Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:55

Konstitusiyanı pozan deputatlar?


Deputatların özləri biznes fəaliyyətlərini inkar etmirlər
Deputatların özləri biznes fəaliyyətlərini inkar etmirlər
Bugünlərdə millət vəkili Anar Məmmədxanov özünə məxsus Day.az informasiya portalını başqasına satdığını söylədi. Amma deputatın bu cür kommersiya fəaliyyətinə icazəsi varmı? Azərbaycan Konstitusiyası yazır ki, yox.

Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində yazılır: «Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)» deputat mandatdan məhrum edilir. Bu qadağa «Seçki Məcəlləsi»nin 175-ci maddəsində də göstərilib.
Oxucu fikri

Siyahıda adları qeyd olunan deputatlardan yalnız A.Məmmədxanov və B.Tağıyev sahibkarlıq fəaliiyəti ilə məşğul olmur. AR qanunvericiliyinə görə hər hansı hüquqi şəxsin təsisçisi həmin hüquqi şəxsdə iştirak payına görə divident əldə edir. Həmin divident(gəlir) sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlərə aiddir. (Vergi Məcəlləsi 99.3-cü maddə) Təsisçilər hüquqi şəxsin fəaliyyətində və ya idarə olunmasında iştirak etmirlər. Amma digər deputatlara sözüm yoxdur. Bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar (məqalədəki məlumat həqiqətdirsə)

«Azadlıq» radiosunun Milli Məclisin saytında araşdırmasından məlum oldu ki, deputatlardan 11 nəfəri Konstitusiyanın birbaşa tələblərinə zidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olur. Səkkiz nəfəri isə əsas qanunun ziddinə olaraq icra orqanlarında yüksək vəzifələrində çalışırlar.

Saytın məlumatına görə millət vəkillərindən daha 11 nəfəri seçildiyi günə qədər kommersiya sahəsində çalışıb. Amma onların haqqında bu məlumat keçmiş zamanda göstərilib.

Bunlardan savayı, əlbəttə, deputatlardan kimlərin hansı şadlıq saraylarına himayəçilik etdikləri, kimlərin nəqliyyat sektorunda hansı avtobus marşurutlarına, hansı ticarət obyektlərinə sahib olmaları barədə də az-çox fəal jurnalistlərin məlumatları var. Amma onları Milli Məclisin saytı kimi sənədlərlə təqdim etmək mümkün deyil.

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
Bu Konstitusiyada yazılanlardır.

Milli Məclisin saytında isə bunlar yazılıb:

Rövnəq Abdullayev

2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir
Ərəstun Cavadov

1998-ci ildən «Mərkəzi Univermaq» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir
Əhəd Əhmədov

2005-ci ildən Beyləqandakı «Mil-Qarabağ» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir
Rauf Əliyev

2000-ci ildən «Neftçi» idman-sağlamlıq mərkəzinin rəisidir
Çingiz Əsədullayev

Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının sədridir. 1997-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədridir
Xəlilbəy Günəşov

2004-cü ildən Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktorudur
Nizami İsgəndərov

1998-ci ildən «Sumqayıt Ticarət Mərkəzi» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavinidir
Mirkazım Kazımov

1996-cı ildən «Qasid» Açıq Səhmdar Cəmiyyətinin sədridir
Baba Tağıyev

1988-ci ildən «Avropa qapıları» şirkətinin, 1999-cu ildən «Tağıyev» şirkətlər qrupunun qurucu-təsisçisidir
Cavanşir Paşazadə

1998-ci ildən Qızılağac Dövlət Təbiət Qoruğunun direktorudur
Hüseynbala Mirələmov

Hazırda Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviridir
Məcid Kərimov

2005-ci ildən «Azərikimya» Dövlət Şirkətinin prezidentidir
Miri Qənbərov

1997-ci ildən «Azərkontrakt» Səhmdar Cəmiyyətinin sədridir
Eldar Quliyev

1993-cü ildən «Azərittifaq»ın İdarə Heyətinin sədridir
Rüfət Quliyev

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının, Azərbaycan-Türkiyə İş Adamları Birliyi Məsləhət Şurasının üzvü, Azərbaycan-Türkiyə Biznes Şurasının həmsədridir.

1999-cu ildən «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir
Cavid Qurbanov

2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» departamentinin rəisidir
Eyvaz Qurbanov

2000-ci ildən «Olimpiya» idman kompleksinin direktorudur
İlham Məmmədov

2004-cü ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimidir
Anar Məmmədxanov

Day.az informasiya portalının təsisçisi. Bu yaxınlarda saytı məbləğini açıqlamadığı miqdarda pula başqasına satdığını mediaya müsahibələrində özü bildirib

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə deputatlardan hər hansı birinin kommersiya ilə məşğul olmasını inkar edir. Parlamentin rəsmi saytındakı məlumatları isə bizimlə söhbətdə Akif Təvəkküloğlu bu cür izah etdi:

«Saytda bu cür məlumat olmamalıdır. Əgər varsa belə, görünür, siz köhnə, ilkin informasiyalara rast gəlibsiniz. İndi ona baxarıq, əgər təzəsi yoxdursa, qoyular».

Amma iş ondadır ki, deputatın indi və ya keçmişdə biznes fəaliyyəti ilə məşğul olduğu rəsmi saytda çox aşkar yazılıb. Bəzi millət vəkillərinin bizneslə məşğul olduğu keçmiş zamanda, bəzilərinin bu məlumatı isə indiki zamanda göstərilib. Digər tərəfdən də, hətta saytda köhnə məlumatlar yerləşdirilə bilər. Amma deputatların özləri biznes fəaliyyətlərini inkar etmirlər.

Məsələn, millət vəkili Baba Tağıyev bizimlə söhbətdə «Avropa qapıları» şirkətinin və «Tağıyev» şirkətlər qrupunun təsisçisi olaraq qaldığını söylədi. Amma deputat onu da əlavə edir ki, xeyli vaxtdır şirkətlərindən qazancı yoxdur:

«Seçkilərə qatılan günə qədər mən bizneslə məşğul olmuşam. Amma seçkidən sonra mən yalnız təsisçi kimi qalmışam. Sözün düzü, xeyli vaxtdı ki, şirkətlər çətinliklə işləyirlər. Mən onlardan gəlir əldə etməmişəm».

Başqa bir millət vəkili, Anar Məmmədxanov isə lap bu yaxınlarda, çox hay-küylü şəkildə özünün Day.az saytını satdığını dedi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG