Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Thomas Wolfe. Keçmişimin göstərdiyi oyun qığılcımları


Kitab
Kitab

-

"Səhər erkəndən Amerika küçələrinə girən süd arabasının səsi, küçə boyu aram nal tıqqıltısı, süd şüşələrinin cingiltisi, dolu köhnə süd bidonunun qəfil tərpənişi, südsatanın cəld yaxınlaşan ayaq səsləri, atına sakitcə söz deməsi, ardınca atın iri, sürətli addımlarla sükutu pozması və sonra yenə sükut..."

Thomas Wolfe

(1900-1938)

"Bir romanın tarixçəsi" məqaləsi (1936)

3.

Thomas Wolfe
Thomas Wolfe

...İndi mənim yaddaşım gecə-gündüz iş başında idi, onu saxlamaq olmurdu, fikir hücumunun şanlı paradında Amerika həyatımın geridə qoyduğum miyonlarla forma və substansiyaları üstümə axırdı.

Bir kafedə əyləşir və Avenue de l'Opera-da (Parisdə bir küçə - tərc.) keçmiş həyatımın qarşımda göstərdiyi oyun qığılcımlarına tamaşa edirdim.

Qəflətən Atlantika şəhərinin qəmbərli yolu bərabərincə uzanan dəmir məhəccəri xatırlayırdım. Onu bir anlıq olduğu kimi görürdüm, ağır, xam, yüngülvari sürtülmüş dəmir boru; bir-birinə geydirilmiş yerlərini də görürdüm.

Bütün bu görüntülər elə canlı və dəqiq olurdu ki, üzərində əlimi hiss edə bilirdim, ölçülərini duyurdum, çəkisini və formasını qavrayırdım. Avropada ona bənzər bir məhəccər görməmişdim. Bu son dərəcə tanış, adi bir şey qəflətən mənə möcüzəvi görünürdü, sanki bütün həyatımız boyu gördüyümüz, amma fərqində olmadığımız bir şeyi kəşf edirdim.

Gah da gözümün qarşısına Amerika çayı boyunca uzanan körpü gəlirdi, qatar o körpünün üstündən keçdikcə altındakı metal bağlar gumbuldayırdı; palçıqlı çay sahilləri, Amerika çayının aram, lehimli, sarımtıl dalğaları, köhnə şümal qayığın palçıqlı sahildə suyla dolub qalması, bəzən də ömrümdə eşitdiyim ən tənha, məşum səs – səhər erkəndən Amerika küçələrinə girən süd arabasının səsi, küçə boyu aram nal taqqıltısı, süd şüşələrinin cingiltisi, dolu köhnə süd bidonunun qəfil tərpənişi, südsatanın cəld yaxınlaşan ayaq səsləri, atına sakitcə söz deməsi, ardınca atın iri, sürətli addımlarla sükutu pozması və sonra yenə sükut, daha sonra bir quş tapılıb öz nəğməsilə küçənin sükutunu yenidən pozması.

Amerika çayı
Amerika çayı

Yaxud öz qəsəbəmizdən üç kilometr uzaqda balaca taxta koma yadıma düşürdü, orada durub maşın gözləyən adamlar, həmin köhnə yaşıl rəngin bozarmış, paslı çaları, komadakı skamyalara və taxta divarlara cib bıçağıyla cızılmış bütün baş hərfləri görə və hiss edə, bilirdim.

Maşının yaxınlaşmasını öncədən görməyim, bu peyğəmbərliyim məni ilıq və şəhvətli, kişimişi, başgicəlləndirici naməlum qəribə şənlik həyəcanıyla bürüyürdü; günorta saat üç ərəfəsinin isti monoton səsi, otların, isti şirin yoncanın rayehəsi və maşın gedəndən sonra bunların yerini tutan qəfil boşluq, tənhalıq... orada saat üçdə yuxuya dalmaqdan başqa heç nə qalmırdı.

Yaxud min cür eybəcər arxitekturalı binalarıyla bir Amerika küçəsi yadıma düşürdü. Montague küçəsi, yaxud Fulton küçəsi, ya da Nyu Yorkun 11-ci küçəsi və ya keçmişdə yaşadığım küçələr; qəflətən Bruklinin Fulton küçəsində üzülmüş sökülmüş lift qayışını görürdüm, tozlu, dağınıq barlara işığın düşməsini görürdüm, o tanış pas rəngini, nə qədər çox şey o rəngdəydi Amerikada, paslanmış dəmir rəngində... Bunları həyatım boyu milyon dəfə görmüşdüm, həyatım onlarla keçmişdi.

Avenue de l'Opera-da otururdum və həyatımın bütün xatirələri gözlərimin qarşısından keçirdi; içimə onları yenidən görmək arzusu dolurdu; nə cürsə onları ifadə edəcək, onların formasını, rəngini, onları görmə və duyma tərzimizi söyləyə biləcək dil axtarırdım.

Deməli, bildiyim, amma deyə bilmədiyim şeyləri çatdırmaq üçün özümə dil tapmalıydım. Bu ehtiyacı özüm üçün kəşf etdiyim andan başlayaraq həyatımın xətti və məqsədi formalaşdı. Həyatımın hər bir enerjisi, istedadı buna yönəldi.

Sanki mən tamamilə yeni kimyəvi elementlər aləmi kəşf etmişdim və onların bəziləri arasındakı müəyyən əlaqələri görməyə başlamışdım, amma heç vəhlə bütün silsiləni harmonik və bitkin bir vahidə çevirə bilmirdim. Həmin vaxtdan etibarən etdiyim səy, məncə, o quruluşu tamamlamaq üçün, aid olmağa çalışdığım o fonetikanı kəşf etmək uğrunda çalışma sayıla bilər.

Onu tapıb tamamlamağı bacarmadım, amma məncə, uğursuzluğumun harada olduğunu yetərincə yaxşı anlayıram və əlbəttə, üəryimin dərinliyində inanıram ki, vaxt gələcək bu məsələdə uğurlu olacağam.

Hər halda o zamandan etibarən növbəti dörd il yarımda yazdığım növbəti üç kitab bu yolla izah oluna bilər. O, nizamlı formal bir quruluşun ifadə edilməsinə cəhd yolunda bir girdab və yaradıcı xaos idi.

Xaricdə keçirdiyim o ildən mənə vacib bir surət qaldı, məhz o il bu kitablarımın materialları ifadəli bir formaya gəldi. Sanki içimdə daim böyümə və yığılma gedirdi, nəhəng bir qara bulud vardı, o bulud yükləndikcə yüklənir, hamilə qalır, şişirdi, o, vulkan kimi uzun müddət bağlı qala bilməyəcəkdi, onun partlama anı yaxınlaşırdı.

Beləcə, necə deyim, bir gün o vulkan partladı. İsveçrədə olduğum yay oldu o partlayış. Deyə bilmərəm ki, kitab yazıldı. Sanki nə isə məni tutdu və sahibləndi, ilk natamam hissə ilə dağıntılar altından çıxanda o vulkanın mənə nə etdiyini anladım.

Həmin qara fırtına buludu açılmışdı, ildırımlar çaxırdı, içindən şiddətli, başaçıxılmaz sel gəlirdi. O sel nəhng çay kimi hər şeyi yuyub aparırdı. Hələlik roman deyə biləcəyim heç nə yox idi ortada. Yazdığım Amerika gecəsi və qaranlıq, qəsəbələrdə onmilərlə yatmış insan siması, qaranlıqda çayların əbədi axını haqda lövhələr idi.

Onminlərlə kilometr uzanan sahillərdə fısıldayan su kütlələri, Ay işığının yabanı çölləri nura boyaması və bir pişiyin soyuq gözlərini parlaq sarıyla doldurması haqda lövhələr yazmışdım.

Ölmək və yatmaq haqda yazmışdım, adına şəhər dediyimiz həyat daşından yazmışdım.

Oktyabrda böyük qatarların gecənin bağrını dəlib keçməsindən, səhərlər gəmi və stansiyalardan, limanlardakı adamlardan, gəmilərdən yazmışdım.

Həmin ilin qışını İngiltərədə keçirdim, oktyabrdan marta qədər, ingilis həyatının canayaxın evcilliyinə görə, belə həyatın birisinə verə biləcəyi nizam hissindən mənim işim yaradıcılıq xaosundan axan seldə bir addım da irəlilədi. İlk dəfə yazımda dizayn elementləri göründü.

Bu xətlər hələ qarışıq, adda-budda idi, amma indi mən nəhayət, yaradıcısından başqa heç kəsin baş çıxara bilmədiyi böyük bir mərmər parçası üzərində işlədiyimi, ona forma verdiyimi hiss edirdim, o forma getdikcə daha çox aydın kompozisiya cizgilərinə çevrilirdi.

Amma başlanğıcdan bu yana dəyişməyən bir şey vardı. Kitabımın ifadə etmək istədiyi əsas ideya, mərkəzi əfsanə dəyişməmişdi ki, bu da ümidsizlik zamanlarında inamımı möhəmlətmişdi. Həmin mərkəzi ideya bu idi: həyatın dərin mənasının axtarışı, bu da, mənə belə gəlirdi ki, bu və ya digər şəkildə bütün canlılara xasdır, insanın ata axtarışı, təkcə bədəninə ata yox, eyni zamanda gəncliyinin itmiş atasını, ehtiyacından kənar, aclığından üstün güc və müdriklik tapmaq ehtiyacı var, bunun sayəsində insan öz həyatına inamı və gücü birləşdirə bilir.

Yazdıqlarımın hələ kitab formasına gəlməsinə çox vardı, amma nə qədər vardı, – bunu o zaman görə bilmirdim. Daha dörd il keçməliydi ki, kitablar seriyasının birincisi mətbuat üçün hazır olaydı, o növbəti dörd ildə nə qədər doğumlar və ölümlər, məğlubiyyətlər, ələm, qələbələr olacaqdı və sadəcə yorğunluq, usanma. Bilmirəm özümdə davam etmək üçün güc tapacaqdımmı.

Amma hələ gənclik optimizmim çağlayırdı. Həyatda bir neçə məsələ haqda pessimist olan temperamentim zamana münasibətdə həmişə sanqvinik idi, optimist idi.

