Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21
Milli Məclisdə sizi təmsil edən deputatın hansı qanuna necə səs verdiyindən xəbəriniz varmı?

Bakı sakinlərindən bu suala müxtəlif cavablardan məlum olur ki, vətəndaşlar nəinki parlamentdə kimin nə ilə məşğul olduğunu öyrənə bilir, heç 125 deputatın yarıdan çoxunu da tanımır.

Amma Müşfiq Tahirov adlı başqa bir vətəndaşın təcrübəsi göstərir ki, onlar istəsə də öz təmsilçilərinin səsvermələrdə mövqeyindən xəbərdar olmaqda çətinlik çəkirlər. Tahirovun parlamentin açıq səsverməsindən adbaad siyahını əldə etmək tələbinə artıq Apellyasiya Məhkəməsində baxılır.

Politoloq İlqar Məmmədov deyir ki, onlar neçə ildir deputatların necə səs vermələrinin adbaad dərc edilməsinə çalışsalar da, buna nail ola bilmirlər.

İ.Məmmədov hesab edir ki, deputatların özləri də öz səsvermələrinin nəticələrini götürüb dərc etdirə bilməzlər.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü, deputat Pənah Hüseyn isə adbaad səsvermənin siyahısını əldə etməkdə çətinlik görmür. Deyir ki, bütün səsvermələrdən sonra həmin siyahı iclasın protokoluna əlavə olunur. Və o, Milli Məclis Aparatından həmin protokolu almaqda çətinlik çəkməyib. P.Hüseynə müraciət edən olsa, köməklik göstərə bilər.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, əslində bu cür informasiyaları əldə etmək üçün deputata müraciət etməyə ehtiyac olmamalıdır. Yəni bundan ötrü deputata müraciət etməyin özü də indiki dövrdə müsbət hal deyil, əlavə problemdir.

Hüquqşünas Erkin Qədirli deyir ki, vətəndaşın parlamentin, deputatların işi ilə bağlı məlumat almaq hüququ Konstitusiya ilə təsbit olunub. İnsanların növbəti seçkilərdə formal seçim etməmələri, deputatın hansı məsələdə necə mövqe tutduğunu bilmələri üçün bu çox vacibdir. Başqa ölkələrdə vətəndaşlar belə informasiyaları almaqda çətinlik çəkmirlər. Bu məlumatlar parlamentin internet saytında da yerləşdirilir. Milli Məclis isə vətəndaşlar üçün bu imkanı yaratmır.

Milli Məclisin internet saytında həqiqətən də səsvermələrdə ayrı-ayrı deputatların, fraksiyaların, qrupların müxtəlif məsələlərə və hansı qanuna necə münasibət bildirmələri barədə heç nə yoxdur. Parlamentin Mətbuat Xidmətindən məsələyə münasibət öyrənmək cəhdimiz isə nəticə vermədi.

Şərhləri göstər

XS
SM
MD
LG