsan, hey fikirləşirsən ki, nə təhər edim yaxşı olsun – axırı? Bir tərəfdən camaat nadandır, vəhşidir. Camaata ən yaxşı operettanı, gözəl kupletçiləri göstərirəm, ancaq onlara bumu lazımdır? Məgər camaat bundan bir şey başa düşürmü? Onlara lağlağı lazımdır! Onlara bayağı şeylər göstər! Digər tərəfdən bir bu havaya fikir verin. Az qala hər axşam yağış yağır. Mayın ki, onundan başlayıb bütün mayı, bütün iyunu yağ ki, yağasan, dəhşətdir! Camaat tamaşalara gəlmir, bəs mən icarə haqqı verirəmmi? Artistlərin haqqını verirəmmi?

Ertəsi günü axşamüstü göydə yenə də qara buludlar göründükdə Kukin əsəbi bir qəhqəhə ilə dedi:

- Çarə nədir? Qoy yağsın! Qoy bağı lap sel aparsın, lap mənim özümü aparsın! Görüm nə bu dünyada, nə də o dünyada üzüm gülməsin! Qoy artistlər məni məhkəməyə versinlər! Məhkəmə nədir? Qoy lap Sibirə, sürgünə göndərsinlər. Qoy boynumu vursunlar! Ha-ha-ha! Üçüncü günü də eləcə…

Olenka Kukin dinmədən, ciddiyyətlə qulaq asır, bəzən də onun gözləri yaşarırdı. Nəhayət, Kukini basan bədbəxtlik Olenkanı mütəəssir etdi və o, Kukinə bənd oldu.

Kukin qısaboylu, arıq, sarıbəniz bir adam idi; gicgahlarındakı saçlarını darayardı, nazik cır səslə danışar, danışanda da ağzını əyərdi, onun üzündən həmişə məyusluq ifadəsi oxunardı, buna baxmayaraq, o, Olenkada həqiqi, dərin bir hiss oyada bilmişdi.

Olenka həmişə bir adamı sevirdi və bunsuz yaşaya bilmirdi.

Qabaqlarda atasının sevirdi, indi atası qaranlıq bir otaqda, kresloda xəstə halda əyləşib ağır-ağır nəfəs alırdı, bəzən, ildə bir dəfə Bryanskdən onu yoluxmağa gələn xalasını sevirdi; bundan əvvəl isə, natamam gimnaziyada oxuyanda ona fransız dilindən dərs verən müəllimi sevirdi.

O, mülayim, açıqürəkli, adamların halına qalan bir qızdı, çox sağlam, baxışları mehriban və yumşaqdı.

Kişilər onun dolğun çəhrayı yanaqlarına, qara xalı yumşaq, ağ boynuna, ürəyinə yatan bir şeyə qulaq asırkən, üzündə əmələ gələn mehribancasına sadəlövh təbəssümünə baxdıqda: «Niyə, bəd deyil…» - deyə fikirləşir və onlar da gülümsəyirdilər, qonaq gəlmiş xanımlar isə ona valeh olaraq, söhbətin şirin yerində birdən onun əlindən yapışıb:

- Qadası! – deməkdən özlərini saxlaya bilmirdilər.

Olenkanın yaşadığı ev şəhərin qırağında, «Tivoli» bağının yaxınlığındakı Qaraçılar məhəlləsində idi; o, bu evdə anadan olmuşdu və vəsiyyətnamədə ev onun adına yazılmışdı; bağda çalınan musiqini, fişənglərin fışıldayıb açıldığını Olenka axşamlar da, gecələr də eşidirdi və ona elə gəlirdi ki, Kukin öz taleyi ilə vuruşur, özünün başlıca düşməni olan laqeyd camaata bir həmlə ilə qalib gəlir; ürəyi xoş arzularla çırpınırdı, yuxusu qaçırdı və Kukin səhərə yaxın evə qayıtdıqda Olenka yataq otağının kiçik pəncərəsini tıqqıldadaraq yalnız üzünü və bir çiynini pərdənin dalından ona göstərib nəvazişlə gülümsəyirdi...

Kukin Olenkaya evlənmələrini təklif etdi və onlar evləndilər. Kukin onun boynunu və dolğun çiyinlərini əməlli-başlı gördükdə əllərini bir-birinə vurub:

- Qadası! – dedi.

Kukin xoşbəxtdi, lakin toy günü və sonrakı gecə yağış yağdığından məyusluq ifadəsi onun üzündən silinmədi.

Toydan sonra yaxşı yaşayırdılar.