Aradan bir ildən də çox vaxt keçməsinə baxmayaraq, ölüm və yuxu haqda əlimdə bir neçə böyük parçadan, adda-budda struktur cizgiləri və qeydlərdən başqa heç nə olmamasına baxmayaraq, içimdə bir inam vardı ki, gələn il yazda və ya payızda kitabım möcüzəvi şəkildə hazır olacaq.

(ardı var)

2.

Thomas Wolfe
Thomas Wolfe

İndisə mənm şüuruma başqa bir narahatlıq yol açırdı. Tənqidçilər ikinci kitab haqda suallar verirdilər və indi mən ikinci kitab haqda da düşünməliydim. Həmişə əmin idim ki, içimdə lap yüz kitab var, onların hamısı yaxşıdır, hər biri məni məşhur etməyə qadirdir…

İndisə mən birinci kitabı bitirəndən və oxucular, tənqidçilər onu oxuyandan sonra ikinci kitabı soruşanda… qorxmurdum, amma divara söykənəndə olduğu kimi soyuq və bərk bir şey hiss edirdim.

Mən yazıçı idim. Yazıçı həyatı yaşamalıydım, geri dönüş yox idi, davam etməliydim. Birinci kitabdan sonra ikinci kitab gəlməliydi. Amma ikinci kitab nə haqda olsun? Haradan gələcəkdi o kitab? Bu dəyişməz fakt getdikcə daha çox boğazıma dayanırdı, əvvəlsə məni o qədər də narahat etməmişdi. Əvvəl mən birinci kitabın nəşri kimi məsələlərə görə narahat idim, birinci kitabdan sonra nə edəcəyimi qabaqcadan görməmişdim.

Birisi kitabı xatırlamaq üçün yox, unutmaq üçün yazır, bu fakt mənə indi aydın olmuşdu. Kitab çapdan çıxan kimi onu unutmağa başladım, insanların mənimlə o kitab haqda danışmasını, suallar verməsini istəmirdim. İstəyim sadəcə o idi ki, məni tək buraxsınlar və bu məsələni bağlasınlar. Eyni zamanda kitabımın uğurlu olmasını da çox istəyirdim. Mən dünyada hörmətli, ləyaqətli adam kimi tanınmağı, bir sözlə, məşhur adam olmaq istəyirdim, amma özüm eyni şəxsi həyatı yaşamağa davam etmək şərtilə; istəyirdim ki, şöhrətli, uğurlu olum, amma bunu mənə deməsinlər.

Bu problemdən başqa bir ağrılı və mürəkkəb vəziyyət doğdu. Mən kitabımı az-çox öz təcrübəmdən yazmışdım, bundan başqa, indiki fikrimə görə, onu o zaman müəyyən çılpaq ruh intensivliyi sayəsində qələmə almışdım ki, bu da hər bir gənc yazıçının ilk kitabına xas olan cəhətdir. Səmimi deyə bilərəm ki, nə olacağını qabaqcadan görməmişdim.

Mən kitabın tənqidçilərdə və ümumən publikada doğurduğu reaksiyadan çox kitabın öz doğma qəsəbəmdə doğurduğu reaksiyaya təəccüblənmişdim…

Bir neçə ay qəsəbə mənə qarşı çox qəzəbli davrandı. Aparıcı kilsələrin din xadimləri kitabımı pislədilər. Küçələrin tinlərində toplaşan adamlar kitabı yamanladılar. Bir neçə həftə qadın klubları, körpü altındakı şənliklər, kitab klubları, mərasimlər, qəsəbənin sosial həyatının hər tərəfi qəzəblə guruldadı. Hətta biri məni öldürəcəyi ilə hədələyirdi. Tanıdığım bir hörmətli yaşlı qadın yazırdı ki, linç qanununa heç zaman inanmasa da şəhər meydanının ortasında mənim “başıma oyun açsalar” işimə qarışmaz. Anamın da haqqında xoşagəlməz sözlər dedi.

Doğma qəsəbəmdə hücumlar çox idi. Onda mən hər bir gənc yazıçının öyrənməli olduğu bir dərsi öyrəndim. Bu dərs çap olunmuş sözün kəskin gücə malik olmasıdır. O zaman bu məni incidən, həvəsdən salan vəziyyət idi. Kitabımın uğurundan sonra məndə yaranan sevinc onun qəsəbəmdə necə qarşılanmasından doğan acı kədərə qarışmışdı. Buna baxmayaraq, mən o təcrübədən də nə isə öyrəndim.

İlk dəfə bu problemlə üz-üzə qalmışdım: sənətkara material haradan gəlir? O materialdan düzgün istifadə nədir və yazıçının bir cəmiyyət üzvü kimi məsuliyyəti həmin materialın istifadə azadlığını necə məhdudlaşdırır? Bu, çətin problemdir, heç cür onun kanatına çıxa bilməmişəm, yəqin heç vaxt da çıxmayacağam, amma o zaman keçirdiyim və başqalarının da mənə görə keçirmiş ola biləcəyi bütün sarsıntılardan sonra çox düşündüm və bəzi nəticələrə gəldim.

Mənim kitabım avtobioqrafik roman idi. Amma önsözdə yazmışdım ki, Dr. Johnson dediyi kimi, bir adam bir kitab yazmaq üçün kitabxanasının yarısını vərəqləyə bilər, romançı da romanı üçün bir qəhrəman çıxarmaqdan ötrü bütün doğma şəhərini ələk-vələk edə bilər.

Buna baxmayaraq, doğma qəsəbəmdəki insanlar qane olmadılar. Mənə qarşı avtobioqrafiya ittihamı irəli sürdülər.

Fikrimcə, bütün ciddi əsərlərin kökü avtobioqrafikdir, insan öz həyatının material və təcrübəsindən hər hansı əhəmiyyətli şey yaratmaq üçün istifadə edə bilər.

Mən həm də inanıram ki, gənc yazıçılar adətən təcrübəsizlikdən incəsənət əsəri üçün həddən artıq xam və birbaşa olan həyat materialını elə olduğu kimi də təqdim edirlər.

Gənc yazıçılar özlərindən asılı olmadan, bir hadisəni elə baş verdiyi kimi də təsvir edirlər, indi mən incəsənət nəzərindən anlayıram ki, bu, səhvdir. Məsələn, vacib deyil ki, Kentaki ştatından olan gözəl bir qadını xatırlayırsansa, onu Kentakili qadın kimi də verəsən, o qadın Aydahodan, Texasdan da gələ bilər. Vacib olan gözəl qadının ərdəmini mümkün olduğu qədər ifadə etməkdir. Gənc yazıçı isə təcrübəsizlikdən bu fakta bağlanır ki, qadının Kentakidən olması təsvir olunmalıdır, çünki o, həyatda da oralıdır.

Sənət əsərində hər şey sənətkar tərəfindən dəyişdirilə və transfiqurasiya edilə bilər. Öz kitabımdan söhbət getdiyinə görə, qeyd edim ki, o kitab ilk baxışdan avtobioqrafik idi, amma bircə səhifə də eynilə reallıqda olduğu kimi deyildi.

Bu şəraitdə mən yazmaq haqda daha bir şey öyrəndim. Kitabım faktlara sadiq olmasa da, qəsəbənin ümumi təcrübəsinə uyğun idi. Elə bil bir heykəltaraş gil tapıb və oturub ki, onu modelləşdirsin. Qonşuluğu yaxşı tanıyan bir fermer yaxınlıqdan keçəndə heykəltaraşı işləyən yerdə görüb deyir:

“Bilirəm bu gili hansı fermadan götürmüsən”. Fermer heykəltaraşa bunu deyə bilər, amma bunu deyə bilməz: “Düzəldəcəyin fiquru da bilirəm”. İndi mənim də doğma qəsəbəmdə gili görən adamlar o dəqiqə düşündülər ki, onlar formanı da bilirlər, bu yanlış qavramanın nəticəsi çox ağrılı oldu.

Qəsəbəmin camaatı məni əmin etməyə çalışırdı ki, onlar birinci kitabımdakı o hadisə və qəhrəmanları tanıyırlar, amma o hadisələr əslində o cür olmayıb.

Hələ kitabda bir səhnə vardı: bir daşyonan bir pozğun qadına uzun illər qoruyub saxladığı mərmər heykəlcik vermişdi. Bildiyimə görə, reallıqda bunun əsası yox idi, amma sonra bir neçə adam mənə dedi ki, o hadisə çox gözəl yadlarındadır, hətta heykəlin o qadına verilməsinin şahidləri də varmış. Bu hələ hamısı deyil. Eşitdiyimə görə, bir qəzet müxbir göndərmişdi qəbiristanlığa,o da foto çəkib yazı yazmışdı ki, o mələk uzun illərdir daşyonanın qəbri üstündədir və kitabın da adı oradan gəlir. Halbuki mən heç elə bir mələk görməmişdim, onların şəklini çəkdiyi mələk isə metodist kilsəsində işləmiş məşhur qadının qəbri üstündə idi. Qadının ailəsi də bu yandan bəyanat vermişdi ki, onların anasının bədnam kitabla heç bir əlaqəsi yoxdur.

Birinci kitabımdan sonra belə gözlənilməz çətinliklərlə üzləşmişdim.

***

Aylar ötürdü, mən uğur qazanırdım. Yolum açılmışdı. Mənim üçün bircə iş vardı, o da işləmək…

Sənətkarın ən böyük konfliktlərindən birinin təbiətini anlamış, onunla üz-üzə gəlmişdim. İlk dəfə onda gördüm ki, sənətkar təkcə başqaları kimi tərləməli, sevməli, iztirab çəkməli deyil, o həm də başqa insanlar kimi işləməlidir, özü də ümumi həyat hadisələri ilə paralel. Bu, sadə və banal iddia kimi səslənsə də, onu çətinliklə və həyatımın pis məqamlarının birində anladım.

Sənətkar vakumu deyilən bir şey yoxdur, sənətkarın gözəl atmosferdə işləyə biləcəyi bir zaman yoxdur, o, başqa insanların yaşadığı aqoniyadan azad deyil, sənətkar yazmaq üçün xüsusi boş, gözəl zaman tapacağına ümid etməməlidir.

Thomas Wolfe
Thomas Wolfe

Həyatım və enerjim birinci kitabımın yaratdığı emosional girdaba girəndə ikinci üzərində işləməmişdim...

İndi mən davam etməli olan hər hansı yazıçının qarşılaşacağı bir fundamental problemlə də üzləşmişdim. Adam yazı üzərində nə qədər işləməlidir və sıxlığı necə olmalıdır? Yazarkən hansı metoddan yararlanmalıdır, belə bir metod varmı? Mən qəflətən gündəlik, ardıcıl işləmək kimi amansız bir zərurətlə üz-üzə qalmışdım. Bu, hamıya nə qədər sadə görünsə də, mən buna hazır deyildim.

Publikasız gənc yazıçı zərurət, zamanın təzyiqi kimi məsələləri hiss etmir, bunu artıq çap olunmuş yazıçı daha yaxşı hiss edir

Publikasız gənc yazıçı zərurət, zamanın təzyiqi kimi məsələləri hiss etmir, bunu artıq çap olunmuş yazıçı daha yaxşı hiss edir, o, cədvəl, nəşr fəsilləri, növbəti kitabının tamamlanması kimi məsələlər haqda düşünür.

Mən şok içində qəflətən anladım ki, birinci kitabımın çapından altı ay keçib, bu, gözəl qeydlər, fraqmentlər tutmaq üçün yaxşı zaman idi, amma birinci kitaba gələn reaksiyalarla məşğul ikən o dövrü əlimdən çıxarmışam.

Kitab az-az, amma tədricən satılmaqda ikən 1930-cu ilin fevral ayında – onun çapından beş ay sonra mən Nyu York Universitetindən çıxdım və bütün zamanımı ikinci kitabımın hazırlanmasına sərf etdim. Həmin bahar mən Guggenheim Fellowship də qazandım, bu mənə xaricdə bir il yaşamaq və işləmək imkanı verirdi. Mayın əvvəli mən yenidən xaricə getdim.

İyulun ortasına qədər Parisdə qaldım, indi gündə dörd-beş saat işləsəm də, yazı səylərim hələ də bulanıq idi, ortada hələ heç nə, struktur və kitab vahidi formasında bir şey də yox idi. Böyük şəhərin həyatı həmişəki kimi məni sehirləmişdi, qəriblik, tənhalıq kimi köhnə hisslərim də öz yerində. Ora mənə həmişə dünyanın ən çox vətən həsrəti çəkdiyim şəhəri kimi görünüb; orada özümü daha çox yadplanetli və qərib hiss etmişəm, mənim üçün nə qədər cəlbedici olsa da, belə bir yer işləmək üçün əlverişli deyildi.

Burada mən işləmək üçün məkan haqda da bir neçə söz demək istərdim, çünki bu, gənc yazıçıları karıxdıran cəhətlərdən biridir. Mən bu təcrübəni kökünədək yaşamışam və onun öhdəsindən gəlmişəm.

İlk dəfə Parisə altı il qabaq gəlmişdim, 24 yaşımda, romantik hisslərlə dolu idim, Parisi görən bir çox gəncin o zaman hiss etdiyini hiss edirdim.

Paris adı elə cazibədar idi ki, o zaman düşünürdüm insan orada dünyanın hər hansı yerindən daha yaxşı işləyər; oranın havası incəsənət enerjisi ilə dolu idi, bir sənətkarın orada daha çox bəxti gətirə bilərdi, nəinki Amerikada.

Parisdə yaşayanda isə gördüm ki, səhv düşünmüşəm. Çox səthi düşünmüşəm, gənclik illərində ölkəsindən çıxan hər kəs kimi düşünmüşəm. Xaricə pənah aparmaq işləmək məkanı axtarışı deyil, işdən qaçmaq üçün yer tapmaq istəyi imiş, o illərdə biz Amerikan həyatının Filitinizm, Materializm və eybəcərliyindən yox, özümüzlə görüşdən qaçırmışıq. İşləmək üçün məkan! Bəli, işləmək üçün yer Parisdir, İspaniyadır, İtaliya, Kapri, Macorkadır, amma eyni zamanda Amerika idi, Denver, Kolorado, Yancey,

O illərdə anladım, bir adamın öz ölkəsini kəşf etməsinin yolu ölkəsini tərk etməkdən keçir.

Şimali Karolina, hara olursa olsun, əgər iş içimizdədirsə hər yerdə işləmək olardı.

O illərdə anladım, bir adamın öz ölkəsini kəşf etməsinin yolu ölkəsini tərk etməkdən keçir. Eləcə də Amerikanı tapmaq öz beynimi, yaddaşımı, ruhumu xarici ölkədə tapmaq idi.

Məncə, mən o illərdə Amerikanı bir daha kəşf etdim, ona ehtiyac zərurətindən doğdu bu. Avropada beş il idi ki, yaşayırdım, hər dəfə qayıtmaq istəyirdim, qəriblik hiss edirdim. Həmin yay Parisdə həmişəkindən daha çox qəriblik çəkdim, məncə, həmin emosiyadan, o sabit, dözülməz yaddaş çalışmasından yazdığım növbəti kitabların material və strukturu çıxdı.

Yaddaşımın keyfiyyəti qəhrəmanlaşdı, yaddaşımın qoxuları, rəngləri, formaları bərpa etmək, geri qaytarmaq ehtiyacının gücü sayəsində o şeyləri daha aydın və canlı hiss etdim. İndi mənim yaddaşım gecə-gündüz iş başında idi…

(ardı var)

"Bir romanın tarixçəsi" məqaləsi

1.

Thomas Wolfe malikanəsi
Thomas Wolfe malikanəsi

Bir redaktor var, həm də dostumdur, təxminən bir il bundan qabaq o, mənə heyfislənərək dedi ki, ikilikdə bir kitabın üzərində apardığımız o qədər işin gündəliyini tutmayıb, bir kitabı ərəsəyə gətirmək üçün edilən yüzminlərlə əməliyyatı etdikcə bir-bir gündəliyinə yazmayıb.

Dedi, o əməliyyatların bəziləri o qədər qeyri-adi, inanılmaz, heyrətamiz olub ki, nəşriyyat biznesində işlədiyi iyirmi beş ildə hələ bu qədər maraqlı təcrübə yaşamayıb.

Onun bu sözlərindən sonra həmin təcrübəni özüm danışmaq qərarına gəldim. Düzdür, mən kiməsə necə kitab yazmağı öyrədə bilmərəm, kiməsə qaydalar verə bilmərəm ki, onlara riayət eləsəniz, yüksək qonorar verən jurnallarda çapa qəbul ediləcəksiniz. Mən peşəkar yazıçı deyiləm, sadəcə peşəsini öyrənmək yolunda irəliləyən adi bir yazıçıyam, xətt, struktur, dil incəliklərini öyrənirəm ki, bunları da yalnız etmək istədiyim işi etsəm, öyrənə bilərəm.

…Sizə kitablarımı necə yazdığımı danışacağam. Son dərəcə şəxsi hekayət olacaq. Son illərdə həyatımın əsas işi olub bu. O qədər də ədəbi sayılmaz bu hekayət, tər tökmək, ağrımaq, tək qalmaq və bir qədər uğur qazanmaq hekayəsidir.

Hələ də bir hekyəni necə yazacağımı bilmirəm. Hələ də bilmirəm romanı necə yazarlar. Amma artıq özüm haqqında və yazı işindən nələrsə öyrənmişəm, indi onları sizə danışacağam.

Görəsən, mən nə vaxt yazıçı olmaq fikrinə düşdüm? Bilmirəm. Ölkəmin mənim nəslimdən olan əksər uşaqları kimi mən də yazıçı deyəndə gözümün qarşısına Lord Byron, Lord Tennyson, Longfellow, Percy Bysshe Shelley gəlirdi. "Yazıçı" - adlarını çəkdiyim bu adamlardan biri demək idi, üstəlik, amerikalı olduğumdan, amerikanlar isə o zaman varlı, universitetdə oxuyan tip adamlar olmadığına görə, mənə belə görünürdü ki, yazıçı mənim heç yaxın da düşə bilməyəcəyim adamdır.

Məncə, Amerikada vaxtilə hamımıza belə görünüb. Biz hələ də yazıçılıq peşəsinin qəribəliyindən gərginlik duyuruq. Bunun da səbəbi odur ki, içlərində mənim də böyüdüyüm əməkçilər, fermerlər arasında böyük narahatlıq, şübhələr və romantika hökm sürür. Yazıçının özlərindən biri ola biləcəyini düşünmək onlar üçün çətindir.

Sonra daha təhsilli, universitet oxuyan başqa cür amerikalılar nəsli yetişdi ki, onları da yazmaq cəlb edirdi, amma başqa şəkildə. Onların bir cəhəti vardı ki, məsələn, Flaubert-dən daha çox Flaubertçi olurdular. Onlar kiçik jurnallar buraxırdılar, həmin jurnallar Avropa ədəbiyyatının qaldırdığı məsələləri qaldırır, amma ucundan tutub ucuzluğa gedirdi. Avropalılar deyirdilər: “İlahi, bu adamlar, bu estetik amerikanlar haradan gəliblər belə?!”

Biz bunların hamısını gördük. Bu ölkədə yazmağa çalışan hər kəs bu iki qrup insanın arasına düşə bilər, amma əgər axırda yazıçı olacağıqsa, bunu o iki qrupun acığına edəcəyimizə şübhə yoxdur.

Bilmirəm necə oldu ki, yazıçı oldum. Yəqin içimdəki güclü yazmaq eşqi bir yol tapıb partladı. Özüm işçi sinfindən çıxmışam. Atam bənna olub, ədəbiyyata böyük hörməti vardı. Güclü yaddaşı olan bu insan poeziyanı sevirdi, sevdiyi şeirlərsə adətən belə adamların sevdiyi qəbildən, yəni ritorik şeirlər idi. Ritorik olsa da, yaxşı poeziya idi:

Hamletin monoloqu, Maqbet, Mark Antoninin Matəm Oratoriyası, Grey'in Elegiyası və s. Bütün bunları uşaq vaxtlarımda eşidirdim, əzbərləyiridm.

Atam məni dövlət universiteti kollecinə qoydu. Litse illərimdə yazmaq eşqim getdikcə böyüdü. Divar qəzetinin, sonra isə jurnalının redaktorluğunu etdim, son bir-iki ilimdə orada yenicə qurulmuş dramaturq dərnəyinə üzv oldum. Bir neçə kiçik birpərdəli pyes yazdım, amma hələ də ciddi yazıçı ola biləcəyimi ağlıma gətirmədən hüquqşünas, ya da jurnalist olacağımı düşünürdüm.

Sonra Harvarda daxil oldum, orada da bir neçə pyes yazdım, dramaturq olmaq xəyalına düşdüm. Harvarddan sonra bir neçə pyesimdən imtina edildi, nəhayət, 1926-cı ilin payızında necə, niyə, nə sayəsində, amma yəqin ki, içimdəki yazmaq eşqindən Londonda ilk kitabımı yazmağa başladım.

Tək yaşayırdım. İki otağım vardı – yataq və qonaq otağı, ev Londonun Çelsi rayonunda, o şəhərin kərpic, sarımtıl krem rəngli evlərindən biri idi.. O evlər elə bir-birinə bənzəyirlər.

Dediyim kimi, tək, vətənimdən uzaq bir ölkədə yaşayırdım. Bilmirdim Londona niyə gəlmişəm, həyatım hansı istiqamətdə getməlidir. Bax, belə başladım ilk kitabımı yazmağa. Yazıçının keçdiyi ən çətin dövrlərdən biridir beləsi. Nə etdiyini ölçüb-biçmək üçün standartı, kənardan hökm verəni yox. Yalnız içindən gələn kimi edir.

Saatlarla yazırdım, gecə isə əllərimi başımın arxasında çarpazlayaraq uzanır, həmin gün nə etdiyimi düşünürdüm, bu düşüncələr boyu eşitdiyim pəncərəmin qabağından keçən London polisinin yeksənəq ayaq tappıltıları olurdu, uzaqda - Şimali Karolinada doğulduğumu yada salırdım, bəs Londonda, bu qaranlıq küncdəki çarpayıda nə itim azıb?! Yenə gün ərzində kağıza yazdıqlarımı düşünürdüm.

İçimə böyük boşluq dolur, oyanırdım, işığı yandırır və həmin gün yazdığımı oxuyurdum, sonra yenə öz-özümə deyirdim: burda nə gəzirəm? Londona niyə gəldim axı?

O günlərdə Londonda küt səs-küy olurdu, qızılı-sarı, dumanlı gün işığı olurdu. Oktyabrın qoca, istiqanlı, torabənzər dumanlı Londonu! Oranı sevir və eyni zamanda ikrah duyurdum. Orada kimsəni tanımırdım, çox keçmişdə Şimali Karolinada balaca bir uşaq idim, indi isə nəhəng, sonsuz şəhərin iki otağında oturub yazı yazırdım. Yazmaq üçün niyə Londona gəldiyimi bilmirdim. Bax belə hisslərlə hər gün işləyirdim.

Qışda Amerikaya qayıtdım. Gündüzlər dərs deyir, gecələr yazırdım, nəhayət, Londonda kitabı başlayandan iki il yarım sonra onu Nyu Yorkda tamamladım.

Onu da deməliyəm ki, o zaman gənc idim, insana o yaşında məxsus olan vəhşi, şən gücüm vardı. Kitab məni öz əlinə almışdı. Beləcə, kitab özünü yazdırdı.

James Joyce kitabları
James Joyce kitabları

Hər bir gənc kimi sevdiyim yazıçıların güclü təsiri altında idim. O vaxt nüfuzlu yazıçılardan biri cənab James Joyce və onun "Ulysses" kitabı idi.

Mənim yazdığım kitab, fikrimcə, onun kitabından çox təsirlənmişdi, amma kitabımda öz gənciyimin odu və enerjisi də böyük rol oynamışdı.

Cənab Joyce kimi mən də bildiyim şeylər haqda yazırdım, yaxın keçmişdəki həyatım, uşaqlıqdan tanış olduğum təcrübələrim. Cənab Joyce'dan fərqli olaraq, mənim ədəbi təcrübəm yox idi. Əvvəllər heç bir yazım çap olunmamışdı. Yazıçılar, naşirlər, kitablar, bütün o uzaq dünya haqda təsəvvürüm demək olar ki, uşaqlığımda olduğu qədər romantik və qeyri-real idi. Kitabım, qəhrəmanlarım, yaratdığım kainatın rəngi və havası məni bürümüşdü, heç vaxt çap olunmamış, amma hər şeyin yaxşı olacağına, yaxşı olmalı olduğuna əmin olan bir gənc yazıçıya məxsus böyük şövqlə yazır və yazırdım. Bu, çox maraqlı məsələdir, haqqında danışılması çətin, amma hər yazıçının başa düşəcəyi vəziyyət idi.

Mən şöhrət istəyirdim, necə ki, hər yazan gənc istəyər, şöhrət isə parlaq, alışıb-yanan, çox qeyri-müəyyən bir şeydir. Kitabı 28 yaşımda tamamladım. Nə bir naşir tanıyırdım, nə də bir yazıçı. 350 min sözlük nəhəng əlyazmanı qız dostum götürüb göndərdi tanıdığı bir naşirə.

Bir neçə gün, bir, sonra iki həftə keçdi, cavab aldım:

- Kitab nəşr olunmayacaq.

Naşirin göstərdiyi səbəb də bu idi ki, bir il əvvəl o, bir neçə bu cür kitab çap edib, həmin kitablar uğursuzluğa düçar olub, kitab indiki halında elə həvəskar, avtobioqrafik və yazıçılıq sənətindən uzaq yazılıb ki, bir naşir bunu risk edib çap etməz.

O zaman mən depressiydaydım, iki il yarım məni ayaqda saxlayan yaradılıcılq illüziyası keçib getmişdi və mən naşirin dediyinə inandım.

O zaman Nyu Yorkun böyük universitetlərindən birində dərs deyirdim. Sonra xaricə getdim, gedəndən düz 6 ay sonra Amerikadakı başqa bir naşirdən cavab gəldi ki, kitabımı oxuyub, mənimlə danışmaq istəyir.

Yeni il günü qayıtdım. Səhər açılan kimi naşirə zəng elədim. Soruşdu ki, söhbət üçün ofislərinə gələ bilərəmmi. Mən yubanmadan getdim. Müqavilə imzaladım, beş yüz dollarlıq çek aldım.

İlk dəfə idi ki, təklif alırdım, ilk dəfə yazıma 5 qəpikdən artıq qiymət verən olmuşdu. Nəşriyyatdan çıxıb özümü 48-cü küçəylə Beşinci Prospektin kəsişməsində qadınlar və kişilər selinə vurdum, bir də gördüm 110-cü küçədəyəm, günü bu günə qədər bilmirəm ora necə gedib çıxmışdım.

Növbəti altı-səkkiz ayı universitetdə işləyə-işləyə bu redaktorla əlyazmam üzərində işlədim. Kitab 1929-cu ilin oktyabrında çıxdı…

Biabırçılıq günbəgün yaxınlaşırıdı. Bunumu istəmişdim, əmin deyildim. Mənə elə gəlirdi ki, özümü biabır edərək açıb ortaya qoymuşam… Amma arzu və yaradıcılığımın incə əsrarı və yaradıcılıq həvəsim məni ilan gözü kimi tutdu və başqa bir şey edə bilmədim.

Nəhayət, mənimlə işləyən redaktordan soruşdum ki, əməyimin gələcək nəticəsini qabaqcadan görə, deyə bilərmi. O dedi ki, yaxşısı budur peyğəmbərlik etməsin. Sonra dedi: “Bircə onu bilirəm ki, onlar bu kitabı görməzdən gələ bilməyəcəklər. Kitab öz yolunu tapacaq.”

Thomas Wolfe'un birinci kitabı
Thomas Wolfe'un birinci kitabı

Bu yaxın aylarda oxuyuram ki, guya mənim həmin o ilk kitabım “müsbət tənqidi rəylər burulğanı” ilə qarşılanıb, əslində isə belə olmamışdı.

Bəzi yerlərdə bəzi gözəl rəylər çıxdı, başqa yerlərdə xoşagəlməz rəylər də çıxıdı, əsas odur ki, vaxt keçdikcə kitab özünə oxucular arasında dostlar qazanmağa davam etdi. Dörd-beş il ərzində satıldı. Sonra “Moden Kitabxana” seriyasından öz həyatını yenilədi, yenə satıldı.

Nəticə bu oldu ki, 1929-cu ilin payızında çıxan o kitabla mən özümü yazıçı yerində gördüm. Beləcə, mənim yazıçı kimi böyük dərslərimdən birincisi başladı.

O zamana qədər mən hər vəchlə yazıçı olmaq istəyən cavan oğlan idim, birinci kitabımı ilğım sayəsində yazmışdım, bu gənc yazıçının ümidini irəli aparan bir şey olmayanda yazıçının hiss etməli olduğu duyğudur. İndi isə vəziyyət müəyyən qədər dəyişilmişdi. Əvvəl ümid və arzuda yazıçı idimsə, indi faktiki yazıçı olmuşdum.

Özüm haqqında “gənc amerikalı yazıçılardan” biri kimi yazılmış yazılar oxuyurdum. Tənqidçilər deyirdilər ki, nəzərdə saxlanmalı adamlardan biriyəm. Onlar mənim növbəti kitabımı maraqla, dörd gözlə gözləyirdilər. Özümdən bəhs edildiyini eşidirdim, amma vəzyyət mənim əvvəl gözlədiyimdən daha qorxulu idi.

Narahat qalmışdım, bu vəziyyət mənə qəribə günah hissi və məsuliyyət vermişdi. Mən gənc amerikalı yazıçı idim və onların mənim gələcəyimə ümid və arzuları vardı, mən nə edəcəkdim; nə isə edə biləcəkdim, ya heç nə edə bilməyəcəkdim, çox şey edəcəkdim, ya az şey? Onların mənim əsərimdə tapdıqları qüsurlar çoxalacaqdımı, yoxsa onları fəth edə biləcəkdim? Yoxsa mən də növbəti sabun köpüyü idim?

Mənim başıma nə gələcəkdi?

(ardı var)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG