Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

Ölüm səbəbi - polis dəyənəyi?


«Polis də vətəndaşdır. Onların da hamısının səviyyəsi, savadı, kübarlığı eyni deyil».
Avqustun 3-də gecə saatlarında Bakıda polislə mübahisə zamanı Nərimanov rayon sakini 55 yaşlı Ağa Turabov vəfat edib. Şahidlər ANS telekanalının müxbirinə bildiriblər ki, polislə mübahisə Ağa Turabovun oğlu Elsevər arasında başlayıb. DYP əməkdaşları ondan maşınındakı musiqinin səsini azaltmağı tələb edib. Tərəflər arasında yaranan mübahisəyə DYP əməkdaşları PPX-nı da dəvət edib. Bu arada Ağa Turabov da mübahisəyə qoşulub. Şahidlər bildirib ki, polislərin biri onun boğazından tutub, o birisi isə dəyənəklə kürəyindən vurmağa başlayıb. Turabovu qonşular xəstəxanaya apararkən o yolda keçinib.

PREZİDENT APARATI QARŞISINDA MEYİT


Faktla bağlı hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti ekspertiza üçün 5 saylı şəhər xəstəxanasına gətirib. Ekspert rəyin gecikdiyi üçün yaxınları meyiti xəstəxanadan götürüb Prezident Aparatının binası qarşısına gətiriblər. Post Patrul Xidmətinin əməkdaşları etirazçıları ərazidən uzaqlaşdırıb, meyit isə tibb ekspertiza üçün 1 saylı şəhər xəstəxanasına göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktla bağlı heç bir açıqlama vermir. Mətbuat Xidmətinin əməkdaşları «Azadlıq» radiosuna bildirib ki, faktla bağlı bütün informasiyalar Nərimanov Rayon Prokurorluğundadır. Prokurorluğun növbətçi hissəsinin özünü təqdim etməyən əməkdaşı isə deyir ki, istintaq davam edir:

«Bu gün bütün zəruri istintaq hərəkətləri aparılıb. Şahidlər dindirilir. Növbədə olan DYP və PPX əməkdaşları da istintaqa cəlb ediliblər. İndi ölümün səbəbləri ilə bağlı ekspert rəyi gözlənilir. İlkin rəydə meyit üzərində zorakılıq əlamətlərinin olduğu aşkarlansa da indi bu xəsarətlərin hansı şəraitdə alındığı müəyyən olunur». Prokurorluqdan dedilər ki, ekspertizanın yekun rəyi hələ bəlli deyil.

POLİSİN SƏVİYYƏSİ NİYƏ AŞAĞIDIR?


Ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev isə deyir ki, məsələyə hüquqi qiymət verilmədən hər hansı münasibət bildirmək çətindir. Ancaq polisin vətəndaşlarla kobud davranmasının bir sıra səbəbləri var:

«Polis də vətəndaşdır. Onların da hamısının səviyyəsi, savadı, kübarlığı eyni deyil. İndi polisə böyük bir axın var. Polklar, diviziyalar, rotalar, alaylar sürətlə artmaqdadır. Bu axının içərisində hər kəsin səviyyəsi, intellekti eyni deyil təbii. Ona görə, də sovetlər dönəmində olduğu kimi hüquq-mühafizə orqanlarında attestasiyalar keçirilməlidir. Çox təəssüf, nə attestasiyalar, nə də attestasiya komissiyaları yoxdur».

Bakı sakinləri ilə söhbətimizdə onlar bildirir ki, polisin vətəndaşlarla qanunun dili ilə deyil, dəyənəyin gücü ilə danışmasının səbəbi ölkədəki cəzasızlıq şəraitidir:

NİYƏ QANUN YOX, DƏYƏNƏK «DANIŞIR»?


«- Polislər həm qanunu qoruyurlar, həm də qanunu ən kobud şəkildə pozurlar. Həm bu cinayəti törədən polislər, həm də onlara rəhbərlik edən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır ki, bu presedentə çevrilməsin.

- Görünür elə vaxt olur ki, özlərini saxlaya bilməyib qanun həddini aşırlar. Onlar da insandırlar da.

- Polislər indi öz vəzifələrindən sui-istifadə edirlər. Sadə vətəndaşlara ikinci dərəcəli insan kimi baxırlar. Sivil dünyada belədir ki, insanlar polisə onları qoruyan qüvvə kimi baxır, bizdə isə insanlar özlərini polisdən qorumağa çalışır. İndi kiminsə işi polisə düşsə, çətin qurtular. Çünki polisi bütün hallarda qanunu yox, öz mənafeyini üstün tutur. Polis heç zaman başqasının haqqını müdafiə etmir.

- Deyirlər ki, guya ölən şəxsin oğlu polisə tabe olmayıb. İnzibati Xətalar Məcəlləsinə görə, polis protokol tərtib etməli, şəxsi cəzalandırmalı idi. Onların əraziyə PPX-ni çağırmaları olduqca kobud davranışdır. Bu isə ondan qaynaqlanır ki, polislər bütün hallarda cəzasız qalacaqlarını bilirlər.

- Polisin heç bir halda güc işlətməyə haqqı yoxdur. Azərbaycanda cəzasızlıq mühiti olduğu üçün polis əmindir ki, bütün hallarda vətəndaş günahkar olacaq».

Polislə insident zamanı həlak olan Ağa Turabov avqustun 4-də dəfn edilib.

Şərhləri göstər

XS
SM
MD
LG