Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44
Qəsəbə balaca idi, kənddən də pis idi. Burada, demək olar ki, ancaq qocalar yaşayırdı.

Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada ki tabut çox az tələb olunurdu…

Xülasə, işlər xarabdı. Əgər Yakov İvanov quberniya şəhərində tabutçu olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveiç deyərdilər.

Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də nədənsə Bronza idi. O, kiçik, köhnə bir daxmada, adi kəndi kimi, yoxsul bir həyat keçirirdi.

Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, Marfa, peç, ikiadamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerləşmişdi.

Yakov yaxşı və möhkəm tabut qayırırdı. O, kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırlardı və heç də yanılmazdı, çünki yetmiş yaşı olsa da heç yerdə, hətta həbsxanada da ondan hündür və möhkəm adam yox idi.

Kübarlara və qadınlara tabutu ölçüb düzəldirdi, ölçüsü də dəmir arşın idi.

Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edir, onları ölçüsüz və nifrətlə qayırırdı, hər dəfə də bunun üçün pul aldıqda deyirdi:

- Açıq deyirəm, boş şeylərlə məşğul olmağı xoşlamıram.

Sənətindən başqa, skripka çalmaqdan da balaca bir qazancı olurdu. Qəsəbənin toylarında adətən cuhud orkestri çalırdı.

Orkestri, gəlirin yarıdan çoxunu özü üçün götürən qalayçı Moisey İliç Şaxkes idarə edirdi.

Yakov skipkada, xüsusilə rus mahnılarını çox yaxşı çaldığı üçün Şaxkes onu hərdənbir, qonaqların bəxşişini hesaba almadan, günü əlli qəpiyə orkestrdə çalmağa dəvət edirdi.

Bronza orkestrdə oturub çaldıqda hər şeydən əvvəl sifəti tərləyir və pörtürdü, isti idi, sarımsaq iyindən nəfəs tutulurdu, skripka vızıldayır, sağ qulağının dibində kontrabas xırıldayır, sol qulağında isə fleyta inildəyirdi.

Fleytanı məşhur dövlətli Rotşildin familiyasını daşıyan, sifətinin qırmızı və göy damarları çıxmış arıq kürən bir cuhud çalırdı.

Bu məlun cuhud hətta ən şən havaları belə çox yanıqlı çalmağa çalışırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş cuhudlara, xususilə Rotşildə nifrət və kin bəsləməyə başladı, heç şeydən söz eləyir, Rotşildi pis-pis söyürdü. Hətta bir dəfə onu döymək də istəmişdi...

Rotşild də incimiş, qəzəblə ona baxaraq demişdi:
- Əgər istedadınıza hörmət etməsəydim, sizi çoxdan bu pəncərədən bayıra atmışdım.
Sonra da ağlamışdı.

Buna görə Bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda, cuhudlardan biri çatmayanda çağırırdılar.

Yakovun kefi heç kök olmazdı, çünki həmişə böyük zərərlərə düşürdü.

Məsələn, bazar və bayram günlərində işləmək günahdı, bazar ertəsi – ağır gündü; beləliklə o istər-istəməz ildə üst-üstə iki yüz gün heç bir iş görmürdü.

Gör bu necə bir zərərdi! Əgər şəhərdə biri musiqisiz toy edərdisə, ya da Şaxkes Yakovu çağırmazdısa, bu da bir zərərdi! Polis nəzarətçisi iki ildi ki, xəstə idi və getdikcə zəifləyirdi. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi.

Lakin nəzarətçi müalicə üçün quberniya şəhərinə getdi, işə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özü də azından on manat!

Çünki onun tabutunu bahalı ipək parçaya tutmaq lazım idi. Bu zərərlərin fikri xüsusilə gecələr

Yakovu çox narahat edirdi; skripkanı yatağa, öz yanına qoyur, xəyalat onu basanda simini dartır, skripka qaranlıqda səslənirdi. Bundan da o, bir yüngüllük hiss edirdi.

Keçən il mayın altısında Marfa birdən-birə xəstələndi. Qarı ağır nəfəs alır, çoxlu su içir və səndələyirdi. Ancaq səhər yenə peçi özü yandırdı.

Hətta suya da getdi. Axşamüstü yenə yatağa düşdü. Yakov bütün günü skripka çaldı. Hava qaraldıqda hər gün zərərlərini qeyd etdiyi dəftərini götürdü, darıxdığından illik zərərə yekun vurmağa başladı.

Min manatdan çox çıxdı. Bu onu elə sarsıtdı ki, sayğacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırdı, onu xeyli şıqqıldatdı və dərində ah çəkdi.

Sifəti qızarmış və tərdən islanmışdı.

O fikirləşirdi ki, əgər bu əlindən çıxmış pulu banka qoysaydı, ildə üstünə azı qırx manat faiz gələrdi.

Demək, buradan da ona qırx manat zərər dəyirdi. Bir sözlə, hara baxsa zərərdən başqa bir şey görmürdü.

Birdən Marfa onu çağırdı:

- Yakov! Mən ölürəm!

O, arvadına baxdı. Marfanın üzü hərarətdən çəhrayı rəng almışdı, eyni zamanda çox aydın və fərəhli idi.

Arvadının üzünü həmişə solğun və qəmli görməyə alışmış olan Bronza özünü itirdi.

Elə bil arvad doğrudan da ölürdü və sevinirdi ki, nəhayət, həmişəlik olaraq bu daxmanın, tabutların və Yakovun üzündən qurtardı…

Gözlərini tavana zilləmişdi, dodaqları tərpənirdi, sifətində xoşbəxtcəsinə bir ifadə vardı, elə bil ki, xilaskarı olan ölümü görür və onunla pıçıldaşırdı.

Səhər açılır, dan yerinin söküldüyü pəncərədən görünürdü. Yakov qarıya baxarkən yadına nədənsə, bəzi şeylər düşdü: bütün ömrü boyu bir dəfə də olsun ona mehribanlıq eləməmişdi, ona acımamışdı, bir dəfə də olsun ona yaylıq almaq, yaxud toydan ona şirin bir şey gətirmək ağlına gəlməmişdi, əksinə, ancaq üstünə çığırmış, zərərlərindən ötrü onu söymüş, yumruqla üstünə cummuşdu, doğrudur, onu heç döyməmişdi, lakin onu qorxutmuşdu, o da hər dəfə qorxudan yerində quruyub qalmışdı.

Bəli, ona tapşırmışdı ki, çay içməsin, çünki onsuz da xərc çox idi. O da ancaq isti su içirdi.

Bronza başa düşürdü ki, nə üçün indi arvadının üzü belə qəribə və fərəhlidir. Onu qorxu bürüdü.

Səhər açılandan sonra qonşusundan at-araba alıb Marfanı xəstəxanaya apardı. Orada xəstə az idi.

Ona görə də çox yox, ancaq üçcə saat gözləməli oldu. Bu dəfə xəstələri həkim özü deyil, feldşer Maksim Nikolaiç qəbul edirdi. Yakov buna çox sevindi.

Həkim xəstə idi. Şəhərdə hamı qoca Maksim Nikolaiç haqqında deyirdi ki, doğrudur, o içəndir, dalaşqandır, ancaq həkimdən çox bilir.

Yakov qarını qəbul otağına gətirdi.

- Salaməleyküm, - dedi. – Bağışlayın, Maksim Nikolaiç, sizi boş-boş işlərlə həmişə narahat edirik. Özünüz görürsünüz ki, mənim bu övrətim, necə deyərlər, mənim rəfiqəm, belə dediyim üçün üzr istəyirəm, xəstələnmişdir…

Feldşer çal qaşlarını çatdı, bakenbordlarını tumarlaya-tumarlaya qarını nəzərdən keçirməyə başladı; arıq sivri burunlu, ağzı açıla qalmış qarı kətilin üstündə oturub belini bükmüşdü, o, yan tərəfdən su içmək istəyən quşla oxşayırdı.
Feldşer ağır-ağır:

- Hm... Belə... - deyərək köksünü ötürdü. – İnfluentsadır, bəlkə də isitmədir. İndi şəhərdə yatalaq da var. Hə, neyləyək? Şükür allaha, qarı dövranını sürmüşdür… Neçə yaşı var?

- Yetmişinə bir il qalıb, Maksim Nikolaiç.

- Neyləyək? Dövranını sürüb…

Yakov nəzakət xatirinə gülümsədi:

- Maksim Nikolaiç, cənabınız, əlbəttə, doğru buyurur. Xoş rəftarınıza görə sizə çox minnətdarıq! Ancaq icazə verin deyim ki, hər bir həşərat da yaşamaq istəyir.

- Çox da ki, istəyir! – Feldşer bu sözü elə tərzdə dedi ki, sanki qarının yaşaması, ya ölməsi ondan asılı idi. – Belə, əzizim, alnına soyuq kompress qoyarsan, bu paroşokdan da gündə iki dəfə ona verərsən. Hə, xudahafiz, bonjur!

Yakov feldşerin üzündəki ifadədən gördü ki, iş xarabdır, heç bir paroşok da kömək etməyəcək. İndi onun üçün aydın idi ki Marfa tezliklə, bu gün də olmasa, sabah öləcəkdir. O yavaşca feldşerin dirsəyinə toxundu, göz vurdu və astadan dedi:

- Maksim Nikolaiç, ona küpə qoymaq lazımdır.

- Əzizim, vaxtım yoxdur, vaxtım yoxdur. Sən allah, qarını da götürüb get. Xudahafiz.
Yakov yalvarmağa başladı:

- Bizə yazığınız gəlsin! Özünüz bilirsiniz ki, əgər onun, fərz eləyək, qarnı ağrısa, ya başqa bir xəstəliyi olsa, onda paroşok və damcı dərman kömək elər, axı ona soyuq dəyib. Soyuq dəyəndə birinci gərək qan alasan, Maksim Nikolaiç!

Feldşer başqa xəstəni çağırmışı. Qəbul otağına qoca bir arvadla bir oğlan uşağı girdi.
Feldşer qaşqabağını tökərək dedi:

- Get, get!.. Özündən hoqqa çıxarma!

- Onda heç olmasa zəli qoyun! Qoy həmişə sizə duaçı olsun.

Feldşer özündən çıxıb qışqırdı:

- Bir də ağzını açsan! Səfeh...

Yakov da hirsləndi, qıpqırmızı qızardı, ancaq bir söz demədi, Marfanın qoluna girib qəbul otağından çıxartdı. Ancaq arabaya minəndə xəstəxanaya acıqlı-acıqlı və istehza ilə baxaraq dedi:

- Sizin kimi bic-haramzadaları qoyublar ora! Dövlətli adam olsaydı küpə qoyardın, kasıb üçün bir zəliyə də heyfin gəldi. Əclaflar!

Evə çatdıqda Marfa daxmaya girib peçə söykəndi və on dəqiqə beləcə durdu. Ona elə gəlirdi ki, əgər uzansa Yakov zərərlər haqqında danışmağa başlayacaq və onu həmişə uzandığı üçün, işləmək istəmədiyi üçün danlayacaqdır.

Yakov isə qüssəli halda ona baxır və düşünürdü ki, sabah İoanna Boqoslov, bir gün sonra isə Nikolay Çudotvorets bayramıdır, sonra bazar günüdür, daha sonra da bazar ertəsidir ki, bu da ağır gündür. Dörd gün işləmək olmayacaqdır.

Marfa da, yəqin ki, bu günlərin birində öləcəkdir, demək bu gün tabut hazırlamaq lazımdır.

O öz dəmir arşınını götürüb qarıya yaxınlaşdı və onun boyunu ölçdü. Sonra Marfa uzandı. Yakov da xaç vurub tabut qayırmağa başladı.

İşini qurtardıqdan sonra gözlüyünü taxdı və dəftərində bu sözləri yazdı:
«Marfa İvanovna üçün tabut – 2 m. 40 q.»

Bunu yazıb dərindən ah çəkdi. Qarı gözləri yumulu halda sakitcə uzanmışdı. Lakin hava qaralanda o birdən qocanı çağırdı:

- Yadındadırmı, Yakov? – deyə fərəhlə ona baxaraq soruşdu, - yadındadırmı, əlli il bundan qabaq allah bizə sarışın saçlı bir övlad vermişdi. Biz onda səninlə çayın qırağında oturub mahnı oxuyardıq… söyüdün altında… - Sonra o acı-acı gülümsəyərək əlavə etdi: - Qızcığaz öldü.

Yakov bütün yaddaşını topladı, lakin nə uşağı, nə də söyüdü yadına sala bildi.
- Bu sənin gözünə görünür, - dedi.

Keşiş gəldi, dua oxudu. Sonra Marfa sayıqlamağa başladı və səhərə yaxın öldü.
Qonşuluqda yaşayan qarılar onu yudular, geyindirib tabuta qoydular. Keşişə artıq pul verməmək üçün Yakov özü dua oxudu.

Qəbir üçün ondan bir qəpik də almadılar, çünki qəbiristan keşikçisi onun kirvəsi idi. Dörd nəfər kəndli tabutu pula deyil, Yakova hörmət etdikləri üçün qəbiristana apardılar.

Tabutun dalısınca qoca arvadlar, dilənçilər və iki nəfər qələndər gedirdi.

Qabaqlarına çıxan adamlar xaç vururdular… Yakov da çox razı idi ki, hər şey öz qaydası ilə, şərəflə, həm ucuz, həm də heç kəs incimədən başa çatdı.

O, son dəfə Marfa ilə vidalaşarkən əlini tabuta vurub fikirləşdi: «Yaxşı qayrılıb!»

Lakin qəbiristandan qaytıdıqdan sonra bərk qüssələndi. O özünü pis hiss edirdi: boğazı yanır, ağır-ağır nəfəs alırdı, ayaqlar süstləşmişdi, su içmək istəyirdi. Başına da cürbəcür fikirlər gəldi.

Yenə də yadına düşdü ki, bütün ömrü boyu bir dəfə də olsun Marfaya acımamışdır, ona mehribanlıq etməmişdir. Bir daxmada yaşadıqları əlli iki il çox uzun sürmüşdü.

Ancaq necə olmuşdusa bu müddət ərzində o bircə dəfə də Marfa haqqında düşünməmişdi, ona fikir verməmişdi, sanki o adam deyil, bir pişikdi, ya it idi.

Lakin Marfa hər gün peçi yandırırdı, xörək bişirirdi, çörək bişirirdi, suya gedirdi, odun yarırdı, onunla bir çarpayıda yatırdı, toylardan sərxoş qayıtdıqda həmişə onun skripkasını hörmətlə divardan asırdı, özünü də yatağa uzandırırdı. Bunları da o dinmədən, qorxa-qorxa və qayğıkeşliklə edirdi.

Yakov bu fikirlərlə məşğul ikən Rotşild gülümsəyə-gülümsəyə və baş əyə-əyə ona tərəf gəlirdi.

- Mən sizi axtarıram, əmican, - dedi, - Moisey İliç sizə salam göndərdi və tapşırdı ki, bu saat onun yanına gələsiniz.

Lakin Yakovu məşğul edən bu deyildi. O ağlamaq istəyirdi.

- Əl çək! – deyərək yoluna davam etdi.

Rotşild yenə qabağa qaçaraq həyəcanla dedi:

- Heç belə şey olarmı? Moisey İliç inciyər! O tapşırdı ki, bu saat gələsiniz.
Cuhudun tövşüməsi, tez-tez göz qırpması və sifətində çilin çox olması Yakova iyrənc görünürdü. Onun qara yamaqlı yaşıl pencəyinə də, zəif və sısqa bədəninə də baxmaq iyrənc idi.

Yakov çığırdı:

- Nə istəyirsən, zibil? Əl çək!

Cuhud da qəzəblənib çığırdı:

- Xahiş edirəm, səsini ucaltma, yoxsa götürüb hasardan aşıraram!

Yakov çığırdı və yumruqlarını sıxaraq onun üstünə cumdu.

- Rədd ol gözümdən! İtil! Bu zir-zibildən göz açmaq olmur.

Qorxudan Rotşildin rəngi ağappaq ağardı, yerə çökdü və özünü zərbədən müdafiə edirmiş kimi əllərini yuxarı qaldırdı.

Sonra yerindən qalxıb gücü yetdikcə qaçmağa başladı. Qaçarkən o atılıb düşür, heyrətlə əlini əlinə vururdu və onun uzun, arıq kürəyinin titrədiyi görünürü.

Küçədəki uşaqlar bu işə çox sevindilər, onun dalınca düşüb: «Cuhud! Cuhud!» deyə çağırmağa başladılar. İtlər də hürüşə-hürüşə onun ardınca tökülmüşdü.

Kim isə bərkdən qəhqəhə ilə güldü, sonra fit verdi, itlər də daha bərkdən hürüşdü… Sonra yəqin ki, Rotşildi it tutdu, çünki o bərk çığırdı.

Yakov örüşdə gəzirdi, sonra o, şəhərin çırağı ilə baş alıb getdi, uşaqlar da onun dalınca çığıra-çığıra deyirdi: «Bronza gəlir! Bronza gəlir!» O gəlib çaya çatdı. Burada cüllütlər civilti ilə uçuşur, ördəklər qaqqıldaşırdı.

Günəş adamı yandırırdı, suyun üzü elə parıldayırdı ki, adamın gözünü qamaşdırırdı.

Yakov çay qırağındakı cığırla getdi və bu zaman çay hamamından dolubədənli, qırmızıyanaqlı bir qadının çıxdığını görüb, öz-özünə dedi: «Bir ona bax, su samuruna oxşayır!» Hamamın yaxınlığında uşaqlar tilovun ucuna ət bağlayıb xərçəng tuturdular.

Onu görən kimi: «Bronza!» deyə qəzəblə çığırmağa başladılar. Bu da böyük koğuşlu qoca söyüd ağacı! Onun başında qarğa yuvaları vardı...

Birdən Yakovun təsəvvüründə sarışın saçlı körpə uşaq və Marfanın dediyi söyüd ağacı canlandı. Bəli, bu haman yaşıl, sakit, kədərli söyüd ağacı idi… Zavalı necə qocalmışdır!

O, söyüd ağacının altında oturdu və keçmişləri xatırlamağa başladı. Çayın o biri tərəfində, indi çaybasar çəməni olan yerdə o zaman böyük ağcaqayın meşəsi, üfüqdə görünən o boz dağda isə köhnə şam meşəsi vardı.

Çayda gəmilər üzərdi. İndi hər yer dümdüzdür, çayın o biri tayında qız kimi cavan və boylu-buxunlu təkcə bir qayınağacı görünür.

Çayda isə ancaq ördək və qaz üzür, heç kəs deyə bilməz ki, vaxtilə burada gəmilər üzərdi.

Elə bil əvvəlkinə nisbətən qazların da sayı azalmışdı. Yakov gözlərini yumdu və onun xəyalından bir-birinin ardınca uçuşan böyük ağ qaz dəstələri gəlib-keçdi…

O, bir şeyə təəccüb edirdi. Necə olmuşdu ki, o keçib-gedən bu qırx ildə, əlli ildə bir dəfə də olsun çay qırağına gəlməmişdi?

Gəlmişdisə də çaya diqqət etməmişdi? Axı çay kiçik çay deyildir. Onda balıq tutmaq olardı, balıqları tacirlərə, məmurlara və stansiyada bufetçiyə satmaq, sonra da pulları banka qoymaq olardı.

Qayıqda bir yerdən o biri yerə üzə bilərdi, skripka çalardı, camaat da ona pul verərdi. Bəlkə yenə də çayda qayıq sürmək olardı, hər halda bu tabut qayırmaqdan yaxşıdır.

Nəhayət qaz saxlamaq, onları qışda kəsib Moskvaya göndərmək, təkcə tüklərindən ildə on manat pul yığmaq olardı. Ancaq o bunları nəzərdən qaçırmışdı! Gör ona necə ziyanlar dəyib!

Ah, necə ziyanlar dəyib! Əgər balıq tutmağı, skripka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi bir araya toplasan gön nə böyük dövlət olardı! Lakin bunu o heç yuxusunda da görmədi!

Həyat çox səmərəsiz, ləzzətsiz, boş yerə keçmişdi. Qabaqda isə heç bir şey görünmürdü.

Geriyə baxanda da zərərdən başqa bir şey yox idi, elə də zərərlər ki, yadına düşəndə adamı dəhşət alır! Nə üçün adam elə yaşaya bilmir ki, onun itkisi və zərəri olmasın? Nə üçün cavan ağcaqayın və şam ağaclarını qırıblar?

Nə üçün örüş boş-boşuna qalmışdır? Nə üçün insanlar, həmişə ancaq lazım olmayan şeyləri edirlər? Nə üçün Yakov bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxıb başqalarına hücum eləmiş, arvadını təhqir etmişdi?

Hansı səbəbə görə bir az bundan qabaq cuhudu qorxudub təhqir etmişdi? Nə üçün insanlar, ümumiyyətlə, bir-birinin yaşamasına mane olurlar? Axı bunun nəticəsində böyük zərərlər olur! Dəhşətli zərərlər olur!

Əgər nifrət və ədavət olmasaydı, insanlar bir-birindən böyük mənfəət görərdilər.
Çağa, söyüd ağacı, balıq, kəsilmiş qazlar, yan tərəfdən su içmək istəyən quşa oxşayan Marfa, Rotşildin solğun, zavallı sifəti axşam da, gecə də onun gözləri önündən çəkilmədi.

Heyvan sifətinə bənzəyən başqa sifətlər də hər tərəfdən onun üzərinə hücum edir, mızıldaya-mızıldaya onun zərərlərindən danışırdılar.

O yerində qurdalanırdı, o yan-bu yana çevrilirdi, skripka çalmaq üçün beş dəfə yatağından qalxmışdı.

Səhər güclə yerindən qalxdı. Xəstəxanaya getdi. Haman Maksim Nikolaiç ona dedi ki, başına soyuq kompres qoy, paroşok da verdi. yakov feldşerin üzündəki ifadələr və danışığından başa düşdü ki, iş xarabdır və daha heç bir paroşok ona kömək edə bilməz.

Sonra o, evə gedərkən düşündü ki, ölümdən ancaq bir xeyir olacaqdır: bu da ondan ibarətdir ki, daha yemək, içmək, vergi vermək, insanları təhqir etmək lazım gəlməyəcəkdir.

Belə ki, insan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, - bundan gələn xeyri hesablasan böyük bir məbləğ olar. Yaşamaqdan insana zərər, ölməkdənsə mənfəət gəlir.

Belə bir fikir əlbəttə doğrudur, lakin hər halda acı və ağırdır. Nə üçün dünyada elə bir qayda vardır ki, insana ancaq bir dəfə verilən həyat səmərəsiz keçir?

Ölməyinə heyfislənmirdi, lakin evdə skripkasını görən kimi ürəyi sıxıldı və ölməyinə heyfisləndi.

Skripkanı özü ilə qəbrə apara bilməyəcəkdi: o, yetim qalacaqdı, çayın və şamağacı meşələrinin başına gələnlər onun da başına gələcəkdi. Bu dünyada olan hər şey məhv olurmuş və məhv olacaqdır.

Yakov daxmadan çıxıb astanada oturdu, skripkanı sinəsinə basdı. Əldən getmiş, zərərlə dolu həyatını düşünərək heç özü də bilmədən bir hava çaldı.

Lakin bu hava çox təsirli və yanıqlı çıxdı. yakovun yanaqlarından yaş axırdı. Düşündükcə skripkası daha kədərlə inildəyirdi.

Həyət qapısının cəftəsi bir-iki dəfə səsləndi. Rotşild qapıda göründü. Həyətin yarısına kimi cəsarətlə gəldi.

Lakin Yakovu görən kimi dayandı, büzüşdü və yəqin qorxudan əlləri ilə elə işarələr edirdi ki, sanki barmaqları ilə saatın neçə olduğunu göstərmək istəyirdi.

Yakov mehribancasına:

- Gəl, eybi yoxdur, gəl, - dedi və onu yanına çağırdı.

Rotşild şübhə ilə və qorxa-qorxa baxaraq yaxınlaşmağa başladı, qocadan bir sajen aralı durdu:

Sonra çömələrək dedi:

- Mənə rəhm eləyin, məni döyməyin! Məni yenə də Monsey İliç göndərdi. Qorxma, dedi, get Yakova de ki, onsuz iş keçmir. Çərşənbə günü toydur… Bə-li! Cənab Şapovalov öz qızını yaxşı bir adama ərə verir… Toy çox yaxşı olacaqdır! Çox! – deyə əlavə etdi və bir gözünü qıydı.

Yakov ağır-ağır nəfəs alaraq dedi:

- Gedə bilməyəcəyəm… Xəstələnmişəm, qardaş.

Yenə də skripkanı çalmağa başladı, gözlərindən süzülən yaş skripkanın üstünə tökülürdü. Rotşild qollarını sinəsində çarpazlayaraq yanakı oturub diqqətlə qulaq asırdı.

Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli və iztirablı bir ifadə ilə əvəz olunurdu, əzabverici bir zövq duyurmuş kimi gözləri axdı və dedi. «Vahhh…» Göz yaşları yavaş-yavaş onun yanaqlarından süzülür, yaşıl pencəyinin üstünə damcılayırdı.
Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxıldı.

Axşam keşiş onun yanına gələndə soruşdu ki: «Böyük bir günah elədiyi yadına gəlirmi?» Yakov zəifləyən yaddaşını toplayaraq yenə də Marfanın kədərli üzünü, it tutarkən cuhudun çığırdığını xatırladı və güclə eşidilən bir səslə dedi:

- Skripkanı Rotşildə verin.

Keşiş də:

- Yaxşı, - dedi.

İndi şəhərdə hamı soruşur ki, bu yaxşı skripka Rotşildin əlinə haradan düşüb? Onu satın alıbmı, oğurlayıbmı, ya bəlkə də girov saxlayıb? Rotşild çoxdandı fleytanı buraxıb ancaq skripka çalırdı.

Qabaqlar fleytanı o çox yanıqlı çalardı, indi də, skripkadan elə yanıqlı səslər çıxırdı.

Lakin o, Yakovun astanada oturub çaldığı havanı təkrar etməyə çalışdıqca, elə həzin, elə kədərli bir hava çıxırdı ki, bütün qulaq asanlar ağlayırdı, özünün isə axırda gözləri axır və deyirdi: «Vahhh!» Bu təzə hava şəhərdə hamının çox xoşuna gəlirdi, belə ki, tacirlər və məmurlar tez-tez Rotşildi öz yanına çağırır, bu havanı dəfələrlə ona çaldırırdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG