Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:02

Adamlar polisi günahlandırır, polislərsə sürücünü


Yerli media qəzanın yol polisinin sürücünü təqib etməsi nəticəsində baş verdiyini yazsa da, Dövlət Yol Polisi hadisədə polislərin günahsız olduğunu deyir
Yerli media qəzanın yol polisinin sürücünü təqib etməsi nəticəsində baş verdiyini yazsa da, Dövlət Yol Polisi hadisədə polislərin günahsız olduğunu deyir
Oktyabrın 18-də Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində iki nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb. Həm hadisəni törədən sürücü, həm də yol polisi maşınını aşıran kənd sakinlərindən bir neçəsi saxlanılıb.

Yerli media qəzanın yol polisinin sürücünü təqib etməsi nəticəsində baş verdiyini yazsa da, Dövlət Yol Polisi mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov hadisədə polislərin günahsız olduğunu deyir. Onun sözlərinə görə, əslində sürücü yuxulu olduğu üçün qəza törədib:

- Sürücü dindirilib, o ifadəsində göstərib ki, yorğun olduğu üçün sükan arxasında yuxulayıb. Piyadaları vurmağı onun yadında deyil. Şahid ifadəsi verən taksi sürücüsü də, elə piyadaları vuran sürücü özü də ifadələrində patrul avtomobili görmədiklərini deyirlər.

Ərəstun Məcidov deyir ki, təxminən 10 dəqiqə sonra hadisə yerinə gələn yol polisləri ölən və xəsarət alanları Şəmkir xəstəxanasına göndərəndən sonra Muxtariyyə kəndinin toydan çıxan bir qrup sakini içkili vəziyyətdə polislərə hücum ediblər:

- Kimsə söz atıb ki, həmin maşını yol polisi qovurmuş və hadisə də ona görə baş verib. Nəticədə sakinlər polislə mübahisə ediblər və bizim bir əməkdaşa xəsarət yetiriblər, o indi Gəncədə xəstəxanadadır. Bundan başqa, bir polis maşınını aşırıblar, digərinə də xəsarətlər yetiriblər.
Ərəstun Məcidov
Yayılan məlumatlar şayiələrdir, camaatı çaşdırmaq istəyirlər.

RAYON POLİSİ DƏ YOL POLİSİNİN DEDİKLƏRİNİ DEYİR

Şəmkir rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da araşdırma aparan istintaq qrupunun əldə etdiyi nəticələri açıqlayıb. O da polislərin qəza törədən avtomobili təqib etmədiyini və polislərin hadisə yerinə bir müddət sonra gəldiyini bildirib.

N.İsmayılov polislərə xəsarət yetirən və onların maşınlarını aşıran 50-yə yaxın kənd sakininin istintaqa cəlb olunduğunu da deyib.

ŞAHİDLƏR POLİSİ GÜNAHKAR SAYIR


Amma Muxtariyyə kənd sakinləri hadisənin baş verməsində yol polisi əməkdaşlarını ittiham edirlər. Onlar AzadlıqRadiosunun hadisə yerində olan müxbiri Gülnur Raqifqızına yol polisinin həmin avtomobili təqib etdiyini deyiblər:

- Adamlar polisin həmin avtomobili qovduğunu görüblər və elə yol polisinə hücumu da ona görə ediblər.

YOL POLİSİ AVTOMOBİLİ HANSI HALLARDA TƏQİB EDƏ BİLƏR?

«Polis haqqında» qanunda göstərilir ki, əgər nəqliyyat vasitəsini idarə edən şəxs və yaxud onunla birlikdə gedən sərnişinlər cinayət törədərsə və ya bu barədə dəqiq məlumat olarsa, həmçinin nəqliyyat vasitəsilə cinayət törədilməsinə real təhlükə yaranarsa, polisin avtomobili təqib etmək hüququ var.

Ərşad Hüseynov
Ərəstun Məcidov deyir ki, yol hərəkəti qaydalarını pozmaya görə, sürücülər heç vaxt təqib olunmur.

HÜQUQŞÜNAS: «POLİS GÜNAHKAR OLSA DA, BUNU SÜBUT ETMƏK ÇƏTİN MƏSƏLƏDİR»

Hüquqşünas Ərşad Hüseynova görə, əgər yol polisi həmin avtomobili dayandırmaq istəyibsə, onun üçün müxtəlif vasitələr var və polis həmin vasitələrdən istifadə etməklə bu işi daha tez görmüş olar. Amma hüquqşünasa görə, bu da qanun yol verdiyi halda mümkündür. Bunun üçün ciddi əsaslar olmalıdır.

Qaldı ki, piyadaları vuran sürücüyə, Ərşad Hüseynov deyir ki, istənilən halda həmin şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacaq. Bu da 2 ildən 6 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Ə.Hüseynov deyir ki, əgər insan ölümü polislərin həmin sürücünü təqib etməsi səbəbindən baş veribsə, bu zaman həmin yol polisləri də məsuliyyətə cəlb oluna bilər. Hüquqşünasa görə, bu o halda mümkündür ki, gərək polislərin təqibi üzündən sürücünün kimisə vurması sübut olunsun. Amma Ərşad Hüseynov bu işin sübut olunmasının çox çətin olduğunu deyir. Onun sözlərinə görə, bir çox belə hadisələrdə polislər müxtəlif yollarla məsuliyyətdən yayına bilirlər:

- Şəxsən mənim təcrübəmdə olub - təqib nəticəsində maşın aşıb, polislər məsuliyyətdən qaçmaq üçün həmin şəxsə 15 min manata yeni maşın alıb veriblər.
XS
SM
MD
LG