Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Azərbaycanın adı qeyri-azad ölkələr siyahısında


«Adımı demək istəmirəm, qorxuram. Amma demək istəyirəm ki, xarici ölkə səfirliklərinin Bənəniyar kəndinə gələn nümayəndələrini təhqir edənlər arasında cəmi 2-3 nəfər kənddən olub. Qalanlar kənardan xüsusi gətirilmiş adamlardır. Orada Bənənyar sakini olmayıb. Kənddən nə qədər adam müsahibə vermək üçün evindən çıxıbsa, hamısını qovub salıblar içəri. Bizim camaatı çıxıb danışmağa qoymurlar. Hərənin qapısına iki polis qoyublar».

Naxçıvanın Culfa rayonundan adının çəkilməsini istəməyən Bənəniyar kənd səkini belə deyir. O AzadlıqRadiosuna zəng edib kənddəki vəziyyəti danışırdı.

2009-cu il dekabrın 27-də - Aşura mərasimindən sonra daxili qoşun hissələri kəndə daxil olaraq kütləvi həbslər həyata keçirib.

AZƏRBAYCANIN ADI QEYRİ-AZAD ÖLKƏLƏR SİYAHISINDA

Onların bir qismi sonradan buraxılsa da, hazırda Naxçıvanda təcridxanada saxlananlar var. Kənd sakinləri həmin gün 30–a yaxın adamın saxlanıldığını desələr də, Naxçıvanın Bakıdakı nümayəndəliyi bu məlumatları təkzib etmişdi. Rəsmi qurumlar kənddə aranı qarışdırmağa cəhd edən 5-6 nəfərin saxlanıldığını bildirir. Vəziyyəti yerində öyrənmək üçün diplomatik korpusun Bakıdan Bənəniyara gedən nümayəndələri isə kənddə bir qrup şəxs tərəfindən hədələniblər. Onları kəndi tərk etməyə məcbur ediblər.

Hüquq müdafiəçilərinin Naxçıvana getmək barədə müraciətinə isə Muxtar Respublika rəhbərliyi hələ ki, cavab vermir.

Beynəlxalq insan haqlarını müdafiə təşkilatı - «Freedom House»un bu günlərdə açıqladığı hesabatda isə Azərbaycanın adı İran, Türkmənistan və digər ölkələrlə bilikdə qeyri-azad ölkələr siyahısında göstərilib.

Azərbaycanın ictimai-siyasi dairələrində bu hesabata münasibət birmənalı deyil. Hesabata istinad edib «Freedom House»u obyektiv adlandıranlar da var, bu təşkilatın məlumatlarına ehtiyatla yanaşmağı vacib sayanlar da.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycanın AŞPA–dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, onlar müxtəlif beynəlxalq təşkilatların hesabatlarını çox diqqətlə oxuyub öyrənilər. Bu baxımdan təbii ki, hər bir hesabat onlar üçün çox vacibdir. Ancaq təəssüflər olsun ki, bəzi hesabatlar – xüsusilə də «Freedom House»un son zamanlar yaydığı hesabatlarda o qədər də obyektivliyi əks etdirən faktlara rast gəlinmir. Cənab Seyidov düşünür ki, ona görə də bu hesabatlara ehtiyatla yanaşmaq, hansı faktların gətirildiyini ciddi şəkildə təhlil etmək lazımdır:

«HƏR BİR HESABATA EHTİYATLA YANAŞMAQ LAZIMDIR»

«Bu hesabatlara ehtiyatla yanaşmaq lazımdır»
- Çox təəssüf ki, biz beynəlxalq təşkilatların bəzilərinin insan haqları problemini siyasi nöqteyi-nəzərdən təqdim etməyə, başqa istiqamətlərdə təhlil etməyə başladıqlarının şahidi oluruq. Ona görə də bu istiqamətdə verilən hər bir hesabata ehtiyatla yanaşmaq lazımdır.

Onu da deyim ki, YAP icra katibi Əli Əhmədov və hakim partiyadan olan bir sıra digər millət vəkilləri - dəfələrlə bəyan ediblər ki, təkcə «Freedom House» yox, bəzi başqa beynəlxalq təşkilatlar da öz hesabatlarında qərəzli mövqe nümayiş etdirirlər.

Parlamentin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, deputat Pənah Hüseyn isə bildirir ki, adətən iqtidar nümayəndələri beynəlxalq təşkilatların qərəzli olduğunu əsaslandırarkən misal olaraq hesabatlarda Ermənistanın Azərbaycandan daha azad ölkə kimi qeyd edilməsini göstərirlər. Onun fikrincə, həqiqətən də beynəlxalq təşkilatların Ermənistanla müqayisədə Azərbaycana yanaşmasında ikili standart özünü büruzə verir. Ancaq mövcud hakimiyyət əsas diqqəti «Freedom House»un kimə necə münasibət bəsləməsinə yox, hesabatda göstərilən problemlərin Azərbaycanda olub-olmamasına yönəltməlidir:

«TƏƏSSÜF Kİ, HƏQİQƏTƏN DƏ AZƏRBAYCANDA REAL VƏZİYYƏT BELƏDİR»


- Konkret olaraq Azərbaycana qarşı irəli sürülən arqumentlərə baxmaq lazımdır ki, onlar var, ya yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan müxalifətinin və demokratik qüvvələrinin, hüquq müdafiə təşkilatlarının və tanınmış hüquq müdafiəçilərinin fikri ilə beynəlxalq təşkilatların fikirləri üst-üstə düşür. Təəssüf ki, həqiqətən də Azərbaycanda real vəziyyət belədir.

Pənah Hüseyn deyir ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartların bir səbəbi Ermənistanın beynəlxalq əlaqələridirsə, digər səbəbi də ölkə iqtidarının antidemokratik siyasətidir. Deputatın fikrincə, ölkədə söz azadlığına basqılar, jurnalistlərin həbsi, mülkiyyət hüququnu tanımayan və digər qanunvericilik aktlarının qəbulu, qanunların işləməməsi və sair kimi məsələlər bu siyasətin tərkib hissəsidir.

Adətən beynəlxalq təşkilatların hesabatlarından o qədər də bədgüman olmayan bəzi hüquq müdafiəçiləri isə «Freedom House»un budəfəki açıqlamasından o qədər də məmnun qalmayıblar.

Məsələn, hüquq müdafiəçisi Novella Cəfəroğlunun diqqətini «Freedom House»un budəfəki hesabatında əsasən Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın ölkə kimi təqdim edilməsi daha çox çəkib, nəinki digər faktlar:

«TƏŞKİLATIN BU HƏRƏKƏTİ MƏNƏ ÇOX PİS TƏSİR ELƏDİ»


«Təşkilatın bu hərəkəti mənə çox pis təsir elədi»
- «Freedom House» Qarabağı, Cənubi Osetiyanı və Abxaziyanı ölkə kimi təqdim edib. Qarabağ nə vaxtdan ölkə olub. Təşkilatın bu hərəkəti mənə çox pis təsir elədi.

Novella Cəfəroğlu hesab edir ki, Azərbaycan insan haqları, söz azadlığı, jurnalistlərin həbsi, radiostansiyaların FM tezliyinin alınması, Bənənyar kimi məsələlərə çox həssas yanaşmalıdır. Çünki Qarabağ məsələsi qaldırılanda «Freedom House» bu hesabatları Azərbaycana qarşı istifadə edib deyəcək ki, siz azad ölkə deyilsiniz və ona görə də ermənilər sizinlə yaşamaq istəmirlər. Hüquq müdafiəçisi hakimiyyətə belə şeyləri nəzərə almağı tövsiyə edir.

Konfliktoloq Arif Yunus isə deyir ki, o, «Freedom House»un hesabatlarının necə hazırlandığına yaxşı bələddir. Bu hesabatlar obyektiv hazırlanır. Sadəcə, onların öz göstəriciləri var və hesabat da onlara uyğun hazırlanır. O ki, qaldı Azərbaycanın belə hesabatların obyektiv olmadığını əsaslandırmaq üçün Ermənistanı misal gətirməsinə, bu, bəhanədən başqa bir şey deyil. Arif Yunus belə deyir:

«PROBLEM HƏR İKİ ÖLKƏDƏ VAR, AMMA MÜQAYİSƏ EDƏNDƏ AZƏRBAYCANDA DAHA ÇOXDUR»

- Həqiqətən də Ermənistanda söz azadlığı, siyasi məhbus və sair məsələlərlə bağlı problemlər var. Amma müqayisə edəndə bu ölkələrdə vəziyyət Ermənistanın xeyrinə fərqlidir. Ermənistanda müxalifət istədiyi vaxt mitinqlər keçirir. Özü də şəhərin mərkəzində. Heç kim də onlara demir ki, siz əhalinin rahatlığını pozursunuz. Ancaq Azərbaycanda 2006-cı ildən bu günədək bir dəfə də olsun heç kimə konstitusion hüququ olan mitinqlər keçirməyə icazə verməyiblər. Azərbaycanda müxalifət liderlərinin sonuncu dəfə nə vaxt efirə çıxdığını kimsə artıq xatırlamır. Ermənistanda nəinki onları görürlər, hətta müxalifətin özünün telekanalları var. Söhbət bundan gedir. Problem hər iki ölkədə var, amma müqayisə edəndə Azərbaycanda daha çoxdur.

Arif Yunusa görə hansı təşkilatın nə deməsinə və necə qiymətləndirməsinə baxmayaraq analoqu olmayan Azərbaycanda hazırda bütün azadlıqlar müvəqqəti xarakter daşıyır. O cümlədən də onun özünün azadlığı.
XS
SM
MD
LG