Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21

«Referendum İlham Əliyevin ömürlük prezidentliyinə yol açdı»


«Freedom House» hüquq müdafiə təşkilatı

«Freedom House» hüquq müdafiə təşkilatı

«Referendum təklifi İlham Əliyevin ömürlük prezidentliyinə yol açdı». Bu fikir «Freedom House» hüquq müdafiə təşkilatının hesabatında Azərbaycanla bağlı hissədə əks edilib. Hesabatın «Milli demokratik idarəçilik» bölməsində deyilir ki, Azərbaycanda prezidentin səlahiyyəti yüksəkdir. Rəsmi nəticəyə görə prezident İlham Əliyev seçkidə səslərin 89 faizini qazanıb. Ancaq seçkilər ədalətli və açıq keçirilməyib. İcra hakimiyyəti seçkidən sonra hakimiyyətin konsolidasiyasını davam etdirib.

ÖMÜRLÜK PREZİDENTLİYƏ GEDƏN YOL…

Hesabatda həmçinin deyilir ki, referendum təklifi İlham Əliyev üçün ömürlük prezidentliyə yol açıb.

Bu bölmədə daha sonra qeyd edilir ki, 2008-ci ilin oktyabrında parlament hökuməti müzakirəsiz təsdiq edib. Üstəlik prezident məhkəmələri də öz nəzarətində saxlayır. Konstitusiya məhkəməsi hakimlərinin müddəti bitsə də, onlar yeni təyinata qədər vəzifədə qalıblar. Oktyabr seçkilərinin nəticələrini də, prezidentlik müddəti ilə bağlı referendum qərarını da məhz bu tərkib təsdiqləyib.

Dövlət qulluğu ilə bağlı problemlərdən biri isə Yeni Azərbaycan Partiyasına kütləvi üzv yazılmadır.

«Milli idarəçilik bölməsi»ində daha sonra qeyd edilir ki, cəmiyyətin ordu üzərində heç bir nəzarəti yoxdur.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli deyir ki, ordudakı korrupsiya və zorakı halların başlıca səbəblərindən biri də elə budur.
Musa Quliyev
Nurəddin Məmmədlinin fikrincə, parlamentin hökuməti müzakirəsiz təsdiq etməsi də təsadüf deyil. Çünki onun fikrincə, parlament təyinat əsasında formalaşdırılır:

AZƏRBAYCANDA FEODALLAŞMA PROSESİ GEDİR…

«Azərbaycanda bu hakimiyyətin keçirdiyi heç bir seçki beynəlxalq standartlara cavab verməyib. Əslində bu komanda idarəçilikdə iki amilə söykənir. Özündən yuxarıdakılara yaltaqlıq və korrupsiya. Azərbaycanda getdikcə feodallaşma prosesi gedir…»

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev isə hesab edir ki, hesabat reallığı əks etdirmir. Əslində orada tənqidlə yanaşı inkişafı əhatə edən məqamlar da öz əksini tapmalıydı. Musa Quliyevin fikrincə, görünür bu hesabatı hazırlayanlar xəbərsizdirlər ki, artıq hər il hökumətin hesabatı parlamentdəki ciddi müzakirələrdən sonra qəbul edilir.

XALQ HÖKUMƏTDƏN RAZIDIR?

Musa Quliyev deyir ki, bu müzakirələrdə hökumətin istefaya göndərilməməsi onun formallığından xəbər vermir. Əslində xalq da hökumətin işindən razıdır. Millət vəkilinin fikrincə konstitusiya islahatlarına ömürlük prezidentliyə gedən yol kimi baxmaq da böyük yanlışlıqdır:

Azər Rəşidoğlu
«Xalq İlham Əliyevin hakimiyyətinin uzun müddət davam etməsini istəyir. Belə olan halda biz niyə xalqın bu istəyini hansısa qanunla məhdudlaşdırmalıyıq. Onsuz da hakimiyyətin mənbəyi xalqdır. Xalq kimi istəyəcək onu seçəcək…

ALTERNATİVSİZLİK…

«Tolerantlıq» İctimai Birliyinin sədri Azər Rəşidoğlu isə deyir ki, Azərbaycanın mili demokratik idarəçiliyindən ən böyük problem alternativsizlikdir. Söhbət tək prezidentdən yox elə mənzil istismar sahəsinin ən kiçik məmurunun alternativsizliyindən də gedir:

«Ancaq bir adam nə deyirsə, dərhal ona əməl edilir. Cəmiyyətdə müzakirələr yoxdur, hər şey «baş üstə» deməklə yola verilir. Əmr sahibi «JEK» müdiri də ola bilər, məktəb direktoru da».

Azər Rəşidoğlu deyir ki, artıq Azərbaycanda birpartiyalı sistemə keçid baş tutmaqdadır. Onun fikrincə, indi qeydiyyatda onlarla müxalifət partiyasının olmasının heç bir önəmi yoxdur. Bir halda ki, yalnız bir partiya hakimiyyətdədir və ölkədəki ictimai-siyasi proseslərə onlar təsir göstərir, deməli elə birpartiyalılıqdır…

Şərhləri göstər

XS
SM
MD
LG