Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

Yol hərəkətini pozsan, 50 manat verəcəksən


«Onlar da yuxarıya «haqq» verirlər, qınamaq olmur»

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarının pozulmasına görə, cərimələrin artırılmasıyla bağlı təkliflər hazırlayıb. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov hazırlanan sənəddə cərimələrin miqdarının nə qədər təklif edildiyini açıqlamasa da, hesab edir ki, yol hərəkəti qaydalarına görə cərimələr ən azı 50 manat olmalıdır. O, cərimələrin azlığını sürücülərin yol hərəkəti qaydalarını pozmasına şərait yaradan səbəblərdən biri hesab edir:

«Biz hesab edirik ki, bir sıra qayda pozuntularına görə, misal üçün piyada keçidlərinin gözlənilmədən keçilməsi, dayanma qaydalarının pozulması, sükan arxasında telefonla danışmaq və s. qayda pozuntularına görə, qanunvericilikdə nəzərdə tutulan cərimələrin azlığı bizə mane olur».

Şöbə rəisinin sözlərinə görə, bu, hələ ki onların hazırladığı təkliflərdir. Təkliflərin Milli Məclisə göndərilməsi məsələsi isə Daxili İşlər Nazirliyindən asılıdır.

İnzibati Xətalar Məcəlləsində yolların hərəkət hissəsinin işarələrinə riayət edilməməsinə, piyada keçidlərinin keçilməsi, ara məsafəsi, dayanma və durma qaydalarının pozulmasına görə, 15 manatdan 20 manata qədər cərimə nəzərdə tutulur.

İNDİYƏ QƏDƏR ARTIMLAR NƏYİ DƏYİŞİB Kİ, BU DA NƏYİSƏ DƏYİŞSİN?


Hüquqşünas Ərşad Hüseynovsa cərimələrin artırılmasını düzgün hesab etmir. Onun sözlərinə görə, yol hərəkəti qaydalarına əsasən, Azərbaycandakı cərimələr hətta Rusiya və Ukraynada tətbiq edilən cərimələrdən bir neçə dəfə çoxdur:

«Məsələn, kəmər taxmadan nəqliyyat vasitəsini idarəetməyə görə, Azərbaycanda 15 manatdan 20 manata qədər cərimə nəzərdə tutulur, amma eyni qayda pozuntusuna görə, Rusiya və Ukraynada cərimənin məbləği 3-5 manat arasıdır».

Ərşad Hüseynov
Ə.Hüseynov deyir ki, 2007-ci ilin noyabrında qayda pozuntularına görə, cərimələr 2-3 dəfə artırılıb, ancaq çox şey dəyişməyib. Hüquqşünas bildirir ki, cərimələri qaldırmaqdansa, yol hərəkəti qaydalarının pozulmasıyla bağlı məsuliyyət hamıya şamil edilsin:

«Sürdüyü maşının qiymətindən, nömrəsindən, kiminlə qohum, dost olmasından asılı olmayaraq, buna nail olmaq lazımdır».

Hüquqşünas minimum əməkhaqqının 75 manat olduğu ölkədə cərimələrin aşağı həddinin 50 manat təklif edilməsini Azərbaycan reallığına uyğun hesab etmir.

«CƏRİMƏLƏRİ QALDIRMAQLA RÜŞVƏTİ QALDIRIRLAR»

Sürücülər isə hələ indiki halda cərimələrin çox olmasından narazıdırlar:

- Nə olur elə kasıbların başında çatlayır. Dövlətliyə heç bir qanun yoxdur. Düşən kimi inspektor ona «çest» verir. Ya vəsiqə göstərir, ya da dayısına zəng edir. Ondan sonra inspektor baş üstə deyib onu buraxır. Vay bizim halımıza.

- Onlar da yuxarıya «haqq» verirlər, qınamaq olmur.

- Birtərəfli yolda əksinə maşın sürürlər, polis dəymir, onu biz eləsək gör nə həngamə qopar.

- Heç olmasa, Gürcüstandan nümunə götürsünlər. Görsünlər orda yol hərəkəti qaydaları rüşvətsiz necə idarə olunur, necə tənzimlənir. Cərimələri qaldırmaqla rüşvəti qaldırırlar.

Sürücülər həm də deyirlər ki, adi bir qayda pozuntusuna görə, 16 manatdan 25 manata qədər cərimə nəzərdə tutulur, amma cərimə olunanda onlardan ən yuxarı məbləği alırlar.

CƏRİMƏLƏRDƏN BÜDCƏYƏ GEDƏN PULLAR - STATİSTİKA VAR, MƏLUMAT YOXDUR

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov deyir ki, sürücülərdən pul aldığına və ya digər qanunsuz hərəkətlərə yol verdiyinə görə, ötən il 35 yol polisi orqandan xaric edilib, 50-yə yaxın əməkdaşsa başqa xidmət sahəsinə keçirilib. Ancaq il ərzində cərimələrdən büdcəyə nə qədər vəsait ödənir, Ə.Məcidov bu statistikadan xəbərsiz olduğunu deyir.
XS
SM
MD
LG