Olenka onun kassasında əyləşib bağda qayda-qanuna nəzər yetirir, xərc-xəracatı qeydə alır, maaş verirdi və onun sevimli, işıqlı, sadəlövh təbəssümü, çəhrayı yanaqları gah kassanın kiçik pəncərəsində, gah səhnə arxasında, gah da bufetdə görünürdü.

Olenka indi öz tanışlarına deyirdi ki, dünyada ən gözəl, ən vacib və lazımlı bir şey varsa, o da teatrdır, yalnız teatrda həqiqi zövq aldıb bilikli və insanpərvər bir adam olmaq mümkündür. O, deyirdi:

- Ancaq görək camaat bunu başa düşürmü? Camaata lağlağı lazımdır! Dünən biz o «Faust tərs üzünə» əsərini göstərirdik, demək olar ki, lojaların hamısı boş idi, amma Vaniçka ilə mən bayağı bir şey göstərsəydik, inanın ki, teatr ağzına qədər dolu olardı. Sabah Vaniçka ilə mən «Orfeya cəhənnəmdə» əsərini göstərəcəyik, gəlin baxın.

Kukin teatr və aktyorlar haqqında nə deyirdisə, Olenka da onu təkrar edirdi.

İncəsənətə göstərdiyi laqeydlik üçün və nadan olduğundan o da Kukin kimi camaata nifrət edirdi, məşqlərə qarışıb aktyorların oyununu düzəldir, musiqi çalanlara göz yetirirdi, yerli qəzetdə teatr haqqında pis məqalə çıxdıqda ağlayırdı və izahat üçün redaksiyaya gedirdi.

Aktyorlar onun xətrini istəyirdilər, onu «Vaniçka ilə mən» və «qadası» adlandırırdılar. Olenkanın onlara yazığı gəlirdi və onlara bir az əl borcu verirdi, aktyorlar onu aldatdıqda isə xısın-xısın ağlayırdısa da, ərinə şikayət etmirdi.

Qışı da pis dolanmadılar. Şəhər teatrını bütün qışı icarəyə götürdülər, teatrın gah malorusya aktyorlar dəstəsinə, gah fakusçuya, gah da yerli həvəskarlara kirayəyə verirdilər.

Olenka kökəlir və günü yaxşı keçdiyindən çiçək kimi açılırdı. Kukin isə arıqlayıb saralırdı və bütün qışı işlərinin pis getməməsinə baxmayaraq, çox zərər etdiyindən şikayətlənirdi.

Gecələri öskürürdü, Olenka isə ona böyürtkən və cökə çiçəyinin şirəsini içirdir, bədənini odekalonla sürtürdü, onu özünün yumşaq şalına bürələyirdi.

Olenka onun saçlarını sığallayaraq tamamilə səmimiyyətlə deyirdi:

- Sən mənim gözəlimsən! Sən mənim qəşəngimsən!

Böyük pəhrizdə Kukin aktyorlar dəstəsi yığmaq üçün Moskvaya getdi, Olenka isə onsuz yata bilməyib həmişə pəncərənin qabağında əyləşərək ulduzlara tamaşa edirdi.

Bu zaman o, özünü toyuq hinində xoruz olmayanda bütün gecəni yatmayıb narahat olan toyuqlarla müqayisə edirdi. Kukin Moskvada yubanırdı, o, yazırdı ki, müqəddəs bayrama kimi qayıdacaq və məktublarında «Tivoli» haqqında sərəncamlar göndərirdi.

Lakin pəhriz bayramının axırıncı həftəsinin bazar ertəsi günü axşamdan çox keçmiş birdən darvazanı zəhmlə döydülər: kim idisə, alaqapını döyürdü, elə bil çəlləyi gumbuldadırdılar: gum, gum, gum!

Yuxulu aşpaz yalın ayaqlarını gölməçələrə vurub şappıldada-şappıldada darvazanı açmağa qaçdı:

Darvazanın dalında kimsə boğuq qalın səsilə deyirdi:

- Lütfən qapını açın! Sizə teleqram var!

Olenka əvvəllər də ərindən teleqramlar alırdı; lakin indi nədənsə donuxub qaldı. O, titrəyən əllərilə teleqramı açıb bunları oxudu:

«İvan Petroviç gözlənilmədən vəfat etdi, sərəncam gözləyirik, tək günü fəfi ediləcək».
Teleqramda elə beləcə də «fəfi» və bir də anlaşılmayan «əbbəl» sözləri yazılmışdı, teleqramı operetta artistləri dəstəsinin rejissoru imzalamışdı

- Əzizim! – deyə Olenka hönkürdü. – Mənim sevimli Vaniçkam, əzizim! Mən niyə sənə rast gəldim? Niyə mən səninlə tanış olub, səni sevdim. Yazıq Olenkanı, zavalı və bədbəxti kimə tapşırıb getdin?..

Kukini tək günü Moskvada, Vaqankovada dəfn etdilər; Olenka evə çərşənbə günü qayıtdı və otağa girən kimi üzüqoyulu yatağa sərilib elə bərkdən hönkürdü ki, səsi küçədə və qonşu həyətlərdə eşidildi.

Qonşular xaç çəkərək:

- Qadası! – deyirdilər. – Yazıq Olqa Semyonovna gör özünü necə həlak edir!

Üç ay sonra bir gün Olenka kədərli və dərin bir yas içərisində günorta duasından qayıdırdı. Təsadüfən tacir Babakayevin taxta anbarının müdiri, Olenkanın qonşusu Vasili Andreyeviç Pustovalov da kilsədən gəlirdi; onlar yan-yana yeriyirdilər, Pustovalov başına həsir şlyapa qoymuş, əyninə ağ jilet geymişdi, jiletindən qızıl zəncir asılmışdı. Pustovalov tacirdən çox mülkədara oxşayırdı.

Pustovalov Olenkanın halına qalaraq, təmkinlə deyirdi:

- Olqa Semyonovna, hər bir şeyin öz qayda-qanunu var, əgər yaxın adamlarımından biri vəfat edirsə, demək Allahın əmri belədir və biz belə hallarda özümüzü ələ almalıyıq, səbrlə buna dözməliyik.

O, Olenkanı alaqapıya qədər yola salıb salamatlaşaraq yoluna davam etdi. Bundan sonra Pustovalovun təmkinli səsi bütün günü onun qulağında cingildəyirdi və gözlərini yumar-yummaz Pustovalovun qara saqqalı xəyalında canlanırdı.

O, Olenkanın çox xoşuna gəlmişdi. Görünür o da Pustovalova təsir bağışlamışdı, çünki, bir az sonra yaşlı bir arvad onun yanına qəhvə içməyə gəldi; Olenkanın yaxşı tanımadığı bu arvad stolun dalında əyləşən kimi Pustovalovdan, onun yaxşı, abırlı bir adam olduğundan, istədiyi qızın ona məmnin dalınca getdikdə onu Olenka əvəz edirdi.

Olenka axşama Pustovalov özü təşrif gətirdi; o, çox oturmadı, ikicə dəqiqə əyləşib az danışdı, lakin Olenka ona vuruldu, ona elə bənd oldu ki, bütün gecəni yatmayıb, qızdırırmış kimi istidən yandı, səhər açılanda isə yaşlı arvadın dalınca adam göndərdi. Çox çəkmədən onu nişanladılar, sonra toy oldu.

Pustovalovla Olenka toydan sonra yaxşı yaşayırdılar. Pustovalov adətən nahara qədər anbarda olurdu, sonra işlərinin dalınca getdikdə onu Olenka əvəz edirdi. Olenka axşama kimi anbarda olub haqq-hesabları yazır və mal buraxırdı.
O, alıcılara və tanışlara belə deyirdi:

- İndi taxta ildən-ilə iyirmi faiz bahalanır. Mültəfit olun, əvvəllər biz yerli taxta alveri edirdik, amma indi Vasiçka taxta dalınca hər il gərək ki, Magilov quberniyasına getsin. – O dəhşətə gəlib hər iki əli ilə yanaqlarını örtüb deyirdi: - Bəs qiymətlər! Qiymətləri demirsiniz!

Olenkaya elə gəlirdi ki, artıq çoxdandır taxta alveri edir, həyatda ən vacib, ən lazımdı bir şey varsa, o da taxtadır; tir, girdə şalban, ensiz taxta, pərdi taxtası, şalbanyanı sözləri onun üçün ən əziz və doğma sözlər idi. Gecələri yatdıqda yuxuda qalaq-qalaq uzun taxtalar, şəhərdən uzaqlara taxta-şalban daşıyan nəhayətsiz arabalar görürdü; yuxuda görürdü ki, uzunu on iki arşın, eni beş verşok olan şalbanlar ayağa qalxaraq taxta anbarına hücum edir, şalbanlar, tirlər bir-birinə dəyib quru ağac kimi zil bir səs çıxarırdı, hər şey yerə düşür, yenə də dikələrə bir-birinin üstünə qalaqlanırdı; Olenka yuxuda qışqırırdı, Pustovalov isə nəvazişlə deyirdi:

- Əzizim Olenka, sənə nə olub? Xaç çək!

Əri nə fikirləşirdisə Olenka da onu fikirləşirdi. Əgər o, otağın isti olduğunu və ya işlərin indi yavaş-yavaş getdiyini düşünürdüsə, Olenka da belə düşünürdü. Onun əri heç bir əyləncə sevməzdi, bayramlarda evdən eşiyə çıxmadığını üçün o da belə edirdi
Tanışlar deyirdilər:

- Siz həmişə ya evdə olursunuz, ya da kontorda. Qadası, teatra gedin, sirkə gedin.
Olenka təmkinlə cavab verirdi:

- Vasiçka ilə mənim teatra getməyə vaxtımız yoxdur. O teatrlarda yaxşı nə var ki?
Pustovalov və Olenka şənbə günləri gecə duasına, bayramlarda səhər duasına gedirdilər və kilsədən qayıtdıqda şəfqətli bir üzlə yanaşı gedirdilər, hər ikisindən yaxşı ətir iyi gəlirdi və Olenkanın ipək paltarı həzin-həzin xışıldayırdı; evdə isə yağlı çörəklə və cürbəcür mürəbbələrlə çay içib üstündən kətə yeyirdilər. Hər gün günortaüstü həyətdən, darvazanın o tərəfinə – küçəyə borş, ət və ya ördək qovurmasının iyi, pəhriz günlərində isə balıq iyi yayılırdı və darvazanın yanından keçənlərin iştahası açılırdı. Kontorda samovar həmişə qaynardı və alıcıları çayla bublikə qonaq edərdilər. Ər-arvad həftədə bir dəfə hamama gedər, oradan da hər ikisi qızarmış halda yan-yana qayıdardılar.

Olenka tanışlara deyərdi:

- Pis deyil, allaha şükür, yaxşı yaşayırıq. Allah eləsin ki, hamı mənimlə Vasiçka kimi dolansın.

Pustovalov taxta dalınca Magilyova getdikdə o, bərk darıxırdı və gecələri yatmayıb ağlayırdı. Polkun baytarı Smirin bəzi axşamlar onlara gələrdi, bu cavan oğlan onun evində fligeldə olurdu.

Smirin ona bəzi şeylər danışar və ya onunla kart oynayardı ki, bu da Olenkanı əyləndirərdi.

Onun şəxsi ailə həyatından danışdıqları xüsusilə maraqlı idi; o, evli idi və bir oğlu da vardı lakin arvadı ona xəyanət etdiyi üçün ayrılmışdılar və indi arvadından zəhləsi gedirdi, oğlunu saxlamaq üçün ayda ona qırx manat göndərirdi. Olenka bunlara qulaq asdıqda ah çəkib başını yırğalayır və ona yazığı gəlirdi.

Olenka salamatlaşıb əlində şam onu pilləkənə qədər yola salaraq deyirdi:

- Allah sizə kömək olsun. Çox sağ olun ki, darıxmağa qoymursunuz, Allah ömrünüzü uzun eləsin, əzizim!

O, ərini təqlid edərək həmişə təmkinlə və ağıllı danışardı; baytar pilləkənləri enib qapıdan çıxırdı, ancaq Olenka onu səsləyib deyirdi:

- Vladimir Platonıç, bilirsinizmi nə var, gəlsəniz arvadınızla barışarsınız… Heç olmazsa onu oğlunuza bağışlayın… Axı uşaq hər şeyi başa düşür.

Pustovalov qayıdıb gəldikdə isə baytar haqqında və onun fəlakətli alə həyatını sakitcə ona danışdı.

Hər ikisi ah çəkib başlarını buladılar və yəqin ki, indi atasının xiffətini edən uşaqdan söhbət açdılar, sonra nə fikirləşdilərsə, hər ikisi gəlib İsanın təsviri qarşısında dayanaraq ikiqat baş əydi və Allaha dua etdilər ki, onlara övlad versin.
Beləliklə, Pustovalovlar bir-birlərini sevərək, həmişə bir-birlərindən razı qalaraq altı il sakit və dinc yaşadılar.

Lakin bir dəfə Vasili Andreiç anbarda doyunca isti çay içdikdən sonra taxta buraxma üçün başıaçıq çıxıb özünü soyuğa verdi və bərk azarladı. Onu ən yaxşı həkimlər müalicə edirdi, lakin xəstəlik üstün gəldi və dörd ay yatdıqdan sonra o, vəfat etdi. Olenka yenə də dul qaldı. O, ərini dəfn edib ağlamağa başladı.

- Əzizim, məni kimə tapşırıb getdin? Mən yazıq, mən bədbəxt indi sənsiz necə yaşayacağam? Ay camaat mən yetimə rəhminiz gəlsin...

Olenka yaxasında matəm lenti olan qara paltan geyinirdi, şlyapa qoymaqdan və əlcək taxmaqdan həmişəlik imtina etmişdi, hərdən bir o da kilsəyə və ya ərinin qəbri üstə gedəndə evdən eşiyə çıxardı, rahibə kimi həmişə evdə olardı.

Yalnız altı ay keçdikdən sonra yaxasındakı matəm lentini çıxartdı və pəncərə taxtalarını açmağa başladı. Artıq, bəzən onu öz aşpazı ilə birlikdə bazarlığa gedən görürdülər, indi onun öz evində necə yaşadığını və evdə nələr baş verdiyini ancaq gümanla bilmək olardı. Məsələn, bundan bilirdilər ki, poçtada tanış bir arvada rast gəldikdə deyirdi:

- Şəhərimizdə düzgün baytar nəzarəti yoxdur, buna görə də xəstəlik çoxdur. Bunun üzündən hey eşidirsən ki, camaat süddən xəstələnir, atların və inəklərin azarı onlara keçir. Əslinə baxsan, ev heyvanlarının sağlamlığına, adamların sağlamlığına göstərildiyi qədər qayğı göstərilməlidir.

O, baytarın fikirlərini təkrar edirdi və indi hər şey haqqında onun yeritdiyi rəyi yeridirdi. Aydın idi ki, Olenka birisinə bağlanmadan bir il də olsun yaşaya bilməzdi və özünün yeni səadətini evinin fligelində tapmışdı.

Bir başqasını buna görə qınayardılar, lakin Olenka haqqında heç kəsin ağlına pis bir fikir gəlmirdi və onun həyatındakı hər şey onsuz da aydın idi.

Nə o, nə də baytar onların münasibətində əmələ gəlmiş dəyişiklik haqqında heç kəsə bir söz demirdilər, bunu gizli saxlamağa çalışırdılar, buna nail ola bilmədilər, ona görə ki, Olenka sirr saxlayan adam deyildi, polkda baytarla birlikdə xidlmət edənlər onlara qonaq gəldikdə Olenka çay süzərkən və ya süfrəyə axşam yeməyi gətirərkən qaramala düşmüş cüzam xəstəliyindən, vərəm xəstəliyindən, şəhər qəssəbxanalarından danışmağa başlardı, baytar isə bərk xəcalət çəkərdi və qonaqlar getdikdən sonra onun əlindən yapışıb hirslə deyinərdi:

- Axı səndən xahiş etmişəm ki, bilmədiyin şey haqqında danışma! Biz baytarlar öz aramızda söhbət edəndə rica edirəm qarışmayasan. Lap adamı təngə gətirirsən!
Olenka ona heyrət və təşvişlə baxıb soruşardı:

- Volodiçka, bəs mən nədən danışım?

Belə olduqda Olenka göz yaşları axıdaraq, baytarı quxaqlayıb ona yalvarardı ki, hirslənməsin və hər ikisi özlərini xoşbəxt hesab edərdilər.

Lakin bu xoşbəxtlik uzun sürmədi. Baytar polkla birlikdə getdi, həmişəlik getdi, çünki, polku haraya isə, az qala Sibirə dəyişmişdilər.

Olenka yenə də tək qaldı.

İndi o, tamamilə yalqızdı. Atası çoxdan vəfat etmişdi və onun bir ayağı sınmış kreslosu toz içərsində çardaqda atılıb qalmışdı.

Olenka arıqlamışdı, xarab olmuşdu, küçəyə çıxdıqda yoldan ötənlər ona daha əvvəlki kimi baxmırdılar, ona gülümsəmirdilər; görünür yaxşı günlər keçib geridə qalmışdı və indi məlum olmayan yeni bir həyat başlayırdı ki, yaxşısı budur, onun haqqında fikirləşməyəsən. Olenka axşamlar eyvanda əyləşib «Tivoli»dən gələn musiqi səslərinə və fişənglərin necə partladıqlarına qulaq asardısa da, bunlar artıq onda heç bir fikir doğurmazdı.

O, donuq nəzərlərlə boş həyətinə baxar, heç bir şey haqqında fikirləşməz, könlü heç bir şey istəməzdi, sonra, gecə düşdükdə gedib yatardı və yuxusunda boş həyətini görərdi. Sanki özündən asılı olmayaraq yeyib-içirdi.

Başlıcası və ən pisi bu idi ki, artıq onun heç bir rəyi yoxdu. O, öz ətrafındakı bütün şeyləri görür, ətrafında baş verənlərin hamısını anlayırdısa da, heç bir şey haqqında bir rəy deyə bilmir, həm də bilmirdi ki, nədən danışsın. Adamın özünün rəyi olmaması isə necə də dəhşətlidir!

Məsələn, şərab şüşəsinin necə dayandığı və ya yağışın necə yağdığını, ya da arabada mujikin necə getdiyini görürsən, lakin bu şüşənin və ya yağışın, ya da ki, mujikin nəyə lazım olduğunu, onların mənasını deyə bilmirsən və lap min manat versələr də, heç bir şey deyə bilməzsən.

Kukinin və Pustovalovun sağlığında, sonra da baytar olanda Olenka hər şeyi izah elə bilərdi və nə barədə deyirsən, öz rəyini söylərdi, indi isə həm başı, həm də ürəyi həyət kimi boşdu.

Həyatı elə pis, elə acı keçirdi ki, sanki yovşan yemişdi.

Şəhər yavaş-yavaş eninə-uzununa böyüyürdü; Qaraçılar məhəlləsini daha küçə adlandırırdılar və «Tivoli» bağı ilə taxta anbarının yerində artıq evlər ucalırdı və bir sıra döngələr əmələ gəlmişdi. Vaxt nə tez keçib gedir.

Olenkanın evinin rəngi saralmışdı, damının tənəkəsi pas atmışdı, anbar qarın vermişdi, bütün həyəti qanqal və gicitkən basmışdı.

Olenkanın özü də qocalıb xarab olmuşdu; yayda eyvanda əyləşərdi, əvvəlki kimi ürəyi bomboş olardı, o, darıxardı, ürəyi qısılardı, qışda isə pəncərənin yanında əyləşib qara tamaşa edərdi.

Baharın ətri gələndə, külək kilsə zənglərinin səsini gətirəndə keçmiş xatirələr birdən xəyalında canlanar, qəlbi şirin-şirin döyünər, ancaq bircə dəqiqəlik gözlərindən sel kimi yaş axardı, sonra yenə də boşluq, yenə məlum deyildi ki, nə üçün yaşayırsan.

Qoçaq adlı qara pişik ona sürtüşüb yavaşcadan xoruldayırdısa da, pişik nəvazişləri Olenkanı mütəəssir etmirdi. Ona bumu lazımdı?

Ona elə bir məhəbbət lazımdı ki, bütün varlığına, bütün ruhuna, bütün ağlına hakim kəsilə idi, onda düşüncələr doğura idi, həyatına istiqamət verə idi, onun qocalmaqda olan qanını qızdıra idi. Odur ki, Qoçağı dizinin üstündən itələyib kədərlə deyirdi:

- Yeri… yeri… Sənlik burada bir iş yoxdur.

Beləliklə, günlər, illər dolanırdı, - nə bir sevinc, nə bir fikir. Aşpaz Mavra nə desə idi, o da yaxşı idi.

İsti iyul günlərinin birində, axşamçağı naxır küçədən keçib həyəti toz dumanı ilə doldurduqda kimsə alaqapını döydü.

Olenka özü gedib qapını açdı və nəzər saldıqda donub qaldı: mülki paltar geyinmiş və saç-saqqalı artıq çallaşmış baytar Smirin darvazanın ağzında dayanmışdı.

Birdən hər şey Olenkanın xatirində canlandı və o, özünü saxlaya bilməyib ağladı. Bir kəlmə də demədən başını onun sinəsinə qoydu və çox həyəcanlı olduğundan hər ikisinin evə necə gəldiklərini, oturub neçə çay içdiklərini sezmədi.

Olenka sevincindən əsə-əsə deyirdi:

- Əzizim! Vladimir Platonıç! Allah səni haradan mənə göndərdi?

- İstəyirəm ki, burada həmişəlik kök salam, - deyə o, nağıl edirdi. – İstefaya çıxmışam və gəlmişəm ki, bəxtimi əsgəri xidmətdən kənarda sınayam, oturaq ömür sürəm. Bir də ki, oğlumu gimnaziyaya qoymaq vaxtı çatıb. Böyüyübdür. Bilirsinizmi arvadımla barışmışam.

- Bəs arvadınız haradadır? – deyə Olenka soruşdu.

- Oğlumla birlikdə mehmanxanadadır. Mənsə mənzil axtarıram.

- Pərvərdigara, canım, gəlin mənim evimə. Ev deyil? Canım, mən sizdən heç şey almaram, - Olenka həyəcanlanıb yenə də ağladı. –Burada olun, mənə isə fligel də kifayətdir. Vallah mən şad olaram!

Ertəsi günü artıq evin damını rəngləyib, divarları ağardırdılar və Olenka əllərini belinə qoyub həyəti dörd dolanaraq sərəncam verirdi.

Əvvəllərdə olan təbəssüm onun üzünü işıqlandırırdı, uzun sürən yuxudan oyanmış kimi cana gəlmiş, təravətli olmuşdu.

Baytarın arvadı gəlib çıxdı. o, saçlarını qısa vurdurmuş, arıq və çirkin bir arvad idi, üzündə şıltaqlıq ifadəsi vardı. Oğlu Saşanı da özü ilə bərabər gətirdi. Saşa yaşına görə (artıq on yaşına girmişdi) boyca kiçik, dolğun bir oğlan idi, aydın mavi gözləri vardı, yanaqları batıq idi. Uşaq həyətə girən kimi pişiyi qovmağa başladı və həmin saat onun şən, sevincli gülüşü eşidildi:

- Xala, bu pişik sizindir? – deyə Olenkadan soruşdu. –Xahiş edirəm ki, balalayanda balasının birini bizə verəsiniz. Anam siçandan yaman qorxur.

Olenka onunla söhbət etdi, ona çay verdi və onun qəlbi birdən istiləşdi, şirin-şirin döyündü, sanki bu uşaq onun doğma balası idi. Saşa axşamüstü yemək otağında oturub dərslərini hazırladıqda Olenka ona nəvazişlə baxıb, onun halına yanaraq, pıçıldayırdı:

- Mənim əziz balam, gözəl balam… Gör bir Allah Təala səni necə ağıllı, necə ağappaq xəlq edib!

- Dörd bir tərəfi su ilə əhatə olunan quruya ada deyilir, - deyə Saşa kitabdan oxuyurdu.

- Quruya ada deyilir, - deyə Olenka təkrar edirdi, neçə il susduqdan və fikir yoxluğundan sonra bu onun inamla söylədiyi birinci rəy idi.

İndi daha onun öz rəyləri vardı, axşam yeməyi zamanı Saşanın ata-anası ilə indi uşaqlar üçün gimnaziyada oxumağın çətin olmasından, lakin klassik təhsilin real təhsildən hər halda daha yaxşı olmasından danışırdı, deyirdi ki, gimnaziyanı qurtarandan sonra bütün yollar açıqdır – istəyirsən get həkim ol, istəyirsən mühəndis.
Saşa gimnaziyaya getməyə başladı.

Onun anası Xarkova, bacısının yanına getmişdi, qayıtmırdı; atası hər gün haraya isə heyvan sürülərinə dəyməyə gedirdi və elə olurdu ki, üç günlə evdə olmurdu, onda Olenkaya elə gəlirdi ki, Saşanı tamamilə yaddan çıxarıblar, o, bu evdə artıqdır, o acından ölür; odur ki, Saşanı fligelə öz yanına gətirib onu balaca otaqda yerləşdirdi.

Artıq yarım ildi ki, Saşa fligeldə onun yanında yaşayırdı. Olenka hər səhər onun otağına gəlirdi, Saşa əlini başının altına qoyub bərk yatırdı, sanki nəfəs almırdı. Olenkanın ürəyi gəlmirdi ki, onu yuxudan oyatsın.

O, kədərli-kədərli deyirdi:

- Saşenka, qalx, əzizim. Gimnaziyaya getmək vaxtıdır.

Saşa qalxıb geyinir, dua etdikdən sonra oturub çay içirdi, üç stəkan çay içib iki yekə bublik və üstünə kərə sürtülmüş yarım dənə fransız bulkası yeyirdi. Hələ yuxulu olduğu üçün Saşanın kefi olmurdu.

Olenka:

- Saşenka, amma sən təmsili yaxşı əzbərləməmisən, - deyir və ona elə baxırdı ki, guya onu uzun bir yola salırdı. – Sən də mənə bir dərd olmusan. Əzizim, çalış, oxu, müəllimlərin sözünə qulaq as!

Saşa:

- Siz Allah bəsdirin! – deyirdi.

Bundan sonra balaca Saşa başında yekə kartuz, dalında çanta küçə ilə gimnaziyaya gedirdi. Onun dalınca da yavaş-yavaş Olenka gedirdi.

- Saşenka!.. - deyə onu çağırırdı.

Saşa dönüb baxdıqda Olenka onun ovcuna bir xurma və ya karamel konfet basardı. Saşa gimnaziyanın yerləşdiyi döngəyə çatdıqda xəcalət çəkərdi ki, bu hündürboy, yoğun arvad onun dalınca gəlir. Odur ki, dönüb deyirdi:

- Xala, qayıdın evə, indi daha mən özüm gedərəm.

Olenka dayanırdı və Saşa gimnaziyanın qapısında gözdən itincəyə qədər kirpik vurmadan onun dalınca baxırdı. Ah, o, Saşanı nə qədər istəyirdi!

Onun keçmiş ünsiyyətlərindən heç biri indiki qədər dərin olmamışdı, keçmişdə onun qəlbi heç bir zaman bu qədər sədaqətlə, bu qədər qərəzsiz və belə bir sevinclə təslim olmamışdı, analıq hissi getdikcə onda daha çox alışıb yanırdı.

Ona yad olan bu uşağın yolunda, onun yanaqlarındakı batıqların yolunda, onun kartuzu yolunda Olenka bütün həyatından keçərdi, sevinclə, gözlərində şəfqət yaşları ilə keçərdi. Nə üçün? Bunu kim bilir, nə üçün?

Saşanı yola saldıqdan sonra o, məmnun, ürəyi sakit və məhəbbətlə dolu halda yavaş-yavaş evə qayıdardı, son yarım ildə təravətə gəlmiş üzü gülər, işıq saçardı, yolda qabağına çıxan adamar ona baxaraq ləzzət alıb deyərdilər:

- Salam, Olqa Semyonovna, qadası! Qadası, necə dolanırsınız?

O, bazarda:

- İndi gimnaziyada oxumaq çətinləşib, - deyə nağıl edərdi. – Zarafat deyil, dünən birinci sinfə əzbərdən bir təmsil, latıncadan tərcümə, məsələ veriblər... Uşaq bunların öhdəsindən necə gəlsin?

Bundan sonra o, müəllimlər, dərslər, şagirdlər haqqında danışmağa başlardı. – Onlar haqqında Saşanın dediklərini təkrar edərdi.

Gündüz saat üçə işləyəndə birlikdə nahar edərdilər, axşamı birlikdə dərs hazırlardılar, birlikdə də ağlardılar.

Saşanı yatağına uzandırıb xeyli müddət ona xaç çəkərdi, pıçıltı ilə dua oxuyardı, özü də yerinə uzanar, uzaq və dumanlı gələcəyə dalıb xəyalına gətirərdi ki, gimnaziyanı bitirdikdən sonra Saşa həkim və ya mühəndis olacaq, onun özünün mülkü, atları, kolyaskası olacaq, evlənəcək, arvadı ona uşaq doğacaq…

O, yuxuya gedərkən də bunları fikirləşir və yumulmuş gözlərindən yanaqlarına yaşlar axırdı. Qara pişik onun yanında uzanıb xoruldayırdı:

- Xor-xor… xor…

Alaqapı birdən bərk-bərk döyüldü. Olenka yuxudan oyanıb qorxusundan nəfəs almırdı; ürəyi şiddətlə döyünürdü. Yarım dəqiqə sonra qapı yenə də döyülürdü.
Olenka bütün bədəni əsə-əsə.

«Xarkovdan teleqram gətiriblər, - deyə düşünürdü. – Anası Saşanı Xarkova öz yanına aparmaq istəyir... Ah, pərvərdigara!»

Olenka məyus olurdu, onun başı, əl-ayağı soyuyur və ona elə gəlirdi ki, dünyada ondan da bədbəxt adam yoxdur. Lakin daha bir dəqiqə sonra səslər eşidilirdi; baytar, klubdan qayıdırmış.

«Allaha çox şükür!» - deyə Olenka fikirləşirdi.

Ürəyindəki ağırlıq yavaş-yavaş yox olurdu; özünü yenə də yüngül hiss edirdi, o, yerinə uzanaraq Saşa haqqında düşünürdü. Yan otaqda bərk yuxuya getmiş Saşa isə bəzən yuxulu-yuxulu deyirdi:

- Mən sənə göstərərəm! Rədd ol! Savaşma!

1899

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG