Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:39
Aqil ləqəbi ilə tanınan qoca Semyon və adı heç kəsə məlum olmayan gənc tatar sahildə tonqal başında oturmuşdular; qalan üç nəfər minikdaşıyan isə komada idi.

Dişləri artıq tökülmüş, lakin enli kürəkli və hələ sağlam görkəmi olan, altmış yaşlı qoca Semyon sərxoş idi; o çoxdan yatmağa gedərdi, ancaq cibində butulkası olduğundan qorxurdu ki, komadakı cavanlar ondan araq istəyələr.

Tatar xəstə idi, taqətdən düşmüşdü; o öz cır-cındır paltarları içində büzüşərək vətəni Simbirsk quberniyasının nə qədər yaxşı olduğundan, evdə onun nə qədər gözəl və ağıllı bir arvadı qaldığından söhbət edirdi.

Onun yaşı 25-dən artıq olmazdı. Lakin indi, tonqalın işığında o, rəngi qaçmış, kədərli və xəstə üzü ilə uşağa bənzəyirdi.

- Bəli, əlbəttə, bura cənnət deyildir, - deyə Aqil dilləndi, özün görürsən: su, çılpaq sahillər, hər tərəf gil-palçıq, vəssalam! Müqəddəs Troitsa bayramı çoxdan keçmişdir, ancaq çayda hələ də buz vardır, bu gün səhər isə qar da yağmışdır.

- Yamandır! Yamandır! – deyə tatar qorxu ilə ətrafa boylandı.

On addımlıqda qaramtıl, soyuq çay axırdı; çay ovulmuş gilli sahilə çırpılır və qıjıldayaraq sürətlə haraya isə uzaq dənizə gedirdi. Sahildə minik daşıyanların «karbas» adlandırdıqları böyük bir yük barjı qaralırdı. Uzaqda, o biri sahildə alov dilləri ilan kimi qıvrılaraq gah sönür, gah parlayırdı; orada keçən ildən qalma otu yandırırdılar. Alov zolağının arxası isə qaranlıq idi. Xırda buz parçalarının barja toxunaraq səs saldığı eşidilirdi. Hər tərəf nəm və soyuq idi…

Tatar göyə baxdı. Burada da onun vətənində olduğu kimi çoxlu ulduz var idi; ətraf da eləcə qaranlıq idi. Lakin, nə isə çatmırdı; onun vətənində – Simbirsk quberniyasında nə ulduzlar, nə də səma belə deyildir.

- Yamandır! Yamandır! – deyə o təkrar etdi.

- Öyrəşərsən! – deyə, Aqil güldü. – Hələ sən gəncsən, cahilsən, ağzından süd iyi gəlir və axmaqlıqdan elə bilirsən ki, dünyada səndən bədbəxt adam yoxdur. Ancaq vaxt gələr deyərsən ki, hamıya belə həyat qismət eləsin. Sən bir mənə bax. Bir həftəyə su çəkilər, buraya bərə qoyarıq, ondan siz hamınız Sibiri gəzməyə gedəcəksiniz, mən isə burada qalacaq və yenə də sahildən-sahilə getməyə başlayacağam. Düz iyirmi iki ildir ki, gecə-gündüz beləcə gedib-gəlirəm. Allaha çox şükür. Mənə heç bir şey lazım deyildir. Allah hamıya belə həyat qismət eləsin.
Tatar tonqala çırpı qoyaraq ona daha yaxın uzandı və dedi:

- Mənim atam xəstədir, o öləndən sonra anam və arvadım bura gələcəklər. Söz veriblər.

- Anan və arvadın sənin nəyinə lazımdır ki? – deyə Aqil soruşdu. – Axmaqlıqdır, qardaşım. Səni şeytan yoldan çıxarır. Sən onun qəlbini yarala, sən o lənətə gəlmişə qulaq asma, öz iradəni ona vermə. O səni qadın haqqında düşüməyə məcbur edir, sən isə onun acığına: istəmirəm de; o səni azadlıq haqqında düşünməyə vadar edir, sən isə inad et və: istəmirəm de. Heç nə lazım deyil. Nə ata var, nə ana var, nə arvad, nə azadlıq, nə də ev-eşik. Heç bir şey lazım deyil. Şeytana lənət oxu, yarala onun qəlbini.

Aqil butulkadakı araqdan sümürərək sözünə davam etdi:

- Mən sadə mujiklərdən deyiləm, qardaş keşiş oğluyam. Mən azadlıqda Kurskda yaşadığım zamar sürtuk geyərdim, indi isə özümü elə bir nöqtəyə çatdırmışam ki, torpaq üstündə çılpaq da yatar, ot da kövşəyə bilərəm. Allah hamıya belə həyat qismət eləsin. Mənə heç nə lazım deyil və heç kəsdən də qorxmuram. Elə hesab edirəm ki, guya məndən varlı, məndən azad adam yoxdur. Rusiyadan məni bura göndərən kimi ilk gündən qət etdim ki, heç bir şey istəmirəm! Şeytan məni yoldan çıxarmaq istədi, məni arvadım haqqında da, azadlq haqqında da çox düşündürmək istədi. Mən isə ona «mənə heç bir şey lazım deyil!» - dedim və öz sözümdə inad etdim. İndi bax, gördüyün kimi, yaxşı yaşayıram, şikayətlənmirəm. Ancaq, hər kəs ki, şeytana inandı, hətta bir dəfə belə onun sözünə qulaq asdı, - vay onun halına, daha ona çarə yoxdur, o, təpəsinədək palçığa batacaq və bir daha çıxa bilməyəcəkdir. Təkcə bizim axmaq mujiklər deyil, hətta alicənab, oxumuş adamlar da tələf olurlar. On beş il əvvəl Rusiyadan bura bir nəfər ağa göndərmişdilər. Orada qardaşları ilə nəyi isə bölüşə bilməmiş və saxta vəsiyyətnamə düzəltmişdi. Deyilənlərə görə knyazlardan və ya baronlardan imiş, bəlkə də elə sadəcə məmur imiş – kim bilir!

Bəli, ağa bura gəldi və birinci işi muxortinskdə özünə ev və torpaq almaq oldu. «Öz zəhmətimlə, öz alın tərimlə yaşamaq istəyirəm – deyirdi. – Çüki, mən indi ağa deyiləm, adi bir sakinəm». Nə olar, - dedim. – Yaxşı işdir, allah köməyin olsun. O zaman bu adam gənc idi, çalışqan və qayğıkeş idi. Elə vaxt olurdu ki, özü biçin biçir, balıq tutur, hətta at belində altmış verstə qədər yol gedirdi. Ancaq işi bəd gətirdi. Birinci ildən başlayaraq o, Qırinoya poçt kontoruna getməyə başladı. Bir də görürdün ki, bərəmdə duraraq ah çəkir «Eh, Semyon, - deyir – nədənsə çoxdandır evdən mənə pul göndərmirlər». «Pul nəyinə lazımdır, Vasili Sergeiç? – deyirdim. Nəyə gərəkdir? Siz keçmişi də başınızdan çıxarın, unudun, guya ki, o heç olmayıb, guya ki, onu ancaq yuxuda görmüsünüz və yenidən yaşamağa başlayın. Şeytana qulaq asmayın – deyirdim - o sizi yaxşılığa yox, dar ağacına tərəf çəkir. İndi siz pul arzu edirsiniz, ancaq bir azdan sonra görəcəksiniz ki, başqa bir şey istəyirsiniz. Daha bir qədər keçdikdən sonra daha başqa bir şey, sonra xatiriniz daha ayrı şeylər istəyəcək. Əgər xoşbəxt olmaq istəyirsinizsə, hər şeydən əvvəl, heç nə arzu etməyin. Bəli… İndi ki, - deyirəm, -taleyimiz bizi o qədər incidib, daha ondan yardım istəməyə və onun qarşısında diz çökməyə dəyməz; onu ələ salmaq lazımdır, yoxsa o özü bizi ələ salar…» Bəli, mən ona beləcə deyirdim...

İki ildən sonra, bir gün mən onu o biri sahilə keçirtdim.

O, əllərini ovuşduraraq gülürdü: «Qırinoya arvadımı qarşılamağa gedirəm, -deyirdi. Mənə rəhm edərək buraya gəlmişdir. Mənim arvadım çox yaxşıdır, mərhəmətlidir» - deyirdi. Özü isə sevincdən hətta təngnəfəs olmuşdu. Budur, bir gündən sonra gördüm ki, arvadı ilə gəlir. Şlyapa geymiş, gözəl, gənc bir qadın qucağında da körpə bir qız. O qədər də növbənöv yükləri vardı ki… Vasili Sergeiçim isə onun yan-yörəsinə fırlanır, onu tərifləməkdən yorulmur, ona baxmaqdan doymurdu. «Hə, Semyon, qardaş, Sibirdə də insanlar yaşayırlar» - deyirdi. Mən isə ürəyimdə deyirəm: yavaş, sevincin uzun sürməyəcəkdir. Və o vaxtdan etibarən Rusiyadan ona pul gəlib-gəlmədiyi haqqında hər həftə Qırinodan xəbər tutmağa başladı. Pula isə xirtdəyəcən ehtiyacı vardı. «Arvadım, - deyirdi – mənim xatirim üçün burada, Sibirdə öz gəncliyini və gözəlliyini məhv edir, mənim acı həyatıma şərik olur, buna görə də mən ona hər cür zövq bəxş etməliyəm…» Xanımının qəlbi şad olsun deyə o, çinoviklərlə və hər cür nacinslərlə tanışlıq etməyə başladı. Məlum işdir ki, bütün bu məclisi yedirtmək və içirtmək lazım idi. Fortepyan da alınmalı, divanın üstündə kilkəli küçük də qoyulmalı idi. Belə arvadın başı batsın!.. Xanım onunla çox yaşamadı. Necə yaşasın? Hər tərəf gil, su, soyuq; nə bir göyərti, nə bir meyvə. Hər yan savadsız, sərxoş adamlarla dolu: bir nəfər də xoşrəftar insan yox. O isə nazlı xanım idi, o isə nazlı xanım idi, paytaxt qadını idi. Məlum işdir ki, darıxdı. Axı əri də necə olsa əvvəlki kimi ağa deyildi, indi adi sakinlərdən biri idi, daha qabaqkı şan-şövkət yox idi. Yadımdadır, üç il sonra, mövlud bayramında qarşı sahildən qışqırtı eşidildi. Mən bərə ilə oraya getdim, baxıram, xanım bərk bürünmüş halda, cavan bir çinoviklə üçatlı arabada oturub. Mən onları buraya gətirdim. Bərəyə əyləşdilər. Bir-birinə necə qulluq göstərmələri yadımdadır. Sonra daha onları görən olmadı. Səhərə yaxın isə Vasili Sergeiç qoşaatlı arabada çaparaq gəldi və «Semyon, mənim arvadım eynəkli bir ağa ilə buradan keçmədi ki?» - deyə soruşdu. Keçdilər – dedim – indi düş boş səhrada külək axtar! Onların dalısıyca qaçdı; beş gün-beş gecə çapdı. Sonra isə, mən onu bu tərəfə gətirdiyim vaxt o, bərəyə yıxılıb hönkürtü ilə ağlamağa başladı. Bu, elə belə də olmalı idi. Gülərək, ona öz sözlərini xatırlatdım: «Sibirdə də insanlar yaşayırlar!» O isə şiddətlə özünü döyəcləyirdi.

Bundan sonra o, azadlıq istədi. Arvadı Rusiyaya getmişdi, o da ora gedib arvadını görmək, onu aşnasının əlindən almaq istəyirdi. Bəli, qardaş, o az qala hər gün gah poçta, gah da şəhərə, rəisin yanına çapmağa başladı. Elə hey əfv edilməsi və günahının bağışlanması üçün ərizə yazıb göndərir və xahiş edirdi ki, onu geriyə, evlərinə qaytarsınlar. Özü danışırdı ki, təkcə teleqramlara iki yüz manat xərci çıxıbdır. Torpağını satdı, evini girov qoydu, özünün də saçı ağardı, beli büküldü, vərəmli adamlar kimi üzünün rəngi saraldı. Bir də görürsən ki, səninlə danışır və «öhö-öhö-öhö» öskürək içində boğulur. Gözləri yaşla dolur. O, əfv edilməsi üçün səkkiz il çalışıb, nəhayət, yorulduqdan sonra, yenidən canlanmağa və şad olmağa başladı. Yeni əyləncə fikrinə düşdü. Bu zaman qızı artıq böyümüşdü. O, nəfəsini çəkmədən qızına baxır, onunla fəxr edirdi. Qız da həqiqətən pis deyildi: gözəl, qaraqaş, cəld və diribaş bir qızdı. O, hər bazar günü qızı ilə birlikdə Qırinoya – kilsəyə gedərdi. Onlar bərədə yan-yana durardılar; qız gülümsəyər, o isə qızından gözünü çəkmədən: «Hə, Semyon, - deyərdi – Sibirdə də insanlar yaşayırlar. Sibirdə də səadət olub, bir bax, - deyərdi, - gör mənim necə qızım var! Başqa bir beləsini min verslikdə də axtarıb tapmaq olmaz». Qızın yaxşıdır, bu, düzdür, həqiqətdir, deyirdim. Öz-özümə isə fikirləşirdim: «Hələ bir dayan, qız gəncdir, qanının qaynayan vaxtıdır, yaşamaq istəyəcəkdir, burada isə nə yaşayış ola bilər?» Hə… qardaş, qız kədərlənməyə başladı, arıqladı, arıqladı – bir dəri, bir sümüyə döndü. Xəstələndi. İndi vərəmlidir. Bu da sənə Sibir səadəti… Yarala o şeytanın qəlbini… Bu da sənə Sibirdə insanların yaşaması! O, bütün həkimlərin yanına getməyə başladı və onları öz evinə çağırdı. İki yüz verstlikdə, üç yüz verstlikdə bir doktor və ya ara həkim olduğunu eşidən kimi onların dalınca gedərdi. Həkimlərə nə qədər maya qoydu. Ancaq mənə qalırsa, bu pulu içkiyə vermək daha yaxşı olardı!.. Onsuz da qız öləcəkdi, hökmən öləcəkdi… Onda, demək, onun da işi bitdi. Məlum şeydir, atası qüssədə ya özünü asacaq, ya da Rusiyaya qaçacaqdı. Qaçarsa onu tutacaqlar, sonra da məhkəməyə, katorqaya, şallaqla döyülməyə məhkum edəcəklər.

- Yaxşı, yaxşı – deyə soyuqdan büzüşən tatar mızıldandı.

Aqil:

- Nə yaxşı? – deyə soruşdu:

- Arvad, qız. Qoy lap katorqa olsun, qüssə içində olsun, ancaq o, arvadını da, qızını da görübdür…

Sən deyirsən heç nə lazım deyil. «Heç nə» yamandır. Arvadı onunla üç il yaşayıbdır – bunu ona allah bəxş edibdir. «Heç nə»» yamandır, üç il isə yaxşıdır. Bunu niyə başa düşmürsən?

Tatar titrəyirdi. O öz bildiyi rus sözlərini çətinliklə taparaq hıqqana-hıqqana danışırdı. O deyirdi ki, allah göstərməsin, adam qərib ölkədə xəstələnsin və ya ölüb, qara torpağa basdırılsın. Nə olardı ki, arvadı heç olmasa bir günlüyə, hətta bir saatlığa onun yanına gələydi. Belə bir səadət üçün o hər əzaba dözər və min dəfə allaha şükür edərdi. Heç nədənsə, bir günlük səadət daha yaxşıdır.

Bundan sonra o, evlərində qalmış gözəl və ağıllı arvadı haqqında söhbət etdi. O, başını iki əlləri arasına alaraq ağladı və Semyonu inandırmağa başladı ki, onun heç bir təqsiri yoxdur, nahaq yerə bu əzabı çəkir. Əhvalat belə olmuşdur: onun iki qardaşı və dayısı bir kəndlinin atını oğurlamış və qocanı yarımcan vəziyyətə düşənəcən döymüşlər. Cəmiyyət isə işə çox insafsız baxmış, üç qardaşın hamısını Sibirə göndərmək haqqında hökm çıxarmışdır, dövlətli adam olan dayısı isə evdə qalmışdır.

Semyon:

- Öyrəşərsən! – dedi.

Tatar səsini kəsdi və yaşlı gözlərini ocağa dikdi: onun çöhrəsində heyrət və qorxu ifadə olunurdu. Guya o, indi də başa düşə bilmirdi ki, nə üçün vətənində, Simbirsk quberniyasında deyil, - burada – qaranlıqda, rütubətdə, yad adamların arasındadır.
Aqil də oda yaxın uzandı və nədənsə gülümsünərək, zümzümə etməyə başladı.
- Axı, atası ilə bir yerdə o qız nə sevinc görəcəkdi ki? - deyə bir azdan sonra Aqil yenə dilləndi. – Düzdür o, qızını sevir, təsəlli alır, lakin onun işinin üstünə odun yığmaq olmaz. Çox ciddi və sərt qocadır. Gənc qızlarla ciddi və sərt dolanmaq yaramaz. Onlara əzizlənmək, nəvaziş... Ha-ha-ha… Hi-hi-hi… ətir, dodaq boyası, kirşan lazımdır. Eh… bəli… belə-belə işlər! – Semyon ah çəkərək ağır-ağır yerindən qalxdı. – Araq qurtardı, demək yatmaq vaxtıdır, deyilmi? Mən getdim, qardaş…
Tək qalmış tatar ocağa çırpı qoyaraq uzandı və gözlərini tonqala zilləyib doğma kəndləri, öz arvadı haqqında fikrə getdi; arvadı barı bir aylığa və ya bir günlüyə gələydi, sonra isə, əgər istəməsə, evə qayıdıb gedəydi! Heç nədənsə, bir ay, ya bir gün daha yaxşıdır. Lakin, əgər arvadı öz sözünün üstündə durub buraya gələrsə, o zaman bəs o harada yaşayacaqdır?

- Əgər yeməyə bir şey yoxsa, onda bəs necə yaşamalı? – deyə tatar ucadan öz-özündən soruşdu.

Hazırda o, gecə-gündüz işləyib avar çəkdiyi üçün gündə ona ancaq on qəpik pul verirdilər. Düzdür, gəlib-gedənlər də ona hərdən çay pulu, araq pulu verirdilər, lakin yoldaşları onun bütün qazancını əlindən alıb öz aralarında bölür, tatara isə heç bir şey vermir, ona ancaq gülürdülər. Ehtiyac isə aclıq və dəhşət doğurur. İndi onun bütün bədəni soyuqdan titrədiyi və ağrıdığı bir vaxtda o, komaya gedər, uzanıb yatardı. Lakin ora sahilə nisbətən daha soyuq idi və bürünməyə də bir şey yox idi. Burada da bürünməyə bir şey yoxdur, ancaq burada heç olmasa tonqal yandırmaq mümkündür.
Bir həftəyədək su tamamilə çəkiləcək və buraya bərə qoyulacaqdı. O zaman Semyondan başqa minik daşıyanların heç birinə ehtiyac olmayacaqdır. Tatar isə kəndləri gəzib dilənəcək, yalvaracaq, sədəqə və iş istəyəcəkdi. Arvadının vur-tut on yeddi yaşı vardır, o, gözəldir, ərköyündür və çox utancaqdır; görəsən odamı üzüaçıq, kəndləri gəzib sədəqə toplamalı olacaqdır? Yox, bu barədə fikirləşmək belə dəhşətlidir!..

Artıq işıqlanırdı; barjlar, suyun içindəki söyüdlər nə çayın ahəstə ləpələnməsi görünür, arxada gilli yarğan, aşağıda damı samanla örtülmüş kiçik komacıq, daha yuxarıda isə kənd daxmaları nəzərə çırpırdı. Kənddə artıq xoruz banları eşidilirdi.

Sarı gilli yarğan, barjlar, çay, yad, şər adamlar, aclıq, soyuq, xəstəlik – bəlkə də əslində bunların heç birisi yoxdur. «Güman ki, bütün bunlar yalnız röyadır» - deyə tatar düşünürdü. O, yatdığını hiss edir və sanki, öz xorultusunu eşidirdi… Əlbəttə o, Simbirsk quberniyasında öz evindədir və bu saat arvadının adını çəkən kimi, o cavab verəcəkdir. Anası isə qonşu otaqdadır… Nə qədər də qorxunc yuxular olur. Axı bu yuxular nəyə lazımdır?.. Tatar gülümsəyib gözlərini açdı. Bu hansı çaydır? Volqadırmı?

Qar yağırdı.

- Ötür! – deyə kim isə o taydan çığırdı – Karba-a-as!

Tatar ayıldı və o biri sahilə üzmək üçün yoldaşlarını oyatmağa getdi. Yeriyə-yeriyə cırıq kürklərini əyinlərinə geyən, yuxulu-yuxulu xırıltılı səslərilə deyinən və soyuqdan büzüşən minikdaşıyanlar sahildə göründülər. Yuxudan sonra soyuq onların iliklərinə qədər işlədiyinə görə, çay onlara iyrənc və dəhşətli görünürdü. Onlar tələsmədən Karbasa tullandılar. Tatar və daha üç nəfər başqa minikdaşıyan qaranlıqda xərçəng boynunu andıran uzun avarların enli pərlərindən yapışdılar. Semyon qarnı üstə özünü uzun sükanın üzərinə yıxmışdı. Lakin o biri sahildəkilər, minikdaşıyanların yatmış və yaxud da kəndə – meyxanaya getmiş olduqlarını zənn edərək hey qışqırırdılar, hətta iki dəfə tapançadan atəş də açdılar. Aqil bu dünyada tələsməyə lüzum olmadığına inanmış bir adam kimi:

- Yaxşı, çatarsan! – dedi, - onsuz da bir şey çıxmayacaqdır!

Ağır, yöndəmsiz barj sahildən ayrılaraq söyüdlərin arası ilə üzürdü. Söyüd budaqları ağır-ağır geri getdikcə bərənin bir yerdə dayanmayıb hərəkət etdiyi hiss olunurdu. Minikdaşıyanlar bir qaydada avar çəkirdilər. Aqil qarnı üstə sükanın üzərinə uzanıb, havada qövs əmələ gətirərək o tərəf bu tərəfə uçurdu. Bu, qaranlıqda adamların, tapdalanıb əzilmiş, uzun pəncəli bir heyvanın üstündə əyləşərək qara-qorxunc röyalarda görünən soyuq və ümidsiz bir diyara üzmələrinə bənzəyirdi.
Artıq söyüdlər geridə qalmış, gəmi genişliyə çıxmışdı. Səs-küy, avarların müntəzəm şappıltısı o biri sahildə eşidilirdi. Oradan: «Tez olun, tez olun!» deyə sevinclə bağırırdılar. Daha on dəqiqə keçdi və barj bərkdən körpüyə toxundu. Semyon üzündən qarı silə-silə:

- Elə yağır ha… hey yağır! – deyə donquldandı. – Allah bilir, haradan bu qədər tökülür!

O biri sahildə, boynunda tülkü dərisi olan gödəkcə geymiş və quzu dərisindən papaq qoymuş qısaboylu, arıq bir qoca durub gözləyirdi. O, atlardan bir qədər kənarda, hərəkətsiz dayanmışdı; qaşqabaqlı simasında gərginlik ifadə olunurdu, guya nəyi isə xatırlamağa çalışır və yaddaşının onun sözünə baxmadığını hirslənirdi. Semyon gülümsəyərək papağını çıxarıb ona yaxınlaşdı. O, isə:

- Anastasyevkaya getməyə tələsirəm, - dedi. Qızımın halı yenə xarabdır. Deyirlər, Anastasyevkaya yeni həkim təyin ediblər.

Minik arabasını barjın içinə çəkib geriyə üzdülər. Semyonun Vasili Sergeiç adlandırdığı adam bütün üzdükləri müddətdə hərəkətsiz dayanaraq qalın dodaqlarını bir-birinə sıxır və bir nöqtəyə baxırdı. Onun yanında papiros çəkməyə icazə istəyərkən belə o eşitmirmiş kimi heç bir cavab vermədi. Semyon isə qarnı üstə sükanın üzərinə uzanıb, ona baxaraq istehza ilə deyirdi:

- Sibirdə də insanlar yaşayırlar. Yaşayırlar!..

Aqilin sifətində təntənə ifadə olunurdu. Guya o nəyi isə sübut etmiş və hər şeyin məhz onun dediyi kimi çıxdığı üçün sevinirdi. Boynu tülkü dərili yarımkürək geymiş adamın köməksiz və bədbəxt görkəmi, deyəsən, Aqilə ləzzət verirdi.

Sahildə atları qoşarkən o:

- Vasili Sergeiç, indi palçıqdır, getmək çətin olacaqdır, - dedi, - bir-iki həftə ləngiyəydiniz, yer quruyaydı. Yaxud da ki, heç getməyəydiniz. Əgər getməkdən bir şey çıxsaydı, özünüz bildiyiniz kimi, adamlar əsrlər boyu gecə-gündüz hey gedirlər, bir şey çıxarmırlar da. Düzü belədir!

Vasili Sergeiç ona araq pulu verərkən poçt arabasına əyləşdi və dinməz-söyləməz yoluna davam etdi. Semyon soyuqdan büzüşə-büzüşə:

- Yenə həkim dalınca gedir, - dedi, bəli, axtar əsl həkimi, qulağının dibini görəndə taparsan. Şeytanı quyruqla, yarala onun qəlbini! Qəribə adamdır. Allah, sən özün mən günahkarın təqsirindən keç!

Tatar, Aqilə yaxınlaşaraq ona nifrətli bir nəzər saldı, titrəyərək öz qırıq kəlmələrinə tatar sözləri qatıb qəzəblə dilləndi:

- O yaxşıdır… yaxşıdır, amma sən yamansan… Sən pissən. Ağanın qəlbi yaxşıdır, əladır, amma sən heyvansan; ağa diribaşdır, amma sən ölüvaysan. Allah insanı yaradıbdır ki, zirək və diribaş olsun; həm nəşəli olsun, həm qüssəli olsu, dərd də çəksin. Sən isə heç şey istəmirsən, demək sən ölüsən, daşsan, gilsən. Daşa heç bir şey kar etmədiyi kimi, sənə də heç nə təsir etmir. Sən daşsan, ona görə də allah səni sevmir, ağanı isə sevir!

Hamı gülüşdü. Tatar çimçəşərək üz-gözünü turşutlu, əllərini yellədi və öz cırıq paltarına bürünərək tonqal başına keçdi. Semyon və minikdaşıyanlar isə komaya doluşdular.

Minikdaşıyanlardan kim isə:

- Soyuqdur! – deyə xırıldayaraq rütubətli, gilli döşəmənin üzərinə tökülmüş saman üstündə uzandı:

Başqa birisi:

- Bəli, isti deyildir, - deyə onunla razılaşdı – ağır həyatdır!

Hamı uzandı. Külək qapını açdı, komaya qar doldu. Heç kəs yerindən durub qapını örtmək istəmədi; soyuqdan hamı tənbəllik edirdi.

Semyon yuxuya gedə-gedə:

- Mənim üçün pis deyil, - dedi. – Allah hamıya belə həyat qismət eləsin.

- Məlumdur, sən yeddi dəfə katorqa görmüş adamsan, səndən şeytan da əl çəkibdir.
Həyətdən it ulamasına bənzər bir səs eşidildi.

- Bu nədir? Oradakı kimdir?

- Tatardır, ağlayır.

- Ay səni. Qəribə adamdır ha!

Semyon:

- Öyrəşər! – dedi və o saat da yuxuya getdi.

Tezliklə o biri minikdaşıyanlar da yatdılar. Qapı isə eləcə örtülməmiş qaldı.

1892

Şərhləri göstər

XS
SM
MD
LG